Məşədi və Kərbəlayı
– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!
– Vurmuyan çox pis adamdır!
– Sarsağın sözünə bax?
– Sarsaqsan da hələ də!
Məşədi hirsindən özünü saxlıya bilmədi, çəpərdən sıçrayıb Kərbəlayıya bir elə yumruq ilişdirdi ki, Kərbəlayının qarpuz bərgü bir saat diyirləndi. Çırpışma düşdü.
Bir azdan sonra Məşədi parçalanmış yaxası ilə qayıdıb evə gəldi, Kərbəlayı da əzilmiş başı və cırılmış büzməsi ilə sallanıb yolu ilə getdi.
Məşədi deyir ki, Kərbəlayı naməhrəm ola-ola çəpərin altından ötəndə durub, arvad uşağa tamaşa edir, Kərbəlayı da deyir ki cırılmış büzməmə gərək yüz büzmə cıram, özü də Məşədinin baş gözünü əzməmiş əl çəkməyəcəyəm.
Sabah tezdən Kərbəlayı başı mıxçalı çomağı götürüb Məşədinin həyətinə baxıb öysürür. Kərbəlayı öysürmək ilə Məşədiyə bunu demək istiyirdi ki, hünərin var çölə çıx gör necə başını yararam!
İşdən müxbir olanlar deyirlər:
– Ay Kərbəlayı, gəl allaha bax, başını sal yolun ilə get!
– Yox olmaz!
– Kərbəlayı, lə’nət şeytana de, çomağı yerə qoy!
Yox, Kərbəlayıya hirs qalib olub sülh ilə arası yoxdur – rəngi qaçıb dodaqları titriyir və hirsindən ağzında tüpürcəyi də quruyub qan qoxusu gəlir.
Budur Məşədi əlində çomaq çıxdı, Kərbəlayı da qabağa sıçradı. Yenə çırpışma düşdü: birçəklər yolundu, təppə çuxaların büzməsi cırıldı... Bir azdan sonra haraycı tökülüb, Kərbəlayının baş gözünün qanı axa-axa götürüb getdilər; Məşədi də rəngi qaçmış dodaqlarını gəmirə-gəmirə həyətə qayıtdı.
Gecə Məşədi şalvarını çıxarıb, ağ tumanlı qılçalarını ocağın qırağına çatıb istirahət etdikdə, birdə gördü zəlzələ qopdu. Çubuq damxa təlatüm etdi. Damın torpağı səpilib ev ilə bir oldu. Məşədi yerindən dik qalxıb həyəcanlı küçəyə sıçradı, bir də gördü ki Kərbəlayı qohum-qardaşları ilə nallara bir əlgən bağlıyıb damxanı dartıb yıxmaq fikrindədir.
Məşədi iki əllərini qarnına qoyub elə çığırdı ki, səsinə qohum-qardaş tökülüb, daş-kəsək ilə Kərbəlayıgilin qoparağını götürdülər və başgözlərini də lazımıncə əzdilər.
Kərbəlayı lalə-kəfən evə qayıtdı.
İmdi Kərbəlayının başı sim eliyib yatır və hərdən şişmiş gözlərini açıb arvada deyir:
– Kərbəlayı, ağa-Kişinin qızı, əyər yerdən qalxaram, Məşədinin başını parça-parça elərəm; qalxmaram ki başımın yarılıb, büzməmin cırılmağının əvəzi qiyamətə qaldı!
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-mesedi-ve-kerbelayi
Use ← → keys to move, R for a random poem
More by this author
Qəhvəxana. Yuxarı başda yüksək bir piştaxta arxasında qəhvə sahibi xanım əyləşmişdir. Ağ*döşlüklü qarsonlar tez-tez ona yanaşır, marka alırlar və yanındakı sol açıq qapıya girib, oradan*
Dördüncü şəkil“Şanz-Elize” otelinin təntənəli salonunun bir guşəsi. Ipək örtülü məblə, xalı döşənmiş, divarlarda*güzgü və qiymətli tablolar var. Süleyman Salehbəy yuxarıda və ətrafında Bağır, İbadulla, Xəndan*
Beşinci şəkil“Sarayi-Fatma” adlı ümumxananın salonu. Gözəl yumşaq meblelər qoyulmuş, xalılar döşənmiş: pəncərələrdə qiymətli vazlar görünur. Divarlar güzgülərlə bəzənmiş. Hər yerdə qırmızı ay-yıldız nəsb olunmuş, ön divarda ərəb hərflərilə “Sarayi-Fatma” yazılmışdır.Sağ tərəfdə piano qoyulmuşdur. 3-5 əlvan paltarda qadın ağparikli tarixi libaslarla bərabər, müasir modalar da gözə çarpır. Qadınların hərəsi bir pozadadır: kimi kanapelərdə uzanmış, kimi qoltuğa (kreslo) yerləşmiş, kimi də güzgülərin önündə tualetlərini düzəldirlər. Qonaqlar smoqinqdədirlər. Səhnənin ön tərəfində Bağır, İbadulla və Xəndan əfəndi durmuşlar. Xəndan əfəndi salonun zinətinə və qadınların gözəlliyinə heyran qalaraq danışır, danışdıqca da ətrafı yabançıcasına süzür.
Altıncı şəkilLüqsemburq bağı. Xiyabanın bir tərəfində geniş çəmən görünür. Ətrafı ağac və çiçəkliklə əhatə olunmuşdur. Ağaclar arasında heykəllər düzülmüş. Xiyabanın iki tərəfinə iskəmiyələr qoyulmuşdur. Mürəbbiyələr arabacıqda çocuqlar gəzdirirlər. Cürbəcür kişi və qadınlar gəlib keçir. Bəhicə bir iskəmiyə üzərində oturub qarşıdakı mənzərəni tabloya köçürür. Sabah günəşi ağacların altına sarı ləkələr səpmişdir.İbadulla** (gülümsəyərək yaxınlaşır. Bəhicə ayaq səsini eşidirsə də, əhəmiyyət verməyir). Bonjur, Bəhicə xanım (şlyapasını çıxarır və əl verməyə cəsarət etməyərək, ayaq üstə qalır).
Poems by other poets
Məlum olsun əzizlərə,Bu yay günü nələr gördük.
Ey soran bəndən: "Nədür eşqi?", qoy aşiq tərkidəEy soran bəndən: «Nədür eşqi?», qoy aşiq tərkidə,Vermiyə qəlbində yer eşqə, yolını bərkidə.
Uğuldayır dəli yellərUğuldayır dəli yellər, budurÇamur damda.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,