Hacı
Həyətdə şirin dəstəməz almaqda idi. Məxrəcdən gəlmə «salavatlar» axşamın sakitliyində qonşulara dağılıb, hacını səmimi «afərin»lərə nail edirdi. Birdən darvazada tappıltı, gəlib, ahista dəqqülbab oldu. Hacı buna əvvəl zərrəcə də e’tina etmiyib, dəstəməzi ikmala yetirdi və sonra «ayətəlkürsü» qiraət edə-edə darvazaya ravan oldu. Hacı darvazanı açan kibi iki qıvraq geyimli adam bir böyük parça tayını içəri saldılar. Hacı acıqlı, lakin qayət yavaş səslə:
– Bu saat bunu buradan aparın, mən oğurluq malı almağı tahı, tövbə eləmişəm.
– Oğrular hacının üzünə təhqiq ilə ətfi-nəzər edib yavaş və təəccüblü dedilər:
– Ay hacı, on beş ildir ki, bizim peşəmiz sənə oğurluq mal satmaqdı. Elə hər dəfə sən bizə deyirsən «tövbə eləmişəm» yenə alırsan...
– Onda əlacım kəsilib alırdım: gətirib gecənin yarısı həyətə salırsınız, nə deyim?
– Bu səfər də al, sonra görək nə cür olur.
– Deyəsən almıyacağam, pulum yoxdur.
– Hacı, özün bilirsən ki, ipək parçanın topuna iki manat da versən verəsiyik! Belə malı qapı-qapı gəzdirmək olmaz ki.
– Sovdanın gədəyi-oğruların sözlərindən bir az fikirə gedib hacı dedi: ipək parçanın topu bir manat, o biriləri də ipək ayağından hesablarıq. Razısınız əyər gətirin evə açaq baxaq, yoxsa götürün gedin. Allah sizə xeyir versin!
Oğrular bir birinin üzünə baxıb hacıya:
– Ay hacı, axır insaf da bir yaxşı şeydir, elə ver barı bir şey düşsün. Canımızı ağzımıza alıb gecə sabaha kibi yuxu yatmırıq, dükanları güdürük.
– Mən tahı oğurluq malı almağı tövbə eləmişəm, bunu da gətiribsiniz deyib alıram!
Sözlərini qurtarıb, hacı bunlardan üzünü döndərdi və başladı «ayətəlkürsü» qiraət eləməyə.
Oğruların əlacı kəsilib hacı deyənə razı oldular. Tayı otağa gətirib açdılar. Hacı pulları hesab etdikcə oğrunun biri gülümsünüb deyirdi:
Həm... on beş ilin oğrusu olasan, əlindən dünyanın malı, şeyi, daş-qaşı, qızılı gəlib gedə, özün də bir şey yiyəsi olmuyasan!...
Hacı oğruların pulunu verib, yola saldı və sonra gəlib parçaları «güman gəlməyən» yerlərdə «xəkriz»lədi.
Hacının dəstəmaz suyu hələ qurumamışdı ki, səccadəni təfriş edib üzünü qibləyə çəyürdü və əllərini qulağının dibinə qoyub, pak dil və müqəddəs əqidə ilə namaza şüru etdi. Bu əsnada oğurluq malı «əridib» və hasil olan pulu ağır faizlə xırda dükançılara vermək; oğruların hacılıq ləqəbi ilə müləqqəb olmağına səbəb olmaqları bilmərrə onun fikrindən çıxmışdı. Əhli-təfrid kibi dünyadan aralanıb allah ilə məşğul idi, ruhu və qanı allah əşqi ilə dolmuşdu....
Hacının uca və xoş səvt ilə namaz qılmasına yenə qonşular sənaxan idi.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-haci
Use ← → keys to move, R for a random poem
More by this author
QULLUQ VƏ ƏSRLİK*“Böyük dura-dura kiçik danışmaz” – bu bizim ev tərbiyəsinin əməl əsasıdır.
Bizə ciddi mətbuat çoxdan lazım idiBİZƏ CİDDİ MƏTBUAT ÇOXDAN LAZIM İDİ*On il olar ki, Qafqaz türkləri sabit bir mətbuata malikdirlər. Doğrudur, Rusiyada ilk qəzet nəşr edən Qafqaz türkləri olmuşlar, lakin bu qəzet uzun bir müddət davam etmədiyi üçün, mətbuatımız tarixi ancaq 1904-1905-ci illərdən başlanır. “Həyat” qəzeti ilə mətbuatımız yeni bir dövrə girib, yeni bir həyat sürməyə başlayır.
Ədəbi dövrün başçısıƏDƏBİ DÖVRÜN BAŞÇISI*1906-cı ildə Şuşada uzun bir xəstəlik keçirmişdim. Bir gün Haşımbəy Vəzirov (bilaxirə “Tazə həyat” və “Səda” müdiri) məni yoxlamağa gələrkən, cibindən rəngli bir jurnal çıxarıb, xoş bir sevinclə mənə verdi. Bu “Molla Nəsrəddin”in ilk nömrəsi idi. Hər şeyi bəyənməyən, həsədə qapılan Haşımbəy bu dəfə olduqca məmnun idi. Xatırımdadır, məcmuəyə dair bir çox mədhiyyələr söylədi. Qara tüklü əllərilə məcmuəni vərəqləyərək başdan-başa oxudu, oxuduqca da hər bir sətri xoş qəhqəhəsi ilə canlandırdı.
Teatr pərəstişkarıTEATR PƏRƏSTİŞKARI*Bundan 35 il əvvəl Şuşa mədəni sahədə birinci sırada gedən şəhərlərdən biri idi. Iqtisadi bazası zəif, ticarəti get-gedə azalan əhali çıxış yolunu məktəbdə aramağa başlamışdı. Ən mütəəssübü belə övladını rus məktəblərinə göndərməkdən çəkinmirdi. O zaman Şuşada realni və şəhər məktəbi vardı. Bir az sonra rus-tatar məktəbi də açıldı. Buradakı tələbələrdən başqa Bakı məktəblərində, paytaxt ali məktəblərində (Qafqazda ali məktəb yox idi), Qori və Yerevan seminariyalarında da şuşalılar var idi. Yay aylarında başqa yerlərdəki tələbə və kənd müəllimləri (o vaxt türklər orta məktəblərdə müəllimlik etmək haqqına malik deyil idilər) Şuşaya toplanır, şəhərə mədəni bir həyat gətirirdilər: teatr tamaşası verilir, müsamirə düzəldilir, leksiyalar oxunurdu. Bunların hamısında da Əbdürrəhimbəy Haqverdiyev başçılıq etmədə idi.