Page 8 of 14 · 50%

Pilləkəndən enib, darvazanı açdım, baqqalı içəri çağırdım, pilləkəndən çıxarkən otağımdan bir tappıltı eşidildi. Əhəmiyyət vermədim. İçəri girdikdə... bacımı yerə uzanmış gördüm, sol döşündən qan axırdı... Yastığın altında brauninq tapançam var idi, bacım yatağı yerdən qaldıranda tapança yerə düşüb açılmış, güllə bacımın arxasından çıxıb divara dəymişdi. O günü bacımı dəfn edib, geri qayıtdıqda, atışma səsi eşidilməyə başladı...

Mircəlal titrək əli ilə bir sandalya çəkib oturdu. Üzünə ölü rəngi çəkilmişdi. Otaqda dərin bir sükut vardı. Hamı düşüncədə idi, yalnız Niyazi məmnun bir təbəssümlə karandaşının üzərində bıçaqla öz adını həkk edirdi.

9

Sədr şahidlərdən Rüstəmbəyi çağırdı.

– Rüstəmbəy, məsələ haqqında nə bilirsən, danış.

– Mircəlalın dedikləri tamamilə doğrudur, – dedi. – Bacısının dəfn mərasimində mən də vardım.

Sədr Rüstəmbəyin susduğunu görüb dedi:

– Başqa bir şey əlavə etmək istəmirsən ki?

– Yox.

Sədr:

– İkinci şahid Fərəməzdir. De görək nə bilirsən? Fərəməz pəhləvan kimi yerindən qalxıb, Hakimlər masasına yanaşdı. Məclisdə sıxıldığından rəngi qızardı. Şəhadət barmağının arxası ilə bığlarını düzəldib, sözə başladı:

– O zaman Şuşaya Süleyman gəlib, orada bir sosial-demokrat özəyi düzəltmişdi. Mən, Rüstəmbəy, Xəlil və Mircəlaldan ibarət olan bu özəyin rəhbəri Xandəmirov adlı bir erməni studenti idi. 1905-ci ilin yayında hər səhər Xandəmirov teatrının həyətində toplanardıq, student bizə mühazirə oxuyardı. Bir gün Xandəmirov bizə dedi ki, yaxşı olardı xalq arasından da bir adam özəyə gələydi. Biz fikirləşdik, dedik kimi aparaq. O zaman Hüseyni adında bir gənc şair vardı. Hər cümə günü xanlıq evdə camaata mühazirə oxunurdu. Hüseyni də orada şeir oxuyub alqışlanırdı. Məsləhətləşdik, dedik, Hüseynini aparaq. Apardıq. Bir dəfə gəldi, sonra daha istəmədi. Bir də eşitdik ki, gedib xanlıq evdə xəbər salıb ki, dörd tələbə var ermənilərə xəbər daşıyır...

Fərəməz sözünü bitirmədən gülməyə başladı, hakimlər də güldü. Niyazi bıçağı masanın üstünə qoyub, sədrdən bir şeylər soruşdu, sonra təbəssümlə Fərəməzi süzdü.

Şahidlər dindirildikdən sonra sədr üzvlərlə pıçıldaşıb, Mircəlalın ikinci işinə baxdığını bildirdi.

Mircəlal:

– “Rus xalqının ittifaqı”nın xuliqan təşkilatı olduğunu bilirəm, – dedi. – Nitq deməkdə məqsədim başqa idi, fikrim onların fəna yola sapdığını anlatmaq idi. Nə təhər oldusa pis çıxdı. Doğrusunu deyim, bir-iki də qəşəng qız var idi. Onların xoşuna gəlmək istədim. Bilirsiniz, qız görəndə ağlım yerindən oynayır.

Hamı gülüşdü. Sədr məclisi kiritmək istədi, lakin özü də gülməyə qapılıb, qəhqəhə çəkdi. Mircəlalın hərdəmxəyallığı hamıya bəlli olduğu üçün daha təfsilata girişmədilər, məsələ hakimlərə aydın idi. Sədr üzvləri ilə pıçıldaşıb, prokurora söz verdi.

Prokuror uzun nitqində Mircəlalın mübarizə sahəsində zəifliyini, ardıcılsızlığını, məntiqsizliyini meydana çıxardı, “O, erməni-türk vuruşmaları ilə şiddətlə mübarizə etməli idi. Onun bu sahədəki passivliyi silinməz bir ləkədir, – dedi. – O, iki tərəfin də silahlanmasını gördükdə erməni və türk gənclərini bir yerə yığıb, etirazlar etməli idi, gurultu salmalı idi. O bu sahədə təşəbbüsdə bulundumu? Yox, bulunmamışdır!

Mircəlalın əsil qəbahəti, bax, buradadır!..”

Prokurorun bu məaldakı nitqi bir saat çəkdi.

Müdafiəçi də əksini söyləyərək dünyada tam mənası ilə müsbət adam olmamasını, hər gözəlin bir eybi olmasını, adama qiymət verilmək lüzumunu irəli sürdü...

Mircəlala son söz verdikdən sonra hakimlər otağın bir küncünə çəkilib müşavirə etdilər, nəticədə Mircəlal bəraət qazandı. Qərarın kopyasının Mircəlala verilməsi də ayrıca qeyd olundu.

Mircəlal sevinc içində idi, hamıya təşəkkür edib, yoldaşlarının əllərini sıxdı. Xəlil gülə-gülə onun arxasına vuraraq:

– Qız görəndə bir də ağlın yerindən oynamasın, ha!.. – dedi.

Mircəlal:

– Oynamaz, oynamaz, – deyə otağı tərk etdi.

Əlinin işinə başlarkən indiyə qədər laqeyd görünən Niyazi sədrdən söz istədi. Həsənqulu uzun boğazını bir az da irəli uzadıb, Niyaziyə diqqətlə baxırdı.

Niyazi dedi:

– Həsənqulu, şurum-burumçuları Əlinin evinə göndərməkdə fikrin nədir? Bu xuliqanlıqdan əlinə nə gəlir?..

Sədr Niyaziyə tərəf yönəlib, məhkəmə nizamına tabe olmasını tələb etdi. Niyazi eşitməyərək özündən çıxdı və hücumuna davam etdi. Prokuror və müdafiəçi durub Niyazini zorluqla sakit etdilər.

Məhkəmə işinə davam etdi. Həsənqulu özünü doğruldacaq bir söz deyə bilmədi: “Canım, burada nə var ki? Adam zarafat eləməz? Mən də zarafat üçün göndərdim”, – deyə təkrar edirdi.

Prokuror çıxışında Həsənqulunu rüsvay etdi. Müdafiəçi belə öz vəzifəsini unudub, o da Həsənquluya qarşı hücum vəziyyəti aldı.

Zatən Həsənqulu kitabxanadan kitab götürüb qaytarmaz, üzvlük haqqı verməz; ictimai işlərə yaramayan bir adam olduğu üçün hər kəs ondan pərt idi. Odur ki, onu lazımınca utandırıb töhmətləndirdilər və qərarın da kopyasını əlinə verdilər. Əlavə olaraq Əlidən üzr istədilər.

10

Sofya xanım köksünü ötürdü və həzin bir səslə:

– Ürəyinizdə mənə qarşı bəslədiyiniz hissləri bilmək istərdim, – dedi.

Rüstəmbəy gözünü “Kilsə hüququ”ndan ayırmadan:

– Hiss aldadıcı bir şey olduğundan hissə heç inanmıram, – deyə cavab verdi.

Sofya xanım həyəcanlı:

– Sizin yanınızda olmağımla olmamağım arasında heç bir fərq duymurmusunuz?

Rüstəmbəy suala dərhal cavab verə bilmədi. Fikirləşdi. Başını kitabdan qaldırıb, Sofyanın rəngi qaçmış simasına baxdı:

– Əlbəttə, – dedi, – sizin yoxluğunuzu hər vaxt hiss edirəm. Ürəyim sizi axtaran kimi olur, ancaq buna elə məna vermirəm.

– Səbəb?

– Çünki bu hal “eşq” deyilən boş ləfzdən irəli gəlməyib, öyrəniş və alışmaqdan törəyir...

Sofya xanım döyükdü və bir az incidi. Gileyli səslə:

– Niyə eşqə boş ləfz deyirsiniz?

Rüstəmbəy bir az hirsli:

– Çünki eşq yoxdur, eşq şairlərin boş xəyallarının məhsuludur. Eşq bir xəyaldır. Xəyalla ömür keçirmək isə işsizlərin işidir. Öyrəniş və alışma var. Bir adam bir adama öyrənişir, alışır, onu görmədikdə könlü sıxılır.

Rüstəmbəyin sözləri Sofya xanımı ox kimi yaraladı. Təhqir olunmuş izzətinəfsi ona rahatlıq vermədi. Bir az sükuta getdi, kədərli gözlərini Rüstəmbəyin gözünə dikib, sərzənişli bir səslə dedi:

– Heç yuxusuz gecələri təsəvvür edə bilirsinizmi? Bir tərəfdən daxili iztirab, bir tərəfdən göz yaşları!.. Sübh tezdən gözünüz göyün pak qızartısına düşdükdə, əcib bir sızıltının vücudunuza yayıldığını hiss etmisinizmi?

– Bunları necə izah etməli?

– Bu qəribə halları eşqmi sayırsınız?

– Yox, gözüm, bunlar vücudun xəstəliyidir.

– Bəs bu xəstəliyi törədən nədir? – deyə Sofya xanım soruşdu və üzündə qalibiyyət nişanəsi göründü.

– Bu xəstəliyi törədən xəyal və işsizlikdir!

Sofya xanım yenə məyus bir halda başını aşağı saldı. Rüstəmbəyin cavabı onu razı salmazdı, eşqin böyük bir qüvvə olduğuna inanırdı.

Rüstəmbəy yenə “Kilsə hüququ”na tərəf yönəldi. Başına bir şey girmədi, Sofyanın yanında oxumaq mümkün deyildi. Kitabı yumdu və qoluna söykənib, fikrə getdi. Birdən: – “Eşq” deyilən xəstəliyin səbəblərini sizə deyim, – dedi. – Yaradılışda anlaşılmaz bir sirr var, bu, törəmək və artmaq sirridir. Hər yaranan yaşamalı və nəslinin baqiliyinə çalışmalı – təbiətin hökmü budur. Hiss təbiət qədər əzəlidir, bir anadan doğmuş əkizdir. Hiss təbiət zəkasının təzahürüdür, təbiət istədiyini hiss vasitəsilə görür. Yaranmışlar müəyyən yaşa çatıb, törətmək qabiliyyəti duyar-duymaz hiss onları idarə etməyə başlayır. Gənc zəka vücuda rəhbərlik etmədə acizlik göstərir, hər şey yolundan sapıb, həqiqi aləm bir başqa şəkildə görünür, vücud xəstə bir şəkil alır: yuxusuzluq, xəyal, göz yaşları başlayır...

Sofya xanım Rüstəmbəyin sözlərini diqqətlə dinləyir, lakin nə təsdiq edir, nə də etiraz edirdi. Rüstəmbəy sözlərini qurtardıqda xanım ona həsrətlə baxdı, gözlərində səadət nuru parlayırdı. Rüstəmbəy bunu hiss etdi, lakin bundan istifadə etmək istəmədi. Xanım ayağa durdu və nazlı balalara məxsus bir əda ilə Rüstəmbəyin yanına gəldi.

Əlini çiyninə qoyub baxmağa başladı. Rüstəmbəyin ürəyi döyündü, amma halını büruzə vermək istəmədi. Xanım qaşlarını qaldırdı, sözlü və dərdli simasını bir də Rüstəmbəyə göstərdi. Studentin üzündə heç bir dəyişiklik görmədikdə dərdləndi, ağlamsındı və yavaşca əyilərək dodaqlarını onun yanaqlarına yavıqlaşdırdı. Bu zərif, lakin cürətsiz busə Rüstəmbəyə bir təsir bəxş edə bilmədi və əksinə olaraq onda bir inad oyandırdı.

Rüstəmbəy əlini sipər eləyib, üzünü xanımın odlu yanaqlarından qorumağa başladı.

Xanım mənliyinin təhqir olunduğunu hiss edirdi. Əllərini üzünə qoyub küncə söykəndi.

Rüstəmbəy irəli yeridi və onu üsulluca qucaqladı. Xanım hıçqırmağa başladı.

– Mən bu dəqiqələrdən qorxurdum, – dedi, – indi artıq acizliyimlə mübarizə edə bilməyəcəyəm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets