Birinci kitab, ikinci hissə
Page 6 of 14 · 36%
Payızda gəlib gördük qırğız saçlarını uzadıb, sayır-vayır söyləyir. O da Allahdan yüksək olduğunu iddia edirdi. Yazıq indi dəli olub düşüb çöllərə.
Hamı qəhqəhə ilə güldü, İsgəndər özü də şaqqıldadı.
– İsgəndər belə İsgəndərdir, – deyə Şirin sözlərinə davam edirdi.
– Bunun bir məharəti də var. Bu Nitşenin “Zərdüşt belə söyləmiş” adlı əsərini çox sevər. Zərdüştün bütün fəlsəfəsini bir rəqsdə ifadə edər.
Bu dahiyanə bir rəqsdir. Oynasın, baxın!
– Oynasın, oynasın! – deyə rica bulundular.
Şirin:
– Yox, – dedi, – ac qarına olmaz, bizim Allah bir az qarınquludur. Fatma xanım çayı hazırlasın, bir az da çək-çək2 versin, sonra.
Çay məclisi söhbət, zarafat və qəhqəhələrlə keçdi. Sonra masanı kənara qoyub, rəqs üçün yer hazırladılar. Fatma xanım bu həngaməyə həsrətlə tamaşa edirdi, çünki musiqisiz rəqs təsəvvür etmirdi. Nəhayət, məsələni anladı: tələbələr ağızlarında diringi tutdular, İsgəndər rəqsə başladı.
Məsdi məzari məsdərə
Həsti füzari füstərə...
İsgəndər Fatma xanımın təsəvvür etmədiyi bir tərzdə oynayırdı. Şirin isə rəqsdəki əcaib hərəkətlərin fəlsəfəsini anladırdı. Məsələn: havanı yumruqlamaq Əhrimənlə mübarizə etmək idi, fırlanmaq Hürmüzdə dua, təpik atmaq isə divləri tapdalamaq mənasına idi.
Rəqsin sonunda İsgəndər Fatma xanımın qarşısında əllərini havada yelləndirərək dayandı. Fatma xanım Şirindən:
– Bu nə deməkdir? – deyə soruşdu.
Şirin:
– Qadınlara intəhasız hörməti olduğuna işarə edir, – dedi.
Fatma xanım əl çaldı.
Hamı:
– Yaşasın Allah! – deyə bağırdı.
6
İri darvazadan palçıqlı həyətə bir adam girdi. Ehtiyatlı addımlarla yavaş-yavaş irəliləyib, bir tərəfi bir az çökmüş daxmanın taxta pilləkəni ilə yuxarı çıxdı. Qapını yumruğu ilə döydü və içəri girdi. İlk nəzərini cəlb edən pərdə arxasındakı çarpayıdan sallanan uzunboğaz çəkməli ayaqlar oldu: kim isə orada uzanmışdı. Sağ tərəfdəki alçaq qapını cırıltı ilə açdı: xırda bir otaqda iki çarpayı arasına sıxılmış bir masa ətrafında yaşlı bir qadınla bir qız oturub çay içirdilər. Bunların yanından ötüb, xırda qapını tıqqıldatdı:
– Buyurun, – deyə səs gəldi, sonra qapı açıldı.
– Ba!.. Rüstəmbəy, – deyə Əli irəli yeridi.
Əyri döşəmə və tavanlı bu komanın dibində bir dəmir çarpayı yerləşmişdi; həyətə baxan xırda pəncərənin önündəki masanın yanında sarıbəniz, yastıburun bir tələbə oturmuşdu. Masanın üstündə nərdtaxta vardı.
Rüstəmbəy paltosunu və şapkasını çıxarıb, divardakı mismardan asdı:
– Ya Allah, Niyazi, – deyə oturan tələbəyə əl verdi, – sən hara, bura hara? – dedi.
Niyazi bir az kar olduğu üçün, görünür, Rüstəmbəyin sözlərini eşitmədi, əlini qulağının arxasına söykəyib:
– Nə dedin? – deyə sordu.
Rüstəmbəy bir az bərkdən:
– Deyirəm, sən hara, Əli hara?
Niyazi əlini qulağından çəkib gülümsəyərək:
– Əli ilə biz bərk dostuq. İkimiz də nərdtaxta aşiqiyik. Hərdən ürəyim darıxanda nərdtaxtanı qoltuğuma vurub buraya gəlirəm.
Əli qonşu otaqdan bir kürsü gətirib Rüstəmbəyi oturtdu. Nərdtaxtanı yığışdırdılar. Əli:
– Nə var, nə yox? – dedi. – Eşitdim, müsamirə düzəldirsiniz?
– Elə fikrimiz var, ancaq nə sən, nə də Niyazi yaxın durmursunuz.
Niyazinin yenə ictimai işi var, üç ildən bəridir zemlyaçestvonun kitabxanaçısıdır.
Sən heç bir şeydə iştirak etmirsən. Səbəbini bilmirəm.
Əli məyus bir səslə:
– Əh, nə lüzumu var, iş mənsiz də gedir.
– Sənsiz də gedəndə nə olar?
Əli üzünü Niyaziyə çevirdi, acı bir təbəssüm simasına əzab süsü yaxdı. Niyazi əlini yenə qulağına dayaq verib, başını irəli uzatmışdı: söylənənləri eşitməyə çalışırdı.
Əli:
– Rüstəmbəy, – dedi, – individualist olduğumu bilirsən; İnsandan qaçaqlığım da bəlli... Artıq izahata lüzum varmı? – Bir müddət susdu, sonra yenə üzündə əzab ifadəsi göstərərək sözlərinə davam etdi:
– Həyatın məqsədini anlamıram: “Nə üçün yarandıq?” – sualı beynimi yara etmişdir, həllindən acizəm. Dini kitabları oxudum, mənə yol göstərə bilmədi, filosofları tədqiq etdim, məni qane etmədilər... Yolu büsbütün itirdim, bədbin oldum, özümü öldürməyə qalxmışdım, cəsarətim yetişmədi... Yenə fəlsəfəyə döndüm: Şopeanhaueri, Qartmanı diqqətlə oxudum, bunlar da məni doyurmadı. İndi Ömər Xəyyam vəziyyətində yaşayıram, o, guşeyi-xərabətdən, mən də nərdtaxtadan zövq alıram.
Əli tühaf bir gülüşlə sözlərinə xitam verdi. Niyazi yavaş səslə:
– O!.. Nərdtaxta əbədi və əzəli bir qüvvədir: “Ləm-yələd vələm yuləd!..”. Rüstəmbəy, istəyirsən bir əl oynayaq.
Rüstəmbəy ağzını büzərək:
– Yox, heç bir oyundan zövq almıram... “Ləm-yələd və ləm-yuləd” kitabdır. Ayrı zövqüm yoxdur.
Rüstəmbəy arabir buraya gələr, Əli ilə uzun-uzadı münaqişə edər, onu qane edə bilməzdi. Əlinin bədbinliyi ailə bədbəxtliyindən doğmuş bir şey idi. Onun üç dayısı, dörd xalası gənc ikən ölmüş və bu müsibətlərin şahidi olmuş dindar babası: “Budurmu Allahın adilliyi?!” – deyə, sönüb getmişdi. Əli bu faciəni görərək, səbəbini aramağa çalışmışdı, tapa bilməmişdi. Babasının vəfatından sonra ata-anası və yeganə qardaşı ölmüşdü. Çocuq ikən tək qalan Əli yenə səbəb və məntiq aramağa qalxışmışdı. Özü demişkən, hər bir yola müraciət etmişdisə də, onu maraqlandıran suala cavab tapa bilməmişdi...
Rüstəmbəy gülərək:
– Əli, çay içmişsiniz, yoxsa içəcəksiniz? – dedi. Niyazi barmaqları ilə qulağını əhatə edərək sözləri qavradı və bir şey kəşf etmiş kimi sevinərək:
– Əli elə bilir ki, bədbin adam çay içməz.
Əli güldü:
– İçər! İçər! – dedi və durub o biri otaqdan üç stəkan rəngsiz çay gətirdi.
Yenə söhbət başlandı. Rüstəmbəy Niyaziyə müraciət etdi:
– Sən nə aləmdəsən? Darülfünuna gedirsənmi? – deyə sordu.
– Getmirəm, lüzum da görmürəm. Atamın bir balaca mülkü, əkini-biçini var. Məndən başqa da övladı yoxdur. Ata mülkünü idarə etmək üçün ali təhsilə ehtiyac yoxdur. Bir-iki il burada dolanıb geri qayıdacağam. Özümlə böyük kitabxana aparıram. Orada vaxtım çox olacaq, oturaram, oxuyaram.
Rüstəmbəy cavab vermədi. Bir müddət sükut içində çay içdilər.
Sonra yenə Niyaziyə yönəldi:
– Vaxtın necə keçir, darıxmırsanmı?
– Yox, gündüzləri yatıram, gecə də sabaha qədər ya oxuyuram, ya da yazıram. Darıxanda da nərdtaxtanı qoltuğuma vurub bir yana gedirəm.
Amma elə gecələr olur ki, bu işlərin heç birini könlüm istəmir.
Bir gecə oturub, “Əcnəbi sözləri lüğəti”ndəki sözləri saydım. Lüğətin üstündə 50.000 söz olduğu qeyd olunmuşdu, mən saydım 44 söz əskik çıxdı.
Rüstəmbəy:
– Buna nə qədər vaxt sərf etdin? – deyə sordu.
Niyazi müzəffər bir təbəssümlə:
– Gecə sabahadək saydım.
Yoldaşlar gülüşdü. Rüstəmbəy əlini Əlinin çiyninə qoydu, mehriban səslə:
– Görürsən, dostum, – dedi, – İnsan darıxanda özünə məşğələ tapa bilir...
Əli onun sözünü kəsərək:
– Əsas olmalı, əsas da dəruni mətanətdən ibarətdir. Məndə bu əsas sarsılmışdır. Ağlımı da şübhə sarmış, o da istiqamətini itirmişdir. Mexanizmi və poslası pozulmuş bir gəmi təsəvvür et – o mənəm! Həyat dənizinin dalğaları arasında avara-avara sallanıram... Gülməyiniz, məni heç bir fikirlə qane edə bilməzsiniz. Həyatın bir üzvündən baş vermiş çirkin bir fıram, kəsilib atılmaqdan başqa bir çarəm yoxdur!
Əli sözlərini elə qətiyyətlə bildirdi ki, ətrafındakıların etiraza cəsarəti qalmadı
7
Səlman həftələrdən bəri başında cövlan edən fikrini Xəlilə açdı. Xəlil çoxdan hazır imiş kimi heyrət etmədi və coşqun bir halda dedi:
– Çox yaxşı. Ancaq sirri hər kəsə açmamalıdır, çünki hamımız tərəssüd altındayıq.
Səlman çox sakit:
– Bir şey olmaz, – dedi, – olsa nə olur ki?
Bu sözlərdən sonra planlarının təfsilatını müzakirə etdilər. Bütün
Rusiya darülfünunlarında təhsildə olan türk tələbələri nümayəndələrindən mürəkkəb bir gizli qurultay çağırılması qət olundu.
Xəlil:
– Qurultay çağırılana qədər hazırlıq aparmaq üçün bir heyət lazımdır, bu heyətə kimlərin çağırılması lazımdırsa, indidən kəsdirməlidir.
Səlman cavabında:
– Altı nəfər lazımdır. Bir sədr, katib, dörd də üzv. Indi üzvlüyə kimi namizəd göstərirsən?
– Birinci Çingiz.
– Yox, Çingizi qoy dursun.
– Nə üçün?
– Çingiz təbiətən mübarizədən uzaq bir sahə üçün yaranmışdır.
Onda inqilabi duyğu yoxdur. Bizə inqilabçı ruhlu, cürətli və gözüaçıq adamlar lazımdır. Bizimlə dar ağacına qədər yoldaşlıq edə bilən inqilabçılar lazımdır.
Xəlil bir az məyus baxışla:
– Bizdə inqilabçı varmı? – dedi. Səlman qəti surətdə:
– Var! Var! Gənclərin içində elələri var ki, özlərini oda vurarlar.
Məsələn: təzə gələnlərin içində Əhməd adlı biri var, həqiqət üçün göylərə çıxar, ulduzları qoparar. Onun özü kimi bir yoldaşı da vardır.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-studentler-birinci-kitab-ikinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Şura Yazıçılarının Ümumittifaq qurultayına*Əhməd “Maarif işçisi” klubunda ibtidai cəmiyyətə dair məruzə edəcək idi... Bir çox kitablar*
Birinci hissə1**“Bu gün də son dərsdir”, – deyə hər kəsdə bir sevinc vardı. Qəbilənin hər tərəfindən gələn gənclər axın-axın bağa toplandı. Kəbusey bizdən əvvəl oraya gəlmişdi. Bizim gecikməyimizə işarə olaraq adi istehzası ilə:
İkinci hissə1**Günəş ilk şüasını Totem dağına atdıqda qəbiləmizi tərk etdik. On beş gənc idik. Qəbilə şurası müməssili Cürceys və müəllimimiz Kəbusey də bizi təşyi edirdi. Örüşdən uzaqlaşaraq düz yola çıxdıq. Ətrafdakı meşələr çiçək içində idi. Baharın ilıq havası da rayihə saçırdı.
Bir neçə söz“Studentlər” inqilabdan əvvəl türk (azərbaycanlı – M.A.) tələbələrin həyatını göstərir. Bu həyat çox da zəngin, mündəricəli və yüksək məfkurə izincə qoşan bir həyat deyil. Bu da babalar həyatının müasir bir şəklidir. Babalarımız əsrlər boyu dini mübahisələrlə vaxt keçirmiş, Rüstəmbəylə Əli də bu yolu davam etdirirlər; babalarımız alış-veriş edib, min bir fəsadla zəngin olur, əlsiz-ayaqsızları istismar edirdi.Qulu da eyni tipin müasirləşmişi deyilmi? O zamanın hər bir mütəxəssisi yeni sənət, yeni fənlə təchiz olunmuş birər tacir, xudbin adamlar deyilmi?
Poems by other poets
کار دلم شد عشق تو، دل چون کند کاری دگر
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.