Page 4 of 14 · 21%

Günlərin birində Səlman yenə lampanı götürərkən dalandar onu tutdu, hirsli bir halda mənzilinə soxuldu və şeylərini cırıq məfrəşinə doldurub, artırmadan aşağı atdı.

O zaman şagirdlər cəmiyyətinin bir-iki üzvü Çənbərəkənddə Pozenov küçəsində olurdu. Səlman çar-naçar məfrəşini bir hambala verib, Pozenov küçəsinə yollandı.

Səlmanın məfrəşi ilə otağa daxil olması cəmiyyət üzvlərini heyrətləndirmədi: bunlar belə hadisələrə alışmışdılar. Harada yersizyurdsuz və kimsəsiz şagird varsa, burada daldalanardı. Odur ki, otaqdakı bir çox yatağın yanına Səlmanın da çirkli yorğan-döşəyi salındı.

Bir il də belə keçdi. Sonralar işlər bir az asanlığa döndü. Səlman şəhərə dürüst bələd olaraq dərs demək kimi pul qazanmaq yollarını yavaş-yavaş öyrəndi.

Milyonerlər Bakısında bir boşqab sup həsrətində çırpınan Səlman özü kimi yoxsulların acınacaq halını daima düşünər və qurtuluş yolu arardı. Marks nəzəriyyəsi ilə tanış olar-olmaz “qurtuluş yolu” deyə bu nəzəriyyəyə sarıldı və həyatının sonuna qədər kapitalizmlə mübarizə edəcəyinə söz verdi. Iştə, bu günkü münaqişədəki səmimiyyəti bir dəfə haqq bilib sarıldığı məsləkin inikası idi.

– Yoldaşlar, – dedi, – siz əsil məsələni bir kənarda buraxıb qol-qanaddan yapışırsınız. Sosializmdə xalqı qaranlıqda buraxacaq səbəblərin heç birisinə yer qalmayacaq.

Sizi maraqlandıran bütün məsələlərin həlli kapitalın məhvi ilə bitəcək.

Xəlilin içəri girməsi münaqişəyə xitam verdi:

– Balam, bu qədər gec gəlmək olmaz, – deyə onu qarşıladılar.

– Bağışlayın, işim var idi.

Şirin:

– Bəs bizim işimiz yoxdur? – dedi.

Xəlil bir az ciddi:

– Canım, əksəriyyət buradadır. Niyə məclisi açmadınız?

– Müsamirə qoymaq istəyirik, onun üçün hamımızın fikrini dinləmək icab etdi.

Xəlil başını buladı:

– Eh, – dedi, – siz də indi ayılmısınız.

Xəlilin sözlərindən hər kəs bir şey duyar kimi gözlərini ona dikdi. Xəlil bu halı görüb gülümsündü:

– Görünür, heç bir şeydən xəbəriniz yoxdur, – dedi, – Qulu müsamirə düzəldir. Çingizin rəngi qaçdı. Bu xəbər hər kəsdən artıq ona təsir etdi.

– Necə yəni müsamirə düzəldir? – dedi.

– Düzəldir. O günü Teymurbəyin evinə toplanıb qərar çıxarmışlar. Şirin:

– Kimlər var imiş? – deyə sordu.

– Çox adam var imiş. Hətta bizim idarədə də onların tərəfdarı var.

Üzvlər heyrətlə bir-birinin üzünə baxdı.

Şirin:

– Həsən olmasın? – deyə gülümsündü.

– Tapmısan!

Şirin güldü. Səlman gözlüyünü düzəldərək dedi:

– Bu Həsən qəribə adamdır. Müəyyən nöqtədə dayana bilmir.

Marksizmlə maraqlandı. İki dəfə görüşdük, sonra yox oldu. Tolstoy günündə bizim həbs olunduğumuzu görən kimi gözdən itdi. Monarxist rus tələbələrinə yanaşdığını da eşidirəm, xülasə, qəribə şeydir.

Çingiz masanı bir də taqqıldatdı.

– Yoldaşlar, – dedi, – məclisi açıram. Müsamirə məsələsini müzakirə etməliyik. Birinci müsamirəmiz gecən il ümumun rəğbətini qazanmışdı.

Bu ilki ondan da maraqlı olmalıdır. Tam bir müvəffəqiyyət əldə etmək üçün bütün tələbələrimiz işə cəlb olunmalıdır. Müsamirə düzəltmək üçün ayrıca bir heyət seçməlidir. Həm də bütün tədbirləri bu gün görmək lazımdır ki, sabahdan işə başlansın. Çingizin təklifinə qarşı kimsə etiraz etmədi. Gecən il də belə olduğu üçün məsələ bəlli idi. Lakin heyətin başında duracaq adam haqqında bir az münaqişə oldu.

Müxalifləri susdurmaq üçün Çingiz Teymurbəyin namizədliyini irəli sürürdü. Buna qarşı Səlman şiddətlə etiraz etdi. Uzun münaqişədən sonra Səlmanın rəyasətində bir heyət seçildi. Teymurbəyi də xəzinədar seçdilər.

Çingiz məclisi qapadı. Xüsusi söhbətlər başlandı. Teymurbəyin evindəki yığıncaqdan maraqlanaraq hər kəs Xəlili əhatə etdi və suallar verdi.

Xəlil suallara cavab verə-verə ayağa qalxdı və Çingizə müraciət edərək: – Çıxaq! – dedi.

– Çıxaq, ancaq hara gedək?

Şirin gülərək:

– “Millət qızı”nın yanına gedək.

Çingiz razı oldu. hamı ayağa qalxdı. Şirin paltoları asqıdan alıb, sahiblərinə verdi.

“Millət evinə” yola düşdülər...

Fatma xanım bir il idi ki, Kiyevə gəlmiş, ali məktəbin tibb şöbəsinə daxil olmuşdu. Bunun Kiyev şəhərinə gəlməsi türk tələbələri üçün görünməmiş bir hadisə idi, çünki Fatma xanımdan əvvəl bu şəhərə müsəlman talibəsi gəlməmişdi. Ona görə hamı üçün əziz idi. Fatma xanımın gəlməsini hamıdan qabaq bilən və axtarıb onunla tanış olan Rüstəmbəy idi.

Əvvəl gündən Rüstəmbəy Fatma xanımın yaxşı tanışlarından biri oldu. Rüstəmbəy Fatma xanımın artıq dərəcədə xatirini istərdi, bunu görən bəzi tələbələr Rüstəmbəyə sataşardılar. Bu dəfə də yolla gedərkən

Şirin Rüstəmbəyə yanaşıb, iymalı bir təbəssümlə:

– Dostum! – dedi, – yenə Fatma xanımın yanına gedirik deyə kefin kökəlir.

Rüstəmbəy gülümsündü, başını buladı. Şirinlə həmrəy olmadığını bildirdi.

– Boynuna al, Rüstəmbəy! – Biz bilirik ki, Fatma xanıma bənd olmusan.

Bu gün-sabah da toyundur.

Çingiz də gülümsənərək:

– Allah xeyir versin! – dedi. – Rüstəmbəy çoxdan bəri bir elmli türk qızı axtarırdı. Axırda ki, tapdı.

Rüstəmbəy başını qaldırdı, gülə-gülə Çingizin üzünə baxdı:

– Canım! – dedi, – deyəsən, siz məni güclə evləndirəcəksiniz!

Hamı qəhqəhə ilə güldü. Şirin əvvəlki halında:

– Güc niyə olur, özün bəyənmisən. Sağ-salamat qızdır, yaxşı analığı çıxar. Həmi uşağına tərbiyə verər, həm də sənə ömür yoldaşı olar.

– Canım, mənim fikrimdə evlənmək yoxdur, bənd də olmamışam.

Mehribanlıq eləyirəm, çünki borcumdur eləyim. “Millət qızına” da mehriban olmayıb, kimə olacağam, Rusiyada otuz milyon xalqın bircə-ikicə münəvvər qızı var, bütün ümidimiz onlaradır. Bir məxluq ki, ümid yolu ola, əlbəttə, onu sevərlər.

– Mən də ondan ötrü deyirəm də... xı-xı-xı..

– Rüstəmbəy, Allah xeyir versin, – deyə hər tərəfdən onu təbrik edirdilər.

Rüstəmbəy daha dinmədi, gülümsündü, başını aşağı saldı.

Xəlil sözə qarışdı:

– Kişidən əl çəkin, – dedi. – Ondan və məndən evlənən çıxmaz.

Səlman:

– Sən heç, – dedi, – sənə gündə biri olmalı. Rüstəmbəyə gəldikdə, o da evlənməməkdə haqlıdır, bu iş tələbə işi deyil. Arvadın nazı, uşağın vəngiltisi, dərs... hamısı da bir otaqda. İnsanın əli-qolu bağlanır.

Baxın, indi siz Fatma xanımın yanına gedirsiniz, gedəcəksiniz, danışacaqsınız, kefiniz istədiyi zaman da evə qayıdıb, rahat uzanacaqsınız.

Sorğunuz yox, sual verəniniz yox.. Məndən sizə əmanət: məktəbi bitirib iş sahibi olmayınca evlənməyin!

Səlman sözlərini bitirib, tində durdu.

– Bəs niyə durdun? – deyə ondan sordular.

– Nach Haus1, yoxsa arvad atamı yandırar.

Səlman yoldaşlara əl verib ayrıldı.

Qar yağırdı, ətraf tamam ağ geyinmişdi. Külək əsdikcə həzin bir xışıltı gəlirdi. Qar yerlə sürünüb, küçə aşağı gedir, birdən ac qurd dəstəsi kimi tökülərək fənər dirəklərini əhatə edirdi. Gah da qeyzlə qalxıb pərvanələr tək çırağın başına fırlanır, sonra məyus bir halda yerə səpilirdi. Aləm sükuta dalmışdı. Bu sükutu pozmamaq üçün sanki tələbələrin də səsi kəsildi. Fundukleyevski küçəsi ilə aşağı endilər.

Çovğun bunları da qarşıladı. Pərvanələr ətraflarını aldı.

5

“Millət qızı” ortaboylu, dolğun, gülərüzlü bir qız idi. Danışdıqda dodaqlarında həyalı bir təbəssüm zühur edər, yanaqları qızarardı.

Onun rəftarı nazik, özü çox mehribandı; hər tərpənişində o qədər səmimiyyət vardı ki, çox vaxt ali məktəb talibəsinə oxşamayıb, sadə ürəkli bir çocuğa bənzərdi. İlk rast gələrkən bəxş etdiyi xoş təsir getdikcə daha da dərinləşir, İnsanın ürəyinə işləyirdi.

Fatma xanım bu tanış təbəssümü ilə tələbələri qarşıladı.

– Neçə vaxtdı ki, heç məni yada salmırsınız, – dedi. Çingiz salam verdi, Fatma xanımla görüşdü, onun sözlərinə nə cavab verəcəyini bilmirdi.

Birdən:

– Bilirsiniz, – dedi, – başımız bərk qarışıqdır. Imtahanlar, cəmiyyət işi – hamısı bir-birinə qarışmışdır.

– Bəhanə gətirməyin! Işsiz kimdir ki? – Hamının işi var, amma hərdənbir tanışınızı yad eləsəniz, pis olmaz.

Fatma xanım bu sözlərindən utanır kimi oldu. Gülümsündü, tələbələrin üzünə baxa-baxa qıpqırmızı qızardı.

Çingiz və Şirin yumşaq taxtın üstə oturub, arxasına söykəndilər.

Xəlil kənarda əyləşdi. Şirin iymalı təbəssümlə:

– Bilirsiniz, Fatma xanım, Çingiz bəhanə eləyir, vaxtı çoxdur,

ancaq başı qızlara qarışmışdır, – dedi.

Çingiz qızaran kimi:

– Yalan deyir, öz əməlini mənə isnad verir.

– Yalan demirəm, dünən də görüşə getmişdi.

Çingiz bir az da pərt oldu. Gülümsündülər. Rüstəmbəy sol tərəfdəki yazı masasına yavıqlaşdı; “Vaxt” qəzeti onun nəzərini cəlb

etmişdi. Qəzeti əlinə aldı.

– Fatma xanım, – dedi. – “Vaxt”ı haradan almısınız?

– Ufadan göndərmişlər.

Rüstəmbəy bir az da oxudu:

– Başa düşürəm, amma bəzi sözlər var ki, mənasını bilmirəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets