Page 5 of 14 · 29%

Fatma xanım:

– Mən də çoxunu başa düşə bilmirəm, – dedi; – çünki “Vaxt” bizim tatar ləhcəsində yazmır.

Qeyri tələbələr də bu söhbətdən həvəsləndilər, diqqətlə qulaq verməyə başladılar. Şirin:

– Bizim Qafqaz qəzetləri də elə dildə yazır ki, adam başa düşə

bilmir, – dedi. – Rüstəmbəy də bizi məzəmmət eləyir ki, biz türk qəzetini oxumuruq.

Rüstəmbəy öz adını eşidərək qəzeti masanın üstə qoydu və ciddi sima ilə:

– Əlbəttə, – dedi, – ifrat eləyirlər. Amma eləsi də var ki, lap sadə bir dildə yazır. Məsələn “Molla Nəsrəddin”.

– “Molla Nəsrəddin”i oxuyuram, başa düşürəm, qəzeti də o dildə yazsalar, adam qanar.

– Nə qədər asan dildə yazsalar, yenə dürüst başa düşə bilməzsən, çünki bizim danışdığımız dil az sözlərdən əmələ gələn yoxsul bir dildir.

Bu dil münəvvər bir adamın düşüncələrini ifadə etməkdən acizdir. Buna görə də mübahisəmiz və elmi bir söhbətimiz olduqda öz dilimizi tullayıb, rus dili ilə danışırıq. Bu qüsurumuzu düzəltmək üçün dilimizi genişləndirməli, yəni xarici dillərindən bir xeyli söz götürməliyik.

Hal-hazırda ifrat etsələr də qəzetlərimiz bu yolda çalışır. Siz də qəzet oxuyub, dilimizə yeni daxil olan sözləri öyrənməlisiniz.

Şirin yenə təkidlə:

– Nə qədər oxuyuram, başa düşə bilmirəm.

– Mən də, – Çingiz dedi, – bir dəfə həvəsləndim, istədim türkcə oxuyam – olmadı, çox çətin dildə yazırlar.

Bunların sözlərini Xəlil də təsdiq etdi. Rüstəmbəy hirsləndi, səsini bir az ucaltdı, dodaqlarında acı bir təbəssüm oynayırdı:

– Canım, – dedi, – on beş il rus məktəbində oxuyursunuz, həmişə ruslarla onların dilində danışırsınız, yenə də rusca dürüst danışmağı bilmirsiniz. Bir kitab da oxuyanda saatda bir açıb əcnəbi sözlərinin lüğətinə baxırsınız. Amma iki ay türkcə oxumaqla hər şeyi bilmək istəyirsiniz.

Sizlər öz dilinizi əsla sevmirsiniz. Sevsəydiniz, zəhmətə qatlaşaraq onu incədən-incəyə öyrənərdiniz.

Şirin istehzalı təbəssümlə:

– Ay Rüstəmbəy, – dedi, – məni bağışla, sən həmişə bir az mücərrəd danışırsan. Bu gün içində yaşadığımız şəraitdə türk dilinə yer yoxdur, daha doğrusu, lüzum da yoxdur. Məktəblər rusca, idarələr rusca, çörək də bu dildən çıxır. Hər kəsin öz ana dilini bilməsi vacibdir, bunu anlayıram. Ancaq öyrənməyə vaxt yoxdur.

Rüstəmbəy Şirinin yürütdüyü mülahizələrlə şərik ola bilmədi:

– Vaxt tapılar, həvəs yoxdur, milli hiss yoxdur. Baxın, polyakların milli məktəb açmağa haqları yoxdur. Hökumət polyak dili və polyak mədəniyyəti ilə şiddətlə mübarizə edir, buna baxmayaraq, polyak dilini bilməyən, öz dilində danışmayan bir polyak tapılmaz. Polşaya göndərilən rus məmurlarını belə polyaklaşdırırlar...

Fatma xanım sözə qarışdı:

– Bizə qarşı da böyük təzyiq var, özümüz də ruslarla qarışıq yaşayırıq, amma hamımız öz dilimizi bilirik, ədəbiyyatımızla maraqlanırıq.

Şirin güldü. Fatma xanım pərt olub qızardı.

– Tatar dilinin yarısı rus sözüdür, pyat rükət namaz soverşayem...

Hamı gülüşdü, Fatma xanım daha da qızarıb, qəhqəhə çəkdi.

Çingiz ciddi səslə:

– Rüstəmbəy haqlıdır, ancaq bizi polyaklarla müqayisə etmədə səhv edir. Polyaklar yüksək mədəniyyətə malikdirlər, vaxtilə böyük dövlət olmuşlar, rus mədəniyyəti onlara nisbətən çox aşağıda olduğu üçün polyaklara təsir yapmır. Bizdə vəziyyət büsbütün başqadır. Biz mədəni deyilik, olan mədəniyyətimiz də müasir mahiyyət daşımır.

Odur ki, rus mədəniyyətinə təmas edər-etməz, onun təsirinə düşüb, ruslaşırıq...

Çingizin mülahizələri etiraza səbəb olmadı. Sanki məsələ aydın idi – hamı susurdu. Sükutu Fatma xanım pozdu.

– Yadımdan çıxdı soruşam, – dedi, – müsamirə nə vaxtdır?

Çingiz cavab verdi:

– Bu axşam müsamirə düzəltmək üçün xüsusi heyət seçildi. Sabahdan işə başlayacaq.

– Bu neçənci müsamirədir?

– İkinci.

– Müsamirəyə necə ad qoyursunuz?

– Keçən il “Müsəlman müsamirəsi” adlandırmışdıq, bu il də belə olacaq.

– Keçən ilkini çox mədh edirlər. Gərək bu il ondan da gözəl olsun.

Rüstəmbəy əvvəl döyükmüş bir nəzərlə Fatma xanıma baxdı.

Sonra sevincək bir halda:

– Fəxr edə bilərik ki, müsamirəmizin adı hələ də ağızlarda çəkilmədədir.

Çingiz:

– Qəribə burasıdır ki, – dedi, – burada bu qədər türk studentinin olduğunu heç kəs bilmirmiş. Bu müsamirə bizi hamıya tanıtdı. Çoxları

“Qafqaz müsamirəsi” bilib gəlmədikləri üçün heyfsilənmişlər.

“Müsəlman müsamirəsi”nin ayrıca xüsusiyyəti olduğunu sonradan bilmişlər. Çoxları bu ilkini gözləyir.

Fatma xanım soruşdu:

– “Qafqaz müsamirəsi”ni kimlər tərtib edir?

Xəlil dedi:

– Burada bir Qafqaz “zemlyaçestvo”su var. Əvvəllər oraya bütün

Qafqaz tələbələri daxil olardı. Sonralar ermənilər və gürcülər yavaş-yavaş oradan çəkildilər. Biz də sayca artdıqdan sonra öz cəmiyyətimizi təşkil elədik və tamamilə müstəqil yaşayırıq. Ayrı-ayrı təşkilatlara mənsub olmayan əqəliyyət “Qafqaz zemlyaçestvosu”nda qaldı. Odur ki, müsamirələri də əvvəlki nüfuzunu itirdi. Bizim müsamirənin müvəffəqiyyəti onun yeniliyi ilə təmin olundu. Şərqə məxsus köşklər yapdırmışdıq, hamımız da türk, fars və ərəb milli libaslarındaydıq. Salonda milli musiqi var idi, şərq bazarı qurulmuşdu, ayrıca bir dairədə bir paşanın hərəmi və odalıqları göstərilmişdi... Avropalıları maraqlandıran bir çox şeylər vücuda gətirilmişdi. Fatma xanım içini çəkdi:

– Ah, – dedi, – bu çox maraqlıdır. Mən də görmək istərdim.

Rüstəmbəy gülə-gülə:

– Az qalmışdır, görərsiniz...

Şirin rişxəndli iyma ilə Rüstəmbəyin sözlərini kəsdi:

– Fatma xanım, Rüstəmbəy paşa olar, siz də onun hərəm dairəsinin dürrigiranbəhası!

Hamı gülüşdü. Yalnız Fatma xanım bu sözlərin əsil mənasını anlamadı, döyükmüş bir nəzərlə tələbələrin üzlərinə baxaraq qızardı.

Çingiz məsələni başqa nöqtəyə yozmaqla Fatma xanımı bu vəziyyətdən qurtardı.

Bir az sonra İsgəndər gəlib çıxdı.

– Allah, buyur! Allah, buyur, – deyə hər tərəfdən ona müraciət etdilər.

Fatma xanım İsgəndərə nə üçün “Allah” dediklərinin mənasını anlamayaraq, heyrətlə ətrafdakıların üzünə baxırdı. İsgəndər oturdu.

Rüstəmbəy:

– Allah, bəs arvad hanı?

– İsgəndər ciddi:

– Arvadı hələ evə gətirməmişəm.

Şirin zarafatla:

– Allahlıq iddiası edirsən, özün də evlənirsən. Bu olarmı? İsgəndər gülərək:

– Bu olar, yunan Allahları nələr etməzdilər. Çox kələkbaz idilər.

Çingiz:

– Deməli, sən yunan Allahısan, onda türklər səndən əl çəkməlidirlər,

– dedi.

İsgəndər etiraz etdi:

– Yox, mən bütün Allahlardan yüksəyəm. Hər şey mənə tabedir, siz də mənə tabesiniz, – dedi və şaqqıltı ilə güldü.

Fatma xanım yenə bu “Allah” söhbətlərinə qulaq asır, bir şey anlamırdı. Şirin Fatma xanımın heyrətini duyaraq:

– Fatma xanım, – dedi, – siz, görünür, bir çox işləri bilmirsiniz. Biz tələbələrdə zahiri aləmdən başqa bir də batini aləm var. İsgəndər bu batini aləmin nümayəndəsidir.

İsgəndər Şirinin sözlərini kəsdi:

– Etiraz edirəm, bu günahkar bəndə Allahın zatını təhrif edir, – dedi.

Yenə şaqqıldadı və gülərək sözünə davam etdi, – xilqətdə zahir və batin yoxdur, dünyada yalnız bir “mən” var, hər şey ona tabedir – o, mənəm.

İsgəndər yenə şaqqıldadı. Şirin sözünə davam etdi:

– Allah, sən bir az səbir elə, mən bildiyimi deyim, sonra səhvimi düzəldərsən... Deməli, Fatma xanım, bu indi danışanı üç yerə bölmək olar: biri sizin tanıdığınız İsgəndərdir, bu, adamdır – yeyir, içir, gəzir, gülür və sairə; ikinci, Allahdır: hər şeydən yüksəkdir, ruh olaraq eşqdən başqa hər şeydən məhrumdur...

Fatma xanım gülərək:

– O!.. Bu əxlaqsız Allah imiş, – dedi.

Hamı güldü. İsgəndər şaqqıldayaraq etiraz etmək istədi. Şirin onu qabaqlayıb dedi:

– Yox, Fatma xanım, siz deyən qədər əxlaqsız deyil. İsanın arxasınca gedən kimi, bunun da arxasınca gedən bir çox mürid qızlar var.

On gündə bir teosofik cəmiyyətdə bu vəz edər, bir gün gedin, görün bunu təqdis edən nə qədər qız var... Deməli, müəyyən bir dairə var ki, bunu yalnız Allah deyə tanıyırlar. Bunun üçüncü adı Aleksandr Cavadoviçdir.

Bu ad bütün xidmətçi qızlara, aşxana və qəhvəxana qızlarına və yurdda-yuvada qınında yanmış yaşlı qadınlara bəllidir. Onlar da Aleksandr Cavadoviçi Allah sanarlar, ancaq burada bunun rolu həqiqi Allah roluna çox az bənzər...

İsgəndər yenə Şirinin sözlərini kəsdi. Etiraz etdi, qızardı. Lakin Şirin onun sözlərinə əhəmiyyət verməyərək davam etdi:

– İndi bir az da sizin və mənim tanıdığımız İsgəndərdən danışmalıyam.

Bu, Gəncədə Şah Abbas məscidinin yanında bir bəy ailəsində doğulmuşdur. Yaxşı evləri və üzüm bağları var. Amma hələ bir dost bu bağın üzümündən dadmamışdır... Acığın tutmasın, qulaq as... Buna baxmayaraq bizim bu İsgəndər çox yaxşı və mərifətli oğlandır. Özü də çox kitab oxuyur. Bunun oxuduğu kitabların təsirini bilmək üçün, Fatma xanım, sizə bir misal söyləyim. Keçən yay Gəncəyə gedəndə İsgəndər kitabxanasını bir qırğız tələbəsinin yanında qoymuşdu. Qırğız yayda bu kitablardan oxumağa başlayır. Bilirsiniz axırda nə oldu?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets