Birinci kitab, ikinci hissə
Page 7 of 14 · 43%
Bu iki. Sonra, Fatma xanım da lazımdır. Hə... de görüm.
Xəlil Rüstəmbəyin adını çəkdi, Səlman ağzını büzdü:
– Rüstəmbəy yaxşı oğlandır, ancaq... bəy balasıdır. Toxluqdan
Tolstoy kimi mənəvi axtarış dövrü keçirir. Ruhunda “romantizm”lə “rasionalizm” çarpışmadadır. Qələbə nə tərəfdə qalacaq, bəlli deyil... dəruni “refleks”... nə bilim nələr.. yoldaş, təkamülün aramla yürüməsinə vaxt yoxdur. İnqilabi addımlar lazımdır! Bildinmi?
– Onda mənim namizədim yoxdur. Kimi istəyirsən yaz. Səlman razı oldu və cəld dedi:
– Bu günlər hamınızı iclasa çağıracağam. Hazır ol. Moskva, Peterburq, Kazan, Odessa, Xarkov və başqa yerlərdəki türk tələbələrinin adreslərini öyrən. Indilik bu. Ehtiyatlı ol, dalınca gəzən adamları tanı, diqqət et.
Səlman sözlərini qurtarıb, nə isə düşünürdü, bir də Xəlil onu fikirdən ayıltdı.
– Mircəlal Kiyevə gəlmişdir, üç gün əvvəl küçədə ona təsadüf etdim. İstərsən bir namizəd də o olsun.
– O yaxşıdır. Özü də köhnə inqilabçıdır. Ancaq bir nitqində pristava xoş gəlmək üçün əksinqilabçılıq göstərmiş, deyirlər, bundan ötrü Mircəlal gizli olaraq boykot olunur. Bu günlər Mircəlalın şəxsi ricasına görə idarəmiz bu məsələyə baxacaq. Məhkəmə üzvləri seçilmiş, mən də müddəiyi-ümumi təyin olunmuşam. Hə, sən iclasda yoxdun: səni də müdafiəçi seçdik. Bir çox şahidlər dəvət etmişik. Zənn eləyirəm, mühakimə iki gün çəkər. Əgər Mircəlal bəraət qazansa, onu da bu işə qarışdırmaq faydalı olar.
Xəlil güldü:
– Bu əhvalatı bilirəm. Mircəlal bir az hərdəmxəyaldır.
Səlman:
– Qəribədir, – dedi, – bizdən, hələ ki, qüsursuz bir adam çıxmır.
Yaxşı başlayır, bir də görürsən ortada xarabladı. Bunun sirrini bilə bilmirəm.
– Xam öküz samını qırar. Bunlar hamısı xamlıqdandır. Ömründə ictimai iş görməmişdir: evdə bişməyib, qonşudan da pay gəlməyib.
Zəkamız belə xamdır, orada irsi olaraq məhdud həyati təcrübədən başqa nə var ki?.. Hələ bu gün gördüyün ziyalı gənclər yüksək təbəqəyə mənsubdurlar: bəy, xan, əfəndi və axund ailələrindən olduqları daşıdıqları famillərindən görünür. Bunlar, köhnə də olsa, yenə bir mədəni mühitdə böyümüşlər. İndi tacir balaları axıb gəlməyə başlamışdır.
Bu günkü maddi qüvvəni bunlar təmsil edir: hamısı pullu, məişət məsələlərində açıqgöz və elmi mənimsəyərək daha asan qazanc yolları arayırlar. Bunlar bəy və axund balalarına nisbətən daha elastikdirlər, lakin ictimai işə az yarayırlar. Yoxsullar hələ görükmür. Sənin kimilər hələ tək-tək çıxır. Hamısı sənin kimi olsa, yaxşıdır. Amma mənə belə gəlir ki, yoxsul balaları büsbütün xamdırlar, çünki heç bir irsi mədəniyyətə malik deyillər.
Səlman bu fikrə şərik olmaq istəmədi, o, biləks yoxsul balalarının, xam torpaq kimi, münbit bir zəmin daşıdıqlarını irəli sürdü:
– Bu gün, – dedi, – ölkədə varlılar hakimiyyəti olduğu üçün ölkənin bütün mədəniyyətindən yalnız varlılar istifadə edirlər. İnqilab bir gün qələbə çalar da, məktəblər və mədəni müəssisələr qapılarından bizi də içəri buraxarlar, onda görərsən biz nə möcüzələr göstəririk.
Səlmanın coşqun danışığı Xəlilə olduqca məzəli gəldi, özünü saxlaya bilməyib güldü:
– Ey nərim, – dedi, – deyəsən, ürəyin bərk yanıb.
– Bəs yanmaz? Siz nəsəbiniz və pulunuzla açdığınız qapıları mən alnımla açmışam.
Səlman da öz sözlərindən xoşlanıb gülməyə başladı. Sonra otağı dolaşaraq:
– Deməli, qurultayı çağırırıq. Çağıraq bu donuq tələbəliyi silkələyək, görək nə çıxır.
– Silkələyək, – deyə Xəlil yenə güldü və birdən təşvişə düşən kimi, – saat neçədir? Evdə qız məni gözləyir, o da silkələnməlidir...
Səlman onu pilləkəndən ötürərkən həsrətlə dedi:
– Subaylıq sultanlıqdır – vur, kef sənindir!
8
Zemlyaçestvo idarəsinə iki ərizə verilmişdi: biri Mircəlalın, biri də Əlinin idi. Mircəlal yazırdı: “...1905-ci ildə məni erməni casusu deyə Şuşa şəhərindən qovmuşdular. O zamandan bəri gizli olaraq boykot edilir və haqsız olaraq üzərimdə ağır bir ləkə daşıyıram... İkinci, məni “rus xalqı ittifaqı” tərəfindən təşkil edilmiş vətənpərəst nümayişdə söylədiyim nitq üstündə qəbahətləndirirlər...”. Bu ittihamlardan özünü təmizləmək üçün Mircəlal mühakimə edilməsini rica edir və bu iki məsələyə dair uzun-uzadı izahatlar verirdi. Əlinin dərdi başqa idi: Həsənqulu hər gün onun yanına hədsiz-hesabsız “şurum-burum”çu (köhnə paltar alan) tatar göndərib, onu rahatsız edirmiş, Əli ərizəsində bu xuliqanlığa xitam verilməsini rica edirdi.
İdarə ərizələrə baxıb, bir məhkəmə heyəti ayırdı: Şirin sədr, İsgəndərlə Niyazi iclasçı təyin olundu, prokurorluq vəzifəsi Səlmana, müdafiəçilik də Xəlilə tapşırıldı.
Heyət Şirinin otağında toplanmışdı. Şikayətçi və müttəhim olunanlarla bərabər Rüstəmbəy və Fərəməz də şahid sifəti ilə çağırılmışdı. Birinci Mircəlalın işinə baxıldı. Şirin təqsirnaməni oxudu və sonra Mircəlala söz verdi:
– Əhvalat necə olub, nağıl elə, – dedi.
Mircəlal uzunboylu, arıq və bir az çopur bir tələbə idi. Əsəbi olduğu üçün danışanda tez-tez boynunu dartırdı:
– Yoldaşlar, – deyə sözə başladı, – məsələni daha aydın etmək üçün bir az ətraflı danışmam icab edəcək. 1905-ci il Bakıda baş verən erməni-türk qırğınından sonra bütün Zaqafqaziyada vəziyyət olduqca gərginləşmişdi.
Bir tərəfdən inqilabi hərəkat hər yeri qaplamış – üsyan, tətil, hökumət məmurlarının öldürülməsi; o biri tərəfdən də milli tələblər və bundan irəli gələn etnoqrafi hüdud məsələsi ölkəmizi çaxnaşdırırdı...
Zaqafqaziyada o zaman vəziyyət belə idi: qüvvət burjuaziyada idi, burjuaziya da qudurub yolu şaşmışdı. Şəxsi faydaya milli rəng verib, ortalıqda yoxsulların qanı boş yerə axıdılırdı. Bu hadisələr çar siyasəti üçün əlverişli bir vasitə oldu: çar məmurları inqilabı susdurmaq üçün bu hadisələri körükləməyə başladılar: ermənilər yaşayan yerlərdəki rus polisləri əvəzinə türk polisi təyin etdilər, ermənitürk vuruşmalarında hökumət əsgəri gah bir tərəfə kömək edir, gah o biri tərəfə. Nəticədə iki xalqın ikisini də bir-birinə lazımınca döydürürdü. Mən və mənim kimi gənclər, təbiidir ki, olan hadisələrin iç üzünü bilir və ona qarşı çıxmaq istəyirdik. Ancaq bizim səsimiz zəif idi, ona qulaq asan yox idi. Ermənilərə qarşı qardaşlıq hissi bəslədiyim üçün məni xainlikdə müttəhim edib, axırda Şuşa şəhərindən qovdular. Həqiqət budur.
Mircəlal susdu. Rəngi qaçmışdı. Dəsmalını çıxarıb alnını sildi.
Mircəlalın söylədikləri hakimləri də mütəəssir etmişdi, bir müddət sükuta dalaraq qaldılar, sonra sədr dedi:
– Mircəlal, Şuşa hadisəsi necə oldu? Bir az təfsilatı ilə söylərmisən? Türkerməni düşmənçiliyi əvvəldən də orada vardımı? Vuruşmanın başlıca səbəbi nə oldu? Maraqlıdır, söylə.
Mircəlal düşünərək, yerə baxırdı. Rəngi yenə açıq idi, yalnız qulaqları qızarmışdı. Yenə boğazını dartırdı.
– Yoldaşlar, – dedi,- 1905-ci ilə qədər istər Şuşada, istərsə civarında ermənilərlə türklər çox gözəl yaşayırdılar. Çox sıxı dostluq vardı, hər bir türk ailəsinin bir erməni kirvəsi var idi ki, evə məhrəm idi və ailə üzvü kimi sayılardı. Şəhərin yarısında erməni, o biri yarısında türk yaşadığına baxmayaraq, erməni sənətkarlarının və sövdəgərlərinin türk məhəlləsində və türk baqqallarının erməni məhəlləsində dükanları var idi. Daşnaqsütyun təşkilatı meydana çıxana qədər iki qardaş xalq arasında bir fəna hadisə baş verməmişdi. Daşnaqlar rol oynamağa girişdikdən sonra işlər dəyişilməyə başladı. Bilxassə Türkiyədən qaçıb gələn daşnaqlar vəziyyəti daha da gərginləşdirməyə çalışdılar. Şuşanın vaxtilə erməni məliklərinə məxsus olmasını irəli sürdülər... Bakı hadisəsindən sonra iki tərəfin də silahlanması şiddətləndi.
Təbiidir ki, “yüz gün yaraq-bir gün gərək” – bir gün vuruşma düşdü...
İsgəndər sədrə müraciət edib, sonra Mircəlala sual verdi:
– Türk gəncləri erməni məhəlləsində, erməni yoldaşlarının evinə gedərdilərmi?
Mircəlal:
– Hər gün gedərdik. Əvvəla, realni məktəb erməni məhəlləsində idi. Ikinci, bütün hökumət müəssisələri də orada idi. Erməni məhəlləsi şəhərin abad bir yeri idi. Türk hissəsi qaranlıq və xərabə bir halda idi. Odur ki, biz hər gün erməni hissəsinə gəzməyə gedərdik. Yayda hər axşam bulvarda olardıq.
İsgəndər yenə sual verdi:
– Erməni-türk vuruşması saat neçədə başlandı?
– Axşam çağı idi, saatı yadımda deyil.
– Yaxşı, özün deyirsən ki, hər axşam bulvarda olardıq. Bəs o axşam necə oldu ki, getmədin, evdə qaldın? Yəqin getsəydin, indi sağ qalmamışdın.
– Düzdür. O məsələ belə oldu. – Mircəlal bir az duruxdu, boynunu dartdı və titrək əli ilə incə bığının ucunu burdu. – O belə oldu: mən Şuşadan çıxıb, getmək istəyirdim, çünki köhnəlik, mövhumat məni təngə gətirmişdi, asudə yaşamaq imkanı yox idi. Başımdakı şapkaya bir söz atırdılar, əynimdəki buluza gülürdülər, əlimə ağac alırdım, türklər arasında vəlvələ qopurdu, erməni qızı ilə gəzirdim, daşnaqlar hədələyirdi... Canım boğazıma yığılmışdı. Odur ki, şəhəri tərk etmək istəyirdim. Rüstəmbəy mənimlə oxuyurdu, yoldaşdıq, onun Bakıya gedəcəyini eşidib, mən də həvəsləndim. Ancaq yol pulum yox idi. Atam köçərilər arasında alış-veriş edərdi. Dağdan on dənə motal göndərmişdi, bunları satmaq istədim: bir baqqalla danışdım, gəlib baxmasını vəd etdi. Vuruşma düşən günü səhər tezdən darvaza döyüldü, məndə otağımda döşəmənin üzərində yatmışdım. On dörd yaşında bir bacım vardı, otağa girib baqqalın gəlməsini xəbər verdi. Cəld durub geyindim və bacıma dedim ki, yatağı içəri otağa apar, baqqal mənim otağıma gəlsin.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-studentler-birinci-kitab-ikinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Şura Yazıçılarının Ümumittifaq qurultayına*Əhməd “Maarif işçisi” klubunda ibtidai cəmiyyətə dair məruzə edəcək idi... Bir çox kitablar*
Birinci hissə1**“Bu gün də son dərsdir”, – deyə hər kəsdə bir sevinc vardı. Qəbilənin hər tərəfindən gələn gənclər axın-axın bağa toplandı. Kəbusey bizdən əvvəl oraya gəlmişdi. Bizim gecikməyimizə işarə olaraq adi istehzası ilə:
İkinci hissə1**Günəş ilk şüasını Totem dağına atdıqda qəbiləmizi tərk etdik. On beş gənc idik. Qəbilə şurası müməssili Cürceys və müəllimimiz Kəbusey də bizi təşyi edirdi. Örüşdən uzaqlaşaraq düz yola çıxdıq. Ətrafdakı meşələr çiçək içində idi. Baharın ilıq havası da rayihə saçırdı.
Bir neçə söz“Studentlər” inqilabdan əvvəl türk (azərbaycanlı – M.A.) tələbələrin həyatını göstərir. Bu həyat çox da zəngin, mündəricəli və yüksək məfkurə izincə qoşan bir həyat deyil. Bu da babalar həyatının müasir bir şəklidir. Babalarımız əsrlər boyu dini mübahisələrlə vaxt keçirmiş, Rüstəmbəylə Əli də bu yolu davam etdirirlər; babalarımız alış-veriş edib, min bir fəsadla zəngin olur, əlsiz-ayaqsızları istismar edirdi.Qulu da eyni tipin müasirləşmişi deyilmi? O zamanın hər bir mütəxəssisi yeni sənət, yeni fənlə təchiz olunmuş birər tacir, xudbin adamlar deyilmi?
Poems by other poets
کار دلم شد عشق تو، دل چون کند کاری دگر
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.