Üsuli-cədid
Onun evi dağlıq məhəllədə arxası torpağa yamanmış ibtidai insanlar yurdunu andıran bir şeydir. Üst mərtəbədə iki xırda otaq (otaq demək caiz isə) və altda da bir otaq vardır. Özü birində yaşayır, ikisini də kirayəyə verir. Otaqları mənzil şəklinə salan kirayəçilərin özləri olmuşdur–yırtıq yerlərə taxta çalıb, üzərinə köhnə qəzetlər yapışdırmışlar. Buna baxmayaraq yel əsdikcə qəzetlər bir çox yerlərdən şişir, partlayır. Yağışın da ki, önünə sədd çəkmək qabil deyil – damdan keçir, tavandan və divarlardan süzələnir, köhnə ləkələrin hüdudunu bir az da genişləndirir.
Ev sahibi Atamoğlan heç bir işin sahibi deyil – əski zaman çayxanalarda, məscid önündə vaxt keçirərdi; bir vaxt qoçuluğa qalxışaraq bir adam da öldürmüşdü.
İndi Atamoğlan özünə bir peşə tapmışdır – iki otağı kirayə verər, bir ilin pulunu qabaqcadan alar və il tamam olanda kirayəçini cana doydurub qaçırdar və otaqları yenidən satar. Bu üsul vasitəsilə ildə üç min manata qədər əldə edər.
Evin önündə bir təpəcik var. Atamoğlan bütün günü burada gəzişib düşünürdü: bir kirəçi ilə bacara bilmirdi; ili çoxdan tamam olmuşdusa da otaqdan çıxarmaq mümkün deyildi. Bütün fəndlər işlənmişdi – otağa ilan buraxılmışdı, qıfılı sındırıb yarılmışdı, taxta divarın çatlağından içəri 20 – 30 qurbağa salınmışdı... Daha nələr edilməmişdi?..
Kirəçi sitallığa salıb, otaqda qalır və normaya görə də aylıq verirdi.
Atamoğlan təpəcikdə gəzişir, hələ bunu düşünürdü. Birdən dayandı, evə tərəf çönərək:
– Yaxşıxanım! – deyə çağırdı.
Evdən səs gəlmədi. Əlini gözlərinin üstə qoyub, diqqətlə baxdı, öz otağında kimsəni görmədi; kirəçi Əbdüləlinin anası otağının önündə kartof soyurdu. Atamoğlan bir də bacısı Yaxşıxanımı çağırdı və bir-iki söyüş də əlavə etdi. Otaqdan qarasifət, dolaşıq saçlı, pəjmürdə bir qadın çıxıb, sarsıntılı balkonda durdu.
Atamoğlan bacısını görcək:
– Yaxşıxanım, – dedi, – axır bu otağı bir ilin vədinə vermişdik; il də gəlib keçdi. Sözləri nədir?
Yaxşıxanım iki aydan bəri bu sualı qardaşından eşidirdi; zatən hər günkü qovğa da bu sualla başlanırdı. Ona görə əvvəl duruxdu, sonra ağızucu olaraq:
– Nə bilim, ilin keçdiyini bilmirlər? Üzlərinin həyası yox, zadı yox. Deyirsən qulaqlarının birindən alıb, o birinə salırlar. Görmürsən, qarınlarına zəhrimar qayırır. Elə bil bu sözlər buna deyilmir.
– Ay onun qazanına... Axirətinə... Oğluna xörək hazırlayır... İndi qulluqdan gələcək, zəhrimarlanacaq... Atasının...
Yaxşıxanım qardaşının sözlərini kəsərək:
– Adına bax – Firəngiz bəyim!.. Ölünə dəysin, ad yiyəsi! Hələ bizləri də bəyənmir: “Siz dağlısınız!”, “Eşşəksiniz!”, “Biz dədəbabadan bəyik!”... Bay sizin bəy atanız mənim... yesin!..
Səslər get-gedə yüksəldi, söyüşlər artdı. İçəridən Atamoğlanın anası da çıxdı. Bu da bir tərəfdən qarğış və söyüşdən döşədi.
Firəngiz bəyim bu hərəkətlərə alışmışdı; inciyirdisə də zahiri sakitliyini saxlayıb, əlindəki işinə davam edirdi.
Ətrafdakılar ağız-ağıza verərək, kirəçinin şərəf və namusuna toxunan sözlərdən yağdırırdılar. Arabir milislə qorxudur, sonra qarğışa keçir, axırda ölümlə təhdid edirdilər. Firəngiz bəyim bircə cavab belə vermədən bişmişinə davam edirdi: bilirdi ki, dinsə döyəcəklər; bir neçə dəfə də döymüşdülər. Bunun laqeydliyi ev sahiblərini daha da coşdururdu: bunlar söyüşü bir qat daha artırırdılar...
Firəngiz bəyimin oğlu Cahangir qulluqdan qayıtdı. Qapıdan girərgirməz hər gün eşitdiyi föhşlərin yenə şahidi oldu. Şərəfinin əzildiyini duydusa da, əlacsız qaldığını nəzərə alaraq, sakit oldu. Çürük pillələri cəld çıxıb, özünü otağa salmağa çalışdı. Ev sahibləri bunu əhatə edərək, hamısı bir ağızla:
– Hırrr! – deyə bağırışdılar.
Cahangir əvvəl özünü itirdi, qan başına vurdu. Qəzəbli gözləri ilə bu tühaf hərəkətləri özlərinə peşə edən adamları süzdü – ana, oğul və qız dillərini çıxarıb:
– Hırrr! – deyə səs-səsə vermişdilər. Bunların aldığı vəziyyət Afrika vəhşilərinin ibtidai rəqslərini andırırdı. Bu mənzərəni görən Cahangirin hiddətli üzü birdən şən bir təbəssümlə parladı, dodaqları açılaraq, şaqqırtılı bir qəhqəhə qopdu.
Ev sahibləri bu qəhqəhədən daha da acıqlandılar – bu günün proqramını təkrar başdan başladılar:
– Bişmiş qazanınıza!..
– Oğlun qanına bələnsin!..
– Adamın üzündə həya olar!..
– Bunlarda həya nə gəzir–ilin keçdiyini bilmək istəmirlər!..
– Dəli şeytan deyir vur öldür də, qəzəmətə get!..
– Sizi həzrətabbasa tapşırmışam!..
– Hırr!..
Bu söyüşlər, qarğışlar, hədyanlar yağışı altında Cahangir anası ilə yeməklərini qurtardılar. Yarım saat davam edən hürüşməyə qarşı bir söz belə demədilər. Çay töküldü. Anası tutqun səslə Cahangirə dedi:
– Cahangir, bala, doğrusu evdən bıqmışam. Başqa bir otaq yoxmu?
Cahangir hər gün bu sualı anasından eşidir, hər gün də eyni cavabı verirdi. Qırx beşinci dəfə olaraq:
– Ana, – dedi, – bilirsən ki, evə yazılmışam; alan kimi köçəcəyik...
Firəngiz bəyim yenə:
– Oğul, bunu bilirəm... ancaq vallah, cana doymuşam. Özümü bu dirəklərin birindən asmaq istəyirəm. Cahangir anasının üzünə baxdı və gözlərində parlayan yaşları görcək mütəəssir oldusa da, büruzə vermədi. Başını aşağı salaraq, düşüncələrə daldı: Bir neçə dəqiqə sürən sükutdan sonra başını təkrar qaldırdı, yavaş səslə:
– Ana, – dedi, – bu adamlardan hər bir fənalıq baş verər – məni öldürə bilərlər, sənin namusuna sataşarlar. Otaq da hələ yoxdur... Bu hərəkətlərin önünü almaq üçün bircə çarə var...
Firəngiz bəyim maraqla oğlunun üzünə baxdı. Cahangir ciddi səslə:
– Qıza evlənməkdən başqa çarə yoxdur.
Firəngiz bəyim əvvəl qulaqlarına inanmadı, heyrətli gözləri ilə oğlunu təkrar-təkrar süzdü və oğlunun dediyinin ciddiliyini duyaraq cavaba aciz qaldı. Nə acıqlandı, nə sevindi – donub qaldı.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-usuli-cedid
Use ← → keys to move, R for a random poem
More by this author
ABBASQULU AĞA QÜDSİNIN ƏSƏRLƏRİ*Ədəbiyyatımız tarixində Mirzə Fətəlidən sonra Şərq və az çox Qərb elmlərinə vaqif bir adam varsa, o da Qüdsidir. Qüdsi türk, rus, fars və ərəb dillərini bilir, tədqiqat və mütaliəsi sayəsində müasirlərindən yüksək bir mövqe tutur. Yazdığı əsərləri nəzərdən keçirsək onun böyük məlumat sahibi olduğunu görərik...
Mirzə Fətəlinin əsərləri başqa dillərdəMİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqındaFRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).
Əcəmilik möhürü və onunla mübarizəƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...
Poems by other poets
Gülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
NöycavanGəl görüm, gəlişin nerdən, çeşmi siyah, nöycavan,Həsrətəm didarına, çəkirəm ah nöycavan,
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Kamın alSəy göstərib bu meydana çıxanda,Məclislərdən, toy-büsatdan kamın al.