Kamal
Onun adı Kamal idi. Atası Nəcəf vaxtilə hörmətli bir adam olduğundan, evi həmişə yüksək təbəqənin adamları ilə: zadəgan və mülkədarlarla dolu olardı. Çəkilən kababın qatı tüstüsü buludlara qədər qalxar, sazın xoş sədası ətrafa yayılar, qəmli bülbülün səsinə qarışardı.
Günlər beləcə bir-birinin ardınca keçdi, illər dolandı, ziyafət və zənginliyin, şöhrətpərəst dostluğun sonu gəlib çatdı. Nəcəf özünü tənha və dostları tərəfindən atılmış kimi hiss etdi. Ehtiyac onu tanış bir tacirin yanında işləməyə vadar etdi.
O, əlli yaşında ikən on iki yaşlı bir qızcığazla evlənmişdi. Atası qızını Nəcəfə əvvəllər şan-şöhrət sahibi olduğu üçün zorla vermişdi.
Nəcəf də evlənmişdi. Bu izdivacdan onun beş övladı dünyaya gəlmişdi.
– Yox, heç nəyə görə mən təhsilimi yarımçıq qoymaram.
N şəhərinin Realnı məktəbində oxuyan şagird belə deyirdi.
Kamal daxmalarının çirkli pəncərəsinin qarşısında oturub, xəstə, əldən düşmüş atası və göz yaşları tökən cavan anasına tamaşa edirdi. Birdən qapı taybatay açıldı və günəşin şöləsi altında dilənçi kökündə olan, çirkli və ayaqyalın dörd uşaq göründü. Onların arıq və qaralmış üzlərində dəhşətli bir ifadə var idi. Onlar şikayət və kədər dolu baxışlarla valideynlərini süzüb, xəstənin yatağının yanında, torpaq döşəmədə əyləşdilər. Uzun sürən sükutdan sonra qoca gözlərini açdı, qalxıb balınca oxşar, çirkli bir şeyə dirsəkləndi və sakit, zəif səslə dilləndi:
– Kamal! Mənim əziz oğlum. Sən bizim vəziyyətimizi görürsən. Görürsən ki, həyatın qəm-qüssə və dəhşətləri bizi əhatə edib. Mən naxoşam və sağalmağıma da ümid yoxdur. Ailə aclıq içindədir. Uşaqları yedirtmək, onlara əyin-baş almaq üçün pul yoxdur. Ailənin nicatı yalnız səndədir, mənim balam.
– Tss..., – Kamal atasına nifrətlə baxaraq, dodağının altında deyindi. – Allaha şükür, – deyə qoca davam etdi, – sən artıq böyük oğlansan, ailəni özün dolandıra bilərsən. Sənin tayların artıq evləniblər və yaxşı pul qazanırlar. Ancaq sən bizim kasıbçılığımıza baxmayaraq, yenə də təhsilini davam etdirərsən...
Rus dilindən tərcümə Leyla Məcidqızınındır.
– Ata, ata! – deyə Kamal atasının sözünü kəsdi, – sən məni məhv etmək istəyirsən? İstəyirsən ki, təhsildən qalım, elm məbədini tərk edim? Yox! Ata, dedim ki, mən məktəbi atmaram. Təhsil mənə hər şey verəcək.
– Ah! Ay oğul, – deyə ata sözə başladı, – sənin bu uşaq söhbətlərin mənim xəstə könlümü qırır. Sən özündən böyüyün və həyata səndən yaxşı bələd olan adamın sözlərinə qulaq asmaq istəmirsən. Mən xan zəmanəsində yaşamışam. Onda elmdən və şeytana uymuş şeylərdən əsər-əlamət belə yox idi. Onda xalq da şadxürrəm və qayğısız yaşayırdı. Ucuzluq hamıya xoşbəxtlik nəsib etmişdi. Biz nə xəstəlik bilirdik, nə ürək ağrısı, nə kafirləri tanıyırdıq, nə də onların allahsızlığa aparıb çıxaran kitablarını. Bir zamanlar gənclər müti idilər, onlar bilmədiklərini böyüklərdən öyrənirdilər. İndi isə, oğul, Allah insanları törətdikləri günahlara görə cəzalandırır. Hər yerdə xəstəlik, aclıq, əzab-əziyyət, göz yaşları hökm sürür. Çünki keçmiş adətlər sıradan çıxıb, müqəddəs yerlərə inam itib. Oğul, at bu məktəbi, Allahın qəzəbindən qurtul. Yenə də deyirəm, bizim dədə-babalarımız elmlə məşğul olmayıblar. Amma onlar acından ölməyiblər, sən də ölməzsən. Sən indi beşinci sinifdə oxuyursan və sözündən belə çıxır ki, sənin işləyib maaş almağına hələ yeddi il var. Gör sən bu qədər vaxta nə qədər pul qazanarsan, məşhur tacir, hörmətli bir kişi olarsan. Əgər sənin pulun olsa, hamı sənə hörmət edər, ən varlı və halal süd əmmiş bir qız alarsan...
– Mən nə etdiyimi çox gözəl bildiyim halda, – deyə Kamal onun sözünü kəsdi, – bilmirəm bu söhbətlər kimə gərəkdir? Mən pul və ya hərbi geyim xatirinə oxumuram, çünki bunlara ehtiyacım yoxdur. Mən ətrafımızda baş verən hadisələri başa düşmək, daha çox savad qazanmaq istəyirəm. İnsanlara xidmət etmək, onların köməyinə çatmaq istəyirəm.
Ata, bir də istəyirəm sənin kimilərə həyatı necə idarə etməyin yollarını öyrədim ki, qocalanda onlar çətinliklə və boş ciblərlə qarşılaşmasınlar.
Mənim məqsədim və qarşıma qoyduğum vəzifə bundan ibarətdir.
– Kəs, kəs! Bədbəxt ruh, – deyə ata titrəyə-titrəyə sözlərinə davam etdi, – gör məni etdiyim yaxşılıqlara, çəkdiyim qayğıya görə hansı sözlər qarşılayır. Ailəsinin səadəti qayğısına qalan və övladlarının toyunu arzulayan valideynlərə ar olsun. Evlənməyin axırı budur – cəhənnəm əzabı... Ah! Mən səfehəm... Nahaq öz qayğıma qalmadım, nahaq!
O, bu sözləri deyib, ümidsiz halda gözlərini yumdu və yuxuya getmək istədi. Ancaq bunlar əbəs yerə idi. Ürək əzabları onu üzdü, qüssə duman kimi qəlbini sarıb, onu məhv etməyə çalışdı. O, soyuq məzarın sakitliyini səbirsizliklə gözləyirdi. Dünyanın dərdlərindən yalnız orada qurtulmaq fikrində idi.
Üç gündən sonra Nəcəf öldü. O, bu unutqanlıqla əbədi sakitlik tapmışdı, ancaq səriştəsizliyi üzündən bütün ailəni başsız qoyduğundan xəbəri yox idi. Gec evləndiyindən Kamalı qayğılarla baş-başa qoymuşdu.
Kamal düşüncəyə dalmış vəziyyətdə həmişəki yerində oturmuşdu.
Atasının üstü örtüklə örtülmüş cənazəsi döşəmənin üzərinə qoyulmuşdu. Onun yan-yörəsində başı açıq qadınlar oturmuşdular.
Qadınların rənglənmiş, qırmızıyaçalan saçları qarışıq vəziyyətdə idi.
Cırmaqdan qanamış üzləri isə onlara vəhşi bir görkəm verirdi. Uşaqlar bir küncdə oturub ağlayır, dəqiqəbaşı qapı açılarkən dəstə-dəstə içəri girən səliqəsiz görkəmdə qadınları görəndə isə təəccüblənirdilər.
Qadınların vəhşi çığırtıları, uşaqların ağlamaq səsləri, mollanın camaatı hüzr yerinə səsləyən səsi cəhənnəm mərəkəsini xatırladırdı.
Kamal gözü ilə gördüyü dəhşətli mənzərəyə inanmaq istəmirdi. Onun gözləri yaşla doldu. Bu göz yaşlarının səbəbi atasının ölümü deyildi, çünki atası ona elm yolunda bir maneə idi. Kamalın göz yaşlarına səbəb nə isə başqa bir şey idi. O, ətrafdakıların avamlığını görüb, qəlbən dərd çəkirdi. Müsəlman qadınlarının kobudluğu, onların öz vəzifələrini bilməmələri, mövhumatçı olmaları Kamalı heyrətləndirmişdi.
Onlar özlərini döyüb, sifətlərini cırıb qışqıranda o fikirləşirdi: “Öz rəzil ömrünü sürmüş bir adamı ağlamaq nəyə gərəkdir”. Ancaq Kamal səhv edirdi. Bizim qadınların xoşlandıqları bir şey varsa, o da başqalarını ağlamaqdır. Guya ki, göz yaşları tale tərəfindən sındırılmış ürəyə məlhəm olur, rəhmətə gedənin qəlbinin qüssəsini yüngülləşdirir.
Bir neçə ay keçdi. Yay günlərindən biri idi. Kamal dərslərini bitirmişdi. O, kiçik bir dükanın qarşısında oturub kənddə yaşayan dostuna – Yubertə məktub yazırdı. Onun qara qaşlarının altından bir cüt düşüncəli və gözəl göz baxırdı. Onun tutqun və kədərli sifəti əvvəlcədən nə isə dəhşətli və cinayətkar bir hadisədən xəbər verirdi... O yazırdı, qələmi isə vərəqin üstündə cəld hərəkət edərək onun ürək sirlərini dostuna açırdı. O, məktubu bitirib, yazdıqlarını öz-özünə oxumağa başladı:
Əziz dost!
Qələmi əlimə alıb yazmaq niyyətindəyəm. Ancaq dəbdəbəli, xoşbəxt həyatdan yazmaq fikrində deyiləm. Bütün dediklərimi – kədərli anları xatırlayacağam. Axı həyatın dəhşətlərindən, göz yaşları və iztirablarından başqa nədən yazmaq olar? Məni əhatə edən yalnız bunlar deyilmi? Qüssənin dumanı ürəyimi sarıb, qəlbim həyəcan içində çırpınır və taleyin qisməti tərəfindən təhqir edildiyi üçün cismini tərk etmək istəyir... Ah! Mən niyə yaranmışam, niyə. Axı atam məni nə üçün şəxsi ləzzəti naminə bu darıxdırıcı və zəhlətökən həyatın acgöz qoynuna atıb? Mən qəlbimdə çırpınan ürəyimlə mübarizə aparıram: ya həyat, ya xilas olmaq, ya da ki, ölüm və ya dinclik.
Əzizim! Mən həyatda yaşayarkən keçirdiyim həyəcan hisslərini hansı çalarlarla təsvir edim? Atam öldü. Onun ölümündən bir həftə sonra daxmamızın tavanı uçulub – dağıldı. Anam və dörd uşaq da rəhmətə getdilər. Onlar dünyanın zülmündən qurtuldular, qaldım mən.
Gecəmi də, gündüzümü də doğma daxmamızın xarabalıqları içində keçirirəm və burada göz yaşları axıdıram. Ah! Yaşamaq da çətindir, ondan ayrılmaq da! Həyat məni qane etmir, o əzabvericidir. Çünki o, artıq göz yaşları və əzab tələb edir. Ancaq onunla vidalaşmağa da həvəs yoxdur: mən cavanam, bu həyatdan heç bir şey dadmamışam, qarşıma qoyduğum məqsədə də çatmamışam. Ancaq... ehtiyac özümə sui-qəsd etməyə vadar edir. Bu, həyatın iyrənc caynaqlarından qurtulmaq üçün ən sadə üsuldur. Nə təhsilimi davam etdirmək üçün bir qəpik pulu var, nə də ki, xeyriyyəçilər. Daha niyə özünü öldürməyəsən?
Mənə kim kömək edəcək? “Yeni dünyagörüşümə” görə hamı mənə nifrət edir, rus məktəbində təhsil aldığım və “kafir paltarı” geyindiyim üçün heç kəsin məndən xoşu gəlmir.
Bəli! Həyatla vidalaşmaq gərəkdir, əziz dost. Əlvida! Tale bizi gözlərimizdə yaş, qəlbimizdə kədər bir-birimizdən ayırır. Bir daha əlvida, əlvida, səni sevən dostunu unutma. Dost, bil ki, mən yalnız torpağın altında sakitlik tapacağam. Sənin dəyərli göz yaşların məzarımın üzərinə töküləcək və bu göz yaşlarını söyülmüş məzarımın üzərində bitən otlar öz canına çəkəcəkdir.
Ah! İndidən ürəyim ağrayır. Hiss edirəm ki, bir daha görüşməyəcəyik.
Sonuncu dəfə əlvida.
Sənin Kamalın
P.S. Əzizim! Sanki bütün ətrafımdakılar məni bu sözlərlə bəzəyirlər:
Oraya, oraya, sonu görünməyən uzaqlara, oraya, əbədi azadlığın hökmranlıq etdiyi yeraltı səltənətə.– Oraya, insanlardan uzaq olan unutqanlıq səltənətinə, harada ki, genişlikdir, oraya, həyatın ən yüksək məqsədinə doğru-soyuq məzara.
Kamal məktubu oxuyub zərfin içinə qoydu. Axırıncı puluna poçt markası alıb, dükanın yanından uzaqlaşdı.
Sakit və aydın bir axşam idi. Ay incə baxışlarla dağların arxasından boylanaraq, zəif işıq saçırdı. Birdən dağ tərəfdən Kamalın qaməti göründü. O, qaranlıq içində itib-batan şəhərə kədərli bir nəzər saldı və düşündü: “Yaşayın, ey ailəli bəxtəvərlər, yaşayın!”. Bu anda gilələnmiş göz yaşları onun tutqun yanaqlarından axıb töküldü. Sakit, aydın gecənin gözəlliyi, dağ çiçəklərinin yüngül rayihəsi belə onun qəlbində sevinc yarada bilmədi. O, xoşbəxtliyi yalnız və yalnız əbədi nutqanlıqda görür və ona da can atırdı. Kamal uçuruma yaxınlaşdı.
Buradan şırıltı ilə axan çay görünürdü. O, bir şer dedi:
Mən necə ağlamayım, necə hönkürməyim
Artıq dərd çəkməyə gücüm yoxdursa...
Hər yerdə qarşıma çıxır dərd-kədər
Biri gedir, gəlir yeni qüssə-qəm.
Ağır əzablardan qurtuluş yolu
Yalnız mənim vaxtsız ölümümdədir.
Axırıncı sözlərini deməyə macal tapmamış, o, çoxdan bəri arzuladığı xoşbəxtliyin uçurumuna yuvarlandı. Səhər dağların arxasında yerləşən dərədə külək coşaraq vıyıldayırdı. Günəş dağların başını və qayaları işıqlandırırdı. Orada qaramtıl, üstü örtülmüş bir şey gözə dəyirdi.
Bu Kamalın fələk tərəfindən atılmış vücudu idi.
1907
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-kamal
Use ← → keys to move, R for a random poem
More by this author
Sərəncam bacı qəpiyi uşağın avıcına basıb, barmaqlarını bərk yumdu:– Bax itirmə – dedi.
Kənddən şəhərə göndərilən bir kağızNuriçeşmə, – əvvələ səlamt üzrə bərqərar və payidar olasınız, və saniyən hər gah bu tərəfin ahvalatını xəbər alasınız, şükür olsun allaha sağ və səlamət varam və bir qəmim yoxdur suvayi sizin ayrılığınızdan qeyri. Xudavəndi aləm bir vəsiləyi-xeyr etsin ki, bir birimizi birdə görək. Və bir də köpəy uşağı, qudurub yolunuzdan çıxmısınız. Sözümə zadıma qulaq asmırsınız. Allah qırmış məni şəhərə gətirməyin, vallah, gəlləm sizi it unu kibi dağıdıb atanıza od vuraram. Sizdən zəhləm elə gedir ki, görmək istəmirəm. Min dəfə yazıram ki, oğul oxuduğun daha bəsdir, gəl yanıma alış-veriş edək, qulaq asmırsan! Elə deyək oxudun oldun pristav-nə çıxdı; qulluqdan bir gün qoğsalar acından öləsisən, ki öləsisən! Oğul gəl sən allaha bax, daşı ətəyindən tök, oxumağı qoy gəl buraya. Axır bilmirsən necə qazançlı sovda eliyirəm; kənddə hər üzünü vurursan. Bu gün bir motal aldım dörd manata; başından satırsan, sonra dönüb yerinə su tökürsən. Bir az satıb yenə su tökürsən. Ondan təzə penirin girvənkəsini alırsan altı qəpiyə, tökürsən motalın içinə, bir iki dəfə and içəndə, görürsən «axtarma» adına satılır. Xülasə, dörd manatlıq motal on beş manat pul çıxarır. Hər şey elə belə: bu gün on dörd qəpiyə şəkər alıb, qaynadırsan, içinə də bir az arı ölüsü, milçək ölüsü salırsan; görürsən girvənkəsi iki abbasıya xalis bal adına satıldı. Hər şey elə belə.Bu gün bilirsən ki tərəkəmə ildə bircə dəfə, bayram axşamı aş yeyir. Ondan yığırsan keçi piyi, mal piyi, nə bilim əlinə gələn şeyi qatıb əridirsən. Yağ rəngi vurub, saraldıb, girvənkəsi on şahıya kərə yağı adına satırsan. Elə hər şey belə. Məsələn, içilmiş çay qurusunu alırsan girvənkəsini iki şahıya, bir az soda vurursan rəngi qaralır, sonra çaya qatıb, Təbriz çayı adına girvənkəsini altı abbasıya gedə götürürlər. Tərtər düyüsünü alırsan yarıda xırda düyü qatırsan, çöllüdür də, nə qanır, görürsən akula düyüsü adına aldı apardı.
ToyToy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dıngıldadıb, yanğılı səs ilə oxuyurdu.«Mən bu dərədən ötmərəm / Çadramı yellətmərəm / Ağ saqqala getmərəm / Hoqqa baz oğlan gərək / Kəkili saz oğlan gərək...»
ÜçTacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi.Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi: