Bir misranın yuxusu
Page 6 of 10 · 50%
6
Elə o Neymət Namaza baxa-baxa da fikrim necə dağıldısa, bir də gördüm ki, Rəcəb yanımda yoxdur. Rəcəb durub getmişdi. Bir də, Buzbulaqdan bu gün gələnlər yox idilər. (Yəqin ki, gecə qatarı ilə onlar elə bu gün də yola düşəcəkdilər, indi vağzala bilet almağa getmişdilər). Qalanların hamısı yerində idi. Amma Rəcəb, bir də o üç nəfər buzbulaqlı durub gedəndən sonra yas yeri, içi Neymət Namaz qarışıq, mənə tamam boşalmış kimi görünürdü. Bunun bir səbəbi bəlkə o idi ki, qalan adamların əksəriyyətini mən nisbətən yaxşı tanıyırdım. Daha doğrusu, bu adamların məndən ötrü elə bir sirli cəhəti-zadı yox idi. Bilirdim ki, bu adamlar da mənim kimi institut qurtarıb; təxminən eyni kitablardan, təxminən eyni dərsi oxuyub (10 il geç, 10 il tez, fərqi nədir ki?); bir yerdə işə düzəlib, təxminən mənim qədər maaş alırlar. Və mənim mənzilim kimi bir mənzildə, elə təxminən mənim kimi də yaşayırlar. Üstəlik, sizi inandırıram ki, bu adamların baxmağında, danışmağında və hətta stəkanı əllərində necə tutub, çayı nə təhər içməklərində də kifayət qədər oxşar cəhətlər var idi. Və açığını deyim ki, belələrinin yanında hətta Sadıq kişinin oğlu Nərimanın özü də məndən ötrü qat-qat maraqlı idi.
Nərimanın sir-sifətindən heç olmasa onu bilmək olurdu ki, bu adamın dünyanın min bir xırda fırıldağının heç birindən sən deyən köklü-əsaslı xəbəri-zadı yoxdur. Məsələn, bu adam heç vaxt kolxozun bostanından yemiş oğurlamayıb, nənəsinin sandığından kökə çırpışdırmayıb. Məktəbdə, əyin-başı nimdaş olduğuna görə, müəllimlər onu dal cərgədə otuzdurmayıblar. İnstitutda, müəllimlərin gözünə girməkdən ötrü, o özü gedib qabaq cərgədə əyləşməyib. Bilinirdi ki, bu adam ömründə nə komendant üzü görüb, nə upravdom üzü görüb, ömründə nə bir adama rüşvət verib, nə bir adamdan rüşvət alıb. Hətta (sizə təəccüblü gəlməsin!) ömründə heç nədən ötrü heç kəsə yaltaqlanmayıb da... Nərimanın sifətində belə-belə şeylərin əsər-olaməti yox idi. Olsa-olsa bir balaca gücsüzlük əlaməti var idi, bir azca da yorğunluq və biganəlik...
Nəriman hansı zavoddasa mühəndis işləyirdi. Sadıq kişinin hələ iyirminci illərdə aldığı üçotaqlı adi mənzildə yaşayırdı. Hal-hazırda isə Rəfinin böyründə çənəsini ovcuna qoyub, dinməz-söyləməz əyləşmişdi.
Rəfinin o biri tərəfində oturanın adı Dəyyan idi və bundan məşhur ikinci bir ad, mən bilən, Buzbulaqda heç olmamışdı. Əvvəla, ona görə ki, Dəyyanın Buzbulaqda azı on ev qohum-əqrəbası vardı və bu on evin hərəsindən, çox demirəm, bircə adamın küçodə, çeşmədə, təndir başında, gündə bircə dəfə, “Dəyyan əmim”, yaxud “Dəyyan dayım” deməyi bir adın Buzbulaqda məşhurlaşması üçün tam kifayət idi. O ki qaldı bu on evin hərəsində beş-on nəfər də uşaq ola. Və azı on evlik bütöv bir nəsil neçə-neçə illər idi ki, böyüklü-kiçikli, yeri oldu-olmadı, həmin bu Dəyyanın əziz canına and içirdi.
Dəyyanın məşhurluğunun ikinci səbəbi isə onun Buzbulaqdakı badamlığı idi. Eni-uzunu görünməyən böyük badam bağı. Badam da ki, nə badam: qabığı kağız kimi napnazik. Bəzilərinin dediyinə görə, o badamın şitilini Dəyyan Yunanıstandan gətirmişdi, amma yaşlı kişilər deyirdi ki, Yunanıstandan gətirməyib, Krımdan gətirib. Ancaq məsələ bunda deyil. Məsələ burasındadır ki, o badamlıq Buzbulaqda hələ də qalırdı. Və o bağ çoxdan kolxoz bağı olsa da, Buzbulaqda ona hələ də “Dəyyanın badamlığı” deyirdilər. Deməli, Dəyyanın adı bir də bu səbəbdən Buzbulaq camaatının dilindən düşmürdü.
Amma dünyanın qəribə işləri var. İndi, bu Dəyyanın üzünə baxanda heç cür inanmaq olmazdı ki, bu sir-sifətdə adam haçansa bağ salıb, ağac əkib, çünki bağ salanın, ağac əkənin elə sir-sifətində də o bağdan, o ağacdan nəsə bir nişanə olur, deyəsən. İnsanın ağaca oxşayan cəhəti az deyil. Onun ağaca oxşamayan əsas cahəti isə, yəqin ondan ibarətdir ki, ağac torpaqdan üzüləndən sonra yaşaya bilmir, ancaq insan torpaqdan üzüləndən sonra da kefin istəyən qədər yaşaya bilir. Dəyyanınkı da bir növ belə gətirmişdi.
O, Buzbulaqdan Rəfidən də üç-dörd il qabaq çıxmışdı. Gedib, Tiflisdə, deyilənə görə, bir müddət hamamda müdir işləmişdi, sonra ticarət sisteminə keçmişdi: çayçı, bufetçi, zavmaq, bir sözlə, yüz cür firıldaqdan çıxmışdı. Özü də bütün bunlar sonradan məlum olan şeylər idi. Əvvəllər Buzbulaqda hamı belə hesab eləyirdi ki, Tiflisdə bir əsas şəxsiyyət varsa, o da elə Dəyyandır. Lap mənim özümdən ötrü də, uzun müddət, Tiflis – Dəyyan demək idi, Dəyyan – Tiflis demək idi. Üstəlik, bir vaxt mən möhkəm inanırdım ki, “Tiflis” deyilən yer başdan-ayağa badamlıqdır, çünki bu Dəyyan mənim beynimə öz badam ağacları ilə yaman həkk olunmuşdu. Amma, heyf ki, günlərin bir günü Dəyyan öz ayağı ilə peyda olub, mənim onun barəsindəki gül kimi təsəvvürümü alt-üst elədi. Açığını deyim ki, o gün mən Dəyyanı möhkəm söyəcəkdim –
Əgər o badam ağacları olmasaydı
Təxminən on il qabağın söhbətidir. Bakıda təzəcə mənzil aldığım vaxtlar idi. Günlərin bir günü (hələ səhər saaf yeddi olardı, ya olmazdı) qapının zəngi basıldı. O vaxtacan ömrümdə üzünü görmədiyim həmin bu Dəyyan kişi içəri girib birinci bundan başladı ki, bəs belə olmaz, bala, çox yatırsan.
– Mən, - dedi, – yetmiş yaşlı kişiyəm, amma səhər açılandan qırx beş dəqiqə bulvarda fizkultura eləmişəm. Qayıdıb on beş dəqiqə soyuq suyun altında çimmişəm. Çay içmişəm, çörək yemişəm. Bazara gedib-gəlmişəm...
– Bağışlayın, – dedim, – axı mən sizi tanımadım.
Kişi əməlli-başlı incidi.
– Tanımazsan da, böyümüsən! Sən bizim Qurbanəlinin nəvəsi deyilsən? Aşağı məhəlləli Zır Qurbanəlinin, “Zır” deyəndə incimə ha, zır, yəni canlı, qüvvətdi, əldən-ayaqdan zirək. Kaş elə sənnən mən də onun kimi zır olaydıq. Dədəm Məşədi Həsənnən qardaş kimi idilər.
– Bəli...
–Bəlin şirin. Ancaq bu, heç bir dəftər-kitaba yazılmayıb ki, mən boyda kişini məcbur eyləyəsən ki, durub sən boyda bir uşağın ayağına gəlsin. Gərək, qanuna görə, sən məni axtarıb tapaydın. Bəlkə düz demədim?
– Düz deyirsiz, ancaq...
– Nə “ancaq”? Dəyyan adında adam eşitməmisən?
(Bu yerdə, həm o badamlıq gözümün qabağına gəldi, həm də dalbadal səslər eşitdim: “Dəyyan əmim”, “Dəyyan dayım”, “Dəyyan dayımın canı”, “Dəyyan əmimin ölmüşü...”)
– Eşitmişəm, – dedim. – Amma...
– Guya sən bilmirsən ki, mən düz yeddi aydı ki, Tiflisdən Bakıya köçmüşəm?
– Vallah, eşitməmişəm.
– Yəni, sən bulvarda-zadda da görməmisən məni?
– Bəlkə görmüşəm. Ancaq mən sizi tanımıram, axı... Daha doğrusu, indiyəcən tanımırdım.
Dəyyan kişi tərs-tərs üzümə baxdı və mənim ağlıma gəldi ki, yəqin bir yerdə kimsə məni ona qıraqdan göstərib. Yəni odur: filankəsdir, bu da buzbulaqlıdır. Və bunu fikirləşdiyim yerdə Dəyyan kişi mənə təzə sual verdi:
– Səncə, Bakıda nə qədər buzbulaqlı olar?
– Bilmirəm, – dedim və fikirləşdim ki, belə şeyi bilmək pis olmazdı.
Amma, sən demə, hal-hazırda Dəyyan kişini maraqlandıran statistika məsələsi deyildi.
– Bakıdakı buzbulaqlıların hamısı bilir ki, mən Tiflisdən yeddi aydı ki, köçmüşəm. Əksəri də mənim evimdə olub. Ayrı şeyimiz olmasa da, pitidən, bozbaşdan həmişə tapırıq.
– Bəli.
– Bəlin şirin.
(Və bir xırdaca fasilədən sonra):
– Deyəsən, bərk içirsən axı...
Dəyyan kişi diqqətlə otağın bur-bucağına baxıb, elə bil mənim içməyimə əşyayi-dəlil axtardı. Ancaq burası lap ağ idi. Axırıncı dəfə haçan içməyim yadıma gəlmirdi. Söz məni tutdu, nə tutdu.
– Bağışlayın, – dedim, – siz mənim içməyimi hardan bilirsiniz?
Dəyyan kişi tam qətiyyətlə:
– Bilməsəm, demərəm, – dedi. – Bu dəfə tavana baxdı: guya mənim içməyimə dair əşyayi-dəlil məhz o tavanda idi. – İçmək çoxlarının həyatını məhv eləyib.
Ürəyimdə söz qoydum ki, daha bu adama bir kəlmə də cavab verməyəcəyəm. Qoy, ağlına nə gəlir danışsın. Ümidim ona idi ki, mən dillənməsəm, bu adam bəlkə tez çıxıb gedər. Az sonra Dəyyan kişi, doğrudan da ayağa durdu, amma getmədi, balkona çıxdı; oradan harasa bir xeyli baxıb qayıdıb:
– Pis yaşayırsan, – dedi. – Şəhərdə yaşamağın təhrini bilmirsən. Sən gərək evlənəsən.
Dəyyan kişi gözümün içinə elə baxdı ki, gördüm dinməsəm olmayacaq. Əlacsız:
– Elədir, – dedim.
– Bakılı qızı almayasan!
– Gözüm üstə, – dedim. (Taktikanı dəyişmək lazım idi).
– Bu evi haçan almısan?
Kitabxana.az · https://kitabxana.az/en/works/ekrem-eylisli-bir-misranin-yuxusu
Use ← → keys to move, R for a random poem
More by this author
I**O biri küçələrdə ay işığının elektrik işığından bir az qarışığı vardı. O biri küçələrdə sıx binalar arasında reklamlar közərirdi.
May günüT.G.Kalyaginaya*Dərənin döşündə evlər arı pətəkləri kimi yan-yana düzülmüşdü. Damlarda müxtəsərcə qar vardı. Ordan-burdan tüstü qalxırdı, bir də orda-burda itlər hürüşürdü.
Ürək yaman şeydir...I**Sərvər əsgərlikdən bir ayrı vaxt gəlmiş olsaydı, bəlkə kənddə belə tez darıxmayacaqdı. Ancaq o, payızda gəldi. Payızın lap axırlarında. Gəlib gördü ki, çöl-bayırdan əl-ayaq kəsilib, atasının hər il kolxoza əkdiyi bostan sovuşub... Dağlarda ayrı vaxt adam boyunca qalxan otələf son çöpünəcən biçilib-daşınmışdı; bağların mer-meyvəsi çoxdan dərilmişdi, xəzəli yandırılmışdı; Sərvərgilin heyva ağaclarındakı beşaltı heyva və döşlərdə, kolxoz xırmanlarında saralan üç-dörd taya saman – meşəli, bağlı-bağçalı Buzbulaq kəndinin bir dünya payızından qalan xırdaca xatirə idi, özgə bir şey deyildi.
Dəyirman əhvalatıI**Buzbulağın çayxanasında heç vaxt çox adam olmur, o ki qaldı günün bu vaxtı ola: hələ heç on bir də yox idi.
Poems by other poets
Zərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
Aran köçüGəldi yayın ortası,Kəsdi dağın laylası.
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydıNə mən olaydım, ilahi, nə də bu aləm olaydı!Nə də bu aləm əra dil muqəyyədi-qəm olaydı!
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,