Page 8 of 10 · 70%

Bəs o Qənbər necə?

İndicə yas yerində deyirdilər ki, Qənbəri yenə tutublar. Qənbəri içib avaralanmağının üstündə tez-tez tutub buraxırdılar. Amma kim deyə bilər ki, lap o Qənbərin özü də bu saat o türmədə Buzbulaq yolu getmirdi? Və elə o türmənin özünə də yenə Qənbər bəlkə ona görə düşmüşdü ki, bir vaxt bu dünyada Fizzə müəllimə vardı və o Fizzə müəllimə mələk kimi gözəl idi... O içkinin xəstə aləmində bəlkə qənbər Buzbulağın başgicəldən sarı günəşini görürdü. Və bəlkə Qənbərin sevgisi, gücü, həvəsi bir insan dərisinə sığışmırdı və canına bilə-bilə qəsd eləməklə Qənbər o sevginin, o gücün, həvəsin bir insan dərisinə sığacaq qədərini saxlamaq istəyirdi... Hər halda, Buzbulaq uşaqlarının içində, bir vaxt, Qənbərdən zirəyi, Qənbərdən qüvvətlisi yox idi. Ağacların ən uca budağına Qənbər çıxardı. Buzbulaq çayının ən qorxulu yerlərində Qənbər üzərdi. Və qaranlıqda qəbiristanlıqdan keçməyə təkcə Qənbərin cəsarəti çatardı – bu isə xırda cəsarət deyildi.

Buzbulaq məktəbinin balaca atamanı. Konsertlərdə, kinolarda kluba pəncərədən girənlərin ən birincisi. Novruzda ən yaxşı yumurta döyüşdürən və kolxoz bostanından yemişlərin ən yaxşısını bir göz qırpımında çıxardan Qənbər... O məndən iki sinif yuxarıda oxuyurdu. Və onlar Bakıya köçməzdən bir az əvvəl biz hələ təzə-təzə Qənbərlə dostluq eləməyə başlamışdıq.

Bir gün Qənbər dərsə gəlmədi və o gün elə birinci tənəffüsdə qızlardan biri məni xəlvətə çəkib sirli-sirli dedi ki, Qənbər dərsdən sonra səni filan yerdə gözləyəcək. O qız mənə ayrı heç nə demədi və mən özüm də ayrı heç nə fikirləşmədim, çünki Qənbərin çağırdığı yerə getmək hər kəs üçün fəxr idi, getməmək isə sadəcə mümkün deyildi. Və o gün bir uzaq kolxoz bağında, bir kolluqda, xəlvətlikdə mən Qənbərdən eşitdim ki, o daha heç vaxt məktəbə gəlməyəcək. Qənbər gizlincə dedi ki, əmisi türmədən çıxıb. (Qənbərin əmisi kolxozda hesabdar işləyəndə tutulmuşdu. Çoxdan türmədə idi. Atası isə davadan gəlməmişdi). Dedi ki, əmim Bakıda ev alıb, gəlib bizi də aparacaq. Amma heç kəsə deməyəsən.

Bunu deyəndən sonra Qənbər xeyli vaxt mənim üzümə baxdı. Və birdən:

– Bəs niyə ağlamırsan? – dedi.

– Niyə ağlayım ki? – Mənə elə gəlirdi ki, belə şeyə ancaq sevinmək olar.

– Dost deyilsən?

– Dostam, – dedim və baxıb gördüm ki, Qənbərin gözləri dolub. Xeyli vaxt gözlərimi ovuşdurdum, ancaq gözlərim yaşarmadı.

Qənbər buna görə məndən incimədi.

– Elə eləmə, – dedi. – Gözünə kirpik düşər. Eybi yoxdu, mən gedən gün ağlayarsan. – Və necə dedisə, mən birdən-birə kövrəldim. Hiss elədim ki, doğrudan ağlamağım gəlir. Bunu Qənbər də gördü və bunu görəndə Qənbər yaman sevindi.

– Doğrudan dostmuşsan, – dedi. – İndi gördüm ki, dostmuşsan...

Sonrası lap qəribə oldu: məktəbdə mənə Qənbərin sifarişini yetirən o qız da gəlib həmin bağa çıxdı. Özü də elə bil qeybdən peyda oldu – bir də baxıb gördüm ki, o, bizim lap yanımızda dayanıb.

Və o qıza gözucu baxandan sonra Qənbər üzünü mənə tutub, bir gülümsəmək gülümsədi ki, o vaxtdan bəri hər yadıma düşəndə mən Qənbəri elə o sir-sifətdə görürəm.

– Bilirsən də?..

– Bilirəm, – dedim.

Qənbər yerdən torpaq götürdü, bir çimdik qızın başına səpdi, bir çimdik mənim başıma səpdi.

– Gözlərinizi yumun, – dedi. – Açın. Bu gündən bacı-qardaşsız. – (Və nə qədər qəribə olsa da, Qənbərin yəqin ki, elə o bağdaca birdənbirə ağlına yerləşmiş o “sehrdən” sonra bir müddət mənə elə gəldi ki, biz o qızla doğrudan da bacı-qardaşıq). – İndi sənə bir sual versəm, incimərsən ki?

– İncimərəm, – dedim və nədənsə, məhz bu məqamda, həm də, bəlkə birinci dəfə hiss elədim ki, mən bu Qənbərdən haradasa bir azca qorxuram. Üstəlik, orasını da gördüm ki, o qız Qənbərdən yaman qorxur.

– Bacının namusunu kim çəkməlidir?

Belə yerdə çaşmaq pis olardı, ayıb olardı, amma mən çaşmadım və nə yaxşı ki, çaşmadım:

– Qardaş çəkməlidir! – dedim və sevindim.

(Və elə sevindim ki, o sevinc hələ də yadımdan çıxmayıb)

– Malades! – Qənbərə də elə bu cavab lazım idi. – Bunu sənə tapşırıram. Kinoya-zada qoyma. Bədən tərbiyəsində “Zinyətin tursiqi”ni geysə, mənə yazarsan... – Qənbərin dediyi – Zinyət Şəkərək qızının, o il dərs başlanandan bəri, bədən tərbiyəsit dərslərində Buzbulaq məktəbinin qızlarına geydirmək istədiyi idman paltarı idi. Bundan ötrü Zinyət Şəkərək qızı hətta bir neçə dəfə məktəbdə valideyn iclası da çağırmışdı, amma kənar adamlar bir yana, heç bizim müəllimlərin özü də o paltarı qızlarına geydirmək istəmirdilər. Buzbulaqda, hələlik, vur-tut bircə qız, cəmisi bircə dəfə o paltarda idman dərsinə gəlib, özünü “rüsvayi-cahan” eləyəndən sonra o paltarın adı “Zinyətin tursiqi” qalmışdı. Və bu yerdə Qənbər elə bil doğrudan da hirsləndi: “O paltarı geysən, gəlib başını kəsərəm!” – dedi. Sonra mənə baxıb qıza əmr elədi: – Sən yeri get!

Qız getdi. Və Qənbərin kolxoz bostanından o gün çıxartdığı iki iri qovunun birini biz elə o bağcada ləzzətlə yedik. O biri qovunu Qənbər bir kolun içində otun-alafın altında yaxşı-yaxşı gizlətdi və Qənbərin – mənim həmişəlik yadımda qalan o qəribə gülümsəməyini bu yerdə mən bir də gördüm:

– Bilirsən də?..

– Bilirəm, – dedim. Və Qənbərin qız üçün gizlətdiyi o qovunu mən o gecə səhərəcən yuxumda gördüm.

Onlar, doğrudan da, kənddən gizli köçdülər. Gecə köçdülər. Bir səhər Buzbulaqdan iki ailə birdən yoxa çıxdı: biri Qənbərgilin ailəsi, biri Qənbərin əmisinin öz ailəsi. Amma Qənbərin əmisi o türmədən, sən demə, bir il əvvəl çıxıbmış. Haradasa işə düzəlib, Bakının ətraf kəndlərinin birində hətta bir yaxşı ev də tikdiribmiş. Onun bütün bu işləri belə gizli görməyininsə Buzbulaqda, əlbəttə, öz nağılı, öz əfsanəsi vardı...

O brezent çadırın altından şəhərə çıxanda mənə, hər şeydən əvvəl, orası qəribə gəldi ki, hələ heç axşam da əməlli-başlı düşməmişdi, hələ küçələrdə işıqlar yanmırdı: təxminən iki saat qabaq, mən o ehsan yerinə gedəndə hava necə idisə, indi də eynən elə idi: bulanıq, rəngsiz, işıqsız dekabr havası. Burası daha qəribə idi ki, elə bil bu iki saatın içində vaxt da qətiyyən hərəkət eləməmişdi, yaxud bu bulanıq, bu rəngsiz havada vaxtın hərəkətini görmək qədərində işıq yox idi. Və mənə elə gəlirdi ki, on il, ya iyirmi il bundan sonra da eynən belə bir dekabr günü olacaq, bu küçədə adamlar onda da eynən beləcə yeriyəcək, binalar eynən beləcə dayanacaq və o binaların üstündəki yazılar da eynən indiki məzmunda qalacaqdır... Deməli, vaxtın hərəkəti – bu vaxt ərzində – nəyinsə məzmunca dəyişməyi deməkdi. Və bu hərəkəti görmək üçün son özün o məzmunun tərkib hissəsi olmalıydın. Məsələn, haçansa Yunanıstandan, yaxud Krımdan gətirdiyi badam şitillərini Buzbulaq torpağına basdıran Dəyyan kişi bir yaz, o ağaclar çiçək açanda, vaxtın hərəkətini görmüşdü. Və elə o Rəfinin özü də bəlkə məhz vaxtın hərəkətini görmək üçün bir vaxt Bakının professorları ilə kəllə-kəlləyə gəlmişdi... Bəlkə Qənbər o içkinin köməyi ilə vaxtı bir az geri çəkmək istəyirdi? Bəlkə Rəcəb Cümşüdü döyməklə vaxtı bir az irəli çəkmək istəmişdi?.. Və bəlkə Sadıq kişinin özü də, keçən yay, Buzbulağa məhz vaxtın hərəkətini görməkdən ötrü gəlmişdi –

Özü də əlli səkkiz ildən sonra!

Mən ora gedəndə Sadıq kişi cəmisi üç-dörd ay idi ki, Buzbulaqdaydı və bu üç-dörd ayda buzbulaqlılar Sadıq kişi ilə o qədər qaynayıb-qarışmışdı ki, əgər onun geyimindən, bir də danışmağından az-maz şəhərlilik bilinməsəydi, Sadıq kişinin əlli səkkiz il Buzbulaqda olmamağı bəlkə adamın heç ağlına da gəlməzdi. Buzbulaqda Sadıq kişi yaşda vur-tut bir-iki nəfər də kişi qalmış olardı. Geyimi ilə danışığından əlavə, Sadıq kişinin o qocalardan bir fərqi də yəqin ki, onun hər ay hökumətdən nağd yüz həştad manat pul almağı idi. Və deməli, buzbulaqlılar Sadıq kişini bir azca da hökumət adamı hesab eləyirdilər. Amma Sadıq kişi heç hökumət adamı olmasaydı da, ona gündə iki dəfə çeşmədən bir vedrə su gətirən, əlbəttə, tapılardı. Üstəlik, Sədi kişi də sağ idi. Və bu həmən Sədi kişi idi ki, bir vaxt Sadığın köməyi ilə Bakıda doktor Nərimanovun qəbuluna düşüb, həm şəkər azarından qurtulmuşdu, həm də, özü demişkən, bir “bəyzadə” kişi görmüşdü ki, Allah onu elə binadanca başda oturmaq üçün yaratmışdı. “Rəhbər olan kəs gərək hər kəsin azarını bilə ki, sonra hamının azarından baş çıxara”. Sədi kişinin o görüşdən sonrakı əsas qənaəti bu idi. Şəkər azarının dərmanı isə, sən demə, Buzbulaq dağlarının o bol baldırğanı imiş. Sədi kişi çadır qurub, bir ilin düz üç ayı, gündə beş-altı dəfə o baldırğanın suyunu təzə-təzə içib, şəkərlə haqq-hesabı həmişəlik çürütmüşdü və burdan özü üçün belə bir nəticə də hasil eləmişdi ki: “Rəhbər olan kəs hər dərdin dərmanının harda olduğunu da mütləq bilməlidir”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets