Bir misranın yuxusu
Page 9 of 10 · 80%
O zaman Sadığı görəndə Nərimanovun necə sevinməyini, onun Sadıqla necə “qol-boyun” olmağını və necə zarafatlaşmağını Sədi kişi Buzbulaqda, şübhəsiz ki, elə o vaxt, Bakıdan qayıdanda danışmışdı. Və o vaxtdan bəri buzbulaqlılar hər dəfə Nərimanovun adını eşidəndə yəqin Sadıq kişini də xatırlamışdılar.
Öz dediyinə görə, Sədi kişi həmişə bilmişdi ki, Sadıq sağ-salamatdır. Əvvəllər ondan bilmişdi ki, Sadığı yuxuda görəndə, həmişə ya ağac altında görmüşdü, ya su qırağında görmüşdü – su da, ağac da ömür uzadan şeylər idi. Sonralar Sədi kişi ondan-bundan soraqlaşıb xəbər tutmuşdu ki, Sadıq sağ-salamatdır.
O şəkər azarının əhvalatı isə təxminən əlli beş ilin əhvalatı idi. Bu əlli beş ildə onlar heç vaxt görüşməmişdilər. Və o əlli beş il də elə bil heç olmamışdı.
Sadıqla söhbət eləyəndə Sədi kişi həmişə uşaq kimi sevinirdi. Onun qızları, nəvələri Sadıq kişinin evini süpürürdülər, paltarını yuyurdular. Öz xörəyini Sadıq kişinin özü bişirirdi: “Gərək mən də bir iş görəm, ya yox?” Amma Buzbulaqda hamı bilirdi ki, Sadıq kişi yeməyini ayrı adama etibar eləmək istəmir. “Kişi canının qədrini bilir” – deyirdilər. Və əgər Sadıq kişinin hökumətdən aldığı o pul yüz həştad yox, barı həştad manat olsaydı, bəlkə onun tək yaşamağına da Sədi kişi ömründə yol verməzdi. Amma belə şeylərdə Buzbulaq adamı arif olur: birdən bir ağzıgöyçək tapılıb deyər ki, Sədi kişi Sadığın yüz həştad manatına tamah salıb.
Sədi kişi ilə Sadıq kişi Buzbulaq məscidinin qabağında yanaşı oturanda onların yan-yörəsi həmişə adamla dolu olurdu. Oradakı söhbət də elə çox vaxt həmin o Nərimanov söhbəti idi, çünki Buzbulaq kimi bir yerdə o cür sakitlikdə, asudəlikdə bundan maraqlı bir söhbət bəlkə heç ola da bilməzdi və üstəlik, işin bu tərəfi də vardı ki, qocaların ikisi bir yerdə olanda söhbət əsnasında həmişə cürbəcür təzə əhvalatlar da tapılıb çıxırdı. Məsələn, o vaxt “o boyda Bakıda” Sadığı necə axtarıb tapmağından danışanda Sədi kişinin yadına hər dəfə qəribə-qəribə macəralar düşürdü. Sadıq kişi isə, sən demə, bir vaxt Həştərxan yolu ilə (gəmidə) haradansa komissarlara hələ silah da gətirmişdi... Bir sözlə, söhbət uzanıb gedirdi. Və Nərimanovdan başlayan o söhbət, nədənsə, hər dəfə hərlənib-fırlanıb, əvvəl-axır gəlib kolxoz sədri Cümşüdün üstünə çıxırdı, çünki bu məsələdə Sadıq kişinin zəif damarını buzbulaqlılar çoxdan tutmuşdular. (Ağlına nə yerləşmişdisə, Buzbulağa ayaq qoyduğu lap ilk gündəcə Sadıq kişi elə o meydandaca, hamının yanında birinci bunu elan eləmişdi: Qaraxanın oğlundan kolxoz sədri olmaz!)
İndi Buzbulaqda Qaraxanın keçmişindən, əlbəttə, az adamın xəbəri vardı. Qaraxandan narazılığının səbəbini Sadıq kişi heç vaxt izah eləmirdi. Sədi kişi isə Qaraxandan, Cümşüddən söhbət düşəndə əvvəl uzun müddət için-için gülürdü, sonra Qaraxanın barəsindəki bir əhvalatı həmişə eyni sözlə başlayıb, eyni sözlə də qurtarırdı və yenə öz səssiz gülüşü ilə gözləri yaşaranacan gülürdü.
– Hə, bir gün atıla-atıla gəldi ki, bəs gəl, ikimiz bir yerdə kolxoza girək. Ə, mənə dədəmdən, deyirəm, heç olmasa, bir at qalıb, iki öküz qalıb. İşdi-şayəd, mən o kolxozda işləyəmməsəm, atnan öküzlər işlər mənim əvəzimə. Bəs sənin dədəndən, deyirəm, nə qalıb? Vur-tut bir eşşək qalıb ki, onun da adı Qaraxandı. Səndən, ay dəyyus, dedim, kolxoz quran olar? Sən işləyənsən? – dedim. – Əgər işləyən idin, bəs indiyəcən niyə işləmirdin? Dədəndən qalan torpağı niyə Kəblə Kazıma satıb, qumara qoyurdun, qurumsaq? Tüpürdüm üzünə, çıxdı getdi. Sonra neçə il kolxoza qaravulçuluq eləyib, orda-burda kölgələnib, donuz kimi piy bağladı. Oğrunun yekəsi də elə özü idi.
Sədi kişi Cümşüdün özü barədə heç nə demirdi. Bəlkə ehtiyat eləyirdi. Bəlkə bu haqda Sadığın söz deməyini daha münasib sayırdı. Və bəlkə, bir vaxt özü də kolxoz sədri olduğuna görə, indiki sədrin dalınca danışmağı Sədi kişi, sadəcə, şəninə sığışdırmırdı. Sadıq kişi Cümşüddən narazılıq eləyəndə, yaxud bir ayrı şeyə görə gileylənəndə də Sədi kişi, nədənsə, həmişə gülürdü. Sədi kişi yaxşı bilirdi ki, Sadığın bir dövranı olubsa, o da bəlkə inqilabın vurhavur vaxtlarında olub. Sadıq kişidə o savad hardandı ki, bu zəmanədə böyük mənsəb sahibi olaydı. Sadıq kişi xırda-mırda işlərdə baş girləyib, özünü, ailəsini, bir də bəlkə təmiz adını saxlamışdı və o yüz həştad manatı da Sadıq kişiyə yəqin ki, elə o inqilab vaxtı zirək olduğuna görə verirdilər. Bunları bilmək çətin deyildi. Amma neynəyəsən ki, iş gəlib o Cümşüdə dirənəndə də özünü başçı görmək, bünövrə qoyanlardan hesab eləmək Sadıq kişiyə ləzzət verirdi. Və məhz bunu bildiyinə görə də, Sədi kişi hər söz başı ona, “Öz əməlindi” – deyirdi.
– Qanmazdı, qulturası yoxdu. Danışanda ağzının tüpürcəyi adamın gözünə girir.
– Öz əməlindi.
– Kəndə baxmır. Bilbotekanı remont elətdirmir. Camaatnan kobud rəftar eləyir.
– Öz əməlindi.
Sadıq kişini, əlbəttə, qəsdən qızışdıranlar da olurdu. Bəziləri onun sadəlövhlüyündən istifadə eləyirdilər, çünki Sadıq kişi doğrudan da hədsiz dərəcədə sadəlövh idi. O gah öz yanından kitabxananın təmirinə girişirdi, gah kənddə hamam “tikirdi”, məktəb üçün təzə bina yeri fikirləşirdi və bunların heç birindən bir şey çıxmayanda bir də görürdün ki, Sadıq kişi bir dəstə uşağı başına yığıb, şıdırğı “rus dili” öyrədir. Sadıq kişinin əlli səkkiz il Bakıda yaşadığını həmişəlik yaddan çıxarmaq üçün onun “dərslərinə” bircə dəfə qulaq asmaq kifayət idi.
Sadıq kişi kitabxanaya, bir qayda olaraq, “bilboteka” deyirdi, arıya “piçol” deyirdi. Budaqda qəşəng meyvə görəndə, yaxud çayda rəngbərəng daş görəndə, dayanıb heyran-heyran baxırdı, “Nasdayaşi isqusdo” deyirdi – indi gəl baş çıxart ki, “isqusdo” – “iskusstvo” deməkdi.
Sadıq kişinin hirsli vaxtları olurdu:
– Mən o revalyusyanı Qaraxanın oğlu üçün eləməmişəm.
Yaxud:
– Heyvərəydiz, yenə heyvərəsiz, – deyirdi. – Bir ağzınızdı, bir qarnınız. Nə gözünüz bir şey görür, nə qulağınız bir şey eşidir.
Və yəqin ki, Sadıq kişinin, Buzbulaqda, darıxan vaxtları da olurdu:
– Mən kefimi Bakıda çəkmişəm. Bura ölməyə gəlmişəm.
Ancaq Sədi kişi yarıciddi-yarızarafat deyirdi ki:
– Düz danış, sən o Bakıda heç bir kef-zad çəkməmisən. Özün də, bura ölməyə-zada gəlməmisən. Görmüsən ki, ölüm yaxındadı, qaçmısan ki, bəlkə ondan uzaq olasan...
Bir sözlə, Sadıq kişi də belə Sadıq kişi idi. Mən onu yayda Buzbulaqda qoyub gəldim. Payızda eşitdim ki, Sadıq kişi Bakıdadır. Və bir də o öləndən qırx gün sonra bildim ki, Sadıq kişi yoxdur.
– Hə, qardaş, belə-belə işlər.
Deyəsən axır ki, evə çatıram. Bir azdan Rəcəb də, yəqin ki, Sumqayıta çatacaq. Mücrü arvad deyəcək ki:
– Məclis necə keçdi, oğul? Buzbulaqdan çoxmu adam vardı?
Rəcəb deyəcək ki:
– Lap yaxşı keçdi. Buzbulaqdan da adam çox idi. Elə çoxusu buzbulaqlı idi.
Və Mücrü arvad başlayacaq ki: – Filankəs də oradaydımı? Bəs filankəs necə?.. O qədər sorğu-sual eləyəcək ki, Rəcəb hirslənəcək.
– Əl çək! – deyəcək. – Cəhənnəm olsun Buzbulaq da, buzbulaqlılar da. Qoy yatım, səhər işə gedəcəyəm.
Onda Mücrü arvad yazıq-yazıq deyəcək ki:
– Boy-buxununa qurban olum, oğul. Məni məbadə buralarda basdırasan...
Mücrü arvad ağlamsınacaq və daha Rəcəb heç nə deməyəcək. Rəcəb yıxılıb yatacaq və yuxusunda görəcək ki...
Nə isə. Bu söhbət qurtaran söhbət deyil. Yaxşı olar ki, öz yuxumu danışım. Mən o gecə yuxuda çox qəribə bir vaqiyə gördüm. Vaqiyə, nə vaqiyə –
Yas yerindən reportaj
Gördüm ki, yenə yas yerindəyəm, adamlar da, əksərən, elə həmin adamlardır, ancaq çadır o boz çadır deyildi, ağappaq çadır idi, özünün də eni-uzunu görsənmirdi. Sonra gördüm ki, dörd tərəf badam ağacıdır və bu badamlıq Dəyyanın Buzbulaqdakı badamlığına oxşayır da, oxşamır da. Bir də orasını ayırd eləyə bilmədim ki, badam ağacları çadırın çölündədir, yoxsa içindədir, çünki badamın çiçək açan vaxtı idi; çiçək ağ, çadır ağ – ağlıqdan adamın gözü qamaşırdı, (yuxu olanda nə olar!). Samovar, dəm-dəsgah – bir aləm idi ki, gəl görəsən. Özü də, haradansa tanış bir səs gəlirdi: musiqi idi, samovar dızıltısı idi, badamın çiçəyinə daraşmış arı səsi – ya nə idi, Allah bilir, amma son dərəcə tanış səs idi. Və axırda belə məlum oldu ki, o səs badam çiçəklərinin öz səsidir. (Kərəminə min şükür, Pərvərdigarə, gör haçandan çiçək səsi eşitməmişdik!).
Kitabxana.az · https://kitabxana.az/en/works/ekrem-eylisli-bir-misranin-yuxusu
Use ← → keys to move, R for a random poem
More by this author
I**O biri küçələrdə ay işığının elektrik işığından bir az qarışığı vardı. O biri küçələrdə sıx binalar arasında reklamlar közərirdi.
May günüT.G.Kalyaginaya*Dərənin döşündə evlər arı pətəkləri kimi yan-yana düzülmüşdü. Damlarda müxtəsərcə qar vardı. Ordan-burdan tüstü qalxırdı, bir də orda-burda itlər hürüşürdü.
Ürək yaman şeydir...I**Sərvər əsgərlikdən bir ayrı vaxt gəlmiş olsaydı, bəlkə kənddə belə tez darıxmayacaqdı. Ancaq o, payızda gəldi. Payızın lap axırlarında. Gəlib gördü ki, çöl-bayırdan əl-ayaq kəsilib, atasının hər il kolxoza əkdiyi bostan sovuşub... Dağlarda ayrı vaxt adam boyunca qalxan otələf son çöpünəcən biçilib-daşınmışdı; bağların mer-meyvəsi çoxdan dərilmişdi, xəzəli yandırılmışdı; Sərvərgilin heyva ağaclarındakı beşaltı heyva və döşlərdə, kolxoz xırmanlarında saralan üç-dörd taya saman – meşəli, bağlı-bağçalı Buzbulaq kəndinin bir dünya payızından qalan xırdaca xatirə idi, özgə bir şey deyildi.
Dəyirman əhvalatıI**Buzbulağın çayxanasında heç vaxt çox adam olmur, o ki qaldı günün bu vaxtı ola: hələ heç on bir də yox idi.
Poems by other poets
Zərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
Aran köçüGəldi yayın ortası,Kəsdi dağın laylası.
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydıNə mən olaydım, ilahi, nə də bu aləm olaydı!Nə də bu aləm əra dil muqəyyədi-qəm olaydı!
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,