Page 2 of 6 · 17%

Şükür kişini bişirib haqq yoluna gətirmək üçün, çörək əsnasında, Nəsir müəllim söhbəti çox hərləyib-fırlayıb, bəşər diplomatiyasının bir kənd müəllimine məlum olan bütün hoqqalarını, fəndlərini işə saldı, ancaq, sən demə, buna heç bir ehtiyac yox imiş.

– Kəs, at o yana. – Yeməkdən sonra əhvalı tamam dəyişmiş Şükür kişi bunu elə sakit, elə rahat dedi ki, elə bil Nəsir müəllim o yekəlikdə cevizi yox, hansı bir qələmədən, söyüddənsə bir nazik şiv kəsməyə hazırlaşırdı.

Ordan qayıdan kimi Nəsir müəllim əvvəl xoruzu xıxlayıb kəsdi. Sonra, Çığnagüldən gətirdiyi alətlərin içindən nacağı (kiçik baltanı) və buşqunu (əl mişarını) tapıb çıxartdı. Alətlərin hər ikisinin saz olmağı Nəsir müəllimi bir az da sevindirdi, ruhlandırdı. Ancaq Nəsir müəllimin məqsədi elə bu saat işə girişmək deyildi. Nəsir müəllim sabahkı günü görən adam idi. Bilirdi ki, tək Şükür kişinin razılığı ilə iş bitmir. Ağzıgöyçəklər sonra deyə bilərlər ki, Nəsir müəllim tovlayıb Şükür kişini, onun qocalığından, ağlının seyrəkliyindən istifadə eləyib. Buna görə də Nəsir müəllim tez paltarını dəyişib, yenə ildırım sürətilə həyətdən çıxdı və qapıdan xeyli aralanandan sonra, küçənin bir yerindən, ucadan qışqırıb Süsənbərə “hava xətti ilə” belə bir qısa məlumat göndərdi ki, bəs:

– Kənd sovetinə dəyirəm, gəlim!

Kənd sovetinin həndəvərinə yaxınlaşanacan Nəsir müəllim qırğı kimi gedirdi. Çathaçatda addımlarını yavaşıtdı. Gördü ki, hələ çox tezdir, hələ heç dükan da açılmayıb. Bircə çayxana açıq idi, özü də çayçı – General Cəfər samovara hələ indi-indi su tökürdü. O “general”dan savayı o həndəvərdə insan naminə gözə dəyən də Pesmis Quluydu. Pesmis Qulu çayxanadan bir qədər aralıda, qapısı bağlı dəllək dükanının qabağındakı açıqlıqda, əllərini arxasında cütləyib – çox amiranə bir görkəmdə – göyə baxa-baxa və öz-özünə danışa-danışa o baş-bu başa gedib gəlirdi. Qulunu orda görəndə Nəsir müəllim istədi geri qayıtsın, çünki “Pesmis” dediyin Buzbulaqda, heç şübhəsiz, “pessimist” demək idi və səhərin bu vədəsində belə bir adamın girinə keçmək xüsusən bu gün Nəsir müəllimə heç sərf eləmirdi. Qulu ilə Nəsir müəllim təxminən bir yaşda olardılar. Ancaq Nəsir müəllimin Çığnagüldə müəllimlik elədiyi qırx ildə bu adam elə bil heç dəyişməmişdi. Əli dalında yeriməyində, yeriyə-yeriyə göyə baxmağında, göyə baxabaxa öz-özünə danışmağında və bu dünyanın işləri barədə pis-pis peyğəmbərlik eləməyində – Qulu elə həmin Quluydu.

Nəsir müəllimin baxtı orda gətirdi ki, o, hələ Qulunun yanına çatmamış, poçtun müdiri Allahqulu böyürdən tapılıb çıxdı.

– Belə tezdən-tezdən xeyir ola, Nəsir müəllim?

– Kənd sovetində işim var.

– Nədi ki? Şikayətdi? – Poçt müdiri zarafatla dedi, çünki indiki zəmanədə kim idi kənd sovetinə şikayətə gedən.

– Bir iş var, məsləhət eləyəcəyəm. Bumar havaxt gəlir işə?

– Katib səkkizdə gəlir, sədr – doqquzda. İndi neçədir? – Allahqulu saatına baxdı və öz idarəsinin qapısını açmağa düz vaxtında gəlməyindən aşkar həzz ala-ala: – Yeddiyə üç dəqiqə qalır, – dedi.

Söhbət eləyə-eləyə Pesmis Qulunun yanından xata-balasız ötüb keçdilər. Poçtun qapısına çatanda Nəsir müəllim qət elədi ki, Şükür kişinin cevizi barədə elə Allahqulunun özü ilə məsləhətləşsin, çünki dayanıb kənd sovetinin binasına iki saat qaraul çəkmək hər hövsələ sahibinin işi deyildi.

Nəsir müəllimi kənd sovetinə gətirən məsələnin nə məsələ olduğunu poçt müdiri çox tez başa düşdü, ancaq onun ağzını açıb söz deməyi yaman uzun çəkdi. O sözü deyənəcən Allahqulu bir müddət yalandan ciblərini eşələdi: guya poçtun qapısının açarını axtarırdı, bir müddət o başda – göyə baxa-baxa gəzinən – Pesmis Quluya tamaşa elədi, Pesmis Qulunun bayaqdan mənalı-mənalı seyr etdiyi o göyü də öz gözlərilə yaxşı-yaxşı müayinə eləyəndən sonra Allahqulu, nəhayət, Nəsir müəllimin üzünə baxdı.

– Ə, bə heyifdi axı, Nəsir müəllim, – dedi. – Günahdı e, vallah!

– ALÇAQ-ALÇAQ DANIŞMA! – Durduğu yerdə birdən-birə bu təhər hirslənməyi Nəsir müəllimin özünə də qəribə gəldi. Ancaq nəyə görə hirsləndiyini Nəsir müəllim yaxşı bilirdi: – HEYİFDİ, GÜNAHDI – bu kənddə iti də vursan, eynən belə deyəcəkdi. Guya Nəsir müəllimin həyəti heyif deyildi. Guya o cevizin – az qala Nuh dövründən – o həyətə vurduğu ziyanın günaha-zada heç bir dəxli yox idi... Allahqulunu səhər-səhər o cür acılamaqda Nəsir müəllimin, güman ki, öz içindəki “akkumlyatoru” normal vəziyyətdə saxlamaq niyyəti də vardı. Yəni: o cevizin kəsilməyinin haqq işi olduğunu bu dəfə (lap əvvəldən!) heç kəsin və heç nəyin ayağına verməmək, bu məsələ barəsində Buzbulağın köhnə, çürük, nadan fəlsəfəsinə qarşı axıracan mərd-mərdanə sinə gərmək və (ən əsası) bu işdə – heç nəyin xatirinə – heç bir yumşaqlıq, zəiflik-zad göstərməmək... Bundan əlavə, ağaca pərəstiş eləməkdə Buzbulağın elə öz köhnə xasiyyətində qalmağı da Nəsir müəllimin bu təhər qəfildən əsəbiləşməyinə səbəb ola bilərdi, çünki onun qırx il müəllimlik elədiyi Çığnagüldə hər nə olsa, hər halda ağac-budağa sitayiş yerli-dibli yox idi.

– Çox sağ ol. Hörmətin artıq olsun! – Poçt müdiri, Nəsir müəllimin o hirsli sözlərinin müqabilində – deyək ki, “mədəni şəkildə” – elə bunuca dedi. Açdığı qapını bərkdən Nəsir müəllimin üzünə çırpıb, içəri keçdi.

Nəsir müəllim – olduqça açınaçaqlı bir görkəmdə – poçtun qapısından aralandı. Kənd sovetinin idarəsi qabağında bir anlığa ayaq saxladı və elə o bir anın içində də bu qərara gəldi ki, o ceviz ağacının barəsində day heç kəsə heç nə deməsin. Raziyəyə başdansovdu xəbər göndərib, elə bu gün işə girişmək lazım idi. Camaatın ağzını yummaq onsuz da mümkün olan şey deyildi. Lap Allahın özü göydən düşüb bu məsələdə Nəsir müəllimin haqlı olduğunu öz dili ilə deseydi də, yenə küncdə-bucaqda dedi-qodu eləyən beş-on nanəcib mütləq tapılacaqdı...

Elə bil dumduru göy üzündə də nəsə ciddi bir nöqsan tapıb, dodağının altında fasiləsiz donquldana-donquldana gəzişməyində olan Pesmis Quluya da gözucu nəzər yetirəndən sonra Nəsir müəllim idarənin qabağından qətiyyətlə uzaqlaşdı. Özünü evə yetirib, Süsənbəri Yuxarı Məhəlləyə – Raziyənin yanına göndərmək istəyirdi. Yolda rastına bir üzüyola uşaq çıxdı. Və o uşaq vur-tut yarımca saatın içində Raziyədən belə bir ikibaşlı xəbər gətirdi ki, bəs: DƏDƏMİN CƏVİZİN KƏSƏN QOY ONUN ÇÖRƏYİN DƏ VERSİN.

Raziyənin – xalis Buzbulaq üslubunda – göndərdiyi ultimatumabənzər bu cavabından, əvvəl Nəsir müəllim bir qədər xoflanan kimi oldu. Ancaq bu xof çox çəkmədi, Nəsir müəllim özü üçün birdən yəqin elədi ki, Raziyənin cavabında qorxulu bir şey varsa, o da elə o cavabın məhz üslubundadır. Buzbulağın suyu, havası qədər köhnə və tanış bu “üslubun” məğzində-mayasında xoflanmalı heç bir şey olmadığını ömründə ilk dəfə belə aydın və aşkar dərk eləməyi Nəsir müəllimi hətta bir xeyli sevindirdi də. Nəsir müəllim şüurunda bir qəribə aydınlıq, canında, qol-qıçında yeni güc-qüvvət hiss elədi. Qalın doğanaq ipini belinə sarıya-sarıya, Raziyənin ünvanına:

– Nə olar, qoy sən deyən olsun! – dedi. – Verrəm kişinin çörəyin. Lap, yesə, üç öynə xörəyin də bişirtdirib verrəm. Guya ki, nəymiş yüz yaşlı kişinin yeməyi. Qoy yesin, nə qədər yeyə bilir. Elə billəm, dədəm Məşədihəsən hələ ölmüyüb, sağdı... Ya Allah, ya Məhəmməd, ya Əli!.. – Bu sözləri Nəsir müəllim nacağı da iplə yaxşı-yaxşı belinə bərkidəndən sonra üzünü Süsənbərə tutub dedi.

– Allah köməyin olsun! – Ərinin, sinninin bu vaxtında, o boyda ceviz ağacına çıxmağına ürəyində heç cür razı olmasa da, Nəsir müəllimin xasiyyətinə yaxşı bələd olan Süsənbərin dildə yalnız bu sözləri deməyə əlacı qaldı.

Yaşı yetmişi haqladığına baxmayaraq, Nəsir müəllim bir göz qırpımında ağacın təpəsinə dırmaşdı. Cevizin budaqlarını yuxarıdan bir-bir qırıb tökə-tökə addım-addım üzüaşağı gəlirdi. Özü də, budaqları bacardıqca ucdan, xırda-xırda kəsirdi ki, o budaqlar yerə düşəndə onlardan dama-divara, Şükür kişinin əyrim-üyrüm alçasına, əriyinə, albuxarasına və cevizin həndəvərindəki digər həyət-bacanın ağac-budağına heç bir xətər-filan toxunmasın. Və Nəsir müəllimin, bir təsərrüfatçı kimi, böyük ustalığının sayəsində o budaqlar əsasən küçəyə tökülürdü. Budaqları əvvəl Süsənbər – tək canına – bir-bir, iki-iki daşıyıb Şükür kişinin damının dalındakı boş yerə yığırdı. Sonra məhəllədən dörd-beş uşaq da tapılıb könüllü surətdə işə qoşuldu: Süsənbər evə – çay-çörək işinə baxmağa getdi. Şükür kişinin özü isə bir qəribə kef içindəydi. Eyvanın qabağında oturub, üz-gözündən nur yağa-yağa kardan düşmüş gözlərilə uzaqdan görə bilmədiyi ceviz ağacına – öz aləmindən – böyük maraqla tamaşa eləyirdi. Cevizin hər budağı qopub şaqqıltı ilə yerə düşəndə qoca “esse” deyib, toy qaydası sevinclə çəpik çalırdı və onun üz-gözünün nuru bu zaman daha da çoxalırdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets