Ceviz kölgəsinin nağılı
Page 3 of 6 · 33%
Günorta yeməyinin vaxtınacan Nəsir müəllim cevizin yaşıl kütləsinin az qala axırına çıxmışdı. Çılpaq budaqlar olduqca pərakəndə bir şəkildə, haça-haça göyə uzalı qalmışdı və o budaqlar – aralıqdan – hansısa əfsanəvi bir yabanın, ya çəngilin uzun dişlərinə bənzəyirdi.
İkiillik ətli-canlı xoruzun bir qazan şorpasından Süsənbər əvvəl bir iri boşqab çəkib Şükür kişinin qabağına qoydu. Şükür kişi quru təndir lavaşını xörəyə doğrayıb, axıracan ləzzətlə yedi və hələ bundan sonra da bir müddət gözünü xörək qazanından ayıra bilmədi. Kim bilir, bəlkə elə o xörəyin iyinə görə cevizin budaqlarını daşımaqda Süsənbərin köməyinə gələn dörd uşağın dördü də o xörəkdən doyunca yedi. Üstəlik, ətin yumşaq yerindən hələ bir-iki tikə də Şükür kişinin şam yeməyinə qaldı.
Nəsir müəllim xörəyə əl vurmadı. Yeddi-səkkiz stəkan çayı dalbadal içib, yanğısını söndürəndən sonra Süsənbərin süfrəyə qoyduğu pendirdən bir qırıq ağzına atıb, təzədən ağaca dırmaşdı.
II
Ömründə bundan ləzzətli bir iş görməyi Nəsir müəllimin yadına gəlmirdi. Əlindəki nacaq da elə bil Koroğlunun misri qılıncına dönmüşdü: Nəsir müəllim o nacağı qaldırıb saldıqca cevizin irili-xırdalı budaqları sanki öz-özünə şaqqaşaq qırılıb tökülürdü və o ağacdan qopan hər budaqla birgə elə bil Nəsir müəllimin canından bir azar, bir ağrı qopub düşürdü – ömründə bu qədər rahat, bu qədər yüngül olmağı da onun yadına gəlmirdi.
O ağacı kəsdiyinə görə hələ ki, Nəsir müəllimə “heyifdi”, “günahdı” deyən yox idi. Yoldan gəlib keçənlərin hamısı – ALLAH QÜVVƏT VERSİN, – deyirdi və ayaq saxlamadan ötüb gedirdi. Ceviz ağacında adam danışdırmaq Buzbulaqda lap əyyami-qədimdən böyük qanacaqsızlıq hesab olunurdu, çünki ceviz ağacı alça, ərik, badam ağacı deyildi – ordan düşməyin nəticəsi ya ölüm, ya ömürlük şikəstlik idi. Ceviz ağacına çıxan adamın fikrini yayındırmağın xalis heyvanlıq olduğunu bu kənddə – uşaqdan böyüyəcən – hamının bilməyi Nəsir müəllimə də yaxşı məlum idi. Bununla belə, ağacın kəsilməyini camaatın bu qədər səs-səmirsiz qarşılamağı Nəsir müəllimə bir Allah bilir ki, nə qədər ləzzət verirdi. Qırx il qürbətdə yaşayan Nəsir müəllimin ürəyində öz kəndinin camaatına birdən-birə bir qəribə – o çağacan heç vaxt hiss eləmədiyi – mehr-məhəbbət oyanmışdı. Nəsir müəllimi o ağacın başında şirə-pələngə döndərən ola bilər ki, bir də o məhəbbət idi. Ancaq uzun illərin ayrılığından sonra bu səhər ikicə bel vurduğu o torpaqdan – bu saat, o cevizin başında – Nəsir müəllimin qoluna-qıçına gələn güc-qüvvədə məşhur Antey əhvalatından da açıq-aşkar nəsə vardı, yəni o güc-qüvvə Nəsir müəllimin qol-qıçına əsasən yerdən, torpaqdan gəlirdi – daha doğrusu, öz həyətindən. Ağacı həvəslə kəsməkdə ikən – xəyalında – Nəsir müəllim eyni zamanda həm o həyətdə lobya arxı çəkirdi, həm də o arxların boyunca çadır-çadır düzülən lobya kollarından sallanan salxım-salxım lobyaya ləzzətlə tamaşa eləyirdi. O həyətin hələ əkilməmiş yoncası – Nəsir müəllimin xəyalında – kəsdiyi cevizin təzə-tər yaz yarpağından da yaşıl idi və Nəsir müəllimin hələ əkmədiyi şaftalı ağaclarının az qala şirəsi süzülən iri-iri meyvəsindən o yaşıl yoncanın üstünə çəhrayı işıq düşmüşdü... Yalnız Raziyəni yadına salandan-salana Nəsir müəllimin bu xoş əhvalı arabir dəyişirdi. Canındakı hədsiz həvəsin hesabına hələlik hiss eləmədiyi fiziki yorğunluq hərdən lap zor eləyəndə Nəsir müəllim öz aləmində o Raziyənin hətta səsini də eşidirdi və qulağının heçdən aldandığı bu ötəri məqamlarda Nəsir müəllimə elə gəlirdi ki, Raziyə haradasa ağac-budağın o tərəfində – yuxarı məhəllə ilə aşağı məhəllənin arasındakı yoldadır: Nəsir müəllim Raziyənin qışqıra-qışqıra, əl-qolunu ölçə-ölçə o yolla üzüyenişə gəldiyini zənn eləyirdi. Belə vaxtlarda o, əl saxlayıb, kənddə eşidilməsi mümkün olan bütün səslərə diqqətlə qulaq asırdı və zənninin aldandığını hər dəfə bir yeni ləzzətlə yəqin eləyib, sevinə-sevinə işə girişirdi.
Ancaq o gün Raziyə o həndəvərdə görünmədi. O cevizin dibində, yol ağzında hər gecə yığışıb mırt vurmağa öyrəşən arvadlar o gecə də ora toplaşdı və onlar tez də dağılışdılar, çünki Süsənbər vaxt eləyib küçənin sil-süpür işinə baxa bilməmişdi – Şükür kişinin cevizinin altında – gecələr arvadların toplaşdığı yer ceviz yarpağı və quru ceviz odunu ilə doluydu.
Ertəsi gün sübh-tezdən yenə Nəsir müəllim quş kimi ağaca dırmaşdı. Qolunda-qıçında, bütün əzalarında bir küt ağrı hiss eləyirdi, ancaq kefi saz idi, zehni, huşu-başı bəlkə dünənkindən də açıq idi.
Dünənki bir qab ət xörəyinin hesabına bu gün Nəsir müəllimdən də qabaq yuxudan durub, tezdən-tezdən üç yumurtanın qayğanağını həzmi-rabedən keçirən Şükür kişi kürəyini eyvanın dirəyinə söykəyib oturmuşdu: samovarın him basmış qapqara maşasını döşünə sıxıb, mizrab yerinə bir qırıq süpürgə çöpü ilə, öz aləmində guya far çalırdı.
Süsənbər iri su qazanını ocağın üstünə qoymuşdu – Şükür kişinin kirdən qarmaq bağlamış yorğan-döşəyinin mitilini söküb yumağa hazırlaşırdı. Raziyədənsə hələ səs-səmir yox idi. Ancaq onun gəlməyinin qorxusu Süsənbərin də ürəyində dünəndən xısın-xısın dolanırdı. İndi isə, qazanın altını alışdıra-alışdıra Süsənbər elə bir hey boylanıb, küçə qapısına tərəf baxırdı: qorxurdu ki, Raziyə qapını taqqıltıyla açıb, haray-həşirlə içəri girəcək, su qazanını vurub aşıracaq, Nəsir müəllimi söyüb yamanlayacaq, dədəsinin həyətində elə bir qiyamət qoparacaq ki, bütün kənd tökülüb tamaşaya gələcək...
Amma Raziyə o gün də həndəvərdə görsənmədi.
Nəsir müəllim günorta yeməyindən vaz keçib, hələ günün batmağına xeyli qalmış cevizi gövdəyəcən boğazlaya bildi (sonra ağacın dibini dörd tərəfdən qazıb, kökləri balta ilə doğrayıb, gövdəni kökqarışıq həyətdən rədd eləmək fikrindəydi).
Yerdəki yoğun budaqları iri mişarla doğramaq işinə Nəsir müəllim Süsənbərlə ikilikdə girişdi. Sonsuz olmağının, Nəsir müəllimi övladsız qoymağının xəcalətini illər uzunu canında xərçəng xəstəliyi kimi gizlincə gəzdirən Süsənbərin hər iş əlindən gəlirdi. O, övlad əvəzi, qardaş əvəzi, ən çətin işlərdə də həmişə Nəsir müəllimin dadına çatmışdı. O odunu əri ilə birgə axıracan doğramağa da bəlkə Süsənbərin səbri, qüvvəsi çatardı. Ancaq qonşu Molla Məcnun təsadüfən gəlib işin üstünə çıxdı, çarəsiz, könülsüz də olsa (mişar işi hər halda arvad işi deyildi) üzə düşüb, qonşuluq xatirinə və alicənablıq naminə mişarın bir ucundan yapışmalı oldu. Dünən Süsənbərə odun daşımaqda könüllü köməyə gələn məhəllə uşaqları da axşamtərəfi işə qoşuldu. Hələ heç gün batmamış budaqların hamısı doğrandı və Şükür kişinin damının dalında yaş ceviz odunundan yekəcə bir təpə quruldu.
Hələ işıq ikən Süsənbər su qazanını bir də qızdırıb, bu dəfə Şükür kişinin çimməyi üçün hazırlıq gördü: yiyəsizlikdən, baxımsızlıqdan qapısının dəmiri, taxtası çürümüş təndirəsər yerini müxtəsər sahmana salıb, təndirə odun töküb yandırdı ki, orada çimdiyi vaxt Şükür kişiyə soyuq dəyməsin. Nəsir müəllim haradansa bir yastı daş tapıb gətirdi. Şükür kişinin o daşın üstündə otuzdurub, elə o təndirin qırağındaca – əp-arvad – çimdirməyə başladılar...
Şükür kişi – canına su dəydikcə – xoşhallanırdı və xoşhallana-xoşhallana nəyisə yadına salmaq istəyirdi. Daha doğrusu, Şükür kişi özünün lığlanmış, lillənmiş yaddaşının bulanıq sularında ara-sıra balıq kimi batıb çıxan iki insan sifətini – iki qadın surətini biri-birindən ayırmağa faydasız cəhd göstərirdi. Biri – anası Şayəstənin cavanlıq, gəlinlik sifətiydi. O sifətdə Şayəstə oğlu Şükürü yəqin ki, azı doxsan il bundan əvvəl çimdirmiş olardı. O biri sifət arvadı Kubranın sifətiydi. Kubra iyirmi il idi ki, ölmüşdü, deməli, onun da Şükür kişini çimdirməyi çoxdanın əhvalatıydı. Amma qızı Raziyənin sifəti, nədənsə, Şükür kişinin nəzərinə gəlmirdi, halbuki vur-tut altı-yeddi ay bundan qabaq son dəfə Şükür kişini məhz o Raziyə çimdirmişdi...
III
O cevizin dibində, yol ağzında hər gecə söhbətə yığışan arvadlar o gecə də ora yığışdı. Ancaq o arvadların söhbətə girişməyi bu dəfə yaman çətin oldu, çünki onların hər gecə oturduğu O YERİN MƏNZƏRƏSİ TAMAM DƏYİŞMİŞDİ və elə bil o mənzərə dəyişdiyinə görə o arvadlar o cevizin dibində o çağacan elədikləri söhbətlərin mövzusunu da MÜTLƏQ dəyişməliydilər.
Başlarını aşağı salıb oturmuşdular. O cevizin yoxa çıxmış budağının-yarpağının-kölgəsinin yerindəki bir dünya boşluqdan Ayın işığı birbaşa arvadların oturduğu o yerə şığıyırdı. Və o arvadlar o Aya baxmaqdan deyəsən qorxurdular, çünki arvadlar o cevizin dibindən Ayı heç vaxt o şəkildə görməmişdilər: o gecəki Ayın üzü hamamdan təzəcə çıxmış, mütrüfcəsinə işaran kişi sifətinə yaman oxşayırdı, üstəlik hamamdan təzəcə çıxan o “kişi”nin mütrüfcəsinə işaran sifətinə elə bil bolluca ənlik-kirşan da yaxmışdılar. Və o gecə o arvadlar bəlkə bir də ona görə danışmağa söz tapmırdı ki, o “sifət” göyün tən ortasında eləcə işara-işara arsız-arsız o arvadların düz gözünün içinə baxırdı və onların eləyəcəyi söhbəti, açıq-aşkar o da eşitmək istəyirdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ekrem-eylisli-ceviz-kolgesinin-nagili
Use ← → keys to move, R for a random poem
More by this author
1**Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri köhnə tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı – qapı-qapı, tin-tin arta-arta onlar yekə bir dəstə oldular, gəlib Qədirgilin qapısının ağzına yığışdılar.
Güllü paltar mövsümüI**Canəli müəllim öz birotaqlı mənzilinin iki pəncərəsinin hər ikisini taybatay açmışdı, eşik qapısını da azca aralı qoyub, çarpayıya uzanıb işsizlikdən, aşkar bekarçılıqdan son dərəcə gülməli bir şeyin barəsində xeyli vaxt idi ki, fikirləşib baş sındırırdı.
Hasarın o tayında(epiloq yerinə)*Bir vaxt dünyada özgə heç nə yox idi: bir ev vardı, bir ağaclı-budaqlı həyət vardı; dağlar idi, Günəş idi; bir mən idim, bir nənəm idi; bir də bir inəyimiz vardı ki, o da atam kimi səhər tezdən çıxıb gedərdi və axşam qaş qaralanda evimizə qayıdardı.
Əvvəlinci fəsil. Həsrətin xəstəliyi...Dağdı, bağdı, çəməndi.*Hər şey həmən-həməndi.*
Poems by other poets
Ta nigahım nərgisi-yar ilə olmuş aşinaKafirəm gər çeşmi-xunbar ilə olmuş aşina
NazəninQədəm basıb xoş gəlmisən,Sən bizim elə, Nazənin.
GörəndəKönül cavanlaşır əlli sinində,Sevgili alagöz yarı görəndə.
Könül, cahanda qəmi-hicri-yarə səbr eyləKönül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.