Page 5 of 6 · 67%

V

Bütün bu həngamədən təkcə “baiskarın” xəbəri yox idi. Bir vaxt ceviz ağacında xəyal elədiyi o cənnəti Nəsir müəllim hələ yazın ortalarında öz həyətində qismən yaratmışdı. Onun o həyətdə basdırdığı şaftalı, ərik, alma, armud tinglərinin hamısı tutmuşdu, həyətin yoncası adam boyu qalxmışdı, mərslərdə yoncanın yan-yörəsində əkilmiş noxudun sapsarı, lobyanın ağappaq çiçəyi o yaşıl yoncanın fonunda adama uzaqdan-uzağa gəl-gəl deyirdi.

Şükür kişinin həyətini (DƏDƏMİN CƏVİZİN KƏSƏN QOY ONUN ÇÖRƏYİN DƏ VERSİN deyən – bir sürü külfət sahibi Raziyənin o həndəvərə yaxın düşməyəcəyini tam yəqin eləyəndən sonra) əsasən Süsənbər əkib-becərmişdi. Təsərrüfatçılıqda, işi səliqə-sahmanla görməkdə Süsənbərin özünün də nadir səriştəsi olduğuna baxmayaraq, elə Şükür kişinin həyətində də Nəsir müəllim az zəhmət çəkməmişdi: torpağın bel ağzı batmayan ən bərk yerlərini o bəlləmişdi, arxları o çəkmişdi, kartof, soğan, lobya əkilən yerlərə peyini o daşıyıb vermişdi. Nəsir müəllimin o həyətdə hələ bu il əkdiyi çiyələkdən gündə bir nimcə yeməyin hesabına indi Şükür kişinin yanaqları da qırmızılıqda xalis çiyələyə dönmüşdü.

İşin həddən çox olmağından, bütün günü belibükülü alaq eləməkdən, tərli-tərli su içməkdən, ya nədənsə yayın isti gecələrinin birində elə yatdığı yerdəcə Süsənbər birdən-birə sapsarı saraldı. Bu cür xəstəliyin adı söz yox ki, yalnız “sarılıq” ola bilərdi. Elə Nəsir müəllim də yüz faiz arxayın idi ki, arvadı sarılıq azarına tutulub. Amma Süsənbərin azarı sən demə sarılıq azarı deyilmiş. Gecə birdən-birə saralanda demə onun öd kisəsi yatdığı yerdəcə partlayıbmış. O partlamış öd kisəsilə Süsənbər düz on gün yorğan-döşəkdə əzab çəkdi. On birinci gün sübh-tezdən Süsənbərin gözləri həmişəlik yumuldu. Və bu xəbəri eşidənlər bir ağızdan SÜSƏNBƏRİ O CƏVİZİN AHI TUTDU, – dedilər.

Meyiti – günortaya yaxın – Molla Məcnunun “təzə arvadı” Məşuqənin – iri qazanda çömçə-çömçə tökdüyü qaynar su ilə – köhnə, qanuni arvadı Müşafərim yudu. Axşamtərəfi Süsənbəri qəbrə qoydular... Və o qəbiristanlıqdan evə qayıdanda, elə həyətə girər-girməz, nəhayət, Nəsir müəllimə də məlum oldu ki, (Süsənbərin ölməyi öz yerində) elə dünyanın özündə də deyəsən nəsə dəyişib. Özü də pis dəyişib. Elə dəyişib ki, day onu əvvəlki halına salmaq heç cür mümkün olan şey deyil.

Qəbiristanlığa – Süsənbəri dəfn eləməyə gedən üç cüt, bir tək adamın da hamısı bir göz qırpımında yoxa çıxmışdı. Həyətdə – o Məşuqədən və Müşafərimdən savayı – insan naminə gözə dəyən bir də Şükür kişiydi. Məşuqə samovarın yanındaydı. Müşafərim xörək qazanının altındakı odu eşirdi; mərasimə yığışası adamlar üçün qurulmuş ikitərəfli uzunsov oturacağın yanında Şükür kişi yerdə, döşəkçə üstündə əyləşib, yəqin ki, yeməyi çox yeyib köpdüyündən, möhkəm fısıldaya-fısıldaya çay içirdi. Bir də Molla Məcnun – ayağının biri eşikdə, biri içəridə – darvaza qapısının ağzında gözləri döyükə-döyükə qalmışdı.

Buzbulaq Nəsir müəllimin ehsanını BAYKOT eləmişdi – buna heç bir şəkk-şübhə ola bilməzdi. Ancaq bu amansız, bu allahsız qisas görəsən doğrudanmı Nəsir müəllimin o cevizi kəsməyinin indiyəcən gizli qalan qisasıydı?.. Nəsir müəllim buna həm inanırdı, həm inanmırdı, həm də bir qəribə vahimə içində gözlərini ora-bura gəzdirib, elə bil başının üstündə o cevizin kölgəsini axtarırdı. O kölgə oralarda, əlbəttə, yox idi. Amma ömründə heç bir cin-şəyatin əməlinə, özgə planetlərdən gələnlərə, o dünyadan təşrif gətirənlərə heç vaxt inanmayan Nəsir müəllim kimi ciddi bir adama da o anda, nədənsə, elə gəlirdi ki, o kölgə var, o kölgə bu dünyadan heç yerə getməyib. O kölgəni gözü ilə görməsə də, onun ağırlığını Nəsir müəllim ürəyində açıq-aşkar hiss eləyirdi. Və o kölgə doğrudan da ağır idi, çox ağır idi. Hər halda Nəsir müəllimdən ötrü o axşam bu dünyada o kölgədən ağır heç nə yox idi.

O gecəni Nəsir müəllim elə bil doğrudan da bir ağır kölgənin altında yatdı. Səhər duranda heç həyətə çıxmağı da gəlmirdi, çünki içi ət xörəyi ilə dolu ehsan qazanı elə oradaca – ocağın üstündə qalmışdı; nə samovara əl vuran olmuşdu, nə qənddanları, nəməkdanları stolların üstündən yığışdıran olmuşdu.

Mərhumun üçünə Nəsir müəllim xörək bişirtdirmədi. Özü samovarı salıb oturdu. Ancaq Nəsir müəllimin evinə o axşam da heç kəs ayaq basmadı.

Bir necə gündən sonra (cümə axşamı) Süsənbərin yasına Çığnagüldən – avtobusda, yük, minik maşınlarında – xeyli adam tökülüşüb gəldi. O adamların uzaq, uca, tanış dağlardan gətirdiyi ab-hava Nəsir müəllimin əhvalını əvvəl-əvvəl az-maz dəyişsə də, Buzbulaq camaatının o qəfil qisasının ceviz kölgəsinə bənzəyən acı ağırlığı sonra onun ürəyinin başında elə qaldığı kimi də qaldı. Çığnagüllülərin qabağında Buzbulağın abırını örtmək üçün – “patriotluq” xatirinə yasa gələn beş-üç buzbulaqlının da duruşundan-oturuşundan o axşam Nəsir müəllimin heç xoşu gəlmədi, çünki onların hamısının sir-sifətindən elə bil zəhər yağırdı və o zəhərin nəyin zəhəri olduğunu anlamaqda Nəsir müəllim hələ də yaman çətinlik çəkirdi: yəni bu boyda kin-küdurət görəsən doğrudanmı yalnız o cevizin kəsilməyinə görəydi!..

Bundan bir az sonra – hələ yay qurtarar-qurtarmaz buzbulaqlılar, arvadlı-kişili, orda-burda dəstələşib, hər payız Buzbulağa gələn boz dolaşaların qızğın söhbətini başladılar və bütün kənd yekdilliklə bu qərara gəldi ki, daha o quşlar heç vaxt oralara gəlməyəcək, çünki hər payız Buzbulağa gələn və gündüzlər kəndin başının üstündə qatar-qatar uçuşan o quşların hamısı gecələr Şükür kişinin cevizinin başında yatırdı və indi o ceviz yox idi.

Hətta atasının ev-eşiyindən çoxdan ayağını kəsmiş Raziyə də – o dolaşa söhbəti ortaya çıxanda – üç-dörd dəfə o həndəvərdə göründü. Küçədə – bir vaxt ceviz ağacının budaqlarının sallandığı yerdə – əllərini göyə açıb, guya Allahın dərgahına o cevizin yoxluğunun qəmli hekayətini danışırdı. Ucadan ağı deyib, sanki ceviz ağacına yas saxlayırdı. O ağacı kəsənin bütün əhli-əcdadına qarğış tökürdü, lənət yağdırırdı... Bütün bu həngamədən bircə Şükür kişinin xəbəri yox idi. Süsənbər rəhmətə gedəndən sonra Şükür kişi bu dünyanın kələfinin ucunu deyəsən tamam itirmişdi. Gün doğandan gün batanacan ora-bura boylanıb, kim idisə, nə idisə – elə bir hey hər yerdə axtarırdı. Gah həyətdə xəyal kimi kərdi-külənin başına dolanırdı, gah çıxıb küçə qapısının qabağından məzlum-məzlum yola tamaşa eləyirdi; eyvanın bir küncündə atılıb qalmış hisli mis qazanın özündən də Şükür kişi (bəlkə gündə yüz dəfə o qazana yaxınlaşıb!) elə bil kimisə soruşmaq istəyirdi, xəbər almaq istəyirdi... Şükür kişinin axtardığı, söz yox ki, Süsənbər idi, ancaq qocanın yaddaşı o qədər zaylamışdı ki, o Süsənbəri haçan, harda, hətta yuxuda, ya gerçəklikdə gördüyünü də Şükür kişi büsbütün unutmuşdu...

Elə sözün hərfi mənasında da göydən düşən bu dolaşa söhbəti buzbulaqlıların Süsənbərin yasında çıxartdığı o hoqqadan hələ özünə gəlməmiş Nəsir müəllimə, nədənsə, hər şeydən çox yer elədi. Bu söhbəti eşitdiyi gündən, vur-tut bir günün içində, necə oldusa, Nəsir müəllimin ağzının suyu tamam çəkilib getdi, iştahası büsbütün yoxa çıxdı, boğazı quruduğundan, gecələr yatdığı yerdə boğulmağa, təngnəfəs olmağa başladı. Beləcə, bircə həftənin içində Nəsir müəllim arıqlayıb çöpə döndü. Və hələ payızın birinci yağışı yağmamış bir dəfə – axşamtərəfi – elə oturduğu yerdəcə birdən-birə başa düşdü ki, daha Buzbulaqda qala bilməyəcək. Elə o axşam köçüb Çığnagülə getməyi qərara almış Nəsir müəllim evin ən vacib əşyalarından bir necə bağlama düzəldib hazırladı, sonra həmin bağlamaları bir-bir aparıb yolun ağzına yığdı ki, ordan da yavaş-yavaş daşıyıb maşın yoluna çıxartsın.

VI

Ceyranın qızı Bətulənin eşqi ilə son zamanlar kənd içində daha çox avaralanan Lətif müəllim o gün axşamtərəfi yenə o həndəvərə canan pişvazına çıxanda, Nəsir müəllim yolun ağzına yığdığı şeyləri artıq ordan o tərəfə daşımağa başlamışdı. On-on beş iri bağlamaydı. Kiminsə rəhmə gəlib köməklik eləyəcəyindən çoxdan əlini üzmüş Nəsir müəllim əvvəl o bağlamaların birini aparıb müəyyən məsafədə qoyurdu, sonra qayıdıb o biri bağlamaların birini aparıb müəyyən məsafədə qoyurdu, sonra qayıdıb o biri bağlamanı götürürdü, bu minvalla Nəsir müəllim o şeyləri yol boyu düzə-düzə gedirdi. Əlacsızlıqdan yazıq Nəsir müəllim yolun da yaxınını qoyub, uzağını seçmişdi, çünki maşın yoluna kəsəsinə gedib çıxmaqdan ötrü mütləq çayxananın qabağından keçmək lazım idi və o çayxananın qabağındakı adamların üzünü görməmək üçün Nəsir müəllim bilə-bilə o uzaq yolu götürmüşdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets