Ceviz kölgəsinin nağılı
Page 4 of 6 · 50%
Ayın o mütrüflüyü, şorgözlüyü birinci Cinni Cəbrayılın qızı Məşuqəni hövsələdən çıxartdı:
– Bu nədi: elə bil TUMANÇAQ oturmuşam! – dedi. Və ədəbsiz bir söyüş söyüb, üstəlik “ayıbını” da pis-pis qaşıya-qaşıya durub öz xarabasına üz qoydu.
Məşuqə küçənin o başında, döngədə gözdən itənəcən arvadlar dinməz-söyləməz onun arxasınca baxdılar. Və Məşuqənin gözdən itdiyi o döngədəki ev də elə bu vaxt Ceyranın qızı Bətulənin diqqətini özünə çəkdi. Rayonun “qəstinsəsində” gah gecə, gah gündüz növbəsində işləyən arverçi Nuriyənin evindən o gecə də işıq gəlmirdi. Ancaq Nuriyənin hələ qızlıq vaxtından tək-tənha yaşadığı evin küçəyə sarı bir cüt pəncərəsinin dümağ pərdələri Ayın işığında par-par parıldayırdı. Ceyranın qızı Bətulə o dümağ pərdələrə bir müddət heyran-heyran tamaşa elədi. Və o heyranlıq üz-gözündən hələ tamam çəkilib getməmiş, Bətulə o cevizin dibində hələ heç vaxt heç kəsin ağlına gəlməyən o təzə mövzunu da birdən kəşf eləyə bildi.
– O NURİYƏNİ GÜLLƏLƏMƏK LAZIMDI! – Bətulə o təzə mövzunu bu qorxunc sözlərlə başladı.
Arvadlar bərkdən gülüşdülər. Ona görə ki, onlar Ceyranın qızı Bətulədən belə sözü heç gözləmirdilər. Çünki Bətulə gecələr o cevizin dibinə mırt vurmağa yığışanların ən cavanıydı. Uşaq idi, axırıncı sinifdə oxusa da, hər halda hələ məktəbə-dərsə gedirdi.
– Baxarsız: day bu kənddə heç kəs uşaq doğmayacaq! – Bunu da Bətulə dedi. Amma necə dedisə, bu dəfə arvadlar gülüşmədilər, əksinə, özlərini yığışdırıb, Bətuləyə axıracan qulaq asmağa hazır olduqlarını sidqi-ürəkdən nümayiş etdirdilər. Və bundan xeyli fərəhlənmiş Bətulə sevinə-sevinə söhbətinə davam elədi: – Heç bilirsiz, o ifritə bu saat nə gətirib satır bu kənddə?..
Bu yerdə arvadların biri, nədənsə, dərindən ah çəkdi.
– PEZELVATİV! – Yəqin ki, təzəlikcə eşitdiyi bu “importnu” sözü Bətulə xüsusi fəxr ilə dedi.
– PALAZFƏTİR nədi? – Həmin o ah çəkən arvad qəmli-qəmli xəbər aldı.
– Palazfətir yox e, PEZELVATİV! – Ah çəkən arvadın bisavadlığı on birinci sinif şagirdini xeyli təəccübləndirdi. – Rezindəndi də, puştək kimi şeydi. O olanda, ayıb olmasın, kişi neynəsə də arvadınnan uşağı olmur.
Bu dəfə arvadların hamısı birdən ah çəkdi, çünki onların yekdil əqidəsinə görə, Ceyranın qızı Bətulə belə şeyi heç cür bilməməliydi.
“Pezelvativ” əhvalatının dalınca arvadlar Məşuqənin, beş-altı il əvvəl, guya Molla Məcnundan olan “bic” oğlunun söhbətinə başladılar. Burda, əslinə qalsa, təəccüblü bir şey yox idi: əgər söhbət əri ola-ola uşaq doğa bilməyən arvadlardan gedirdisə, əri olmaya-olmaya uşaq doğan Məşuqə o arvadların yadına mütləq düşməliydi. Ancaq bu söhbəti arvadlar, nədənsə, o cevizin bu dünyadan uçub getmiş bir dünya kölgəsinin yerindəki sehri çəkilmiş işığa və o işığın göydən yerə səpələyən – əndamı, əndazəsi tamam dəyişmiş – o Aya yaxşı-yaxşı baxandan sonra başladılar – guya o cevizin budağı-yarpağı-kölgəsi öz yerində olsaydı, o arvadlar Məşuqənin o uşağı doğmağının sirrini də heç vaxt açmayacaqdılar, o sirri, sirr olaraq, həmişəlik saxlayacaqdılar.
SİRR AÇILDI.
Nəsir müəllimin öz əli ilə gedər-gəlməzə göndərdiyi o cevizin yoxa çıxmış kölgəsinin boş yerində o gecə arvadlar Məşuqənin beş-altı il əvvəl doğduğu o uşağın barəsində ilk dəfə müzakirə açdılar. Rayonun yol idarəsində elə-belə adlarını yazdırıb, əslində cürbəcür şübhəli işlərlə məşğul olan və ciblərində həmişə bıçaq gəzdirən, biri subay, biri evli – iki əmioğlunun – Elmanın və Telmanın adını da o arvadlar o gecə ilk dəfə qorxub-çəkinmədən dillərinə gətirdilər. Məşuqənin o, bic-bicəngə əmioğluların hər ikisi ilə “çaşqa-loşqa” olduğunu və uşağın məsələsi gerçəkləşəndə Elmanla Telmanın o işi bıçaq zoruna Molla Məcnunun boynuna qoyub, aradan çıxdığını o gecə, Ayın o gur işığında arvadlar, çoxdan sübut olunmuş fakt kimi, bir ağızdan təsdiqlədilər. Gecələr o cevizin dibində mırt vurmaqda bəlkə hamıdan çox “stajı” olan – Molla Məcnunun qoca, qanuni arvadı Müşafərim də o əmioğluların gecə vaxtı əri ilə qapının ağzında pıçhapıç pıçıldaşmağını bir neçə dəfə gözüylə gördüyünü arvadlardan gizlətmədi. Muşafərim arvadların bircə o fikrilə qətiyyən razılaşmadı ki, guya Molla Məcnun, yaşı çox olduğuna görə uşaq əkə bilməz: “Əkər! Elə əkər!.. – Bunu Müşafərim arvad, nədənsə, dili-dodağı təntiyə-təntiyə dedi. – Girinə keçsə, on beş yaşlı qızı da bir gecəyə boğaz eləyər... Onun saqqalını mürdəşir yusun...”
Hələ arvadlar o söhbətin tam axırına çıxmamış küçənin o başında Məşuqə – atası Cinni Cəbrayıldan qalma – köhnə patefona neynədisə, patefondan çaqqal ulaşmasına bənzər bir əttökən, tükürpədən səs qalxdı. Arvadlar o səsə bir o qədər də əhəmiyyət vermədilər: Məşuqənin belə hoqqalarını Buzbulaq çox görmüşdü. Ancaq o çaqqal ulaşmasının dalınca Buzbulaq məktəbinin dil-ədəbiyyat müəllimi Lətif müəllimin kəndin lap təpəsindəki evinin eyvanından birdən-birə maqnitofon musiqisi ucalanda arvadlar lap əməllicə təəccübləndilər. Çünki Lətif müəllimin ikinci arvadı – bakılı qızı İradə hələ qışın ortalarında Buzbulaqdan həmişəlik yığışıb gedəndən sonra kəndin başının üstündə gecəli-gündüzlü toy havası çalan o maqnitofonu Lətif müəllim bu çağacan hələ bir dəfə də oxutmamışdı. Vur-tut üçcə ilin içində ikinci arvadı da fələyin badına verdiyinə görə qış uzunu bürüşmüş heyva kimi pəs dolanan Lətif müəllimin ancaq yazqabağı bir balaca qırışığı açılmışdı. O da nəyə görə olsa yaxşıdır? İradənin Bakıdan göndərdiyi məktuba görə! O məktubda İradə Lətif müəllimin haqqında xoruz səsi eşitməmiş gözəl-gözəl sözlər yazmışdı: ALİ MƏXLUQ, NƏCİB İNSAN, NURLU SİMA – nə bilim daha nə! Hətta İradə, keçmiş qaynanası – davakarlığına, ətiacılığına görə kənddə İTAĞIZ ləqəbi qazanmış Gülputadan da öz məktubunda gen-bol razılıq eləmişdi. Lətif müəllimin neçə vaxtdan bəri həmişə cibində gəzdirdiyi və hər yerdə hamıya oxuduğu o məktubun lap axırında ümumən buzbulaqlıların barəsində yazılan sözləri isə bu saat kənddə əzbərdən bilməyən az adam tapılardı, çünki özləri barədə buzbulaqlılar heç vaxt heç kəsdən belə söz eşitməmişdilər: “QOY O UCA DAĞLAR DA BİLSİN Kİ, BUZBULAĞIN ŞAİR QƏLBLİ NƏCİB İNSANLARINI MƏN HEÇ VAXT UNUDA BİLMƏYƏCƏYƏM!”
IV
O cevizi kəsdiyinə görə hələ ki, Nəsir müəllimə güldən ağır söz deyən olmamışdı, amma sən bu mütrüf dünyanın işinə bax: o cevizin kölgəsi o küçənin üstündən həmişəlik yoxa çıxandan sonra Buzbulaqda dalbadal bütün sirlərin üstü açılırdı.
Hələ yazın ortalarında kənddə belə bir söhbət gəzməyə başladı ki, İradənin guya Bakıdan göndərdiyi o məktubu Lətif müəllimin şəxsən özü yazıb. Məlum oldu ki, o maqnitofonun səsini qaldırıb, kəndin başının üstündə gecə-gündüz toy havası çaldıranda Lətif müəllim öz şəhərli arvadıyla heç bir kef-zad da eləmirmiş, əksinə – o qərib, o yetim, o məzlum şəhərli qızını ayağının altına salıb heyvan kimi döyürmüş və o maqnitofonun səsini də elə ona görə o cür yuxarı qaldırırmış ki, o yazıq İradənin ah-naləsini kənddə eşidən olmasın... Lətif müəllimin Ceyranın qızı Bətuləyə bir könüldən min könülə aşiq olduğunu və o məktub əhvalatını da elə o Bətulənin başını piyləmək üçün uydurduğunu kənddə danışmayan adam qalmadı, halbuki Lətif müəllimə ərə getməyə Ceyranın qızı Bətulənin başının qırmızı yaylığı da razıydı: nə olsun ki, Lətif müəllim üç ildə iki arvad alıb boşamışdı və nə olsun ki, Lətif müəllimin anasına İTAĞIZ GÜLPUTA deyirdilər – onun, yəni Lətif müəllimin elə bircə kəndin toylarında əzbərdən dediyi ibrətamiz şeirlər Buzbulağın bütün subay oğlanlarının bəlkə hamısına dəyərdi.
BƏLİ, DÜNYANIN İŞİ XALİS MÖCÜZƏYMİŞ.
Gecələr arvadların mırt vurmağa yığışdığı o yerin üstü açılandan sonra elə gün olmurdu ki, kənddə hər hansı bir adamın da hər hansı bir sirrinin üstü açılmasın: toy günü – toy eləyənin, yas günü yas eləyənin... Açılan sirlərin çoxusu “əp-arvad”, “qadın-kişi” məsələlərinə aid olurdu, çünki Buzbulağın köhnə sirlərini bir-bir faş eləyənlər – kölgəsi qeybə çəkilmiş o cevizin dibinə hər gecə mırt vurmağa yığışan – həmin arvadlar idi. Ancaq bu işə “kənardan” əl uzadanların sayı da, deyəsən, gün-gündən çoxalırdı. Məsələn, Buzbulağın az qala yarım qəbiristanlıq ölüsünün üstündə qırx ildən bəri Quran oxuyan Molla Məcnunun o Quranı YALANNAN oxumağının sirrini hər halda o arvadlar açmamışdı. Bununla belə, bütün kənddə söz gəzirdi ki, Molla Məcnun o Quranın heç bircə hərfini də tanımır, heç onun qırx ildən bəri qoltuğunda gəzdirdiyi o “Quran”ın özü də əslində Quran-zad deyil, Abbasqulu Ağa Bakıxanovun əski əlifba ilə çap olunmuş “Gülüstani-İrəm” adlı kitabıdır. Hətta belə bir söhbət də gəzirdi ki, o kitabın dinəzada heç yerli dibli dəxli-zadı yoxdur, üstəlik o kitabı yazanın özü də dinsizin böyüyüdür və o, “DİNSİZİN BÖYÜYÜ” rus çarının ordusunda neçə il PALKOVNİK olub... Bir sözlə, yazın əvvəllərində Nuriyənin “PEZELVATİV”indən başlayan o söhbət – hələ yaz qurtarmamış artıq Abbasqulu Ağa Bakıxanovun həyat və yaradıcılığını da hərtərəfli əhatə eləyə bilmişdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ekrem-eylisli-ceviz-kolgesinin-nagili
Use ← → keys to move, R for a random poem
More by this author
1**Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri köhnə tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı – qapı-qapı, tin-tin arta-arta onlar yekə bir dəstə oldular, gəlib Qədirgilin qapısının ağzına yığışdılar.
Güllü paltar mövsümüI**Canəli müəllim öz birotaqlı mənzilinin iki pəncərəsinin hər ikisini taybatay açmışdı, eşik qapısını da azca aralı qoyub, çarpayıya uzanıb işsizlikdən, aşkar bekarçılıqdan son dərəcə gülməli bir şeyin barəsində xeyli vaxt idi ki, fikirləşib baş sındırırdı.
Hasarın o tayında(epiloq yerinə)*Bir vaxt dünyada özgə heç nə yox idi: bir ev vardı, bir ağaclı-budaqlı həyət vardı; dağlar idi, Günəş idi; bir mən idim, bir nənəm idi; bir də bir inəyimiz vardı ki, o da atam kimi səhər tezdən çıxıb gedərdi və axşam qaş qaralanda evimizə qayıdardı.
Əvvəlinci fəsil. Həsrətin xəstəliyi...Dağdı, bağdı, çəməndi.*Hər şey həmən-həməndi.*
Poems by other poets
Ta nigahım nərgisi-yar ilə olmuş aşinaKafirəm gər çeşmi-xunbar ilə olmuş aşina
NazəninQədəm basıb xoş gəlmisən,Sən bizim elə, Nazənin.
GörəndəKönül cavanlaşır əlli sinində,Sevgili alagöz yarı görəndə.
Könül, cahanda qəmi-hicri-yarə səbr eyləKönül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.