Tənha narın nağılı
Page 10 of 19 · 47%
Surət bacının qara kölgəsi, sarı işıqla birgə, divardan çəkilib gedəndən sonra həyətin aşağı başında Qubadın – eyvanda, iki qara dirəyin arasında qoyub yatdığı – köhnə dəmir çarpayıda cırıltı başlanırdı: Qubad gah o böyrü üstə çevrilirdi, gah da bu böyrü üstə çevrilirdi. Birdən görürdün ki, gecənin yarısında Qubad çarpayının üstündən sıçrayıb bircə alt tumanında tappıltı ilə həyətə düşürdü və yanlarını basa-basa, küçə qapısının altından içəri soxulub qaranlıqda didim-didim didişən pişiklərin üstünə cumurdu. Qubadın yuxusu gəlmirdi, çünki o da mənim kimi səhərlər yuxudan gec dururdu. Hərbi komissarlıqda iş gec başlanırdı, buna görə də Qubad gün-günortayacan yatırdı. Mən Qubadın da gecələr öz çarpayısına uzanıb, Surət bacının divardakı kölgəsinə baxmağını sonra bildim və divara düşən işığı onun da kinoya bənzətməyini eşidəndə lap mat-məəttəl qaldım. Mən Qubaddan o işığı hansı kinoya oxşatdığını soruşmadım, ancaq mənə məlum oldu ki, o divarın üstündə Qubad mənim görə bilmədiyim bir çox şeyləri də görür. Məsələn: Surət bacı oğlanın şəklini necə öpür, onun özü öz döşlərini necə ovur, necə əlləşdirir... Qubadın dediyinə görə, biz hələ “kino”nun yaxşı yerlərini görmürdük...
Yəqin ki, Qubad bir də ona görə yata bilmirdi ki, “kinonun” yaxşı yerləri barədə fikirləşirdi. Bəzən “kino” qurtaran kimi o, yavaşdan məni çağırırdı. Ancaq həmişə yerimin içində oyaq olsam da, mən onun səsinə heç vaxt səs vermirdim. Əvvəla, bibimlə Mərcan xala yorğunarğın yatırdılar, mən səs eləsəydim, onları yuxudan oyada bilərdim. İkincisi, “kino” əhvalatının üstü açılandan sonra, nədənsə mən divardakı kölgəyə baxmağımı Qubaddan gizlətmək istəyirdim, ancaq hər səhər Qubad bunu mənim boynuma qoyurdu.
Səhərlər bizim söhbətimiz də elə çox vaxt bundan başlanırdı. Mən yuxudan duran kimi Qubad həyətin o başından qışqırırdı:
– Gördün, nə oyunlar çıxartdı?
Mən deyirdim:
– Görmədim. – Ancaq Qubad bilirdi ki, görmüşəm.
Gündüzlər bizdən başqa həyətdə heç kəs olmurdu. Qubad öz xəşilini neft pilətəsinin üstünə qoyub, şikəst ayağının yan tərəfini bərkbərk yerə basa-basa, eyvanda gəzinirdi və “Arşın mal alan” kinosunun əvvəlində tacir Əsgərin həyətdə, güllərin dövrəsində gəzə-gəzə oxuduğu mahnını ləzzətlə oxuyurdu, ya da mən yuxudan duranda Qubadı pilətənin yanında qıçlarını uzadıb oturmuş görürdüm. O, xəşilini qarışdırırdı və uzaqdan-uzağa mənimlə sual-cavab aparırdı:
– Rusca çörəyə nə deyirlər?
– Xleb.
– Atan oldu rəhmətdə.
Sonra Qubadın qaşığı bir müddət səssiz-səmirsiz qazanın içində fırlanırdı.
– Bəs qaşığa nə deyirlər?
– Loşka!
– Atan oldu rəhmətdə.
Yenə qaşıq qazanın içində hərlənirdi.
– Keçiyə nə deyirlər?
– Keçiyə? Bilmirəm.
– Qazyol!
Qubad bildiyi sözü fəxrlə deyirdi və qaşıq qazanın içində öz işini görürdü:
– Bəs novçaya nə deyirlər?
– Bilmirəm.
– Onu heç mən də bilmirəm.
Sual-cavab Qubadın xəşili bişənəcən davam eləyirdi. Mən həmişə gözləyirdim ki, Qubad deyəcək: “Rusca xəşilə nə deyirlər?” Ancaq Qubad xəşili heç vaxt soruşmurdu... O xəşili Qubad hər gün bişirirdi. Hərdən Bəyxanım qarı bir tikə lavaşın içində qoz boyda kərə yağı gətirib həyətdən keçəndə Qubada verirdi: o günlər Qubadın xəşili yağlı olurdu, qalan vaxtlar Qubad xəşili yavan yeyirdi.
Var-dövlətdən Qubadın evində bir içiboş köhnə sandıq vardı. Onun qalan şeyləri çöldə idi: pilətə, pilətənin yanında yerə salınmış sarı meşok, köhnə çarpayı və çarpayının üstündəki yorğan-döşək.
Qubadın bircə yorğanı təzə idi – hər halda üstdən təzə görünürdü. Yorğanın altındakı döşəyi biz hələ kənddən bura gəldiyimiz günün sabahısı, Mərcan xala ilə bibim evdən çıxan kimi, Qubad bir neçə dəfə o üz-bu üzə çevirib mənə göstərmişdi. Çünki Mərcan xala haçansa Qubada demişdi ki, səndə bit var. Buna görə Qubad Mərcan xaladan bərk incimişdi, onu danışdırmırdı və öz dediyinə görə, Qubadda bit ola bilməzdi, hətta müharibə vaxtı da Qubadda bit deyilən şey olmamışdı. Əvvəla, ona görə ki, Vayenkomun atını yumaq üçün tez-tez Qubada sabun verirdilər. Qubadda sabun “zibil kimi” idi. İkincisi, Qubad şil deyildi ki, onu bit bassın, lap heç nə olmasa da, Allahın dumduru suyu ki vardı.
Elə bil Mərcan xalanın acığına hər neçə gündən bir Qubad gecələr qaranlıq zirzəminin altındakı göz-gözü görməyən su quyusuna girib şalvarını, pencəyini yuyurdu. Onun bozumtul alt tumanı da eyvanda, iki dirəyin arasındakı məftildən suyu süzülə-süzülə sallananda həyətdə hamı bilirdi ki, Qubad yorğanın altında çılpaqdır və bu gecə çarpayıdan həyətə sıçrayıb pişikləri qovmayacaqdır.
Xəşili yeyib, qarnını bərkidəndən sonra Qubad qoca kişilər kimi “ya Allah” deyib ayağa dururdu. “Gedək o ata da bir şey verək yesin”. Həmişə həyətdən çıxanda Qubadın mənə yazığı gəlirdi, çünki mən həyətdə tək qalırdım və o bilirdi ki, darıxıram. Mən bibimin, piltəsi aşağı salınmış pilətənin üstündə hər səhər hazır qoyub getdiyi çaydandan bir stəkan çay töküb, şirin çayla nahar eləyirdim. Mərcan xalanın qapısı qabağında, eyvanda tək-tənha oturub evdəki radioya qulaq asırdım. Hər səhifəsinə gözüyumulu bələd olduğum dərs kitablarımı vərəqləyirdim. Tənha narın barəsindəki nağılı da mən o vaxtlar hesab dəftərimin boş qalmış vərəqlərinə yazmışdım: vərəqlər qurtarmışdı, ancaq nağıl qurtarmamışdı.
Hələ biz birinci dəfə bu həyətə gələndə, onda ki, bibimlə Mərcan xala çörək dükanında təzəcə görüşüb öpüşmüşdü; onda ki, biz böyük küçə ilə yuxarı qalxırdıq, – yenə Mərcan xala açarlarını cingildədirdi və yenə yoldan keçənlər ona salam verirdi; onda ki, daşlı, dar küçələrdə bibimlə Mərcan xala kənddən, oradakı keçmiş fabrikdən, müharibə vaxtı bizim kəndə gələn saldatlardan danışa-danışa tələsik addımlarla yeriyirdilər və mən onların dalınca qaçırdım – onda mənə elə gəlirdi ki, bu şəhərdə yaşamaq olar, burada da məktəbə getmək olar, baxmayaraq ki, ürəyimin bir yerində kəndə qayıtmaq arzusu get-gedə güclənirdi.
Elə ki, biz qapını açıb həyətə girdik, elə ki, mən uca divanı, çirkli torpağı, bədbəxt nar kolunu gördüm – onda mənə elə gəldi ki, bibimin burada işləməyi və mənim burada məktəbə getməyim hansı əfsanəvi narınsa üstündəki qırmızı güllər kimi boş bir şeydir və biz elə bu gün mütləq kəndə qayıdacağıq.
Mərcan xala öz evinin, bizim kənddəki təndirəsər yerlərinin qapısına bənzəyən, alçaq, qırmızımtıl qapısını açdı. Eyvanda neft pilətəsinin üstündə bizə çay qoydu. Mən qapıda dayandım, çünki o evə girmək istəmirdim. Mən bu saat kəndə qayıtmaq istəyirdim, çünki o evə girmək istəmirdim, çünki Mərcan xalanın otağı alçaq idi, çünki həyət qaranlıq idi, torpaq qara idi, çirkli idi, çünki bibim məni aldatmışdı: narın üstündə qırmızı güllər yox idi.
Ancaq bibim öz qəşəng başmaqlarını qapının qabağında çıxarıb, o alçaq, ala-qaranlıq otağa sevinə-sevinə girdi. O, Mərcan xalanın təzə aldığı samovar örtüyünü təriflədi, ramkadakı şəkillərə baxdı, taxçadakı qab-qaşığa baxdı. Hələ bibim stolun üstündəki aynanın qabağında fırlanıb, çoxdan eləmədiyi hərəkətləri də elədi: saçlarını düzəltdi, qaşlarını düzəltdi, özünün arxa təraifini də aynada görmək üçün bibim yüz cür oyunlar çıxartdı.
Sonra biz Mərcan xalanın otağında boz, təmiz brezentin üstündə oturub çay içəndə mən ümid eləyirdim ki, kəndə qayıdacağıq. Mərcan xala ilə bibim zavoddan danışırdılar, mən hələ də ümid eləyirdim ki, biz burada qalmayacağıq. Daha mənim üçün kənddə heç nə dəhşətli deyildi: nə Yaqubun bizə gəlməyi, nə camaatın dedi-qodusu... Nə olsun ki, Nabat xala salamımızı almırdı, nə olsun ki, Sədəf bacı bizi danışdırmırdı. Axı, bizim, dağın döşündə evimiz vardı: qabağında bağ, qapısında gül-çiçək; orada tut təzəcə ağarırdı, gilanar təzəcə qızarırdı; nə olsun ki, pəncərəmizin şüşəsini Yaqub salmışdı, nə olsun ki, həyətimizin torpağını Yaqub əkmişdi, o evi ki, bizim əlimizdən alan yox idi.
Məni vahimə bürümüşdü, ancaq bibim sevinirdi. O, çayı nəlbəkiyə töküb, püfləyə-püfləyə, tələsə-tələsə, sevinə-sevinə içirdi və bibimə baxdıqca mənə elə gəlirdi ki, bu qaranlıq həyəti, bu nəmli torpağı, o uca divarları və üstündə bir yığın kül rəngli yarpaqdan başqa heç nə olmayan xırdaca nar kolunu yaxşı-yaxşı görəndən sonra bibim də kənddəki evimizi yadına salır. Mənə elə gəlirdi ki, bibim buna görə sevinir. Ona görə sevinir ki, biz bu gün kəndə qayıdacağıq, qapımızın qıfılını açacağıq, mən ağacın başına dırmaşıb gilas dərəcəyəm, bibim divarın üstünə çıxıb tut yeyəcək...
Çayını içəndən sonra bibim durub bir də aynanın qabağında hərləndi, ramkadakı şəkillərə bir də baxdı, Mərcan xalanın samovarın üstünə saldığı ağ sapdan toxunmuş örtüyü bir də təriflədi. Sonra bibim həyətə çıxdı və o, sevinə-sevinə qayıdıb gələndə mənə məlum oldu ki, biz nəinki burada – Mərcan xalanın ala-qaranlıq otağında, hətta eyvanda bir-birinin yanına düzülmüş qara, qapısız otaqların birində də “sil-süpür eləyib” qala bilərik...
Kitabxana.az · https://kitabxana.az/en/works/ekrem-eylisli-tenha-narin-nagili
Use ← → keys to move, R for a random poem
More by this author
Təyyarə Moskvadan gecə çıxdı: saat on ikiyə beş-on dəqiqə qalırdı. Əli Ziyadan və Səfalı müəllimdən savayı Yəmənə gedən bir də bir eynəkli, arıq arvad idi: Polina Viktorovna – şərqşünas, elmlər doktoru. Özü də kiyevli deyildi, moskvalıydı, Lomonosov universitetinin professoruydu.Simferopoldan sonra, bir də Qahirənin təyyarə vağzalında – hələ gecəykən – az-maz dayanıb, səhəri, sübh-tezdən, Səna şəhərinin aeroportunda açdılar. O aeroportdan Səfalı müəllimin yadında qalan bir bomboz çöl-biyaban idi; alçaq, çılpaq boz dağlar idi. Bir növ Abşeron mənzərəsi: təxminən Xızı, Dəvəci, Qobustan tərəflər... Orda-burda – dağların, təpələrin yan-yörəsində ara-sıra göylük, çəmənlik də gözə dəyirdi. Həl halda, həyat həqiqətinə həmişə sadiq olan Əli Ziya o səhər o aeroportda bədahətən dediyi o üç-dörd misrada da öz yaradıcılığının bu başlıca prinsipinə qətiyyən xələl gətirməmişdi.
Üçüncü fəsil. Əli Ziya– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.Səfalı müəllim:
Dördüncü fəsil. Buzbulaq, Xızır kişi, De Qoll, Nil Armstronq və sairBir vaxt Xızır kişini ARAN deyilən yerə yola saldığı həmin o dəmiryol vağzalında Səfalı müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adamı bıçaq kimi kəsirdi.Təsadüfən rastına çıxan bir cavan oğlanın “Moskviç”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsli-küylü müşayiətilə Səfalı müəllim – öz dədə-baba evinin hələ heç astanasına da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.
Beşinci fəsil. Adsız fəsilZuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşamtərəfi, Səfalı müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun – səsi titrəyə-titrəyə – şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.TARYEL* gəlmişdi. Bakıdaydı. Lora arvad Səfalı müəllimin Leninqrada, qızının yanına getdiyini o Taryelə azı on dəfə desə də, o gədə, o qapıdan yenə əl çəkmirdi. Gündə düz üç dəfə – səhər, günorta və axşam – Loranın qapısının zəngini basırdı, Səfalı müəllimin Leninqraddan gəlib-gəlmədiyini soruşurdu.
Poems by other poets
Ey balam! Sən neçün yatmayırsan?Hər zaman ah edib ağlayırsan?
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Sındır qanadımı, qırıq simlərdəSındır qanadımı, qırıq simlərdəBir də eşq havası çalmaq olarsa.
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı