Page 8 of 19 · 37%

Üç-dörd gündən sonra biz sübhün gözü açılandan kimsədən xəbərsiz qapımızı qıfılladıq: bir mənim kitablarımı götürdük, bir də olanqalan çörəyimizi. Axşamdan külünü boşaldıb, hazır qoyduğumuz samovarı və palazı, büküb kendirlə bağladığımız yorğan-döşəyi sonra bibim gəlib bir-bir aparacaqdı, hələlik gedib yerbəyer olmaq lazım idi.

Biz qapını bağlayanda hələ heç kəs yuxudan durmamışdı. Hələ çox-çox ulduzlar batmamışdı. Göyün tən ortasında dayanmış Ay da, işığını söndürüb, bir quruca qabıq kimi havanın üzündə qalmışdı və ondan aşağıda səhərin boz toranına bürünmüş qoz ağacındakı qarğa da hələ yatırdı.

Hələ çeşmənin suyu boş-boşuna axırdı, çünki Sədəf bacı yatırdı. Bir azdan Sədəf bacı qablarını çeşmənin gözünə düzəcəkdi və yerdən torpaq qazıyıb, bir çəngə ot ilə o qabları sürtdükcə sürtəcəkdi. Sonra Sədəf bacı hər iki vedrəsinə su doldurub, göyərmiş arıq qollarını vedrələrin dəmirinə keçirəcəkdi və o getdikcə qablar suyun içində taqqıldayacaqdı. Sabah, biri gün, yaxud da, kim bilir, bəlkə elə bu səhər qablarını çeşmənin qırağına düzəndə, divarın torpağını qaşıyanda, yaxud iri, ağır samovarı qulpundan tutub sallaya-sallaya çeşməyə gətirəndə Sədəf bacı eşidəcəkdi ki, biz kənddən getmişik, biləcəkdi ki, biz Yaqubu onun əlindən almaq istəmirik.

Bu gün, sabah, yaxud biri gün Tovuz müəllim küçəyə çıxıb arvad olduğuna görə, müəllim olduğuna görə, qoca olduğuna görə və nəhayət “Kazbek” çəkdiyinə görə lovğa-lovğa küçədə gəzinəndə ona bibimin də, mənim də kənddən getməyimizi xəbər verəcəkdilər və o biləcəkdi ki, Yaqub bibimi almayıb. Əvvəlcə Tovuz müəllim damarları çıxmış, sümükləri qabarmış əlini papiros külü rəngində olan arıq çənəsinə söykəyib fikrə gedəcəkdi və bu vaxt onun nazik barmağındakı qalın qızıl üzük parıldayacaqdı. Sonra o, qolundakı saata baxacaqdı. Mütləq saata baxacaqdı, – halbuki bizim, kənddən nə vaxt getməyimiz və nə üçün getməyimiz barədə o saatın üstündə heç nə yazılmamışdı. Sonra, yəqin ki, Tovuz müəllim göy, ipək donunu qaldırıb bir təmiz səkinin üstündə, yaxud bir açıq qapının astanasında oturacaqdı və onun göy donunun altından geydiyi ağappaq, tərtəmiz alt tumanı görünəcəkdi... “Kazbek”i yandırıb çəkə-çəkə Tovuz müəllim bibimin məktəb vaxtlarından danışacaqdı və bu barədə danışsa, mütləq deyəcəkdi ki, əgər Mədinə oxumağın dalınca getsəydi, indi “Verxovni Sovet”də idi. Tovuz müəllim mənim barəmdə də yəqin ki, həmişə dediyi sözləri deyəcəkdi: “O nəsildən oxuyan çıxmayıb, ancaq bu gədə oxuyacaq”.

Axşamçağı Nabat xala Yaqub gələndən sonra tikdiyi təzə satın çadrasını başına salıb, küçənin qırağında, qoz ağacının dibində, arxın yanında bardaş qurub oturmuş çadralı arvadlarla söhbət eləmək üçün “başmaq seyri”nə çıxanda qapımızdakı qıfılı görəcəkdi: sabah da belə, biri gün də belə... Nəhayət, Nabat xala biləcəkdi ki, biz getmişik. Onda Nabat xala bibimi dindirmədiyinə və mənim salamımı almadığına görə çox peşman olacaqdı və sonra qoz ağacının altında, arxın qırağında çadralı arvadların yanında bardaş qurub oturanda mütləq bibimin yaxşılığına danışacaqdı. Orada bibim, hər şeydən əvvəl, özgənin yetimini öz balası kimi saxlayan behiştlik bir adam olacaqdı, sonra “abırlı gəlin”, “ismətli cüvanəzən”. Nabat xala oğlunun hələ lap uşaqlıqdan bibimdən ötrü “dəli-divanə” olmağını arvadlara deməyəcəkdi. Hətta Yaqubun hər axşam bizə gəlməyi də o gün, qoz ağacının dibində, düzü-dünyanı ağzına götürmüş nanəcib adamların uydurması olacaqdı. O gün qoz ağacının altında Yaqub, bütün başqa məziyyətləri ilə bərabər, həm də qəlbi yuxa, ürəyi geniş, əliaçıq bir adam olacaqdı və onun bizim pəncərəyə şüşə salmağı bununla izah ediləcəkdi. Əgər Sədəf bacının tez-tez atası evinə gedib-qayıtmağından söhbət düşsəydi, mən yeqin bilirdim ki, Nabat xala nə deyəcəkdi: “Yaqub, anası ölmüş, bir az kəmhövsələdir, Sədəf də, pir olmuş, bir az əldən yavaşdır. Olur da. Ev qovğasız olmaz”.

Orada, arxın qırağında arvadların çoxu bibimi qınayacaqdı: tutu ağacda qoyub gedib, gilası qurd-quşun ümidinə buraxıb... Yəqin ki, arvadların içində bibimin dalınca pis danışan da tapılacaqdı: dava vaxtı ərinin topdağıtmaz evini dağıtdı, indi də atasının yurdunu viran qoymaq istəyir...

Hələ arxın qırağı boş idi, Nabat xalanın müşdükdən püfləyib saldığı xırda-xırda “Pamir” kötükləri də hələ arxın içində dururdu. Hələ küçədən mal-davar keçməmişdi və Aslan babanın çinar dibində çəliyin ucu ilə açdığı “heroqlif” yazılarına ayaq dəyməmişdi. Orda-burda itlər hürüşürdü, bu səslərin içində Səfərin balaca küçüyünün səsi aşkar seçilirdi. Bir azdan Səfər də yuxudan duracaqdı və balaca küçük, balaca quyruğunu oynada-oynada, dağın döşü ilə balaca-balaca quzuların dalınca qaçacaqdı... Bir azdan ya Aslan baba, ya Xədicə xala, ya da, kim bilir, bəlkə elə Yaqubun özü beli çiyninə qoyub dəyirman arxından su bağlamağa gedəcəkdi və qıjıltı ilə axan su “Pamir” kötüklərini arxdan yuyub aparacaqdı. Bir azdan sonra qarğa da yuxudan ayılacaqdı və ayılan kimi qoz ağacının başından telefon məftillərinin üstünə atılıb qarıldayacaqdı. Qarğa məni çağıracaqdı. Mən həyətə çıxmayacaqdım: bu gün də, sabah da, biri gün də... Nəhayət, qarğa da biləcəkdi ki, biz getmişik: görəsən, bundan sonra o, kiminlə danışacaqdı? Görəsən, qarğa bundan sonra o yağışın yağmağını kimə xəbər verəcəkdi və yağış kəsəndən sonra, gün düşəndən sonra yuvasından çıxıb kiminlə sevinəcəkdi?

Görəsən, qarğa mənsiz necə yaşayacaqdı: axı mən illər boyu onun yumurtalarını uşaqlardan qorumuşdum. Yumurtalardan bala çıxanda və qarğa onlara uçmaq öyrədəndə mən itləri, pişikləri o həndəvərə yaxın qoymamışdım, hətta suya, palçığa bulaşa-bulaşa mən qaranlıq lağımlara soxulub, qarğanın balalarını çıxartmışdım...

Biz qapını bağlayanda hələ heç kəs yuxudan durmamışdı. Hələ çox-çox ulduzlar batmamışdı. Göyün tən ortasında dayanmış ay da işığını söndürüb, bir quruca qabıq kimi havanın üzündə qalmışdı və ondan aşağıda səhərin boz toranına bürünmüş qoz ağacındakı qarğa hələ də yatırdı...

Ucsuz-bucaqsız düzəngahda bir bibim idi, bir də mən idim, bir də ayın nazik qabığı havanın üzündə durmuşdu.

Bir vaxt atamın, yanında yıxılıb ağladığı yastı qaya düzün ortasında bozumtul kölgə kimi görünürdü, qorxunc əzgil kolu da yolun qırağında kölgəyə bənzəyirdi. Nə qədər qəribə olsa da, mən o əzgil koluna vahiməsiz baxa bilmirdim. Mənə elə gəlirdi ki, o kol bir naməlum körpə qızı bir naməlum bələkdə boğmuşdur.

Mən sevinirdim, çünki ucsuz-bucaqsız düzəngahda bir bibim idi, bir də mən idim, bir də ayın nazik qabığı havanın üzündə durmuşdu. Məni həm də ağlamaq tuturdu və nədənsə, mənə elə gəlirdi ki, lap bu axşam divardan həyətə atılıb qapımızdakı qıfılı görəndə Yaqubu da ağlamaq tutacaqdı. Mənə elə gəlirdi ki, Yaqub həyətdə, zoğalın dibində, əkdiyi xiyar, kartof arxlarının qırağında oturub ağlayacaqdı. Atam kimi nər kişi ağlayanda Yaqub ağlaya bilməzdimi?..

Yüngül çörək dəsmalı mənim əlimdə idi. Tənziflə bağlanmış kitabdəftəri bibim aparırdı. Bibimin ayağında yüngül və qəşəng ayaqqabı vardı – hələ bizim kənddə ipək fabriki olanda bir gün işdən sonra bibim də, Mərcan xala da o başmaqdan, hərə bir cüt geyib gəlmişdilər. Bir ay keçməmiş Mərcan xala öz başmaqlarını rayon yollarında dağıtmışdı. Ancaq bibimin başmaqları indiyəcən sandıqda qalmışdı. Elə bil bibim öz başmaqlarını bu gün üçün saxlamışdı və indi onları geydiyinə sevinirdi. Öz təzə başmaqlarında bibim olduqca xoşbəxt görünürdü. Kim bilir, bəlkə də belə deyildi. Bəlkə bibim o çınqıllı yollarda məni güldürmək, sevindirmək üçün atılıb-düşürdü, məni vurub qaçırdı. Bibim şəhərdəki zavodlardan danışırdı: o yerda ki, işçilərə hər ay maaş verirdilər, o yerdə ki, işçilərin uşağına paltar verirdilər, başmaq verirdilər... Mərcan xalanın evi də qəşəng ev idi. O evi bibim, bir dəfə, mənim gecikmiş pensiyamı – atamın “qan pulu”nu almaq üçün rayona gedəndə görmüşdü. Mən orada darıxmayacaqdım, çünki Mərcan xalanın evində radio vardı – biz o radioda cürbəcür mahnılara qulaq asacaqdıq. Mən darıxanda çıxıb küçədə gəzəcəkdim: o küçədə də çinar vardı: indi o nar qırmızı-qırmızı güllər açmışdı... Yayda ağacın üstündə balaca-balaca narlar olacaqdı və yayda bibim mənə təzə-təzə kitablar alacaqdı... Bibim şəhər məktəbinin yaxşı-yaxşı müəllimlərindən danışırdı, elə səslə danışırdı ki, mən onun mahnı oxuduğunu zənn eləyirdim. Həmin səslə də bibim mahnı oxuyurdu: söz demirdi, ancaq oxuyurdu və mən bilirdim ki, o, danışır. Kim bilir, bəlkə bibim oxumurdu, danışmırdı, beləcə mızıltı ilə nağıl deyirdi: düzə, daşa, əzgil koluna, ayın qabığına... Bu titrək, bu tanış səslə bibim mənə azmı olmuş və olmamış nağıllar başlamışdı. Biri vardı, biri yoxdu...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci fəsil. Yəmən

Təyyarə Moskvadan gecə çıxdı: saat on ikiyə beş-on dəqiqə qalırdı. Əli Ziyadan və Səfalı müəllimdən savayı Yəmənə gedən bir də bir eynəkli, arıq arvad idi: Polina Viktorovna – şərqşünas, elmlər doktoru. Özü də kiyevli deyildi, moskvalıydı, Lomonosov universitetinin professoruydu.Simferopoldan sonra, bir də Qahirənin təyyarə vağzalında – hələ gecəykən – az-maz dayanıb, səhəri, sübh-tezdən, Səna şəhərinin aeroportunda açdılar. O aeroportdan Səfalı müəllimin yadında qalan bir bomboz çöl-biyaban idi; alçaq, çılpaq boz dağlar idi. Bir növ Abşeron mənzərəsi: təxminən Xızı, Dəvəci, Qobustan tərəflər... Orda-burda – dağların, təpələrin yan-yörəsində ara-sıra göylük, çəmənlik də gözə dəyirdi. Həl halda, həyat həqiqətinə həmişə sadiq olan Əli Ziya o səhər o aeroportda bədahətən dediyi o üç-dörd misrada da öz yaradıcılığının bu başlıca prinsipinə qətiyyən xələl gətirməmişdi.

199130 min
Üçüncü fəsil. Əli Ziya

– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.Səfalı müəllim:

199116 min
Dördüncü fəsil. Buzbulaq, Xızır kişi, De Qoll, Nil Armstronq və sair

Bir vaxt Xızır kişini ARAN deyilən yerə yola saldığı həmin o dəmiryol vağzalında Səfalı müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adamı bıçaq kimi kəsirdi.Təsadüfən rastına çıxan bir cavan oğlanın “Moskviç”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsli-küylü müşayiətilə Səfalı müəllim – öz dədə-baba evinin hələ heç astanasına da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.

199138 min
Beşinci fəsil. Adsız fəsil

Zuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşamtərəfi, Səfalı müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun – səsi titrəyə-titrəyə – şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.TARYEL* gəlmişdi. Bakıdaydı. Lora arvad Səfalı müəllimin Leninqrada, qızının yanına getdiyini o Taryelə azı on dəfə desə də, o gədə, o qapıdan yenə əl çəkmirdi. Gündə düz üç dəfə – səhər, günorta və axşam – Loranın qapısının zəngini basırdı, Səfalı müəllimin Leninqraddan gəlib-gəlmədiyini soruşurdu.

199114 min

Poems by other poets