Page 6 of 19 · 26%

Bibim kağızı yazıb qurtardı, ancaq nədənsə bu dəfə onun üzündəki sevinc xeyli vaxt çəkilib getmədi. O, kağızı səliqə ilə büküb üçbucaq şəkilli məktub elədi. Dedi ki, bunu Mərcan xalaya verərsən. Dedi ki, Mərcan xala çörək dükanında işləyir. Sonra uzun müddət bibim çörək dükanının yerini təsvir elədi. Sonra bibim qələmi götürüb məktubun üstündə Mərcan xalanın adını da yazdı: elə bil yazmaqdan doymamışdı. Bibim dedi ki, məktubu Yaquba tapşıracağam, eşşəyin belinə qoyacaq. Özün də yorulanda eşşəyin tərkinə minərsən, – dedi, – və palandan bərk-bərk yapışarsan, çörəyini düz çatanda yeyərsən, özü də rahat yeyərsən, bir işin olsa, bir daşın dalına çəkilərsən, məbadə Yaquba görə tələsiyəsən. Nəhayət, bibim dedi ki, (və ilk dəfə dedi ki) Yaqub eşşək adamdır, o, belə şeyləri başa düşməz.

Səhər idi və biz rayona gedirdik: qabaqda eşşək, sonra Yaqub, sonra mən. Mən əynimə tərtəmiz şalvar geymişdim. Heç bilmirəm bibim onu nə vaxt yuyub-qurutmuşdu (məktub da şalvarın cibində idi). Yuyulmuş qaloşlarımın içinə bibim üç-dörd qat kağız qoymuşdu, ancaq daşlar yenə də ayağımı ağrıdırdı. Yaqub çarıq geymişdi, iki cüt yun corabın birini çıxartmışdı, biri ayağında idi. Eşşəyin də ayaqları, yəqin ki, ağrımırdı, o, getdikcə ayağındakı nallar daşlara dəyirdi, təzə nallar par-par parıldayırdı.

Kisəyə salınmış gilas vedrəsini mən dalımda aparırdım. Qabağımca Yaqub qollarını ata-ata gedirdi. Bir vaxt atam bu yollarda çuval-çuval şey daşıdığına görə, mən o vedrəni dalımda aparmalı idim, bu, mənim böyüyəndə atam kimi igid olmağım üçün lazım idi.

Necə olmuşdu ki, mən bunu əvvəldən bilməmişdim. Bilsəydim, heç olmasa vedrəni bu qədər doldurmazdım. Mən Yaqubu zərrə qədər də qınamırdım: təki o, bir az yavaş gedəydi. Qara eşşək də elə bil həvəsə gəlmişdi, qaça-qaça, sevinə-sevinə gedirdi, belindəki iki tay yükü o, çox asanlıqla aparırdı, hələ xoşbəxtlikdən qara, qəşəng quyruğunu da yelləyirdi.

Getdikcə qurtarmaq bilməyən düzəngah boz, zalım və qəzəbli idi və o boz, zalım, qəzəbli düzəngahda Yaqub mənim atamın igidliklərindən danışırdı. O anda atamın sifəti də mənim üçün boz, zalım və qəzəbli idi, halbuki mən onu həmişə Yaqub kimi qırmızısifət görmüşdüm.

Ucubiz, iti daşlar tez-tez ayağıma dəyib dırnaqlarımı sızıldadırdı. O daşlar da boz, zalım və qəzəbli idi, İmkanım olsaydı, mən vedrəni çiynimdən yerə qoyub, o daşları daha böyük daşlarla bir-bir əzərdim, halbuki kəndin yollarında mən bunu çox eləmişdim və heç vaxt ürəyim soyumamışdı. İndi mənə elə gəlirdi ki, dörd bir tərəf bu cür zalım və amansız daşlardan ibarətdir və dəhşət də burasındadır ki, onları döymək, ağrıtmaq, ağlatmaq mümkün deyil.

Göyün üzü də boz idi, tutqun idi, çünki günün çıxmağına hələ çox qalırdı. Qabaqdakı əyri dağ da boz, zalım və qəzəbli görünürdü: mən bu ağır vedrəni o dağın başma çıxarmalı idim. Mənim ağlamağım gəlirdi, ona görə yox ki, daşlar ayağıma dəyirdi, vedrə belimi kəsirdi, ona görə ki, dörd bir tərəf boz, zalım və qəzəbli daşlardan ibarət idi və onları döymək, ağrıtmaq, ağlatmaq mümkün deyildi.

Biz gedirdik və telefon məftilləri boyunca bir boğuq sızıltı gedirdi: elə bil telefon məftilləri ağlayırdı. Hərdən Yaqub əlindəki heyva çubuğunu öz əsgər şalvarının şiş yerinə vururdu: bu vaxt eşşək diksinib irəli cumurdu. Bu boz, zalım və qəzəbli mənzərədə zalım olmayan bircə şey vardısa, o da Yaqubun eşşəyi idi, çünki eşşək Yaqubun çubuğundan qorxurdu. Küçələrdə Yaqubun əmri ilə eşşəyin boynunu saxlayanda onun qonur gözlərində mən heç vaxt zalımlıq görməmişdim. Mən o gözlərdə çox vaxt ağrı və əzab görmüşdüm. Əgər Yaqub burada olmasaydı, mən vedrəmi eşşəyin belinə qoyardım və yəqin bilirdim ki, buna görə o məndən inciməzdi. Əvəzində mən onun belini qaşıyardım, başımı sığallayardım, qarnındakı çibinləri qovardım. Deyərdim ki, götür mənim vedrəmi, qara eşşək, bu sənin üçün çətin olmaz. Belində palanın var – kürəyin ağrımayacaq. Ayağına nə qədər daş dəyir-dəysin – fərqi yoxdur. Ancaq mənim dımaqlarım yaman ağrıyır, qara eşşək, belim də ağrıyır, sızıldayır, qollarım lap haldan düşüb, qəşəng eşşək, barı sən bir az yavaş get...

Hərdən eşşək addımını yavaşıdırdı, elə bil mənim sözümü eşidirdi və bu vaxt heyva çubuğu şalvarın şiş yerinə dəyirdi, eşşək diksinib irəli cumurdu. Hələ günün heç gözü də görünmürdü, ancaq məni tələsdirə-tələsdirə Yaqub yola gec çıxmağımızdan şikayətlənirdi: öz işini bilən adam gərək dan yeri sökülməmiş bu düzün axırına çatmış olaydı, çünki səhər bazarına bazar çatmazdı. Çünki keçmiş həqiqi kişilər sübhü dağın başında açarmışlar, səhərin şirin vaxtı bazarda olarmışlar...

Hərdən Yaqub mənə ürək-dirək verirdi – axı səkkiz kiloluq vedrə nə idi ki? Mənim yaşımda olanda atam üç pudluq dəni bu yolla dəyirmana aparmışdı, çünki o vaxt bizim kənddə dəyirman yox idi. Qışda atamla Yaqub yollarda dönə-dönə canavara rast gəlmişdilər, onlar heç vaxt qorxmamışdılar. Qorxmamağı Yaqub mənim atamdan öyrənmişdi. Mən də atam kimi qorxmaz olmalı idim...

Çox vaxt Yaqub göyə baxa-baxa gedirdi və nədənsə, göyə baxanda onun oxumağı gəlirdi. Yaqub göyə baxa-baxa oxuyurdu və əlindəki heyva çubuğu, köynəyinin çiyin tərəfində, onun oxuduğu havalara dəm tuturdu. Yaqub ona görə oxuyurdu ki, hələ bizim kef çəkəcəyimiz günlər qabaqda idi: bu yay Yaqubu kolxoza anbardar qoyacaqdılar. O məni də əlinin altında işlədəcəkdi və mən orda doyunca badam yeyəcəkdim, pendir yeyəcəkdim... Biz noxudu bir həftə çəkəcəkdik və hər həftə noxud ən azı bir pud artıq gələcəkdi, çünki noxud nəmçəkən şey idi, ancaq qoz qaldıqca azalırdı. Qoza su səpməyin də qaydası vardı, taxıla qum qatmağın da qaydası vardı, bütün bu qaydaları Yaqub öz atasından öyrənmişdi, çünki onun atası uzun müddət kolxozun anbardarı olmuşdu...

...Sonra mənə elə gəlirdi ki, sağ ayağımın barmaqları yoxdur. Biz dağın ətəyinə çatanda qollarım da yoxa çıxdı. Orada Yaqub vedrəni yerə qoyub dincəlmək üçün mənə icazə verdi. Ancaq mən vedrəni yerə qoymadım. İndi mən heç bir yerimdə ağrı hiss eləmirdim. Bircə onu hiss eləyirdim ki, Yaquba nifrət eləyirəm. İstəyirəm ki, bu nifrət daha da çox olsun, çünki o artdıqca ağrılar azalırdı. O artdıqca elə bil qollarıma qüvvət gəlirdi və dağın zirvəsi mənə yaxın görünürdü. Mən onda, bəlkə də, “nifrət” sözünün mənasını bilmirdim, ancaq vedrəni dağın başına çıxarmaq üçün nə lazım olduğunu bilirdim.

Dağın təpəsində vedrə çiynimdən götürüldü, buradan rayonacan onu eşşək aparacaqdı. Yaqub mənim başıma sığal da çəkdi: elə bil mən vedrə ilə güləşmişdim və Yaqubun oğlu çeşmənin qırağında uşaqların belini yerə vuran kimi, mən o vedrənin belini yerə vurmuşdum. Sonra Yaqub köynəyimi qaldırıb ehmal-ehmal çiynimi ovxaladı, mən qəhərləndim, ancaq ağlamaq istəmədim. Mən sevindim, həm də sevinmək istəmədim, çünki indi “nifrət” dediyim o şeyi itirməkdən qorxurdum. “Nifrət” dediyim o şeyi dağın başında çörək yeyəndə də mən dişimin dibində bərk-bərk tutmuşdum, çünki vedrənin belini yerə qoyduğuma görə, Yaqub çörək dəsmalındakı toyuğun yarıdan da çoxunu mənə vermişdi... Mən toyuğu yeyirdim və haradasa dişimin dibində o nifrəti də saylayırdım – hələ onda mən dağın o tayındakı bağları görmürdüm: hələ onda gilas ağaclarının başına gün düşməmişdi və gilaslar qızıl sırğa kimi parıldamırdı. Dağdan aşıb bağların üstü ilə gedəndə mən “nifrət” dediyim o şeyi bir daşın dibində salıb itirdim və bir qəribə itki qorxusu sonra uzun müddət məni tərk eləmədi. Bibimin Mərcan xalaya yazdığı məktubu əlimin altında bərk-bərk saxlaya-saxlaya rayona çatanacan mənə elə gəldi ki, məktubu salıb itirmişəm, özə də həmin daşın dibində itirmişəm...

Gilası satandan sonra, mən Yaqubun gözündən yayınıb, bazarın qabağındakı küçəyə çıxan kimi çörək dükanını gördüm. Əvvəla, onun çörək dükanı olmağı üstündə yazılmışdı. İkincisi, oradan çıxan adamlar əllərində çörək aparırdılar. Üçüncüsü, o dükanın qabağında adam çox idi və bibimin dediyinə görə, qabağında çox adam olan dükan məhz çörək dükanı olmalı idi. Ancaq bibim bundan başqa o qədər söz demişdi ki, mən gördüyüm bu dükanın Mərcan xalanın dükanı olduğuna şübhə eləyirdim. Daha doğrusu, bibimin oranı tapmağı bir çətin şey kimi izah eləməyi məni çaşdırmışdı. Əgər bibimin dediyi uzun küçə bu idisə, bəs o qorxulu, dəhşətli maşınlar harada idi? Bu küçədən, necə deyərlər, ayda-ildə bir maşın gəlib keçirdi, həm də o keçənəcən yolu on dəfə o baş-bu başa gedib-gəlmək olardı. Mən hansı böyük yolun qırağında dayanıb maşınların keçməsini gözləməli idim? Axı, burada bircə böyük yol vardı. Qalan yollar bizim kəndin yollarına bənzəyirdilər, oradakı evlər də kənd evlərinin eyni idi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci fəsil. Yəmən

Təyyarə Moskvadan gecə çıxdı: saat on ikiyə beş-on dəqiqə qalırdı. Əli Ziyadan və Səfalı müəllimdən savayı Yəmənə gedən bir də bir eynəkli, arıq arvad idi: Polina Viktorovna – şərqşünas, elmlər doktoru. Özü də kiyevli deyildi, moskvalıydı, Lomonosov universitetinin professoruydu.Simferopoldan sonra, bir də Qahirənin təyyarə vağzalında – hələ gecəykən – az-maz dayanıb, səhəri, sübh-tezdən, Səna şəhərinin aeroportunda açdılar. O aeroportdan Səfalı müəllimin yadında qalan bir bomboz çöl-biyaban idi; alçaq, çılpaq boz dağlar idi. Bir növ Abşeron mənzərəsi: təxminən Xızı, Dəvəci, Qobustan tərəflər... Orda-burda – dağların, təpələrin yan-yörəsində ara-sıra göylük, çəmənlik də gözə dəyirdi. Həl halda, həyat həqiqətinə həmişə sadiq olan Əli Ziya o səhər o aeroportda bədahətən dediyi o üç-dörd misrada da öz yaradıcılığının bu başlıca prinsipinə qətiyyən xələl gətirməmişdi.

199130 min
Üçüncü fəsil. Əli Ziya

– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.Səfalı müəllim:

199116 min
Dördüncü fəsil. Buzbulaq, Xızır kişi, De Qoll, Nil Armstronq və sair

Bir vaxt Xızır kişini ARAN deyilən yerə yola saldığı həmin o dəmiryol vağzalında Səfalı müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adamı bıçaq kimi kəsirdi.Təsadüfən rastına çıxan bir cavan oğlanın “Moskviç”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsli-küylü müşayiətilə Səfalı müəllim – öz dədə-baba evinin hələ heç astanasına da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.

199138 min
Beşinci fəsil. Adsız fəsil

Zuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşamtərəfi, Səfalı müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun – səsi titrəyə-titrəyə – şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.TARYEL* gəlmişdi. Bakıdaydı. Lora arvad Səfalı müəllimin Leninqrada, qızının yanına getdiyini o Taryelə azı on dəfə desə də, o gədə, o qapıdan yenə əl çəkmirdi. Gündə düz üç dəfə – səhər, günorta və axşam – Loranın qapısının zəngini basırdı, Səfalı müəllimin Leninqraddan gəlib-gəlmədiyini soruşurdu.

199114 min

Poems by other poets