Page 2 of 2 · 50%

Taryel ayağa durdu:

– Gedim sənə yemək gətirim, dayı! Hər şey var xaladelnikdə. Nə istəyirsən, gedim gətirim. – Görünür, Səfalı müəllimin genişlik barədə dediklərindən Taryel çox razı qalmışdı.

– Çox sağ ol, mən çörək yemişəm. – Səfalı müəllim zorla eşidiləcək səslə dedi və bayaqdan qucağında, körpə uşaq kimi saxladığı qəzet-jurnalı, nəhayət, böyründə – divanın üstünə qoydu.

– Bağışla da, dayı, bu gün vurmuşam bir az. Gəlməyini bilmirdim axı. Bilsəydim, gəlib qarşılayardım aeroportda... Mənim içkiynən-zadnan bir o qədər işim olmaz, dayı. Bu axşam bəylər bənd oldu, ona görə içdim.

– Hansı bəylər? – Səfalı müəllim, Taryelə baxmaq əvəzinə, nədənsə tavana baxdı.

– Bəylər də!.. – Dayısının avamlığından xeyli təəccüblənmiş Taryel də bir müddət key-key tavanda Səfalı müəllimin baxdığı yerə tamaşa elədi. – Xalqımızın yaxşı-yaxşı oğullarıynan, dayı! Çoxusu akademik idi. Bir-iki şair, yazıçı da varıdı.

Səfalı müəllim hələ də tavana baxa-baxa:

– Allah! Allah! – dedi və dərindən ah çəkdi. Və nə yaxşı ki, Səfalı müəllim o ahı çəkdi, yoxsa o Taryel Səfalı müəllimin gözünün qabağında hələ çox cövlan eləyə bilərdi.

Dayısının ikinci ah-zarına heç cür dözə bilməyəcəyini qabaqcadan hiss eləyən Taryel yavaş-yavaş qapıya tərəf addımladı və qapını elə təzəcə açıb bayıra çıxmaq istəyirdi ki, daldan səs eşidib ayaq saxladı: Səfalı müəllim – əlində bir şüşə şotland viskisi – arxada dayanmışdı.

– Ala, apar. Mənə lazım olmadı. Verərsən o bığlı bəylərdən birinə.

– Saqqallı bəylərə versəm olmaz? – Sən demə, Taryeldə də yumor varmış.

– Bığlıya ver! – Səfalı müəllim ciddi, amiranə səslə dedi. – Saqqallı nə qanır viski nədi? – Və Taryelin arxasınca qapını bərk-bərk bağlayandan sonra olduqca mücərrəd bir söyüş söydü: – Kirlikir!..

Səfalı müəllim qayıdıb divanda əyləşdi. Əvvəlcə Loranın məktubunu oxumaq istəyirdi, ancaq, nədənsə, onu bir tərəfə qoyub, Leninqraddan gələn bağlı konverti açdı.

Məktubu Rəna, kiçik qızının dilindən, rusca yazmışdı: “Деда, милый мой дедушка, ласточка моя незабвенная! Ты уже совсем забыл про меня, даже писем не пишешь. Ты же обещал летом приезжать к нам, а поехал в какую-то деревню. Я очень соскучилась по тебе. Мама Рена тоже очень скучает. А наш папочка недавно ездил в Лондон. Он привез тебе очень хорошую электробритву, а мама Рена не знает послать по почте или подождат твоего приезда. Боится, что пропадет. Теперь, говорят, и на почте полное безобразие. Ты, дедушка, все же постарайся...”

Məktubu sonacan oxumağa Səfalı müəllimin hövsələsi çatmadı. Axırdakı “Твоя внучка – Сонечка” sözlərini oxuyub, vərəqi təzədən konvertin içinə qoydu; Loranın məktubunu oxumağa başladı:

“Дорогой, глубоко уважаемый Сафалы! Извините, что я вас не могла дожидаться. Все получилось очень поспешно, но я рада, что уезжаю. Еду к сестре в Москву. Мою сестру вы знаете, она однажды у меня гостила. Помните, еще она спорила с вами по поводу Сильвы Капутикян. Дорогой Сафалы, вы себе не можете представить, как в эти дни мне было страшно без вас. Не спала целыми ночами. Сидела и ждала, когда бандиты сломают дверь, войдут в квартиру и зарежут. В эти дни ужас, что творится в городе. Будь проклят этот Нагорный Карабах с его целебным, горным воздухом. Этот Карабах натворит еще немало бедствий. Но я, дорогой Сафалы, на вашу нацию не обижена. До сих пор я ничего плохого не видела со стороны азербайджанцев. Как хорошо мы жили, дорогой Сафалы, и так жили бы наверно до конца наших дней, если бы ни этот, с черной жабой на голове. В последнее время прямо душит меня его буйволиная невозмутимость. Страна вся разваливается: кругом одни только крикуны бессовестные процветают, даже школьнику понятно, что это уже никакое не государство, это – бойня, ад кромешный. А он ходит, как-будто ничего не случилось. Даже улыбку подходящую себе подобрал, как американские президенты. О, ужас, Сафалы, что и говорит, так мог поступить с людьми только ставропольский мужик. А ваш племянник, дорогой Сафалы, оказался не таким уж злодеем, каким я его себе представляла. За мои две комнаты он дал мне целое состояние, целых семь тысяч денег. Эти деньги мне на всю жизнь хватит. Он и билет мне достал на самолет. Даже контейнер заказал, чтобы я могла отправить в Москву кое-что из своих вещей. Вашим племянником я осталась очень довольной, дай бог ему здоровья. А вашу почту он вам передаст. Извините, что я вас не могла дожидаться. Прощайте, дорогой, глубокоуважаемый Сафалы. Сейчас поздняя ночь, а завтра ранним утром я уезжаю. Спасибо вам за все.

Лора, ваша соседка”.

Səfalı müəllim vərəqi cırıb tullamadı, onu səliqə ilə büküb, həmişəlik saxlamağı lazım bildi, çünki iyirmi ilin qonşuluğundan Səfalı müəllimə qalan vur-tut o ikicə kərpici dəftər vərəqiydi.

O gecə Səfalı müəllim üçün çox müsibət bir gecə oldu və ömrünün ən dəhşətli yuxusunu da Səfalı müəllim elə o gecə gördü: Ayın səthində – suyu qurumuş dəniz yatağına bənzər – qaramtıl, bozumtul çökək bir yer. Orda-burda – tozdan, qurumdan ibarət qapqara dağlar, təpələr... Və qocalmış, düşgünləşmiş, saçını-saqqalını uzadıb, keşişə-dərvişə dönmüş Nil Armstronq – həm əl arabasına, həm uşaq kolyaskasına oxşayan – Sovet “Lunaxod”unda harasa ölü daşıyırdı. Astronavt hərdən yorulub otururdu. Ayın qapqara tozuna bulaşmış nimdaş şalvar və pencəyinin hər cibindən bir şüşə “Ağdam” şərabı çıxarıb və hər şüşədən düz bir qurtum içib, təzədən işə başlayırdı, çünki suyu qurumuş dəniz yatağına oxşayan o çökəklikdə ölü çox idi, o ölülər Nil Armstronqun sanki gözünə durmuşdu və elə bil onların hamısını daşıyıb qurtarmağın onsuz da mümkün olmayacağını bildiyindən, Nil Armstronq o cür düşkün və ümidsiz görünürdü.

Belə bir müsibəti yuxuda görəndən sonra yəqin ki, hər bir adam bu dünyanan gələcəyi barədə çox bədbin fikirlərə düşə bilərdi. Ancaq (Allah ona qəni-qəni rəhmət eləsin!) Sərən arvad bu dəfə də Səfalı müəllimin yaman dadına çatdı. “Oğul, – dedi, – yuxuda uzun saç-saqqal xeyir-bərəkətdi... Ölüm – rahatlıqdır, xoşbaxtlıqdır. Yuxusunda ölü görənin ömrü on il uzanır, – dedi, – oğul!” Və gecənin məchul bir vədəsi soyuq tər içində yuxudan oyanan Səfalı müəllim anasının səsini eşidib az-maz özünə gəlsə də, o dəhşətli mənzərəni, xüsusən üstündə qapqara hərflərlə “SSSR” yazılmış – əl arabasına və uşaq kolyaskasına oxşayan – o Ayda gəzən Sovet aparatının rəmzi yozumunu da heç cür qulaqardına vura bilmədi. Kim bilir, bəlkə belə bir müsibət də bir vaxt dünyanın başına gələcəkdi: quru dəniz yatağı və saysız-hesabsız insan cəsədi!.. Səfalı müəllim buna inanmaq istəmirdi. Ancaq özünün əvvəllər də heç cür inanmaq istəmədiyi çox şeylərin sonralar həqiqətən baş verdiyini yadına saldıqca, o yuxunun qarası böyük sürətlə Səfalı müəllimin bütün əzalarına yayılmağa başlayırdı, onun əliayağı get-gedə yerdən-göydən tamam üzülürdü.

Dünyanın bəzi-para işlərini qabaqcadan görmək, öz-özlüyündə, bəlkə də elə bir böyük qəbahət deyildi. Ancaq baxır – harda, haçan və hansı məmləkətdə... O kolxoz həngaməsi hələ lap təzə-təzə başlayanda, o həngamənin indisini məgər Xızır kişi görmürdümü? Görürdü, lap əla görürdü. Nəyə görə Sərən arvadın Sovet hökumətinin heç bir işindən gözü su içmirdi – söz yox, ona görə ki, o da qabağı görürdü; bilirdi ki, elə dinsiz hökumətin axırı gec-tez mollaların parlaq qələbəsi ilə qurtara bilər... Amma Xızır kişiyə və Sərən arvada bu dünyada qulaq asan kim idi və Səfalı müəllimin indicə yuxuda gördüyü o müsibət kimin nə vecinəydi...

O yuxunun qara-qurasını otaqdan qovub çıxartmaq üçün Səfalı müəllim durub işığı yandırmaq istədi. Durdu, amma işığı yandırmadı; fikirləşdi ki, birdən Taryel işığı görüb gələ bilər.

Ehmalca qapını açıb balkona çıxdı. Qəribəydi: külək tamam kəsmişdi. Hava lap təzə-təzə işıqlanmaq üzrəydi. Şəhərin üstündə gecəylə gündüzün qarışığından ibarət – çənə, sisə bənzər – boz, ölü bir hava dayanmışdı.

Evi Domsovetə çox yaxın olsa da, Səfalı müəllimin balkonundan Domsovet görünmürdü. Ancaq o Domsovetin qarşısındakı böyük meydandan arabir ah kimi, nalə kimi göyə ucalan insan nəfəsini Səfalı müəllim açıq-aşkar eşidirdi. O, hələ Zuğulbaya getməmişdən, o adamlar ordaydılar; gündüzlər mitinq keçirdikləri o meydanın gecələr, mərd-mərdanə, keşiyini çəkirdilər... Ürəyi azadlıq eşqilə çırpınan vətən balaları... İndi, səhərə yaxın o adamların yorğunluqdan, yuxusuzluqdan – elə bil nəinki ucadan şüar deməyə, heç astadan danışmağa da heyi qalmamışdı. Onların yalnız nəfəsi eşidilirdi. O nəfəs gecəylə gündüzün qarışığından ibarət – çənə, sisə bənzər – ölü havanı hərdən elə bil tərpədirdi, titrədirdi, havadan vahimə iyi gəlirdi. Balkondan qayıdanda, otağın alaqaranlığında, Səfalı müəllimin gözü kitab rəfindəki o üstüşəkilli kitaba sataşdı və dayanıb şəkildəki qaraqaş, qaragöz kişiyə xeyli baxandan sonra Səfalı müəllim axırda bu qərara gəldi ki, dünyanın böyük yazıçısı Uilyam Folkner buzbulaqlı Xızır kişiyə nə qədər oxşayırsa, eynən bir o qədər də buzovnalı Əzizağa kişiyə oxşayır. Bu yerdə Səfalı müəllimin, nədənsə, söyüş söyməyi gəldi.

– Kirlikir! Kirlikir! – deyə, bu mücərrəd sözlə Səfalı müəllim bu gün ikinci dəfə ürəyinin qəzəbini birtəhər soyuda bildi. Sonra əlini uzadıb o kitabı qətiyyətlə rəfdən götürdü. Çünki indicə – lap birdən-birə Səfalı müəllim bu qərara gəlmişdi ki, haçansa Rənanın Leninqraddan gətirdiyi o kitabı, elə günü bu gün mütləq Leninqrada göndərmək lazımdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dəyirman əhvalatı

I**Buzbulağın çayxanasında heç vaxt çox adam olmur, o ki qaldı günün bu vaxtı ola: hələ heç on bir də yox idi.

197616 min
Büllur külqabının nağılı

I**Mirzə Manaf yuxusunda bir qəribə trolleybusa minmişdi; bir suyumu Bakıdakı funikulyorun tramvayına oxşayan, sarımtıl-çəhrayı rəngli bu trolleybus Buzbulağın bir yaşıl yamacı ilə, bir yaşıl arx boyunca, arxın qırağındakı otlara sürtüşə-sürtüşə gedirdi və bu gediş Mirzə Manafa şübhəsiz ki, ləzzət verirdi. Bu gedişin bir ləzzəti də orasında idi ki, yuxunun içində ola-ola Mirzə Manaf özünün yuxuda olduğuna yüz faiz arxayın idi, mindiyi trolleybusun yuxu trolleybusu olduğunu bilirdi və onun yamacdan aşıb çaya düşəcəyindən bir damcı da ehtiyat eləmirdi... Bir də düşsəydi nə olacaqdı: çay yüngül, trolleybus yüngül, hava yüngül... Bu da bir kef idi ki, ayda-ildə bir dəfə Mirzə Manafın əlinə düşmüşdü və səhərin hansı vədəsi olduğunu az qala dəqiqəsinəcən bilsə də, Mirzə Manaf gözlərini açmağa tələsmirdi, yatıb yuxuya qalıb işə gecikməkdən qorxmurdu, çünki Mirzə Manaf yuxuda ola-ola onu da yaxşı bilirdi ki, buradakı vaxt oradakı vaxtdan deyil; Mirzə Manaf arxayın idi ki, orada divar saatının iri əqrəbi bircə dəqiqənin üstündən aşınca, burada – bu Buzbulaq arxının qırağında, Allahın bu qəribə trolleybusunda hələ çox kef eləmək olar.

197323 min
Ön söz yerinə

...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.

19682 min
Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 min

Poems by other poets