Altıncı – axırıncı fəsil. Vaskanın tapılmağı
Ancaq o gün kitabı Leninqrada göndərmək üçün Səfalı müəllim poçta getmədi. Özü də ona görə yox ki, o kitab evdə Rənadan necə olsa bir yadigardı, xatirəydi və yaxud Səfalı müəllimin gözü o kitaba elə öyrəşmişdi ki, ondan həmişəlik ayrılmaq indi ona çətin gəlirdi... Ona görə ki, Ay və Nil Armstronq barədə o müsibət yuxunu gördüyü – elə həmin gecənin səhəri – hava bir balaca işıqlanan kimi, Səfalı müəllimin ağlına birdən-birə bir təzə fikir gəlmişdi və o fikri həyata keçirməmiş, Səfalı müəllim bu dünyada heç bir iş görmək niyyətində deyildi.
... Şəhər dağılırdı. Hər yerdə tətil idi. Bakı camaatı nə ki var, Domsovetin qabağına yığılıb, orada səhərdən axşamacan mitinq keçirirdi... Domsovet Butır türməsinə oxşayırdı. Mərkəzi Komitə Ağdam bazarına, Nazirlər Soveti Şəki hamamına bənzəyirdi. Baksovet Smolnıya çevrilmişdi. Və Smolnıya çevrilmiş həmin o Baksovetinsə uzun, alaqaranlıq dəhlizlərində Səfalı müəllim neçə vaxtdan bəriydi ki, əsir-yesir idi.
Məsul yoldaşlardan biri zəngi basıb, katibəsini çağırdı.
– Priyomnuda çox adam var? – dedi.
– Yox. Elə o kişidi. O DƏLİ KİŞİ. Dördotaqlı evini birotaqlıya dəyişdirmək istəyən.
Məsul yoldaş dərindən ah çəkdi:
– Eh, dünya, dünya! – dedi. – Çarxın dönsün, a fələk! – Və yumruğunu var gücü ilə stola endirib, yanıqlı-yanıqlı əlavə elədi: – Dəli bizik, malışka, o kişi dəli deyil. Heç bilirsən nə kişidi o! Mənə institutda dərs deyib o kişi. Yaxşı ki, bilmir, indi yadından çıxmışam. Eto velikiy uçyonıy. Samorodok. Sovest natsii!.. Dördotaqlı kvartiranı birotaqlıya dəyişməyə nə var. Özü də mərkəzdə, şəhərin prestijni yerində. Başqası olsa bir saata dəyişər o evi, hələ yüz min də nağd pul alıb qoyar cibinə. Ancaq o kişi, görürsən, elə eləmək istəmir. İstəyir hər şey hökumətin qanunuynan olsun. Po zakonu, po sovesti, po spravedlivosti, tı eto ponimayeş? Net, koneçno ne ponimayeş. Nu i ne nado! – Həyəcanlanmış məsul yoldaş cani-dildən alnını ovxaladı. – Slušay, bilirsən də, bu bazar harda yığışırıq?.. Pirşağıda. Nuhbala Nuhiyeviçin daçasında. Kajetsya, ya tebe uje ob etom qovoril.
– Net. Vı mne niçeqo ne qovorili.
– Görürsən də, malışka, yavaş-yavaş skleroz oluruq bu mitinqlərin, piketlərin, zabastovkaların əlindən... Demək: özün, Seva, Roza, bir də – Aynurkaya bu sahat zəng eləyərsən, nəm-nüm eləsə, Tomanı götür. İki nəfər bəylərdən olacaq, bir nəfər də Moskvadandı. Molodoy mayor, vılitıy krasavets. Beləsini Aynurka görməyib şeç vaxt. Oranın adamıdı, Moskvadakı dənizqırağının. Ploşad Dzerjinskoqo, yasno, malışka? Rus deyil, müsəlmanın lap xalisindəndi. Adı da – TARYEL. Şota Rustaveli: "Vityaz v tiqrovoy şkure". Dərsin məktəbdə oxumusan. Test eqo oçen vliyatelnıy general... Cavan, sütül oğlandı, malışka, amma jukdu: dollara tuqrik deyir! – Məsul yoldaş əlini pencəyinin döş cibinə saldı: elə bil cibindən nəsə çıxarıb göstərmək istəyirdi. Ancaq heç nə çıxartmadı; əlini tez cibindən çəkib, məsuliyyətli başını qaşıdı.
– Tuqrik! Oy kak interesno! Vıydu, seyças je Aynurke pozvonyu.
– Katibə sürətlə qapıya tərəf addımladı.
– Podojdi. – Məsul yoldaş dedi. – Ya tebya proşu, malışka, ora gələndə o finski dezodorantı sürtmə canıva. Ondan Vyetnam mazının iyi gəlir. Məndə allergiya verir o zəhrimar. – Və dayanıb, bir qədər fikirləşəndən sonra, qəmli-qüssəli bir səslə, lap astadan əlavə elədi: – O kişi gör ordadırsa, deynən qəbul qurtarıb bu gün. Sabah gəlməz inşallah. Əgər sabah da gəlsə, deyərsən mən yoxam burda. Moskvadayam, xaricdəyəm, cəhənnəmdəyəm, bir sözlə, burda yoxam...
Ancaq Səfalı müəllim orda yox idi. Məsul yoldaşın qəbuluna düşməkdən bu gün də ümidini itirmiş Səfalı müəllim Qobumat bağı ilə üzüaşağı yavaş-yavaş bulvara tərəf gedirdi.
Hava nə bir o qədər tutqun, nə də sən deyən açıq idi. Zavodların, fabriklərin heç biri işləmədiyinə görə, havadan dənizin duzlu suyunun turşməzə iyi gəlirdi.
Yenidənqurma əhval-ruhiyyəsi Qobumat bağında da hər addımda hiss olunurdu. Müqəddəs azadlıq ehtiyacından və Əbdürrəhman Vəzirovu döymək arzusundan gözlərinin içi də, çölü də alışıb-yanan bir dəstə vətənpərvər qadın – yolun o tərəfi ilə növbəti piket əməliyyatı keçirmək üçün – Mərkəzi Komitənin binasına tərəf gedirdi... İyirmi beş-otuz yaş arasında, otuz-qırx nəfər – peysərini balta kəsməyən qolu-zorba cavan oğlan hədsiz sevinc və fərəh içində Qobumat bağındakı iri-iri daş fiqurları itələyib ağzı üstə yerə yıxmaqla məşğul idi. Bağın lap aşağı tərəfində bir bölük qələm, fırça və mizrab ustası yuxarıdakı iki budağı olduqca xoşagəlməz bir şəkildə çarpazlaşıb, xaçabənzər fiqur əmələ gətirmiş dekorativ palıd ağacını Azərbaycan Yazıçılar İttifaqının Rəyasət Heyəti və Respublika Mədəniyyət Nazirliyi Kollegiyasının bu yaxınlarda qəbul elədiyi birgə qərara əsasən – dibindən kəsməyə girişmişdi.
Bulvara çıxıb, bakılıların "Venesiya" dediyi kanalın yanına çatan kimi, Səfalı müəllim xeyli rahatlanıb dərindən nəfəs aldı. Qəribə şey idi: Dənizkənarı parkda, demək olar ki, adam yox idi. "Venesiyanın" qabağındakı ağac-budaqlı xiyabanın o başında skamyada bir qoca arvad tək-tənha oturmuşdu: çorab toxuyurdumu, şəkil çəkirdimi – hər halda əli işdə idi. Səfalı müəllim o arvadın oturduğu tərəfə bir də baxdı və bir müddət gözlərinə inanmadı, çünki arvadın oturduğu o skamyanın üstündə bir pişik də oturmuşdu və o VASKAYA yaman oxşayırdı.
Birdən-birə təşvişə düşmüş Səfalı müəllim, ürəyinin döyüntüsünü aşkar eşidə-eşidə, asta-asta o skamyaya tərəf getdi və o skamyada oturan arvadı o saatca tanıdı: SİMA – SƏMAYƏ!.. Allah, Allah, o Səmayə elə bil heç dəyişib eləməmişdi.
– Salam! Siz!.. – Səfalı müəllim xeyli əzab-əziyyətdən sonra birtəhər, bu ikicə sözü deyə bildi.
İşə bax Səmayə də onu tanımışdı:
– Səfalı! Oy, skolko let, skolko zim!.. Gördüz, mən Sizi nə tez tanıdım, Səfalı?!
– Əvvəlcə mən Sizi tanıdım. – Səfalı müəllim gülümsədi və gözucu pişiyə baxdı. – Sizinkidi? Nə yaxşı pişikdi. – Səfalı müəllim əlini uzadıb, pişiyin başını sığallamaq istədi: – Vaska, xoroşiy moy Vaska! – deyə o, az qala nalə çəkdi. Ancaq pişik büzüşüb, yumrulanıb, dişlərini qıcırdadıb, Səfalı müəllimə bir üz göstərdi ki, Səfalı müəllim öz əməlinə peşman oldu. Üstəlik, bütün bu nanecib hərəkətlərindən sonra Vaska üz-gözünü turşudub, bir uzun-uzadı: – Myau! – da dedi. Yəni: rədd ol, mən səni yaxşı tanıyıram. Əgər sən pişik qədri bilən olsaydın, o vaxt məni o Zuğulba viranxanada Allahın umuduna atıb getməzdin.
– Vaska! Kak tebe ne stıdno! – Sima pişiyin əvəzinə xəcalət çəkə-çəkə acıqlı səslə dedi. Və tez də səsini yumşaldıb əlavə elədi: – Bir gör haçandan biz bir-birimizi görməmişik.
– Bir dəfə görüşmüşük. On-on beş il bundan qabaq. "Nizami" kinoteatrının qabağında – yadınızdadı? Siz onda da gərək ki, Buzovnada işləyirdiz.
– Yox, mən o vaxt Zuğulbada işləyirdim. "Minzdrav"ın sanatoriyasında.
– Hə, maraqlıdı. Demək, "Minzdrav"ın sanatoriyasında... – Səfalı müəllim qorxa-qorxa Vaskaya baxdı. – Dörd-beş il əvvəl... Hə, o illərdə mən olmamışam orda... Amma pişiyiniz, deyəsən qocadı axı.
– Hə, qocadı. Lap kaftarlayıb. – Səmayə əlini pişiyin başına çəkdi.
– Başı batmış öləcək bu gün-sabah.
Vaska Səmayəyə nifrətlə baxıb, hirsli-hirsli:
– Myau! – dedi. Yəni: özün öl, mənim hələ ölmək fikrim yoxdur.
– Mən də pensiyadayam – Səfalı müəllim səsi titrəyə-titrəyə dedi.
– Ovladdan-uşaqdan, nəvədən-zaddan da yəqin varınızdı. – Bunu Sima olduqca yanıqlı-yanıqlı dedi və onun o zamandan bəri sanki heç dəyişməmiş iri, mehriban gözləri bu yerdə birdən-birə elə bil yaşardı da.
Səfalı müəllim:
– Var. – dedi. – Bir qızım var, iki də nəvəm var. Ancaq mənnən olmurlar. Leninqradda olurlar.
Və o Leninqrad sözünü eşidəndə elə bil Vaskanın başına bir qazan qaynar su tökdülər. Əvvəl, Səfalı müəllimə baxa-baxa dişlərini qıcırdadıb, mır-mır mırıldadı. Sonra, lap özündən çıxıb, skamyanı cani-dildən cırmaqlamağa başladı.
Səmayə toxuduğu – corab ya nəydisə – büküb millə, yumaqla bir yerdə sumkasına qoydu.
– Mən də o vaxt oğlanları o qədər seçdim-seçmələdim ki, indi mənə bu qaldı axırda, – Səmayə Vaskanı göstərdi və pişiyin hirslənib, lap əndazədən çıxdığını görüb, möhkəm təəccübləndi. – Buy, buna nə oldu birdən-birə. Nu, Vaska, nu, perestan!.. Bu da bu gün özünə təzə xasiyyət tapdı deyəsən.
Vaskanın necə kinli məxluq olduğunu elə əvvəldən də bilən Səfalı müəllimə pişiyin o hərəkətlərinin səbəbi, əlbəttə, məlum idi. Buna görə də, Səfalı müəllimin Sima ilə tələm-tələsik xudahafizləşməkdən başqa əlacı qalmadı. Ürəyi Vaskadan və Səmayədən heç ayrılmaq istəməsə də, Səfalı müəllimin özü o həndəvərdən bacardıqca tez uzaqlaşmağa məcbur oldu. Xiyabandan sürətlə aralandı və dənizin lap kənarı ilə, üzüaşağı, öz evinə tərəf yol başladı.
Yuxarıdan – Mərkəzi Komitənin qabağından səs gəlirdi. Bayaq, Qobumat bağı ilə, gözləri par-par parıldaya-parıldaya ora hücum çəkən o arvadların səsiydi. Ürəyi azadlıq eşqilə döyünən o arvadlar, deyəsən, öz əsas məqsədlərini hələ həyata keçirə bilməmişdilər. Əbdürrəhman Vəzirov hələ döyülməmişdi, çünki o səs get-gedə artırdı, azalmırdı və bu, o deməkdi ki, xalqın azadlıq uğrunda mübarizəsi hələ davam eləyirdi... Bir də, Domsovet tərəfdə meydan yenə uğuldayırdı. O səs gah yatırdı, gah qalxırdı. Elə bil yaralı bir əjdaha tir-tap yerə uzanıb, ölümqabağı ağır-ağır nəfəs alırdı...
Dünyanın yadından çıxmış dəniz dalğın, düşüncəli, kimsəsiz və yazıq görünürdü. Bir ahıl rus qarısı, bağlı "Mirvari" kafesinin yanında, yəqin ki, lap indicə dükandan özü üçün aldığı təptəzə isti çörəyi ovub qağayılara səpirdi. Qarının dodaqları tez-tez tərpənirdi. Elə bil ürəyində kiminləsə sözləşirdi, qızğın mübahisə eləyirdi və ürəyində o cür tez-tez deyinməkdə sanki qarı hələ o çörək qurtarmamış, o mübahisəni də qurtarmaq istəyirdi... Bağlı kafedən az-maz aralıda, divarın dibindəki yarpağı tökülmüş kol-kosun arxasında on beş-on altı yaşlı bir bəstəboy, qarabuğdayı azərbaycanlı oğlan bir sütül, boylu-buxunlu rus qızının nazik belini ikiəlli elə bərk-bərk qucaqlamışdı ki, baxan deyərdi: Azərbaycanı Rusiyadan heç fələk də qopara bilməz və belə şeyi eləmək bəlkə heç insafdan da deyil...
Gedə-gedə Səfalı müəllim fikirləşirdi ki, əgər bir də cavan olsaydı, Zəmnigarı yox, Səmayəni alardı... Fikirləşirdi ki, nə yaxşı, inqilabi yenidənqurma hərəkatına hamı birdən qoşulmayıb, hələ adamların içində pişik saxlayanı, yun corab toxuyanı, qağayıya dən verəni və kol dalında qucaqlaşanı da var...
Səfalı müəllim yavaş-yavaş evinə yaxınlaşdıqca Domsovetin yanındakı meydanın gurultusu get-gedə güclənirdi, gurlaşırdı. Ancaq o səs Səfalı müəllimə qətiyyən mane olmurdu. Səfalı müəllimin rahat, asudə fikirləşməyinə olsa-olsa arabir Əli Ziyanın səsi mane olurdu: sürtülmüş, zəifləşmiş – yağlı-yapışqanlı bir səs...
Və o səslə Əli Ziya o dörd misra şeri – yaxındanmı, uzaqdanmı – haradansa – yenə asta-asta, yastı-yastı Səfalı müəllimin qulağına döşəyirdi:
Dağdı, bağdı, çəməndi –
Hər şey həmən-həməndi.
Bu dünya bir Yəməndi,
Yəməndi, ay Səfalı!..
1989-cu il, dekabr ayının lap əvvəlləriydi...
May-iyun, 1991
Kitabxana.az · https://kitabxana.az/en/works/ekrem-eylisli-yemen-altinci-axirinci-fesil-vaskanin-tapilmagi
Use ← → keys to move, R for a random poem
More by this author
...Dağdı, bağdı, çəməndi.*Hər şey həmən-həməndi.*
İkinci fəsil. YəmənTəyyarə Moskvadan gecə çıxdı: saat on ikiyə beş-on dəqiqə qalırdı. Əli Ziyadan və Səfalı müəllimdən savayı Yəmənə gedən bir də bir eynəkli, arıq arvad idi: Polina Viktorovna – şərqşünas, elmlər doktoru. Özü də kiyevli deyildi, moskvalıydı, Lomonosov universitetinin professoruydu.Simferopoldan sonra, bir də Qahirənin təyyarə vağzalında – hələ gecəykən – az-maz dayanıb, səhəri, sübh-tezdən, Səna şəhərinin aeroportunda açdılar. O aeroportdan Səfalı müəllimin yadında qalan bir bomboz çöl-biyaban idi; alçaq, çılpaq boz dağlar idi. Bir növ Abşeron mənzərəsi: təxminən Xızı, Dəvəci, Qobustan tərəflər... Orda-burda – dağların, təpələrin yan-yörəsində ara-sıra göylük, çəmənlik də gözə dəyirdi. Həl halda, həyat həqiqətinə həmişə sadiq olan Əli Ziya o səhər o aeroportda bədahətən dediyi o üç-dörd misrada da öz yaradıcılığının bu başlıca prinsipinə qətiyyən xələl gətirməmişdi.
Üçüncü fəsil. Əli Ziya– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.Səfalı müəllim:
Dördüncü fəsil. Buzbulaq, Xızır kişi, De Qoll, Nil Armstronq və sairBir vaxt Xızır kişini ARAN deyilən yerə yola saldığı həmin o dəmiryol vağzalında Səfalı müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adamı bıçaq kimi kəsirdi.Təsadüfən rastına çıxan bir cavan oğlanın “Moskviç”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsli-küylü müşayiətilə Səfalı müəllim – öz dədə-baba evinin hələ heç astanasına da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.