Page 1 of 4

I

Mirzə Manaf yuxusunda bir qəribə trolleybusa minmişdi; bir suyumu Bakıdakı funikulyorun tramvayına oxşayan, sarımtıl-çəhrayı rəngli bu trolleybus Buzbulağın bir yaşıl yamacı ilə, bir yaşıl arx boyunca, arxın qırağındakı otlara sürtüşə-sürtüşə gedirdi və bu gediş Mirzə Manafa şübhəsiz ki, ləzzət verirdi. Bu gedişin bir ləzzəti də orasında idi ki, yuxunun içində ola-ola Mirzə Manaf özünün yuxuda olduğuna yüz faiz arxayın idi, mindiyi trolleybusun yuxu trolleybusu olduğunu bilirdi və onun yamacdan aşıb çaya düşəcəyindən bir damcı da ehtiyat eləmirdi... Bir də düşsəydi nə olacaqdı: çay yüngül, trolleybus yüngül, hava yüngül... Bu da bir kef idi ki, ayda-ildə bir dəfə Mirzə Manafın əlinə düşmüşdü və səhərin hansı vədəsi olduğunu az qala dəqiqəsinəcən bilsə də, Mirzə Manaf gözlərini açmağa tələsmirdi, yatıb yuxuya qalıb işə gecikməkdən qorxmurdu, çünki Mirzə Manaf yuxuda ola-ola onu da yaxşı bilirdi ki, buradakı vaxt oradakı vaxtdan deyil; Mirzə Manaf arxayın idi ki, orada divar saatının iri əqrəbi bircə dəqiqənin üstündən aşınca, burada – bu Buzbulaq arxının qırağında, Allahın bu qəribə trolleybusunda hələ çox kef eləmək olar.

Mirzə Manaf kef eləyə-eləyə yavaş-yavaş yuxudan üzübəri gəldikcə, onun gözünün qabağındakı mənzərə də yavaş-yavaş dəyişirdi. İndi Mirzə Manaf, deyəsən, yuxuda gördüyü şeylərin əslini görməyə başlayırdı: bayaqkı arx yenə vardı, bayaqkı çay yenə vardı, amma arxın qırağında o hündürdə ot yox idi, çayın suyu o qədər duru deyildi; bir də Mirzə Manaf, yuxudan üzübəri gəldikcə, arxla çay arasındakı məsafə get-gedə çoxalırdı – arx hündürdə, çay aşağıda, ortalıqda göz qaraldan, baş hərlədən dərin bir uçurum vardı və yarıoyaq, yarıyuxulu Mirzə Manaf indi o yamacın başında dayanıb, çaya baxa-baxa fikirləşirdi ki, nə yaxşı ki, bayaq trolleybusun pəncərəsindən əlini çaya sarı uzatmayıb, çünki bayaq o yaşıl yamacda, yaşıl otların arasında trolleybusa minib kef eləyəndə Mirzə Manafın belə bir niyyəti də var idi: o, əlini uzadıb çayın suyundan bir ovuc doldurub içmək istəyirdi və guya Mirzə Manaf bu qələti eləmiş olsaydı, yatdığı çarpayıdan daha heç vaxt dura bilməyəcəkdi, arvadın pürrəngi çayından bir-iki stəkan bədənə vurub, axşamkı sarımsaqlı yarpaq dolmasının hesabına, hələ də alışıb-yanan ürəyinin yanğısını heç vaxt söndürə bilməyəcəkdi və həmişəki 8 nömrəli trolleybusuna minib, kefikök, damağıçağ işə getmək güya bir də Mirzə Manafa heç vaxt nəsib olmayacaqdı...

Yuxudan tamam ayılıb gözlərini açanda o arx da, o yamac da Mirzə Manafın gözünün qabağından tamam çəkilib getmişdi. Amma o çay haradasa hələ də axırdı və ordan-burdan, onun-bunun həyətindən o çaya sarı sallanan iri-iri, qırmızı-qırmızı balqabaqların qəribə, göz oxşayan bir tamaşası vardı.

Belə bir xoş əhvalla yuxudan durmuş Mirzə Manaf əvvəl bir yaxşı zarafat eləyib, arvadın da qırışığını açmağı lazım bildi. Sonra dəhlizə çıxdı, su dolu aftafanı həmişəki yerində hazır görüb, arvada bir dənə də yaxşı söz deməyə ürəyində zəruri ehtiyac hiss elədi. Mirzə Manaf bu sözü də asanlıqla tapıb dedi və hələ bununla da kifayətlənməyib, əl-üzünü yuyandan sonra dəhlizin o başından təntənə ilə elan elədi ki, bəs: – Bu hələ harasıdır, arvad, qoy bir pensiyaya çıxım, gör sənə nə keflər verəcəyəm!

Mirzə Manafın Buzbulaqdan birinci dəfə çıxdığı qırx ildən bir azca çox olardı; iş elə nataraz gətirmişdi ki, bundan sonra Mirzə Manaf cəmisi bir dəfə Buzbulağa getmişdi. Gedib, beş-altı gün qalıb qayıtmışdı və özünə möhkəm söz vermişdi ki, daha heç vaxt Buzbulağa getməyəcək. Buzbulaqdan tez qayıtmaqda Mirzə Manaf yenə də mığmığanı müqəssir eləmişdi, amma Allah şahiddir ki, o yay Buzbulaqda mığmığa adına həşərat yerli-dibli olmamışdı. O yay Buzbulağın uşaqları Mirzə Manafa bir yüngülcə sataşmışdılar və Mirzə Manaf bu zarafatdan bərk incimişdi. Bir də, nə bilmək olar, elə o uşaqların özü də bəlkə bir ayrı bəhanə idi, bəlkə bütün məsələ Bikə arvadın dadlı, ləzzətli, lətafətli pitisinin, düşbərəsinin, dolmasının başında idi və bəlkə bu ləziz yeməklərdən Mirzə Manaf uzun müddət məhrum olmaq istəməmişdi? Kim bilir, bəlkə də orada, o çayın yamacında, o arxın içində bir söyüdün kölgəsində səhərdən axşamacan uzanıb yatmaq Mirzə Manafı yormuşdu?.. Hər halda, günlərin bir günü Buzbulağın uşaqları dəhnədən çayın suyunu açıb, Mirzə Manafın yatdığı həmin arxa buraxanda və Mirzə Manaf, şirin yuxudan olub, suyu süzülə-süzülə çayyuxarı yeriyəndə özünə qəti söz vermişdi ki, daha heç vaxt Buzbulağa qayıtmayacaqdır. Bu əhvalat Mirzə Manafı o qədər qəzəbləndirmişdi ki, Bakıya qayıdandan sonra o, övlad-uşağını başına yığıb, hətta mitinqvari bir tədbir də keçirmişdi. Bu tədbirdə Mirzə Manaf illər boyunca gecə-gündüz təriflədiyi Buzbulağı, çox tutarlı dəlillərlə, elə əsaslı bir şəkildə pisləmişdi ki, pıqqıldayıb gülməmək üçün uşaqlar çox ciddi əziyyətə qatlaşmalı olmuşdular və hətta iş gəlib o yerə yetmişdi ki, həmin o Bikə arvad da bu dəfə Buzbulaq sözünü eşidəndə – qaşınmağı yerli-dibli unudub, gülməyini saxlamaqdan ötrü çox nataraz şəkildə öskürməyə başlamışdı.

Trolleybusda, bir cavan oğlanın yerində, dünyagörmüş portfelini dizinin üstünə qoyub, rahatca əyləşəndən sonra Mirzə Manaf yenə öz ömrünü götür-qoy eləməyə başladı və ömrünü götür-qoy eləyə-eləyə yenə bu qərara gəldi ki, ömürdən qalan beş-üç günü rahat yaşamaq üçün onun hər cür imkanı vardır: yaxşı ev-eşik – hamamı, balkonu... Alacağı pensiyanın da maaşdan bir o qədər fərqi olmayacaqdı. “Qızlarını ərə vermisən, – dedi. – Oğlunu evləndirmisən, hamısı rahat, hamısı evli-eşikli... Pensiyaya çıxmağın əsl vaxtıdır, Mirzə Manaf. Çıx otur evində, bala-bala dolan bu dünyada... Daha sənə nə lazımdır ki?..”

Bu sözləri ilhamla öz-özünə deyə-deyə, lap axırda Mirzə Manafın əhvalı birdən-birə dəyişdi, çünki onun fikrincə, du dünyada bir qurumsaq vardısa, o da Mirzə Manafın işlədiyi idarənin müdiri Qurban Atabalayeviç Qazməmmədli idi və hələ pensiyaya çıxmamış, bu adamın taxtdan düşməyini görməyi Mirzə Manaf bir Allah bilir ki, necə arzu eləyirdi. Həm də Qazməmmədlinin taxtdan düşəcəyi barədə son vaxtlar orda-burda ciddi söz-söhbət gedirdi. Amma kim bilir ki, bu söhbət havaxtacan çəkəcəkdi – Mirzə Manafın pensiyaya çıxmasına vur-tut bir ay qalırdı və hər dəfə “Daha sənə nə lazımdır ki?” deyib, öz-özünə sual verəndə məhz bu nöqtədə Mirzə Manaf möhkəmcə ilişrdi.

Bu sualın meydana çıxması münasibəti ilə bu dəfə də Mirzə Manaf dərindən köks ötürdü, daha bundan sonra heç vaxt bu sualı öz-özünə verməyəcəyini möhkəm qət eləyib, bütün bu, Qazməmmədli söhbətini başından-beynindən qovub çıxartmağa tələsdi, çünki trolleybus Mirzə Manafın iş yerinə yaxınlaşırdı və hələ səhərin gözü açılmamış, bu başbeyinlə o idarəyə girmək Mirzə Manaf üçün o qədər də səpfəli deyildi.

Mirzə Manaf başıaşağı, təvazökar bir adam idi və bu cəhət onun adicə portfelindən də bilinirdi. Və portfel bir yana dursun, əgər Mirzə Manaf həqiqətən təvazökar bir adam olmasaydı, öz gül kimi işinin adını “çızmaqaraçı” qoymazdı və öz gül kimi idarəsinə “çızmaqara idarəsi” deməzdi. “Harda işləyirsən, Mirzə Manaf?”, “Cızmaqara idarəsində”. Nə iş görürsən, Mirzə Manaf?” “Peronun ucu ilə gor qazıram”... “İynənin ucu ilə gor qazmaq” ifadəsinin xalqa məxsus olduğunu savadlı yoldaşlar yəqin ki, bilərlər. “Peronun ucu ilə gor qazmaq” isə məhz Mirzə Manaf təvazökarlığının məhsulu idi...

Mirzə Manaf Qazməmmədli söhbətini beynindən qovub çıxara bilmədi, ancaq nə qədər qəribə olsa da, bu dəfə, bu fikir beynində ola-ola o, idarəyə girməkdən bir o qədər ehtiyat eləmədi. “Neyləyəcək? – dedi. – Pensiyamı azaldacaq, yoxsa məni işdən çıxardacaq?” Və cəsarətlə pilləkənləri qalxmağa başladı. Amma Mirzə Manaf o pilləkənləri axıracan qalxa bilmədi. Bir-iki pilləni qalxıb dayandı. “Bu köpəkoğlundan nə desən çıxar!” – dedi və gələndə qəzet almağı unutduğunu məhz bu məqamda yadına salıb, qayıdıb qəzet almağa getdi.

– Salam, Mirzə!

– Sabahın xeyir, Mirzə!

– Necəsən, Mirzə?

– Günbəgün cavanlaşırsan, Mirzə, xeyir ola?

– Yenə aqurçikdi Mirzə! Malades, Mirzə, malades, heç qocalıbeləmirsən!

İş günü bu səhər də belə başladı, bununla da məsələnin təntənəli hissəsi qurtardı. İndi, asudəlik olsa, Mirzə Manaf aldığı qəzetləri balabala oxuyacaqdı; arabir durub çay dəmləyəcəkdi və arabir xəyala gedib, pensiyaya çıxandan sonrakı həyatının planını çızacaqdı. Yox, daha Mirzə Manaf peronun ucu ilə gor qazmayacaqdı, onun bu sahədəki otuzillik fəaliyyəti nəhayət ki, qurtarmışdı. Mirzə Manafın pensiyaya çıxmasına hələ bir ay qalsa da, daha ondan iş tələb eləyən yox idi. Mirzə Manaf yol üstəydi. Mirzə Manaf qonaq idi – bundan sonra Mirzə Manafa təzə iş tapşırası deyildilər. Mirzə Manafla onun otuz il işlədiyi idarənin arasında vur-tut ikicə qovluq qalırdı və o qovluqların da birini Mirzə Manaf özü üçün bir növ məşğuliyyətə çevirmişdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dəyirman əhvalatı

I**Buzbulağın çayxanasında heç vaxt çox adam olmur, o ki qaldı günün bu vaxtı ola: hələ heç on bir də yox idi.

197616 min
Ön söz yerinə

...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.

19682 min
Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 min
Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 h 10 min

Poems by other poets