Büllur külqabının nağılı
Page 3 of 4 · 50%
II
Mirzə Manaf barədəki bu gülməli əhvalatın qələmə alındığı vaxtdan bir ay keçmişdi. Bir ayda çox sular axmışdı, çox küləklər əsmişdi, bircə yağış yox idi ki, onun da olmamağı fəslin yaya doğru getməyindən irəli gəlirdi.
Səhər idi. Axırıncı dəfə işə getməyi münasibəti ilə Mirzə Manaf yaxşı-yaxşı yuyunandan sonra, bir yüngülcə də sığallanıb, yemək stolunun dalında əyləşmişdi. Mirzə Manafın axırıncı dəfə işə getməyi münasibəti ilə Bikə arvad mətbəxdə kükü bişirirdi və o kükü bişib stolun üstünə gələndə Mirzə Manaf Bikə arvadın dilindən elə qəribə bir sual eşitdi ki, az qaldı qulaqlarına inanmasın.
– Necəsən, kişi?
Bu qəribə sualı eşitməyinə Mirzə Manaf qəlbən sevindi, amma sevincini büruzə vermək istəmədi. Ömründə birinci dəfə eşitdiyi bu nəcib suala Mirzə Manaf bundan da nəcib bir cavab axtardı, amma tələsdiyindənmi, nədənsə ayrı söz tapa bilmədi.
– Mən lap əntiqəyəm, arvad. De görüm, bəs sən necəsən?
– Yuxuda sayıqlayırdın.
– Nə deyirdim ki?
– Nə bilim? Min cürə şey deyirdin: çaydan belə gəldi, çaydan belə getdi... Sonra da başladın ki, canımda yel azarı var... Belə ki gecələr canın ağrıyır, bəs niyə özünü doxtura göstərmirsən?
Mirzə Manaf hiss elədi ki, bir az qanı qaralıb, çünki Bikə arvadın yanında üzə vurmasa da, yuxuda sayıqlayıb çərən-pərən danışmağından Mirzə Manafın heç xoşu gəlməmişdi. Xüsusən o çaydan əhvalatı Mirzə Manafı lap dilxor eləmişdi. Əvvəla, ona görə ki, çaydan təkin xırda bir şeyin gəlib yuxusuna soxulmağı Mirzə Manafa bir növ təhqir kimi görünürdü. İkincisi, söhbətin hansı çaydandan getdiyini Mirzə Manaf, Bikə arvad ağzını açan kimi, hiss eləmişdi. Bu çaydan olsa-olsa, Mirzə Manafın iş yerindəki dəm çaydanı ola bilərdi ki, onu da işdən tamam üzülüşəcəyi gün, Sərvər Sadığa bağışlayacağını Mirzə Manaf çoxdan qət eləmişdi...
Evdən çıxıb öz 8 nömrəli trolleybusunun dayanacağına gedəndə də o sovxa dəm çaydanı xeyli vaxt Mirzə Manafın ürəyini bulandırdı və yalnız trolleybusun gəlib yetişməyi Mirzə Manafı o çaydanın əlindən qurtara bildi, çünki axır vaxtlar trolleybusa əyləşəndən sonra Mirzə Manaf Qazməmmədli barədəki əsərinin süjetini fikirləşməyə vərdiş eləmişdi; pensiyaya çıxan kimi oturub bu əsəri yazacağına Mirzə Manafın daha heç şübhəsi-zadı qalmamışdı və bu əsərin süjetini fikirləşməyə başlayan kimi, Mirzə Manaf yerdə qalan şeylərin hamısını asanlıqla unudurdu.
Və madam ki, söhbət hərlənib-fırlanıb yenə bu əhvalatın üstünə qayıtdı, bu yerdə mütləq qeyd etmək lazımdır ki, beynində neçə-neçə hazır monoloq olsa da, bu əsəri yazmaq barədəki tam qətiyyətə Mirzə Manaf çox da asan bir yolla gəlib çıxmamışdı və bunun əsas səbəbi o idi ki, Qazməmmədlinin obrazını xalis mənfi planda nəzərdə tutduğu bir halda, öz əsərinin müsbət qəhrəmanını Mirzə Manaf əvvəl heç cür görə bilmirdi. Və hətta iş gəlib o yerə yetişmişdi ki, bu çətin axtarış prosesində Mirzə Manaf bu niyyətlə bir dəfə həmin o Sərvər Sadığın özünə də müştəri gözü ilə nəzər yetirməli olmuşdu. Bu ağır, bu üzücü proses idarəyə təzə müdir gələnəcən davam eləmişdi. Nəhayət, günlərin bir günü Mirzə Manaf bir çatmaqaş cavan oğlanın Qazməmmədlinin yerində əyləşdiyini görəndə dərindən köks ötürüb: “Özüdür ki, var!” – demişdi və onun öz gələcək əsəri barədəki tam qətiyyəti də məhz bu anda hasil olmuşdu.
İndi, 8 nömrəli trolleybusda, axırıncı dəfə işə gedərkən, ovaxtkı qətiyyətin bir sıra əlamətlərini Mirzə Manafın sifətində asanlıqla görmək mümkün idi. Mirzə Manaf Qazməmmədlinin yerində əyləşmiş o çatmaqaş cavan oğlanla ilk görüşünü xatırlayırdı, çünki bu görüş də onun əsərində mütləq qələmə alınacaqdı və bəlkə o əsərin ən maraqlı yerlərindən biri də elə o görüş olacaqdı:
“– Buyurun, Mirzə, əyləşin... Bəlkə pensiya məsələsini təxirə salaq, Mirzə? Sizin kimi təcrübəli bir yoldaş bizə çox lazımdır...”
Və əgər söhbətin bu yerində Mirzə Manafın gözləri yenə o sovxa külqabına zillənməsəydi, canına yağ kimi yayılan bu sözlərdən bəlkə o, hələ çox eşidəcəkdi. Amma (Allah Qazməmmədlinin evini yıxsın) vərdiş öz işini görmüşdü, – Mirzə Manafın gözləri külqabıya zillənmişdi və bunu hiss eləmiş təzə müdir bu dünyanın nəcib insanlarına xas olan bir tərzdə dodaqaltı gülümsəyirdi:
“– Deyəsən, külqabıdan xoşunuz gəlir, Mirzə. Buyurun, qurbandır sizə...”
Mirzə Manaf özünü güc-bəla ilə ələ alıb: “Yox”, – dedi.
Amma təzə müdir, deyəsən, inanmadı.
“– Çəkənsiz, Mirzə?”
Mirzə Manaf:
“– Hərdən birin” – dedi, çünki Buzbulaq uşaqlarının o nanəcib əməlindən sonra, qatara minib Bakıya qayıdanda kupedə bir qoca Zəngəzur ermənisindən bir siqaret alıb çəkməyi Mirzə Manafın yaddaşında, nədənsə, çox möhkəm həkk olunmuşdu.
Bəlkə də məhz o külqabının dərdindən Mirzə Manaf o gün təzə müdirlə doyunca söhbət eləyə bilmədi, təcrübəsinə verilən yüksək qiymətə görə müdirə çox-çox təşəkkür eləyib, pensiyaya çıxmağını heç cürə təxirə salmaq fikrində olmadığını da çox mədəni bir şəkildə, müdirin nəzərinə çatdırandan sonra kabinetdən çıxdı və öz gələcək əsərindəki müsbət qəhrəmanının əsas cizgilərini də Mirzə Manaf bu görüşdə müəyyənləşdirdi...
Bu əvəzsiz tapıntıya görə Qazməmmədlinin yerində əyləşən o cavan oğlana Mirzə Manaf, əlbəttə, minnətdar idi. Bu səhər Mirzə Manaf hətta mindiyi trolleybusa da minnətdar idi, çünki trolleybus yavaş gedirdi, yaxşı gedirdi, silkələnib Mirzə Manafın fikrini başından dağıtmırdı. Və əgər Mirzə Manaf barədəki bu qondarma nağılımızda biz – zəmanəmizin bir sıra qiymətli əsərlərinə xas olan – təbiət təsvirlərinə də əvvəlcədən lazımınca yer ayırmış olsaydıq, indi Mirzə Manafın trolleybusda əyləşib, axırıncı dəfə işə getdiyi bu munis səhəri təsvir eləmək, əlbəttə, lap yerinə düşərdi. Amma vaxtında nəzərə alınmamış bu vacib məsələni də biz, öz qondarma nağılımızın saysız-hesabsız naqis cəhətlərindən biri kimi, axıracan saxlamağı daha çox məqsədəuyğun hesab edirik. Və məhz buna görə də o səhərin yalnız munisliyini qeyd etməklə kifayətlənib, nağılımızı, bu nağılın öz üslubuna uyğun bir tərzdə davam etdirmək məqsədi ilə, Mirzə Manafın mindiyi 8 nömrəli trolleybusu nəhayət ki, gətirib onun iş yerinin yaxınlığında saxlamaq istəyirik.
Mirzə Manaf trolleybusdan düşəndə küçə adamla dolu idi və bu adamların bir qismi də o başdakı qəzet köşkünün yanında idi. Mirzə Manaf da gedib o köşkün qabağında növbəyə durdu, qəzetlərini aldı və öz iş yerinin qapısından içəriyə girib, pilləkənləri qalxdığı yerdə necə oldusa, birdən-birə ağlına gəldi ki, yuxusunda dəm çaydanı barədə nahaq yerə sayıqlamayıb: başa düşdü ki, o çaydanın məsələsi o qədər də xırda məsələ deyil, çünki Sərvər Sadıq deyilən adam ki var – tərs oğlu tərsin biri idi; bu adamın Mirzə Manafın dəm çaydanını rədd eləməyi olduqca mümkün bir şey idi və hələ rədd eləməyi cəhənnəm, o çaydana görə Sərvər Sadıq bir axmaq söz deyib, bu axır gündə, bu əziz gündə Mirzə Manafı təhqir də eləyə bilərdi.
Buna baxmayaraq, öz iş otağının qapısını açanda Mirzə Manaf o çaydanı məhz Sərvər Sadığa bağışlayacağını möhkəm qət eləmişdi. Otaqdan yenə həmişəki səslər gəlirdi:
– Salam, Mirzə!
– Sabahın xeyir, Mirzə!
– Yenə aqurçikdi Mirzə, malades, Mirzə, malades!..
Və o səslərin içində bu səhər o qaraqabaq, lal-dinməz Sərvər Sadığın da səsi vardı.
Sonra iş gününün axırına bir-iki saat qalırdı və həmin o dəm çaydanının məsələsini müvəffəqiyyətlə həll eləmiş Mirzə Manaf bir əlində bir qovluq tutub, o biri əli ilə müdirin kabinetinin qapısını ehmal-ehmal açmaqda idi.
– Buyurun, Mirzə. Yaxşı gəlmisiniz. İndicə özüm sizin yanınıza gəlmək istəyirdim. Əyləşin. Və Mirzə Manaf əyləşən kimi birdən baxıb gördü ki, o külqabı stolun üstündə yoxdur; o külqabını Mirzə Manaf heç yerdə görmədi. Bircə onu gördü ki, yenə müdir gülümsüyür, görünür – Mirzə Manafın həmin o külqabını axtardığını da müdir hiss eləmişdi. Buna görə də Mirzə Manaf gözlərini öz əlində tutduğu qovluğa zilləyib dayandı. Deyəsən, müdir də Mirzə Manafın əlindəki qovluğa baxırdı.
– Şahin müəllim... (səs Mirzə Manafın səsi idi.)
Təzə müdir:
– Şakir müəllim, – deyib, gülümsəyərək, Mirzə Manafın müraciətinə bir balaca düzəliş verdi və: – Buyurun, eşidirəm, – dedi.
– Mənim sizdən bir xırdaca xahişim var, Şakir müəllim: mümkünsə, bu yazını bir özünüz vərəqləyin...
Mirzə Manaf bunu deyib, tələsə-tələsə qovluğu açdı. Ordakı yazını müdirin lap qabaq-qənşərindəki stolun üstünə qoyub, ayağa durmaq istədi, amma durmadı, çünki müdir o yazının birinci səhifəsini götürüb diqqətlə oxuyurdu və oxuya-oxuya çox məmnun bir şəkildə başını tərpədirdi. Mirzə Manafın intizarda keçirdiyi bir-iki xoş dəqiqədən sonra müdir o səhifəni oxuyub qurtardı. Vərəqi yerinə qoyub:
Kitabxana.az · https://kitabxana.az/en/works/ekrem-eylisli-bullur-kulqabinin-nagili
Use ← → keys to move, R for a random poem
More by this author
I**Buzbulağın çayxanasında heç vaxt çox adam olmur, o ki qaldı günün bu vaxtı ola: hələ heç on bir də yox idi.
Ön söz yerinə...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.
Qədim, qara küləkSiz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.
Tənha narın nağılıI**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.
Poems by other poets
Ah-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
DaşYarıçılpaq,Qədim insan
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd