Ayaqqabı
Page 6 of 6 · 83%
Sonra Bəbir Zakirgilə çönüb:
– Tökün! – dedi.
Doğrusu, Zakirgil bu mədəni restolranda belə bir əhvalat gözləmirdilər və çaşıb qalmışdılar, təkcə başı pırpızaqlı oğlan elə eləcə az qalırdı Pakizə xanımı ac gözlərinə təpib yesin.
Pakizə xanım iti addımlarla mətbəxə tərəf getdi, amma onun kimisə çağırmasına, kiməsə şikayətlənməsinə ehtiyac qalmadı, çünki restoranın qapısı açıldı və şəxsən yoldaş Qardaşxanlı özü içəri girdi.
Yoldaş Qardaşxanlı uzun illər idi ki restoranlarda, univermaqlarda, mehmanxanalarda işləyirdi və bu işdə böyük səriştəsi var idi və indi də banket zalına baş çəkdiyi vaxt restorana çökmüş sükutu və bu sükutdakı gizli həyəcanı sövq-təbii hiss etdi, restoranın qapısını açdı.
Pakizə xanım həmişə böyük vəzifə sahiblərini görən kimi çeşməyini taxırdı və indi də cəld çeşməyini gözünə taxıb birbaş yoldaş Qardaşxanlının üstünə getdi və qəzəbdən işıldayan göy gözlərini Bəbirə zilləyib yoldaş Qardaşxanlının qulağına pıçıldamağa başladı və yoldaş Qardaşxanlı da Zakirgillə bir mizin arxasında oturmuş Bəbirə baxa-baxa bir-iki dəfə başını tərpətdi, yəni ki, məsələ aydındı, sonra da yavaş-yavaş Bəbirə tərəf gəldi.
Əbülfət burnunu çəkə-çəkə başa düşdü ki, məsələ yoğunlayıb, Poqosov yenə də təkcə elə öz-özünə « – Vax!» – deməklə kifayətləndi, Ziba daha açıq-aşkar məhəbbətdən dəm vuran gözləriylə Bəbirə baxırdı, Əlifağa Əlimuxtarla yanaşı dayanıb o biri çalğıçılarla bir yerdə bu işin axırını gözləyirdi, hətta Nora da arxasını boş pianinoya söykəyib maraqla Bəbirgil tərəfə baxırdı və ən ağlasığmazı bu idi ki, elə bil, restorana mikrofon qoymuşdular, Brilyant Ağacəfər mətbəxdə ola-ola restorandakı əhvalatdan xəbərdar idi və gördüyü tədbir hələlik, ancaq bundan ibarət oldu ki, təpiyi ilə mətbəxin həyət qapısını açdı və «QAZ-24»də mürgüləyən oğluna dedi:
– Sən get. Bu gün day gəlməginən.
Sonra mətbəx bundan da xəbər tutdu ki, yoldaş Qardaşxanlı özü restorana gəlib və Ağacəfərdən başqa hamı mətbəxin qapısı ağzına toplaşıb restorana boylandı.
Yoldaş Qardaşxanlı gəlib Bəbirin qabağında dayandı və Sarı Zakir də, dostları da yerişindən, görünüşündən, özünü aparmağından başa düşdülər ki, bu gödək və yoğun adam kim isə böyük adamdı, üçü də ayağa qalxdı, amma Bəbir yerindən tərpənmədi.
Əlbəttə, yoldaş Qardaşxanlı Pakizə xanımın indicə pıçıldadıqlarının hamısına inanırdı, amma Bəbirdən bu yekəlikdə qanacaqsızlıq gözləmirdi ki, onu, yoldaş Qardaşxanlı boyda adamı bu cür oturduğu yerdə qarşılasın, yerindən heç tərpənməsin də; yoldaş Qardaşxanlı həmişəki təmkinini pozmadı və asta-asta dedi:
– Yaxşı... Deməli belə... Neynək... Elə bu gecə bu məsələni həll edərik...
Bəbir başını qabağa verib düz yoldaş Qardaşxanlının gözlərinin içinə baxırdı və yoldaş Qardaşxanlının daha nə deyəcəyini gözləmədi:
– Xa-xa! Xox! Qorxdum! Gözlə!
Sonra Bəbir səliqə ilə öz boynundakı ağ kəpənəkciyi açdı və bu ağappaq, tərtəmiz, qanadları yekə ipək kəpənəkciyi mizin üstündəki qırmızı çaxır dolu qədəhin içinə saldı və ağ ipək bir göz qırpımında qıpqırmızı qızardı və Bəbir damcı-damcı qırmızı çaxır axan kəpənəkciyi qədəhin içindən çıxardıb, düz direktorun burnunun qabağına tutdu.
Yoldaş Qardaşxanlının gözləri bərəldi və səriştəli, tədbirli, təcrübəli bu kişi indi restoranın ortasında, camaatın içində, xüsusən də, işçilərinin yanında uşaq kimi quruyub qaldı və bilmədi ki, nə eləsin və ümumiyyətlə, heç kimin cürəti çatmadı ki, nəsə bir söz desin, nəsə bir şey eləsin; yoldaş Qardaşxanlının bərəlmiş gözləri fırlanıb-fırlanıb gəlib Zibanın üstündə dayandı və Ziba əllərini yaxalığına silə-silə Bəbirə yaxınlaşdı, Bəbirin qoluna girib yavaşdan və həqiqətən, mehriban bir səslə dedi:
– Sakit ol. Gedək. Gəl... – sonra Bəbirin qulağına pıçıldadı: – Bizə gedək...
– Nə? – Bəbirin bağırtısı restoranı titrətdi. – Ode, onu apar evinə! – Bəbir barmağını uzadıb az qaldı yoldaş Qardaşxanlının gözünün içinə soxsun. – Bunun kabinetində minbir oyundan çıxırsınız! Tüpürüm sənin qəhrəmanına! Bu köstəbəydi də sənin qəhrəmanın?!
Əlbəttə, restoranın bütün işçiləri yaxşı bilirdi ki, günorta Ağacəfərin xüsusi bişirtdirdiyi naharı yoldaş Qardaşxanlı üçün Ziba aparır və bəzən yəqin ki, yır-yığış elədiyi üçün kabinetdə ləngiyir...
Hər halda, təcrübə böyük şeydir, birinci özünə gələn yoldaş Qardaşxanlı oldu və üzünü Əlifağaya tutub qışqırdı:
– Alə, nə dayanmısınız?! Çalın!
Bircə anın içində Əlifağanın klarneti, Aşotun zərb alətləri, Gülməmmədin trubası, Məlikin tarı, Əlimuxtarın qaboyu, Fətullanın kontrabası və Noranın səsi bir-birinə qarışdı, klarnet zilə qalxdı, Aşot az qaldı zərb alətlərini dağıtsın, Gülməmməd trubada elə bir nəfəs götürdü ki, gözləri kəlləsinə çıxdı, amma dayanmaq bilmədi və Bəbir də elə bil ki, səsi batmış televizorda qışqırırdı, ağzı açılıb-örtülürdü, boğazının damarları şişib az qalırdı partlasın, ürəyini boşaldırdı, amma nə dediyi məlum olmurdu, çünki səsi eşidilmirdi; Ziba da, Poqosov da, Əbülfət də yenə öz işinə başladı, yoldaş Qardaşxanlı restorandan çıxıb dördüncü mərtəbədəki kabinetinə qalxdı, Pakizə xanım çeşməyini çıxarıb gizlətdi, Zakirgil isə işi şuluq görüb bayaqdan əkilib getmişdilər, müştərilər və o cümlədən də, Bəbirin keçmiş müştəriləri yavaş-yavaş sakitləşib yeyib-içməklərinə başladılar, mətbəxin işçiləri başlarını bulaya-bulaya öz yerlərinə qayıtdılar və qanı qaralmış Ağacəfərin qorxusundan cınqırlarını çəkmədilər, təkcə, elə Bəbir restoranın ortasında dayanıb səssiz televizordakı kimi nəsə deyirdi, amma indi daha narahat Əlifağa da Bəbirə fikir vermirdi, çünki bilirdi ki, qışqırıb, boğazını yorub, axırda çıxıb gedəcək.
...Həmin küləkli mart gecəsində Bəbir restorandan tramvay dayanacağına qədər piyada gəldi və tramvaya minəndə gördü ki, tramvayın içi də o gecəki Bakı küçələri kimi bomboşdu, bir özüdü, bir də tramvayın o başında oturmuş konduktor qız.
Bəbir tramvayın aşağı başında oturdu.
Tramvay tərpəndi.
Bəbir heç nə barədə fikirləşmirdi, yorğun idi və yatmaq istəyirdi, amma bu yorğunluqda heç bir narahatlıq, nigarançılıq yox idi və ümumiyyətlə, hər şey öz qaydasında idi, nə lazımıydısa, o da olmuşdu.
Təkcə ayaqqabısı Bəbirin ayağını sıxırdı, vəssalam.
Konduktor qız tramvayın yuxarı başından Bəbirə baxıb gülümsədi.
Bəbir fikirləşdi ki, yəqin məni Mürsəl Məhəmmədova oxşadır və bu dəfəki bənzətməsindən xoşu gəldi və özü öz zarafatına güldü.
Təkcə kəpənəkciyi boğazında deyildi.
Konduktor qız tez-tez Bəbirə baxırdı və axırıncı dayanacaqda Bəbir yerindən qalxıb yanından ötəndə qız dedi:
– Mən sizi tanıdım, xalam qızının toyu sizin restoranda idi.
Sonra bu cavan konduktor qız gülümsədi, elə bil, dünyanın bəxtəvəri idi.
Xoşbəxt olmaq üçün elə böyük bir şey lazım deyildi.
Bəbir tramvaydan düşüb bomboş parkın içi ilə yataqxanaya tərəf gedirdi.
Külək dayanırdı, sonra təzədən qıy vururdu və külək beləcə qıy vuranda az qalırdı parkın ağaclarını dibindən qoparsın.
Bəbir də birdən dayandı, əyilib ayaqqabıları ayağından çıxartdı.
Bəbirə elə gəldi ki, təkcə ayaqları yox, bütün bədəni azadlığa çıxdı.
Sonra Bəbir var gücü ilə ayaqqabılarını bir-birinin ardınca o küləkli mart gecəsində qaralan ağaclığa tərəf tolazladı.
Bəbirin bayaqkı yorğunluğuna bir rahatlıq gəldi və Bəbir corabla yataqxanaya gedə-gedə fikirləşdi ki, ayaqyalın gəzməkdən gözəl şey yoxdur.
Mart, 1983.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-ayaqqabi
Use ← → keys to move, R for a random poem
More by this author
1. Qarlı gəzinti həsrətiTülkü çoxbilmişliyindən tələyə düşər, deyiblər, amma bu Tülkü çox bilməyinə lap çox bilirdi, tələyə də düşmürdü ki, düşmürdü. Bic idi, fəndgir idi, kəmfürsət idi. Anasının əmcəyini kəsən Tülkü idi.
Qış nağılıNovruz Cuvarlinskinin xatirəsinəBakıda qarlı-çovğunlu bir qış səhəri təzəcə açılırdı və həmin qış səhəri sübh tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı və gözünü ora zilləyib küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə.
Bu dünyada qatarlar gedərDünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.
TalvarAkademik Məmməd Arif Dadaşzadəninxatirəsinə
Poems by other poets
Qarabağ...Nə zaman çəkilsə bu ad
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Müxəmməs-tərcinüma: Ey şövqi-ruxun gün kimi əşyaya mücəllaEy şövqi-ruxun gün kimi əşyaya mücəlla,Üşşaqa təmaşayi-cəmalın fərəhəfza,