XI fəsil
Kolxoz kişinin yaşı altmışı hələ keçməmişdi, saç-saqqalı isə ağappaq idi, amma məsələ saç-saqqalın ağlığında deyildi, onda idi ki, Kolxoz kişi cavan vaxtlarından özünü ağsaqqal kimi aparırdı, duruşunda, oturuşunda, danışığında elə o vaxtlardan ağsaqqallıq ədası var idi və elə ki, üzünə-başına dən düşməyə başladı, şəstlə özü özünə ağsaqqal dedi, az qala, özündən böyük kişilərə: «– Ə, a bala!..»– deyə müraciət etdi və Azərbaycanda, o cümlədən, gözəl Şuşada müstəqillik və ərazi bütövlüyü uğrunda xalq hərəkatı başlayanda, bu hərəkatın fəal üzvlərindən biri oldu, Kommunist partiyasının əleyhinə hansı sənəd yazılırdısa, Mixail Qorbaçovun Dağlıq Qarabağı Ermənistana vermək istəyinə hansı etiraz bəyanatı qəbul edilirdisə, özü öz adını çəkib:
– Kolxoz kişinin adını birinci yaz! – deyirdi, boylanıb öz adını kağızda birinci görməyəndə də narazılıq edirdi: – Ə, adam ağsaqqalın sözünə baxar!
Surxay Kolxoz kişinin adını heç cürə üçrəngli bayrağın dalğalanmasına yaraşdıra bilmirdi və bir dəfə Kolxoz kişiyə dedi:
– Bura bax, Kolxoz kişi, sənə bir sözüm var...
Kolxoz kişi:
– Nədi, a bala?– soruşdu.
Surxay dedi:
– Sən dədəyin goru, Kolxoz kişi, adını dəyişdir. Bizi biyabır eləmə...
Kolxoz kişi at gözü kimi iri və qara gözləriylə zəndlə Surxayın gözlərinin içinə baxıb:
– Kişinin bir adı olar! – dedi, sonra dediyi sözdən özünün də açıq-aşkar xoşu gələ-gələ əlavə etdi: – Kişi odu ki, adı Kolxoz ola-ola kolxoza qarşı mübarizə apara!
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-bayraqdar-xi-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Olub keçənləri bir-bir çəkərsənSakit yaddaşının məhkəməsinə...
Bozluq içində iki nəfərDöz, bağrı daş olan könlüm...Abbas Tufarqanlı
Parisdə avtomobil qəzasıŞ ə h r ə b a n u x a n ı m. Hatəmxan ağa və Şəhrəbanu xanımölmüş imişlər ki, bir firəng Şahbazı tovlaşdırıb Parisə
Beş dəqiqə və əbədiyyət7 avqust 1983-cü il.Bazar günü.