Page 1 of 4

7 avqust 1983-cü il.

Bazar günü.

Saat 20.10.

Havanın temperaturu: +370.

Təyyarə limanı.

Həmin bazar günü şüşədən görünən aerodrom meydançası günün altında elə bil ki, kimsəsiz, izsiz-ləpirsiz beton səhra parçası idi və həmin beton səhra parçasına nəhəng təyyarə kölgəsi düşmüşdü; elə bil ki, təyyarə özü o beton səhra boşluğunda əriyib yox olmuşdu, görünmürdü, təkcə kölgəsi nəhəng bir ləkə olub beton səhraya hopmuşdu və Mərdan Dadaşlı nəhayət ki, gözünü həmin təyyarə kölgəsindən, beton səhra parçasındakı o nəhəng ləkədən çəkdi.

Mərdan Dadaşlının qırx yeddi yaşı var idi, elmlər doktoru, akademiyanın müxbir üzvü, elmi-tədqiqat institutunun müdiri idi və Mərdan Dadaşlının özünün özü ilə zarafatı var idi: hərdən təsadüfən güzgüdə, yaxud şüşədə öz əksini görəndə özü özündən soruşurdu:

– Nə var, nə yox?

Əslində bu sualda cavab da var idi, çünki Mərdan Dadaşlu bu sualı özünə elə verirdi ki, tonunda, istehzasında bir arxayınlıq, rahatlıq da var idi, yəni ki, hər şey əladır, amma bu dəfə şüşənin şəffaflığında özünü sezəndə həmin sualı verməyə, özü ilə zarafat etməyə macal tapmadı, çünki şüşədəki zəif əksi o nəhəng təyyarə kölgəsi içində itdi və həmin nəhəng təyyarə kölgəsi Mərdan Dadaşlının ürəyini sıxdı.

Nə üçün belə oldu? Gərək əksinə olaydı, çünki havanın bu cırhacırında o təyyarə kölgəsi, hesabla, sərinlikdən xəbər verməli idi, əlbəttə, belə olmalı idi, amma belə olmadı və Mərdan Dadaşlı o nəhəng kölgədə nəsə bir qeyri-təbiilik, sünilik hiss etdi, Mərdan Dadaşlıya elə gəldi ki, o kölgədə sərinlik yox, bir buz soyuğu var və bu buz soyuğu, dağ soyuğu, yaxud qış soyuğu deyil, meyitxana soyuğudur.

Mərdan Dadaşlı indicə keçirdiyi bu ət ürpəşdirən hissə heyrət etdi, çünki indiyə qədər belə şeylər olmazdı; nədən idi bu, yavaş-yavaş qocalır, nədir?

Sövq-təbii təyyarənin biletini cibindən çıxarıb baxdı: birinci sıra, birinci yer idi və Mərdan Dadaşlının həmişəki ovqatı özünə qayıtdı: «birinci» sözündə xoş bir sehr var idi, bir arxayınçılıq, rahatlıq var idi.

Mərdan Dadaşlı yerə qoyduğu «diplomat» portfelini götürüb qapıya tərəf getdi. Təyyarəyə minik başlamışdı.

Sonra «TU-154» havaya qalxdı.

Sən birinci sırada, birinci yerdə oturmuşdun, illüminatordan baxırdın və təyyarə havaya qalxdıqca, yer səndən uzaqlaşdıqca, maşınlar, binalar kiçildikcə sən

fikirləşdin ki, əslində bu məsafə sənin həyatının, taleyinin məsafəsidir, çünki cəmi iyirmi beş il bundan əvvəl – iyirmi beş il nədir ki? – bax, o aşağıda görünən adamlar kimi kiçik idin, universiteti təzəcə bitirmişdin, kimsəsiz və yazıq idin, harada

işləyəcəyini, nə edəcəyini bilmirdin və bu gün, cəmi iyirmi beş ildən sonra – iyirmi beş il nədir ki? – bu təyyarə yüksəkliyindən o kimsəsiz və yazıq cavan oğlana

baxırsan və gülümsəyirsən, çünki o cavan oğlanın təsəvvürünə belə gətirməyə

cəsarət etmədiyi bir gələcək sənin üçün artıq keçmişdə qalmışdı və o təcrübəsiz,

sadəlövh cavandan fərqli olaraq, bu gün sən gələcəyi görürsən, daha doğrusu,

gələcəyi necə görmək istəyirsənsə, bilirsən ki, elə də olacaq, çünki sənin gücün var, sənin ağlın və bacarığın var. Mən bilirəm, sən heç bir iclasda, heç bir məclisdə,

hətta, evdə, arvadınla söhbətdə belə, özündən deməmisən, özünü tərifləməmisən, amma özün həmişə özünlə fəxr etmisən və bunu özündən gizlətməmisən də, çünki heç kim bilməsə də, sən özün yaxşı bilirsən ki, bu günə qədər, yəni 1983-cü ilin bu isti avqust gününə kimi, həyatda nə əldə etmisənsə, yalnız özün etmisən, heç kim sənə kömək etməyib, bütün bu illər ərzində sən həmişə həyatla üzbəüz dayanmısan və bu üzbəüz mübarizədə sənin yeganə köməkçin, yeganə məsləhətçin sən özün

olmusan.

İnsanlar gözdən itdi, sonra maşınlar görünmədi, sonra binalar yox oldu, torpaq yox oldu, sonra hər tərəfi süd ağlığında buludlar bürüdü, sonra o ağappaq buludlar da topa-topa aşağıda qaldı və sən yenə gülümsədin, çünki o ağappaq buludlar içində yenə həmin kimsəsiz cavan oğlanı gördün və evsiz-eşiksiz, işsiz, ailəsiz o oğlanın ürəyindəki nigarançılıq uzaq və xoş bir xatirə kimi sənin bütün sinirlərinə yayıldı.

Xatirələr yalnız hadisələrlə, yalnız insanlarla bağlı olmur, hisslərin də xatirəsi yadigar qalır və sən indi o uzaq və yaxın keçmişi yadına sala-sala həmin

xatirələrdən, bəlkə də, ən əzizini, ən istisini yaşayırdın, elə bil ki, qışdır, qışın lap oğlan çağıdır, amma yaxşıca kürkün var, üşümürsən, hətta istidir sənə, ürəyin də rahatdır, amma birdən-birə yazın sonları yadına düşür və bütün içini bir yaz hərarəti bürüyür – o kimsəsiz cavanın gələcəklə bağlı və ümumiyyətlə, həyatla bağlı, ürəyini yeyən nigarançılıq hisslərini bu gün sən, bax, eləcə xatırlayırdın və xatırladığın o hisslər indi eləcə bir yaz hərarəti, yaz ətri gətirirdi sənə. Əslində, sən bu gün, göyün yeddinci qatında təyyarə ilə uçduğun bu dəqiqələrdə o uzaq və yaxın keçmişdə

qalmış həmin cavan oğlanı öz oğlun kimi sevirdin və onu gözlərinin qabağına gətirə-gətirə onun qarşısında bir ata kimi öyünürdün, qürur hissi keçirirdin. Əslində, həmin bu dəqiqələrdə sənin üç oğlun var idi, ikisi indicə səni təyyarə limanında yola

salmışdı, ataları ilə fəxr edən, hamının barmaqla gös-tərdiyi bu güclü, yaraşıqlı və istedadlı oğlanlar, bir də ki, onların yaşıdı olan, amma həmişəlik keçmişdə – uzaq və yaxın keçmişdə qalmış o sadəlövh cavan oğlan, yəni iyirmi beş il bundan əvvəlki sən. Sən yetim idin, atan müharibədə həlak olmuşdu, anan onun-bunun pal-paltarını, qab-qaşığını yuya-yuya səni bir qarnı ac, bir qarnı tox böyütmüşdü, rayondan gəlib Bakıda ancaq təqaüdlə dolana-dolana universiteti bitirmişdin və əlbəttə, sən o vaxt necə ağlına gətirə bilərdin ki, illər keçəcək, məşhur alim olacaqsan, kitabların

dillərdən-dillərə tərcümə olunacaq, evin-eşiyin, gözəl arvadın, gözəl və ağıllı

oğlanların olacaq və sənin tanımadığın adamlar küçədə səninlə salamlaşıb arxanca bir-birilərinə: « – Bu filankəsdir!» – deyəcəklər.

O süd kimi ağ topa-topa buludlar da aşağıda qaldı və görünməz oldu,

illüminatorun şüşəsi əvvəli-axırı görünməyən mavi bir boşluğa büründü,

sərnişinlərdən kimisi mürgülədi, kimisi kitab, qəzet-jurnal oxumağa başladı, kimisi söhbət etdi, amma, sən həmin mavi boşluq içində, illüminatorun şüşəsində öz şəffaf əksini gördün və yenə də özün özünlə zarafat etdin: «– Nə var, nə yox?» Sən yenə də gülümsədin, sonra gözlərini o əvvəlsiz-axırsız mavi boşluqdan çəkib başını

arxaya çevirdin və kresloların arasından sərnişinlərə ötəri bir nəzər saldın, həmişəki kimi, bir-iki tanış sifət gördün, salamlarını aldın, amma kim olduqlarını bilmədin, sonra gözün anasının yanında oturmuş beş-altı yaşlı bir qız uşağına sataşdı və sən o uşağın da üzünə gülümsədin. Təyyarədə balaca uşaqlar görmək həmişə səni

sevindirirdi, çünki təyyarədə ki, beləcə balaca, məsum uşaqlar var idi, deməli, uçuş uğurlu olacaqdı, necə ki, rahat havaya qalxmışdınız, eləcə də rahat yerə enəcəkdiniz. Əlbəttə, sən bilirdin ki, bu sevinc hissində bir sadəlövhlük var, tale amansızdır və uşağa, cavana, qocaya baxmır, amma, hər halda, bu amansızlıq içində uşaq

məsumluğu, uşaq təmizliyi görmək həmişə sənin üçün xoş idi, səni sevindirirdi.

Düzdür, bu uşaq təmizliyi, məsumluğu hərdən sənin ürəyinə bir qüssə,

qəmginlik də gətirirdi, amma bu qüssə, qəmginlik çox yüngül olurdu, uçub gedirdi, elə bil ki, göyə çərpələng uçurmusan, birdən sap qırıldı, çərpələng də uçub getdi, gözdən itdi; o sapın qırılmasına, əlbəttə, heyfsilənirdin, amma sonra azadlığa çıxmış o çərpələngin idarə olunmayan, sərbəst uçuşu həmin təəssüfü yaddan çıxarırdı, daha doğrusu, həmin təəssüfə bir ilıqlıq, səmimilik gətirirdi. Sən bəzən özün üçün də

aydın olmayan həsrətəbənzər bir hiss keçirirdin, qucağında uşaq oynatmaq

istəyirdin, evdə də hər gün balaca uşaq görmək istəyirdin. Bəzən evdə, iş otağında qapını bağlayıb yazı mizinin arxasına keçirdin, işləməyə başlayırdın, amma birdən-birə əlində tutduğun qələm dayanırdı və sən, az qala, cismani surətdə hiss edirdin ki, bir uşaq təbəssümü görmək istəyirsən, o uşaq təbəssümündə qızınmaq istəyirsən, hətta, bəzən təəccüb səni bürüyürdü, çünki sənə elə gəlirdi ki, əslində o uşaq

təbəssümündə gizlənmək istəyirsən.

Sən başını anasının qoluna söykəmiş o beş-altı yaşlı qız uşağına baxa-baxa fikirləşdin ki, eybi yox, bir iki ildən sonra baba olacaqsan, nəvələr gələcək dünyaya və həmin nəvələrin təbəssümü sənin başının üstündən əskik olmayacaq. Əlbəttə, sən başa düşürdün ki, fikirlərini, hisslərini bir az ucuzlaşdırırsan, söhbət yalnız həqiqi mənada uşaqdan getmir, söhbət uşaq təbəssümünün təmizliyindən, saflığından, şəffaflığından gedir, amma sən bu cür, necə deyərlər, dərinə getməyi xoşlamırdın və getmirdin də.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Vıı fəsil

O gündən on bir ildən artıq keçirdi və Cümü hərdən o günü yadına salanda fikirləşirdi ki, bəyəm o günə də gün demək olar? Axı, gün yalnız o demək deyil ki, günəş çıxır, səhər açılır, günorta olur, sonra axşam düşür, günəş batır və gecə başlayır, gün odur ki, yaşayırsan, nəsə edirsən, amma o gün – 1992-ci ilin 8 may günü, erməninin Şuşanı işğal etdiyi, camaatı qırıb qaçırtdığı gün – heç cürə gün sözünün içinə sığışmırdı. O gün – camaatın quru canını götürüb qaçdığı o gün Allahın verdiyi gün deyildi, o 8 may günü Şeytanın şuşalılara hədiyyəsi idi, amma şuşalıların Allahın qarşısındakı günahı nə idi ki, Şeytan onlara belə bir hədiyyə edirdi? – Cümü, xüsusən də üç yüz qram araqdan sonra, nə illah edirdi, bu sualın cavabını tapa bilmirdi.Şuşadan qaçqın düşüb salamat qalanlar gəlib Ağdama yığışdı, sonra hərə gümanı gəldiyi bir yerə, bir qisim də Bakıya üz tutdu və Cümügil on ildən çox idi ki, burada – Buzovnadakı bu fəhlə yataqxanasında qalırdılar. Fəhlə yataqxanası bütünlüklə qaçqınlara verilmişdi və Cümügil altı nəfər – Cümü idi, anası Güllü arvad idi, Sona idi, Cəmilə idi, Qalib idi, bir də Sonanın böyük bacısı Solmaz idi – yataqxananın beşinci mərtəbəsində on altı kvadratmetrlik otaqda qalırdılar. Bu otağın da qapısı beşinci mərtəbədəki o biri otaqların qapısı kimi uzun aralığa açılırdı və o uzun aralıqda, xüsusən yay vaxtı xlor iyindən dayanmaq olmurdu, çünki aralığın hər iki başında tualet var idi və mərtəbənin arvadları gecə-gündüz ora xlor tökürdülər ki, üfunət-çirkab aləmi başına götürməsin. Hər halda, xlor iyi üfunətdən yaxşı idi və orası da yaxşı idi ki, bu yerlərdə xlordan ucuz şey yox idi.

1 min
Vııı fəsil

İzabel Xanukoff artıq yeddinci il idi ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığında işləyirdi və kədərli təəssüratlarla dolu çətin işinin müqabilində aldığı maaşın qədrini bilirdi, amma bu dəfə, yəni həmin sentyabr günündən beş gün əvvəl Azərbaycana ezamiyyət sənədlərini və xərclərini alıb Ali Komissarlığın Cenevrədəki ofisindən çıxanda, ürəyindəki o Ziba nostalgiyası onu marketlərdən birinə apardı və Cenevrədə qiymətlərin çox baha olmasına baxmayaraq, İzabel Azərbaycanda hansısa bir azərbaycanlı qaçqın qadına bağışlamaq üçün, yəni kiçik və yaraşıqlı bir şəxsi hədiyyə etmək üçün bir şüşə fransız ətri aldı – «EMPREINTE» və onu hədiyyə kimi gözəl bağlatdırdı.Əlbəttə, o qaçqın azərbaycanlı qadın bilməyəcəkdi ki, əslində, bu hədiyyə – bir vaxtlar Azərbaycanda yaşamış və Azərbaycan sevgisini özü ilə birlikdə Azərbaycandan min kilometrlərlə uzaq bir diyarda qəbrə aparmış Ziba Xanukova adlı bir qadının hədiyyəsidir, amma bunun nə dəxli var idi? Əsas məsələ o idi ki, Zibanın ruhu şad olacaqdı.

1 min
Ix fəsil

Həmin sentyabr günündən bir müddət əvvəl məlum oldu ki, növbəti dəfə xaricdən nümayəndələr gəlib qaçqınların həyatı ilə tanış olacaqlar. Fəhlə yataqxanasında yaşayan arvadların bir neçəsi həyətdəki krantın qabağında dayanmışdı və günortalar çox işləndiyi üçün suyu yataqxananın yuxarı mərtəbələrinə qaldırmağa nasosun gücü çatmadığına görə, arvadlardan kimisi bir vedrə su doldurmuşdu, kimisi çirkli boşqabları yumuşdu, amma evə (otaqlara) qalxmağa tələsmirdilər. Bu krantın yanı yeganə yer idi ki, qaçqın arvadlar orada bir-birindən təzə xəbərləri eşidirdilər, Allahın hər verən gününün qayğılarını, əzab-əziyyətlərini bölüşürdülər, kiminsə, nəyinsə qarasına danışırdılar, ürəklərini boşaltmağa fürsət tapırdılar.Krantın arxa tərəfində üç dənə böyük iydə ağacı var idi və kəndin camaatı deyirdi ki, vaxtilə buralar başdan-başa neftxuda Məşədi Ağarəhim Mir Abdulla oğlunun iydə, innab badam və püstə bağı olub, sonra, yəni sovet vaxtı – iyirminci illərdə bura xarabaya dönüb, səksən yaşlı Məşədi Ağarəhimin özünü də bolşeviklər tutub güllələyiblər və bu üç iydə ağacı da ondan və onun o gözəl bağından yadigar qalıb.

2 min
X fəsil

Həmin sentyabr günü Qırmızı xoruzun o vaxtsız banlamağı sübh tezdən Ağadadaşın kefinə soğan doğramışdı və bu azmış kimi, üstəlik, səhər çayçörəyindən sonra, onlarla üzbəüz həyətdə yaşayan Bolelşik Bufetçi İbadullayla nərd oynayıb dalbadal üç tas uduzdu və bütün bunlar da azmış kimi, günorta nahar vaxtı evə qayıdanda Balacaxanım bu istirahət günü xüsusi olaraq əri üçün bişirdiyi bir kasa bozbaşı, pamidor-xiyarı, sirkə-badımcanı, duzu, bibəri onun qabağına qoyub:– Şoqəribə qalmış xoruz yoxdu, qeyitmiyib...

1 min

Poems by other poets