XV fəsil
Page 2 of 2 · 50%
O məktuba qədər o qız – Cəmilə – Əbülfət yatsaydı, heç yuxusuna da girməzdi. Əbülfət bilirdi ki, o qız Cümünün qızıdı və Buzovna Fəhlə Yataqxanasında yaşayan bütün şuşalılar kimi o qız da qaçqındı, amma sonra, elə o zəif elektrik lampasının altındaca Əbülfətin fikrindən keçməyə başladı ki, hər dəfə Buzovnadakı evlərinə (otaqlarına) gedib-gələndə, həmişə o qız beşinci mərtəbədəki o pəncərənin qırağından baxırdı (demə, ona – Əbülfətə baxırmış...), elə bil, o qız – Cəmilə – üçüncü mərtəbədəki o bayraq rəngli qapının açılıb-örtülməsindən və indicə oradan Əbülfətin çıxacağından o saat xəbər tuturdu...
Və Əbülfət o zəif elektrik lampasının işığında o məktubu üçüncü dəfə oxudu.
O günə qədər heç bir qız Əbülfətə məktub yazmamışdı və ümumiyyətlə, Əbülfətin heç bir qızla yaxınlığı olmamışdı. Onlar bazanın meydanında məşq edəndə, futbol azarkeşləri, idman müxbirləri, təsadüfi tamaşaçılar yığışıb baxırdı və o tamaşaçıların arasında Bayıl tərəfdən gələn rus qızları da olurdu. O qızlar cavan futbolçularla tanış olmaq üçün gəlirdilər və futbolçular da onlarla xəlvəti əlaqə yaradırdı, amma Əbülfət o qızlara yaxın durmurdu – təkcə ona görə yox ki, rus dilini pis bilirdi, ona görə də yox ki, məşqçilər o sırtıq qızlarla gəzməyi qəti qadağan etmişdilər; ona görə ki, Əbülfət meydanda, topla özünü necə hiss edirdisə, o qızlarla özünü heç vəchlə elə hiss edə bilmirdi, həmin qızlarla olanda, ona elə gəlirdi ki, ayağı top saxlaya bilmir, hamı da ona gülür.
O zəif elektrik işığının altında əlində tutduğu o məktub birdən-birə Əbülfət üçün futbol topu kimi doğma bir şeyə çevrildi və o gecədən sonra məşqçilər mat qalmışdılar ki, necə oldu ki, bu yeniyetmə oğlan ikiqat bir həvəslə, ehtirasla oynamağa başlamışdı və meydanda, həqiqətən, möcüzə göstərirdi.
Bir dəfə məşq zamanı yenə Əbülfətin oyununa baxan Karlos Alberto Torres özünü saxlaya bilməyib əlini əlinə vurdu:
– Allaha and olsun, bunun yaşında Pele də belə oynaya bilmirdi!..
Əbülfətin ayaqları topu özünə necə çəkirdisə, Buzovna Fəhlə Yataqxanasının həyəti də indi onu eləcə özünə çəkirdi. Əbülfət imkan tapan kimi, elektrik qatarına minib Buzovnaya gedirdi və həyətdə futbol oynaya-oynaya tez-tez gözlərini topdan çəkib yuxarı – beşinci mərtəbəyə – pencərənin küncündən gözlərini ona zilləmiş o qıza baxırdı və o qızı görmək, o qızın baxışları ilə öz baxışlarının eləcə toqquşması topdan sonra Ələkbər üçün ən əziz bir şey olmuşdu, amma bu bir ildə onlar bir dəfə də olsun görüşüb-danışa bilməmişdilər, təkcə iki dəfə məktublaşmışdılar.
Birinci məktubu (əslində ikinci məktubu) yenə də Yataqxananın pilləkənində Cəmilə ona verməyə macal tapmışdı və o məktubu da Əbülfət xlor iyi burnuna dola-dola elə pilləkəndə oxumuşdu:
«Şanlı məktub ¹ 2.
Qurban olum sənə, Əbülfət... Əbülfət, mən həmişə ürəyimdə səninlə danışıram... Əbülfət... Əbülfət... Əbülfət... Mən ürəyimdə səninlə əl-ələ tutub dəniz qırağında gəzirəm, Əbülfət... Mən istəyirəm biz Şuşada bir yerdə gəzək, amma Şuşanı yadıma gətirə bilmirəm, Əbülfət... Amma istəyirəm orada əl-ələ gəzək. Belə sözlər yazdığıma görə məni qınama, Əbülfət... Sən ki, mənim birinci məktubumu heç kimə deməmisən, mən sənə çox minnətdaram, Əbülfət. Sənə bir sualım var, Əbülfət: sən mənə görə gəlib həyətdə futbol oynayırsan? Qurban olum sənə, Əbülfət, mənə cavab yaz, yoxsa ürəyim gedir, Əbülfət...
Cəmilə».
O məktub yenə göy mürəkkəblə və o «Əbülfət»lər də qırmızı karandaşla yazılmışdı. Əbülfətin oturub yazı yazmaqla qəti arası yox idi, amma bu dəfə ürəyindəkilərin hamısını yazmaq istədi, gecə yenə kotecin taxta pilləkənində oturub o zəif elektrik işığında gözlərini dizinin üstünə qoyduğu dəftərçənin ağ kağızına zillədi və iki saatdan çox bir müddətdə nə qədər çalışdısa, nə qədər hıqqandızıqqandısa da, heç nə yaza bilmədi, kağızın ortasında iri hərflərlə təkcə elə bunu yazdı:
«HƏ.»
Bu, Əbülfətin həyatında yazdığı birinci və sonuncu məktub oldu.
Və Əbülfət bilirdi ki, Cəmilə elə eləyəcək ki, Yataqxananın pilləkənində onun rastına çıxacaq və doğrudan da, belə oldu və Əbülfət də o bir kəlmədən ibarət məktubu Cəmiləyə verə bildi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-bayraqdar-xv-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Xan sarayının qadınlara məxsus hissəsində qız–gəlin qaynaşırdı.Ağabəyim Ağa böyük güzgünün qarşısında oturmuşdu və kənizlər xan qızını bəzəyirdilər.
Birinci hissə, 13Dağlar arasından dolanan Molla Nəsrəddin yolu ilə Şuşadan arana doğru üzüaşağı bir karvan gedirdi…… Saday bəy qabağını kəsən ağac budaqlarını, kol-kosu əlləri ilə o tərəf-bu tərəfə yara-yara irəliləyirdi…
Birinci hissə, 149 oktyabr 1803–cü il. Şuşa. Xan sarayı.İbrahim xan otağın qapısı qarşısında dayanıb qonaqlarını qarşılayırdı. Mirmöhsün ağa da onun yanında idi.
Birinci hissə, 15Axşam düşürdü.Və axşamın o düşhadüşündə Şuşa dağları, elə bil, mürgü döyürdü və bu yerlərin sakitliyi də, elə bil, əzəli və əbədi bir sakitlik idi. Hətta xanəndənin uzaqdan gələn səsi də, elə bil, elə bu əzəli və əbədi sakitliyin bir hissəciyiydi.
Poems by other poets
Zərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,