Page 2 of 2 · 50%

– Az, qapını bağla, – dedi. – Camaat eşidər!..

XXX

Əbülfətin dörd nəfər komanda yoldaşı ağlaya-ağlaya mafanı qaldıranda və kişilər onların ardınca Şuşalılar qəbiristanlığına tərəf üz tutub həyətdən çıxanda Gülzar arvad Yataqxana blokunun qabağında iki əli ilə arıq baldırlarına vura-vura nəvəsinin dalınca qışqırırdı:

– Qız görməyən balam, hey!..

XXXI

Həmin gün axşam Molla Fərzəli (Fərzəli müəllim) «Fatihə» oxuyub qurtarandan sonra, bozarıb naməlum rəngə düşmüş nimdaş pencəyin, üst-üstə geydiyi iki köynəyin içində cılız vücudundan bir üşütmə keçdi və Molla Fərzəli (Fərzəli müəllim) fikirləşdi ki, buranın küləyində də bir qəbir soyuqluğu var.

Buzovna tərəflərdə xəzri ilə gilavar arasında hərdən dağ yeli deyilən külək əsirdi və Şamaxı dağlarından gələn bu külək qəfil başladığı kimi, qəfil də kəsirdi və həmin günün ikinci yarısında da birdən-birə dağ yeli əsməyə başladı.

Fəhlə Yataqxanasının həyətində, krantın arxa tərəfində, həmin üç qoca iydə ağacının altında Yataqxana camaatı, yaxın kəndlərdə adda-budda məskunlaşmış və Bayraqdarın oğlunun ölümündən xəbər tutmuş başqa şuşalı kişilər Əbülfətin yas məclisinə yığılmışdı.

Dərslər bitmişdi və keçən əyyamların (gözəl əyyamların) keçmiş hörmətli musiqi müəllimi kimi Kamança Tanrıverdi yaxınlıqdakı məktəbin müdirindən xahiş etmişdi və müdir də – sağ olsun! – qaçqınların xahişini yerə salmayıb yasa müəllimlər otağından, ayrı-ayrı siniflərdən altı uzun miz göndərmişdi. O mizləri elə həyətdəcə düzüb ehsan süfrəsi açmışdılar və Kamança Tanrıverdiylə Cümü o mizlərdən birinin arxasında yanaşı oturmuşdu.

Əbülfət Buzovna Fəhlə Yataqxanasında yaşayan şuşalılar arasında haqq

dünyasına köçən on yeddinci adam idi və bu on yeddi adamın, azı, onunun

«Fatihə»sini Molla Fərzəli (Fərzəli müəllim) vermişdi və əgər on beş il bundan

əvvəl Şuşada Molla Fərzəliyə (Fərzəli müəllimə) desəydilər ki, bir azdan sən molla olacaqsan və Abşeronun Buzovna deyilən bir kəndində milçək kimi qırılan yürdsuzyuvasız şuşalıları bir-bir haqq dünyasına yola salacaqsan, qırx ildən artıq məktəbdə tarixdən dərs deyən bu müəllimin saçları qabarıb papağını deşərdi.

Molla Fərzəli (Fərzəli müəllim) Fəhlə Yataqxanasının, bax, bu həyətində

«Fatihə»lərini verdiyi o rəhmətlikləri bir-bir gözlərinin qabağına gətirdi və yanında oturmuş, bütün günü susub bir kəlmə də söz deməyən Surxayın quru heyva kimi sıxılıb büzüşmüş sifətinə baxdı və birdən-birə, elə bil, kimsə tamam açıq-aşkar

kişinin qulağına pıçıldadı ki, Molla Fərzəli (Fərzəli müəllim), burada növbəti ölən şuşalı – 18-ci şuşalı, bax, bu bədbəxt Bayraqdar olacaq.

Bu qəfil hissiyyatdan Molla Fərzəlinin (Fərzəli müəllimin) bütün vücudundan növbəti bir üşütmə keçdi və bu hissiyyatı özündən uzaqlaşdırmaq üçün, yerində vurnuxub üzünü camaata qulluq eləyən cavanlara tutdu:

– Yeməyi gətirin, camaat «Bismillah» eləsin...

Məclis əhlinə Əbülfətin komanda yoldaşları xidmət edirdi və bu cavan oğlanlar elə cidd-cəhdlə və sidq-ürəkdən xidmət edirdilər ki, bu dəqiqələrdə o rəhmətlik oğlanın ruhu onları görürdüsə, şübhəsiz ki, qürurlanırdı.

Səhərdən bəri susub heç nə danışmayan Cümü (Qızıl Diş Cümşüd) birdən dedi:

– O uşaq, bədbəxt, gərək belə ucuz ölümün qurbanı olmayaydı...

Kamança Tanrıverdi:

– Qağa, – dedi. – Ölümün ucuzu, bahalısı olur?

Cümü filtrsiz siqaret çəkməkdən iki barmağının arası sapsarı saralmış əlini neçə gündən bəri qırxmadığı sifətində gəzdirə-gəzdirə:

– Nə bilim... – dedi.

Plovun düyüsünü gətirdilər, sonra qarasını gətirib mizə düzdülər və Kamança Tanrıverdiylə Cümünün qabağına qoyulan qara boşqabında şabalıdın, albuxaranın, yağlı ət tikələrinin arasında sümüyü qırılmamış bütöv bir maça da var idi və o bütöv maça ətinə baxanda, qəribədir, birdən-birə, bir-birindən xəbərsiz, ikisinin də – Cümünün də, Kamança Tanrıverdinin də – yadına Şuşa düşdü. Niyə belə oldu? Bunun səbəbini yəqin nə Kamança Tanrıverdi bilirdi, nə də Cümü, amma olanı bu idi ki, birdən-birə, həyatlarının indi əlçatmaz, ünyetməz bir uzaqlığında qalmış məqamlarında Şuşa bulaqlarının başında – İsa bulağında, Turşsuda, Səkili bulaqda, Daşaltında qurduqları, yeyib-içdikləri məclislərin ab-havası onların ikisinin də içindən ötüb keçdi.

Kamança Tanrıverdi başı ilə qara boşqabına işarə edib və açıq-aşkar o bütöv maçanı nəzərdə tutaraq Cümüyə:

– Qaradan götür... – dedi.

Cümü də elə o bütöv maçanı nəzərdə tutaraq:

– Yox, əvvəl sən götür, sonra... – dedi.

Kamança Tanrıverdi:

– Ə, mən sənnən böyüyəm, götür... – dedi.

Və bu vaxt onlarla üzbəüz, amma bir az kənarda – mizin küncündə oturmuş rusa oxşayan bir nəfər (Vasili Kuzmiç) qaşığı uzadıb o bütöv maçanı götürdü və ədəb-ərkan ilə öz qabağındakı plovla dolu boşqaba qoydu.

Kamança Tanrıverdi bir az pörtüb yavaşdan:

– Ə, bu kimdi belə?– soruşdu.

Cümü:

– Hər kimdi... – dedi. – Halalı olsun...

Vasili Kuzmiç isə o maçanın əti ilə plovun düyüsünü ləzzətlə yeyə-yeyə bir daha əmin olurdu ki, dünyada azərbaycanlılardan dadlı xörək bişirən millət yoxdu və həmin anlarda Vasili Kuzmiç fəxr eləyirdi ki, o da bu gözəl azərbaycanlılar kimi müsəlmandı...

Və elə bu vaxt heç kimin gözləmədiyi bir hadisə baş verdi.

Bayraqdar Surxay birdən-birə yerindən qalxdı və iti addımlarla camaatın arasından keçib uzaqlaşdı.

Məclisdəkilərin bir qismi təəccüblə onun ardınca baxdı, çünki Bayraqdar həyətin aşağı başındakı tualetə, ya Yataqxana blokunun qapısına tərəf yox, qazanxanaya tərəf getdi və çox çəkmədi ki, əlində tutduğu bayraqla geri qayıtdı və bayrağı məclisin qənşərindəki iydə ağacının budaqlarının arasından uzatdı.

Sonra Surxay keçib Molla Fərzəlinin (Fərzəli müəllimin) yanında bayaqkı yerində oturdu və o dəm Surxay, elə bil, başqa bir dünyadan zühur etmiş səssiz-səmirsiz bir məxluq, çəkisiz kölgə kimi bir şey idi.

Dağ yeli qoca iydənin budaqları arasında yüngülcə səs sala-sala bayrağı yellədirdi.

Məclis əhlinin boğazından tikə keçmirdi.

Bu an, gah Molla Fərzəlinin (Fərzəli müəllimin) yanında oturmuş Surxaya, gah da dağ yelinin eləcə səslə-küylə yellətdiyi o bayrağa baxan Kamança Tanrıverdinin ürəyinə, elə bil, iynə sancdılar və Kamança Tanrıverdiyə elə gəldi ki, indicə Ustad Məşədi Müzəffər Ağanın kamançasının simləri – dörd simin dördü də birdən qırıldı və o kamançanın xərəyi bir də heç vaxt sim saxlaya bilməyəcək.

Cümü, elə bil, öz-özünə pıçıldadı:

– O zubulu damda mən tapıb verdim, o bədbəxt də vurdu...

Kamança Tanrıverdi:

– O vurmayıb, əcəl vurub, – dedi.

Təkcə Vasili Kuzmiç öz taleyindən razı halda həmin qoyun maçasının ətini ləzzətlə yeyib qurtarmaq üzrə idi və onun dünyanın hər üzünü görmüş göy gözləri indi də qara boşqabında təzə bir ət tikəsi axtarırdı...

12 – 17 iyun 2004.

Moskva – Bakı.

KİNOPOVESTLƏR

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Epitafiya

(Felyetonvari)NEKROLOQ ƏVƏZI. Amansız ölüm gənc və istedadlı alimimiz Əlirza Yananı yaradıcılığının çiçəkləndiyi bir dövrdə aramızdan apardı. Sənət səmamızın bir parlaq ulduzu daha əbədi olaraq kainatın ənginliklərində görünməz oldu.

8 min
Zireh

Sonra Gülü xala dedi ki, Allaha şükür, daha hər şey qurtardı getdi, daha arxayın nəfəs almaq olar, daha öldürməyin özünüzü, Allah eşitdi bizi: on-on beş gündən sonra duracaq ayağa, inşallah. Sonra özünü saxlaya bilməyib yenə Şahinin çarpayısına yaxınlaşdı: «– Belə canım sənə qurban, ay Şahin! Ay canım, qanım mənim!». – Qəhər boğdu onu və gözlərindəki bu sevinc yaşlarını görəndə hiss etdim ki, doğrudan da, hər şey qurtarıb, Şahin sağalır; son iyirmi günün ərzində yalnız indi hiss etdim ki, hava deyil bu otaqdakı hava, dərman iyi dolub bu otağa, az qaldı gedib pəncərənin gözlüyünü açım.Solmaz dedi ki, ay mama, gedək bir az uzan heç olmasa, bir az yuxula, əldən düşmüsən lap, üzmüsən özünü, gedək, sən Allah. Gülü xala da bu iyirmi gündə birinci dəfə etiraz eləmədi, dedi ki gedək, gedək yatım, özü də əməlli-başlı yatım gərək. Sonra əlini taxta sinəsinə vurub xəstə bir ehtirasla, yorğunluqdan, iztirabdan gələn bir vəcdlə dedi ki, bax, bu quru canıma gərək qüvvət toplayım ki, onun yolunda qoyum, Şahinciyəzimin; sonra Solmazla o biri otağa keçdi; sanki yüz il idi yatmırdı.

14 min
Qırmızı ayı balası

Rəhman BədəlovaC. Səlimov gəmi-təmiri zavodunda mühəndis işləyirdi və bu gün də işdən sonra iki-üç saat zavodda qaldı, otağında oturub cürbəcür çertyojlara baxdı, bir az fikirləşdi, yenə bir az kağız-kuğuza baxdı, sonra basmadüymə ilə otağının divarına sancdığı cədvəlinin qabağında dayandı: görəsən, «Neftçi» yeddi güclü komanda sırasına çıxacaq, ya təskinləşdirici qrupda qalacaq?

16 min
On ildən sonra

Sonra çiskinlənməyə başladı və o, kürəyini köhnə məscidin hasarına söykəyib pencəyinin boynunu qaldırdı; birdən-birə ürəyi, doğrudan da, siqaret istədi, amma cibindən çıxarıb yandırmadı – cəmi iki siqareti var idi – iki dənə «Pamir» – onları da orada çəkəcəkdi; pencəyin altından qayışa keçirib yarısını şalvarının içinə soxduğu kitablar – əslində bir dənə kitab: «Coğrafiya», iki dənə də ümumi dəftər – qarnını elə sıxırdı ki, nəfəs ala bilmirdi; yenə qayışını bir balaca boşaltdı.Külək yaman bərkidi, əslində burada dayanmaq adamın lap atasını yandırır; sonra ona elə gəldi ki, bu saat bığlı kişi yenə başını məscid minarəsinin darısqal pəncərəsindən çıxarıb qışqıracaq: «– Hə, yenə gəlib veyllənirsən burda?!», o da cavabını verəcək: « – Sənə nə var, atovun məhləsidir?», bığlı kişi də onu hədələyəcək ki, düşürəm aşağı, ananı ağlar qoyaram sənin, o isə yenə deyəcək ki, kişisən düş; əlbəttə, bığlı kişi aşağı düşməyəcək, çünki ayaqlarının ikisi də yoxdur. Bir dəfə təsadüfən küçədə görüb onu dördçarxlı sankada gedəndə – bığlı kişinin bundan xəbəri yoxdur, qoy heç bundan xəbəri olmasın da, qoy kefinə xələl toxunmasın, hərçənd zırramanın biridir.

36 min

Poems by other poets