I hissə
Page 16 of 16 · 94%
– Qohummuz? Allah vurmuşdu onu! Qohummuza bir bax! Körpüdən keçəndə dal-dala dəymişik, vəssalam!.. Qara yerə soxum onu, o boyda arvadını evdə qoyub gəlib uşağa sataşır! – Sonra elə bil ki, Ağadadaş yanındaymış kimi, barmaqlarının onunu da şax açıb əllərini onun başına basdı: – Ala e! Ala! Qara yerə girəsən elə! Bundan sonra Ağadadaşın söhbəti Məsməxanımgilin evindən kəsildi, Güldəstə bir dəfə də olsun qızının yanında onun adını çəkmədi, amma hərdən Məsməxanım yanında olmayanda yenə də tanış-bilişin, qonşuların yanında öyünməkdən özünü saxlaya bilmirdi.
– Qızıl Ağadadaş bizim qohummuzdu...
...Məmmədağa Məsməxanıma baxdı, elə bil, həmin qəribə yay gecəsi bu qızın nə fikirləşdiyini, ürəyindən nələr keçdiyinin hamısını bilməli idi:
– Nə fikirləşirsən?
Məsməxanım yalın ayaqları ilə qayalıqdan aşağı düşə-düşə:
– Heç... – dedi. – Fikirləşirəm ki, dünyada pis adamlar var, bu pis adamların da bəd əməlləri var...
– Nədi ki?
– Biri var Fatmeyidə... Guya ki, qohummuzdu...
Fatmeyi balaca kənd idi və Məmmədağa orada yaşayanların çoxunu tanıyırdı.
– Adı nədi?
– Ağadadaş.
– Hansı Ağadadaş? Qızıl Ağadadaş?
– Hə, Qızıl Ağadadaş. – Məsməxanım qumluqda dayanıb ay işığında qayalıqdan aşağı düşən Məmmədağaya baxdı, elə baxdı, elə bil, bu saat ondan çox gözlənilməz bir söz eşidəcəkdi.
– Onu tutublar ki...
– Doğru deyirsən? – Bunu da o saat qara gözləri alışıb-yanan Məsməxanım dedi və Məmmədağa bu küləkdayandıran qızın gözlərindəki qığılcımdan başa düşdü ki, çox pis adammış Ağadadaş.
– Hə. Tutublar onu. Hökumətin çamadan sexini öz dükanına çeviribmiş... Yığdığı qızılların hamısı getdi işinin dalınca... Haramdı də!..
– Qurban olum hökumətə! – Məsməxanım bu sözləri elə ürəkdən dedi ki, elə bil, illərdən bəri yığılıb sinəsində qalmışdı və indi birdən-birə fürsət tapıb çıxdı.
Məmmədağa dedi:
– İndi, belələrinin qanı gedib!
– Hə... Vəlvələ düşüb canlarına köpək uşağının... – Məsməxanım qızışıb lap sarı simə keçəcəkdi, amma özünü saxladı. – Belələrini gözümün qabağında da assalar «uf» demərəm!
– Pisliyi çox dəymişdi sənə?
– Ağadadaşın? Hə... Çoxdanın sözüdü... Fağır qız uşağıydım onda... – Məsməxanım gülümsədi və Məmmədağa qızın qalın dodaqlarındakı təbəssümdə bir acı duydu; ürəyindən belə bir hiss gəlib keçdi ki, gecələr gilavar əsəndə dənizlə danışan bu qarabuğdayı qız kimsəsizin biridi, güvənməyə adamı yoxdu, öyünməyə bir işi yoxdu.
Məlum məsələdir ki, Məsməxanım Məmmədağanın fikirlərindən xəbərsiz idi və indi birdən-birə onun ürəyinə keçmiş illərin, keçmiş Məsməxanımın nisgili gəldi. İndi əgər Ağadadaş Məsməxanıma sataşmaq istəsəydi, qız barmağıyla onun gözlərini deşərdi. O illər keçmişdə qalmışdı, o illər ki, Məsməxanım həyasızın birinin qabağında qorxusundan çaşıb qalmışdı; ona elə gəlirdi ki, indi tamam başqa adamdı, indi dünyanın hər üzünə bələddi və indi, kim olur-olsun, bir deyənə beş cavab verər, necə ki, Fazilovun abrını bükdü ətəyinə.
Məsməxanımın pamidor köşkü rayondakı böyük meyvə-tərəvəz dükanına baxırdı və həmin dükanın müdiri qırx il ticarət sistemində işləyən Fazilov idi.
Məsməxanım işləyən pamidor köşkünün arxa tərəfində böyük bir tut ağacı vardı və Fazilov lotereya ilə udduğu sarı «Moskviç»ində (hamı deyirdi ki, Fazilov bu «Moskviç»i lotereya ilə udmayıb, lotereya biletinin özünü kimdənsə böyük məbləğə alıb; Fazilov kələkbazın biri idi və istəmirdi ki, günlərin bir günündə ona belə bir sual versinlər: «–Ayda yüz iyirmi manat maaş alırsan, uşaqların var, ailən var, haradandı səndə bu qədər pul ki, maşın almısan?») tozanaq qaldıra-qaldıra tez-tez bura gəlib:
– Pəh!.. deyirdi, sonra həsir şlyapasını yağlı peysərinə qaldırıb tuta baxırdı. – Ürəyim yandı, ay qız, qalx bir az tut yığ yeyək!
Məsməxanım bu yaşlı kişinin sözünü yerə salmırdı, ağ çit pencəyini əynindən çıxarıb bir göz qırpımında ağaca dırmaşırdı, tutun dəymişlərindən bir-bir dərib boşqaba yığırdı; bu tut ağacını çırpmaq mümkün olmurdu, çünki hər tərəf qum idi; Məsməxanımın ağacda tutun yaxşılarından seçib bir-bir yığması on dəqiqə, iyirmi dəqiqə çəkirdi və günlərin bir günündə məlum oldu ki, Məsməxanım ağacda tut yığanda qoçaq Fazilov da köşkün pəncərəsindən altdan-yuxarı onun ayaqlarına baxır.
Məsməxanım tut yığdığı boşqabı, az qala, Fazilovun başına çırpıb öz kəşfindən əməlli-başlı qeyzə gəldi:
– Ay qoca kaftar! Məni ağaca dırmaşdırırsan, özün də altdan-yuxarı mənə baxırsan! Oğraş oğlu oğraş! Dayan bir!
Fazilov bayram yumurtası kimi qıpqırmızı qızarıb özünü itirdi:
– Ay qız, mən ağsaqqal kişiyəm...
– Tülküsən sən, Həccə gedirsən! Dayan bir düşüm aşağı!..
Məlum məsələdir ki, Fazilov Məsməxanımın ağacdan düşməsini gözləməyib sarı «Moskviç»inə tərəf götürüldü və Məsməxanım tutun axırıncı budağından aşağı atılanda maşın yerindən tərpəndi, tozanaq qaldıra-qaldıra gözdən itdi; Fazilov canını qurtardı həmin gün Məsməxanımın əlindən və bundan sonra həmişə çalışırdı ki, qızın gözünə görünməsin...
...Məsməxanım bunu yadına saldı və Zuğulbanın qumlu dəniz sahilindəki həmin yay gecəsi ürəyindən qəribə bir hiss gəlib-keçdi, bütün nisgili ilə başa düşdü ki, illər onun həmin süd kimi ağ «Volqa»dakı fağırlığını, məsumluğunu, ürəyinin qızlıq çırpıntılarını, uçuntularını qoparıb aparıb özü ilə və onlar bir də heç vaxt geri qayıtmayacaq; illər, elə bil, bataqlıq kimi bir şey idi, onun fağırlığını, məsumluğunu, ürək döyüntülərinin xısıntısını udmuşdu və həmin bataqlığın üzü indi yenə də əvvəlki tək bütöv idi, hamar idi, heç nəyin izi qalmamışdı, təkcə güclə hiss ediləcək bir əks-səda, güclə görünəcək bir kölgə qalıb ki, bunları duyanda adamın burnunun ucu göynəyir, ürəyi nisgillə dolur – bütün bunların hamısını Məsməxanım fikirləşirdi, ona belə gəlirdi. Məmmədağa isə qumsallıqda oturub çəkmələrinin bağını bağlaya-bağlaya fikirləşirdi ki, qabağında dayanmış bu qarabuğdayı qəşəng qız indi özünü dilli-ağızlı bilir, uşaq vaxtının fağırlığına gülür, həmin çağlara illərin uzaqlığında itib-batmış bir şey kimi baxır, amma əslində o, elə indi də fağır bir qız uşağıdır; bu fağır qız uşağının davakarlığı vardı, adamı sancan uzun dili vardı, üz-göz cırmaqlayan dırnaqları vardı, amma bütün bunların hamısıyla birlikdə o fağır bir qız uşağıydı, çünki əslində bütün bunların hamısı elə bu fağırlığı ört-basdır eləməkdən ötrü idi və burasını da dünyada heç kim bilmirdi ki, bu fağır qız uşağı dənizlə danışır, küləyi dayandırır – Məmmədağa da belə fikirləşirdi.
Dəniz isə tamam sakitləşmişdi və sal qayalar yenə də yüngül qayıq olub üzmək istəyirdi; dəniz yenə də çay kimi şırıldayırdı və Məsməxanım lap suyun kənarına gəlib yalın ayaqları ilə nəm qumun üstündə dayandı, uzaqlara baxdı, sonra yalın barmaqlarına toxunan ilıq suya baxdı, sonra əyilib bir ovuc su götürdü, sonra əlini açdı və su barmaqlarının arasından yenə də dənizə töküldü; Məsməxanım nəm qumun üstü ilə sahil boyu addımladı və fikirləşdi ki, bəzən gecələr evdə krandan su damcılayanda adam səhərə kimi yata bilmir, amma bir belə suyun bu qədər səsi adamı dəli eləmir, yüngülləşdirir adamı, adam da bu sal qayalar kimi, gəmi olub üzmək istəyir; Məsməxanım sahil boyu addımladıqca bilirdi ki, bu saat bir cüt göy göz ona baxır və burasını da başa düşürdü ki, bundan sonra bu göy gözləri çox görəcək, öz gözlərini yumacaq və bu göy gözləri görəcək, amma dünyada heç kimin bundan xəbəri olmayacaq, heç kimin, bunu təkcə bir adam biləcək – Məsməxanım – vəssalam.
– O vaxtlar sənə pislik ediblər? – Bunu Məmmədağa soruşdu.
– Hansı vaxtlar? – Bunu da Məsməxanım soruşdu.
– Demirsən ki, fağır qız uşağı idin... – Məmmədağa zarafata salıb soruşmaq istəyirdi, amma bu sözləri çətinliklə dedi.
– Hə... O vaxtı deyirsən... – Məsməxanım gülümsədi, – Yox. Bir-iki dəfə...
– Bəs sonralar necə? Sonralar da pislik görmüsən?
– Sonralar?
– Hə.
– Sən pislik nəyə deyirsən?
– Nəyə deyirəm? Bilmirəm... Pislik pislikdi də...
Əlbəttə, Məmmədağa papağını qabağına qoyub fikirləşsəydi, cavab verə bilərdi ki, pislik nədir, yəni cavab verərdi ki, pislik nankorluqdu, pislik xudbinlikdi, əliəyrilikdi, hörmətsizlikdi, kəmfürsətlikdi, simiclikdi və başqa belə şeylərdi, amma bu dəfə Məmmədağa başqa şey fikirləşdi, fikirləşdi ki, pisliyi, ancaq adam adama eləmir, adamın tək qalmağı da pislikdi, kimsəyə güvənməməyi, nəyəsə öyünməməyi də pislikdi və o, birdən-birə başa düşdü ki, gecələr gilavar əsəndə dənizlə danışmaq da əslində pislikdi, adamın özünün pisliyi deyil, amma nəyinsə pisliyidi.
– Adam döymək pislikdir?
– Pislikdi, əlbəttə...
– Bude, bax! – Məsməxanım birdən-birə sarı koftasının yaxasını kənara dartdı və qızın ətli, hamar çiynində bir qançır qaraldı; Məsməxanımın heç vaxt ağlına gəlməzdi ki, birdən-birə ay işığında çiynini açıb bu yad oğlana göstərəcək və həmin yad oğlan onun qabağında dayanıb çiynindəki qançıra beləcə baxacaq, sonra əlini qaldırıb onun çiynində gəzdirəcək, sonra əlini yaranın üstündə saxlayacaq və Məsməxanımın bütün bədəninə heç vaxt hiss etmədiyi həqiqi bir ilıqlıq gələcək, o, öz sehrli nağıl aləmindən çıxacaq, başa düşəcək ki, bu, nağıl aləmi deyil, həqiqətdi, elə biləcək ki, bu əl dünyada ən doğma adamın əlidi, ona elə gələcək ki, bu əl heç vaxt üzünü görmədiyi atasının əlidi...
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-bir-gorusun-tarixcesi-i-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Nigar həyətdə çox atıldı-düşdü, qaçdı, tərlədi, ona soyuq dəydi, xəstələndi.Yalçın dedi:
Günayın, Yalçının, Nigarın və yekə canavarın nağılıÇox şilə aşı yemişəm, amma belə yalan deməmişəm.Günlərin bir günündə Günay, Yalçın, Nigar həyətdə oynayırdı. Bu təzə həyət elə gözəl idi ki!... Hər tərəf ağac, gül, ot... Bir tərəfə baxanda da böyük bir dağ görünürdü, özü də yamyaşıl meşəli dağ...
Humayın yuxusuHumay elə yaxşı, elə yaxşı qızdı, özü də deyir ki, Humay yaxşı qızdı.Günlərin bir gözəl günündə günəş yavaş-yavaş batdı, axşam düşdü, bütün uşaqlar yatdı, Humayın böyük bacısı Günay da yatdı.
Günay, Humay, bir dənə günəbaxan və qırt toyuğun cücələriQış qurtardı, yaz gəldi, nərgiz torpaqdan baş qaldırdı, ağaclar çiçəklədi, lalələr çölləri, düzləri qıpqırmızı qızartdı, gül bülbülü çağırdı, bülbül gülü, sonra yay gəldi, istilər başladı və Günayla Humay atasıyla birlikdə, anasıyla birlikdə maşına minib yay istirahətinə kəndə getdilər.Günayla Humaygilin kənddə yaşadıqları evin həyətində çoxlu ağac var idi və Günayla Humay bu ağacları meyvələrindən tanıyırdılar:
Poems by other poets
Bir xaric dövlətdən bir əmirzadə,Gəlibdir Tiflisə, gəzib azadə.
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.