Page 2 of 2 · 50%

İndi həmin şokoladın bir irisi, elə irisi ki, İmaşın lafetində yox, uzaq-uzaq ellərdəki böyük-böyük şəhərlərdə satırdılar onu, Əbilinin əlində idi və bu həmin yastı şey idi ki, bayaq Çəhrayı qız ayağı ilə sürütləyə-sürütləyə xətlərin üstündən hoppanırdı.

Bax, bu yerdə Əbili incidi, Çəhrayı qızdan incidi, özü də yaman incidi, çünki Əbili belə Əbili idi.

Necə olurdu ki, yay vaxtı İmaşın lafeti gələndə Əbiligil ondan aldıqları balaca şokoladı yavaş-yavaş yeyirdilər ki, gec qurtarsın, amma Çəhrayı qız bu irilikdə şokoladı ayağı altına atıb daş parçası kimi oynamağa qıyırdı?

Əbili çox fikirləşirdi ki, bu iri şokoladı neyləsin. İstədi aparıb yetim Səftərə versin, amma ürəyinə pis gəldi, pis gəldi ki, niyə Çəhrayı qızın ayaq altına atdığını Səftər yeməlidir?

Və bu zaman Əbili kəşf elədi ki, onların kəndindəki yetim Səftər heç də uzaq-uzaq ellərdəki böyük-böyük şəhərlərdə yaşayan rəngbərəng uşaqlardan əskik oğlan deyil.

Sonra şokoladı elə oradaca bir daşın üstünə qoydu ki, quşlara yem olsun və sidq-ürəkdən arzuladı ki, yay tez gələydi, İmaş lafetini arxın qırağındakı söyüdün altına çəkəydi, o da İmaşdan şokolad alıb yeyəydi.

Çəhrayı qızın bu şokolad məsələsindən iki-üç il sonra, o zamanlar ki, Əbili imtahanlarının hamısını beşə verib səkkizinci sinfə keçmişdi, qəribə bir əhvalat baş verdi.

Payızın son günləri idi və həmin günlər Əbiligilin kəndində çiskinli sazağın fironluq elədiyi günlər idi. O payız səhəri Əbili yuxudan oyanıb kəllayı otaqdakı pəncərədən qarşı dağın boz ətəyinə baxdı, saralıb solmuş – böyürtkən kollarına, çılpaq ərik ağaclarına, alçalara baxdı və birdən-birə bu çiskin, sazaq, bu bozluq, solğunluq ürəyinə bir qəriblik gətirdi, elə bil ki, illər boyu qürbət ellərdə yaşayırdı.

Ürəyindəki bu qəribliklə həyətə düşdü, tövləyə girib həvəssiz-həvəssiz atı qaşovladı, sonra kəhərin çılpaq belinə atılıb kəndin yuxarısındakı arxda sulamağa apardı. Arxın qırağında atın belindən həmişəki bu dağlara baxdı, daha sobaları tüstülənən balaca kəndlərinə baxdı, boynunu uzadıb su dümləyən altındakı atın qara yalına baxdı, sonra başını qaldırıb gözlərini çiskindən qırpa-qırpa bomboz göyə baxdı və birdən-birə ürəyinə bir yaz həsrəti çökdü. Birinci dəfəydi ki, Əbilinin ürəyinə yaz həsrəti çökürdü. Elə bir yaz ki, bu dağların adamsızlığı ürəyini sıxmasın, bu kəndin balacalığı ürəyini qısmasın.

Sonra Əbili qulaqlarını şəklədi və başa düşdü ki, uzaqdan qatar gəlir, ayaqları ilə atı dəhmərləyib üzüaşağı çapdı. Əbili dəmir yoluna gəlib çatanda qatarın axırıncı vaqonları sürətlə ötüb-getdi və bir azdan tamam görünməz oldu. Əbili atın çılpaq belində oturub bir müddət keçib getmiş qatarın ardınca baxdı və birdən-birə ona məlum oldu ki, bu çiskinli-sazaqlı payız səhəri həmin qatar Əbilinin ürəyini də özü ilə apardı, böyük şəhərə apardı. Əbili bunu başa düşdü və atın belindən yerə atılıb suçlu adamlar kimi, dağın döşündə sobaları tüstülənən kəndlərinə baxdı.

Dağın döşündəki balaca kənd Əbilinin qatarla çıxıb gedən ürəyindən xəbərsiz idi və bu boz payız səhəri heç nə olmayıbmış kimi, sobalarını tüstülədirdi.

Əbili əlini kəhər atın yançağına sürtüb:

– Belə-belə işlər... – dedi.

Bu əhvalatdan bir-iki il də gəlib-keçdi və bir yay günü Əbili dəmir yolunun kənarındakı otluqda uzanıb dünyanın işləri barədə fikirləşirdi. Fikirləşirdi ki, bu dünyada gedən təkcə qatarlar deyil. İllər də qatarlar kimidir, gəlir gedir, gəlir gedir, görünməz olur.

Əbili dünyanın bu işləri barədə fikirləşirdi ki, uzaqdan bir qatar göründü və Əbilinin yanından ötüb keçəndə vaqonlardan birindəki bir qız pəncərədən xeyli zir-zibil atdı: boş butulka, yumurta qabığı, pomidor artığı və bunlara bükülmüş kitab vərəqləri.

Kitab vərəqləri havada yellənə-yellənə Əbilidən beş-altı metr aralıya düşdü və qatar gözdən itib gedəndən sonra, Əbili ayağa qalxıb vərəqləri yerdən qaldırdı. Üstündə stəkan yerləri olan, aralarına pomidor suyu tökülmüş bu vərəqlərdən birinin üstündə yazılmışdı: «S. Yesenin».

Əbili əzik-üzük vərəqləri düzəldib əvvəlindən açdı. Ağ səhifəsində göy mürəkkəblə yazılmışdı:

Ya ne Puşkin, ne Krılov,

Ne moqu pisat stixov,

No pişu tebe tri slova,

Jivi, uçis, i bud zdorova!

Veçno tvoy Rufat.

Əbili məktəbdə rus dili dərsi keçirdi və o biri dərslər kimi rus dilindən də beş alırdı. Əbili başa düşdü ki, bu kitabı Rüfət adında bir oğlan bir qıza bağışlayıb və həmin Rüfət həmin qıza aşiq olub. Əbili başını qaldırıb bayaqkı qatarın ardınca baxdı və fikirləşdi ki, Rüfət heç ağlına gətirməzdi ki, üstünü şerlə yazıb qıza bağışladığı bu kitabın vərəqləri bir vaxt Əbili adında bir oğlanda olacaq. Əbili bunu fikirləşdi və əti ürpəşdi. Əti ürpəşdi ki, niyə bir adamın üstünə şer yazıb başqa bir adama bağışladığı bir kitabın vərəqləri cırılıb günlərin bir günündə yumurta qabığı və pomidor artığı ilə bir yerdə vaqonun pəncərəsindən atılmalıdır? Əbili bir neçə il bundan əvvəlki Çəhrayı qızı yadına saldı və burasını da başa düşdü ki, bu kitabın vərəqlərini Çəhrayı qız cırıb vaqonun pəncərəsindən beləcə atdı. Vacib deyildi ki, bu qız elə həmin Çəhrayı qızın elə özü olsun. Bu qız həmin Çəhrayı qızın özü deyildi, başqa Çəhrayı qız idi. Əbili böyümüşdü və daha bilirdi ki, bu dünyada Çəhrayı qızlar çoxdu. Çəhrayı oğlanlar da vardı bu dünyada.

İkinci səhifədə sarışın bir kəndli balasının şəkli var idi. Bu kəndli balası Əbiligilin düzənlikləri kimi bir düzənlikdə dayanıb ağzında da sünbül çöpü çeynəyirdi. Şəklin altında yazılmışdı: «S.Yesenin».

Əbili keçdiyi dərslərdən bilirdi ki, Yesenin böyük şairdir, yaxşı şerlər yazıb, amma Əbili bilmirdi ki, Yesenin həm də bir kəndli balası olub. Bir kəndli balası, Əbili kimi.

İllər keçdi. Əbili məktəbi qurtardı və yenə də bir yay günü kolxozun «QAZ- 51»nə minib Bakıya gəldi, universitetə qəbul imtahanları verdi, hamısından beş aldı və məlum oldu ki, onu iki nəfər başqa əlaçı ilə bərabər təhsil almaq üçün Moskva universitetinə göndərirlər.

Əbili bütün ömründə birinci dəfə qatara mindi, «Bakı – Moskva» qatarına. Qatar çox getdi, az getdi, dərə, təpə düz getdi, axırda gəlib Əbiligilin kəndinin yanından ötüb keçdi. Əbili vaqonun pəncərəsi önündə dayanıb hər addımına bələd olduğu, hər kolunu-kosunu tanıdığı bu yerlərə, qarşı dağın ətəyindəki ağaclıqlar arasından kirəmidli taxtapuşları qızaran kəndlərinə baxa-baxa heç özü də bilmədi birdən-birə necə kəşf elədi ki, bir neçə il bundan əvvəlki qatar onun ürəyini heç hara aparmayıbmış; kəşf elədi ki, əslində o, indi ürəyini bu balaca kənddə qoyub gedir, bu dağların arasında, bu dəmir yolunun kənarında, bu yerlərin çiskinində, çənində və bütün ömrü boyu bu yerlər onun yuxusuna girəcək, onunla olacaq.

Əbili bu dəfə lap doğrusunu başa düşdü ki, bundan sonra bütün ömrü boyu nə edəcəksə bu yerlərin, bu balaca kəndin sayəsində edəcək; başa düşdü ki, bütün ömrü boyu bu yerlərə, bu balaca kəndə borclu olacaq və heç vaxt həmin borcundan çıxa bilməyəcək, ən xoş vaxtlarında da, ən ləzzətli çağlarında da hərdən bu borcluluq onu sıxacaq, sıxacaq çünki dünyada çox şey qatarlar kimidir, gedir, gedir...

Dekabr, 1973.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

9. «Ölüm, ya ölüm?»

Bakının qərb tərəfində yerləşən Keşlə həbsxanasında bir kamerada on iki nəfər idi: Şair idi, Dramaturq idi, dörd professor idi – Ədəbiyyatşünas, Folklorçu, Filosof və Dilçi, – Nəşriyyat müdiri idi, Məktəb müdiri idi, Kitabxanaçı idi, Redaktor idi, Xosrov müəllim idi, bir də Bir Nəfər.Bu Bir Nəfərin danışığı dolaşıq idi, sözündən gah belə çıxırdı ki, partiya işçisidi, gah belə çıxırdı ki, Azneftdə mühəndisdi, gah da belə çıxırdı ki, Qızıl Orduda siyasi işçidi (daha doğrusu, idi!); hər halda, qalan on bir nəfər o Bir Nəfərə etibar etmirdi, ondan çəkinirdi, onun yanında sözünü, söhbətini kəsirdi. Bunun sövq-təbii bir səbəbi bəlkə də onda idi ki, Bir Nəfər sifətdən Mir Cəfər Bağırova oxşayırdı: eynilə bir boyda, sifətlərinin quruluşu oxşar, oxşar burun, oxşar çənə, oxşar ensiz, amma cod tüklü bığ, hətta oxşar girdə şüşəli çeşmək...

198426 min
10. Dan yerinin şəfəqləri

Həmin gün dənizin üzərində üfüq xətti boyunca qıpqırmızı bir səhər açılırdı və dan yerinin o qırmızısı Xəzərin suyunu da qıpqırmızı qızartmışdı, elə bil ki, suyun altında sürü-sürü balıqlar yaralanmışdı, parçalanmışdı və o balıqların qıpqırmızı qanı suyun üzünə çıxmışdı.Qəribə idi, bütün ömrü boyu təzə, qanlı ət həsrətində olmuş Gicbəsər üçün o sübh çağı üfüqün və dənizin o qırmızısında nəsə xoşagəlməz bir cəhət vardı, elə bil ki, o dan qırmızısı o əlçatmaz təzə ət parçasından yox, kin-küdurətdən, hiddətdən qızarmış gözlərdən, vurulan təpiklərdən, atılan daşlardan («– Paşol!»; «– Sürük burdan!») xəbər verirdi və dənizkənarı bulvarda qarnı üstə kol dibində uzanıb çənəsini qabaq pəncələrinə söykəmiş Gicbəsər hələ tam açılmamış yuxulu gözlərini kolun yarpaqları arasından o üfüq və dəniz qırmızısına zilləyib baxırdı. Gicbəsər səksəkə içində yatdığı o bir neçə saat gecə ərzində tez-tez gözlərini açıb qaranlığa baxmış və indi o qaranlıq qırmızıya çevrilmişdi, Gicbəsər də həmin qırmızıya baxırdı...

198413 min
11. Əbdül Qafarzadə

Həmin aprel günü Əbdül Qafarzadə ikinci dəfə Rayon İcraiyyə Komitəsinin binasından çıxıb trolleybusla Qəbiristanlıq İdarəsinə gələndən sonra iki nəfər içəri girib bir balaca qanını qaraltdı. Biri tösmərək oğlan idi, o birisi şalban kimi arıq və uzun bir tip idi (bayaq iclasdan qayıdanda da gözləmə otağında gördüyü bunlar idi), ölüləri üçün yer istəyirdilər və rüşvət əleyhinə mübarizə aparırdılar... Axmaqlar!.. Əbdül Qafarzadənin bu cür miskin adamları görməyə gözü yox idi; əfəl və mənasız məxluqat olduqları üçün ciblərində də bir qəpik olmur və buna görə də ədalət uğrunda mübarizə aparırlar, qanundan dəm vururlar... Bu tösmərək axmaq da Sovet İttifaqının qanunlarını köməyə çağırırdı və Sovet İttifaqındakı qanun keşikçisi mayor Məmmədov da, elə bil, qəsdən burada idi, o axmağın qolundan yapışıb göstərdi ona həmin qanunları.Tülkü Gəldi Qəbiristanlığı neçə ildən bəri sahə müvəkkili işləyən milis mayoru Məmmədovun ərazisinə daxil idi və o bu işə gələndə baş leytenant idi, Əbdül Qafarzadənin sayəsində indi mayor olmuşdu, amma – insan, əlbəttə, naşükürdür– indi özünü daha sahə müvəkkilliyinə sığışdırmırdı, axır vaxtlar Əbdül Qafarzadəyə, xüsusilə, yaltaqlanırdı ki, kişi gedib Bakı Şəhər Milis İdarəsində, yaxud Daxili İşlər Nazirliyinin özündə ağız açsın, onu irəli çəksinlər. Könlündən rayon milis şöbəsinin rəisliyi keçir, hələlik, heç olmasa, rəis müavini olmaq istəyir... Əvvəllər Əbdül Qafarzadə Mirzəibinin, Ağakərimin, yaxud Vasilinin vasitəsilə hərdənbir Məmmədova cib xərcliyi verirdi, amma indi Məmmədovun özü yeri düşəndə Mirzəibiyə, Vasiliyə, Ağakərimə işarələr vururdu, eyhamlarla (birbaşa deməyə ürək eləmirdi) Əbdül Qafarzadə üçün pul təklif edirdi ki, gedib yuxarılarda işini düzəltsin. Acın biri idi, burada sahə müvəkkili olandan sonra özünü düzəldib – ərazisində nə qədər istəyirsən kababxana, dükan, dondurma sexi, qayış sexi, keramika fabriki, pivəxanalar... Ayda hər birindən çox yox, elə beşcə yüz manat alsa, gör nə qədər eləyir!.. Hər halda, acından ölmür... Nə isə, Məmmədov da adam idi və özünü oda-közə vurub adam kimi yaşamaq istəyirdi. Ola bilsin ki, Əbdül Qafarzadə ona kömək edəcəkdi, amma hələ qəti qərara almamışdı. İndi isə bərk acımışdı və təzə katibə qızı çağırıb çörək və pendir almaqdan ötrü mağazaya göndərdi. Əlbəttə, bu qız səhlənkarlıq eləmişdi və o iki nəfəri icazəsiz içəri buraxmışdı, Əbdül Qafarzadə isə səhlənkarlığı, xüsusən, işdə səhlənkarlığı xoşlamırdı; amma Əbdül Qafarzadə cavan və gözəl qızları xoşlayırdı və o səhlənkarlıq üstündə hissə qapılıb bu qızı qovmağın hələ vaxtı deyildi... Bir də ki, – Əbdül Qafarzadə buna qətiyyən şübhə etmirdi – o iki nəfəri bura katibə qız yox, get-gedə ağlını itirən Bədurə buraxmışdı. Bədurə öz qocalığı ilə heç cürə barışa bilmirdi və indiyə qədər də Əbdül Qafarzadəni qısqanırdı, bunu heç kim görməsə də (bəlkə heç Bədurənin özü də indi bu fikirdə deyil!..), Əbdül Qafarzadə yaxşı görürdü. Azərbaycanlı belədir də... Odur, mühasib Yevdakiya Stanislavovna, ya da ki, kassir Marqarita İosifovna, indi qocalıblar, başlarını da aşağı salıb işlərini görürlər. Cavanlıqlarında bəyəm Əbdül Qafarzadə ilə az oyundan çıxmışdılar?.. Hər halda, Bədurə ilə yaxşıca bir söhbət eləmək lazımdı, bu təzə qızın məsələsi isə gələcəyin işidi, indinin yox. Axır ki, bugünkü qəzetləri rahat oxumaq olar...

198444 min
12. Görüş

Xosrov müəllim həyatda heç vaxt Kələntər müəllimin qızlarını görməmişdi, amma əvvəllər tez-tez, get-gedə gec-gec, hətta indinin özündə – əsrin təqvimi səksəni adlayandan sonra da hərdənbir o qızları yuxuda görürdü. O qızların sifəti yox idi, daha doğrusu, elə bil ki, sifətləri iki-üçqat tül arxasında idi, amma Xosrov müəllim yuxuda bilirdi ki, bu qızlar Kələntər müəllimin qızlarıdı və Kələntər müəllimin o qızları bir ucdan ağlayırdılar, gözlərindən axan su sel kimi, küçələrdən keçirdi, bir dəniz əmələ gətirirdi və Xosrov müəllim yuxuda qorxurdu ki, o dənizdə boğulub ölər. Kimsə, çox güman ki, Kələntər müəllimin arvadı idi– aradan keçən bu uzun illər ərzində Xosrov müəllim o arvadın sifətini yadından çıxarmışdı – tez-tez o qızlara da, Kələntər müəllimə də bütün bunları yuxuda görən (və yuxuda da bilən ki, bunlar yuxudur...) Xosrov müəllimə də toxtaqlıq verirdi: «– Su aydınlıqdı... Su aydınlıqdı...»Düzdü, Xosrov müəllim bilirdi ki, bütün bunlar yuxudu, amma bunu bilə-bilə də o dənizdə batmaqdan qorxurdu, Kələntər müəllim isə balaca bir qayıqda oturub o dənizdə üzürdü: «– Əşşi, mənim işim əladır, – deyirdi. – Çünki əvvəldən baxtım gətirib, yeddi qız atası olanda nə olar? Bizim arvad yarımca kilo ətdən o qədər çoxlu, özü də dadlı xörək bişirir ki, yeyib qurtara bilmirik. Heç nədən bir şey bişirir. Qarın da ki, tox oldu, vəssalam. Deməli, işlər əladır. Deməli, kimyanı da uşaqlara yaxşı öyrədəcəksən». Və Kələntər müəllim gülürdü, amma Xosrov müəllim bilirdi ki, əslində bu, gülmək deyil, ağlamaqdı, çünki Kələntər müəllimin də gözlərindən axan yaş o qayığı doldururdu, o qayıq yox olurdu, Kələntər müəllim də yox olurdu və Xosrov müəllim bilirdi ki, Kələntər müəllim batdı o dənizdə, sonra yenə də qorxurdu ki, özü də batar və o qızlar da elə hey ağlayırdı, o dənizin də suyu çoxalıb doğrudan-doğruya adamı boğurdu...

198424 min

Poems by other poets