Page 2 of 5 · 20%

Gəlin:

– Fağır, o saat özündən çıxır!.. – dedi. – Neynəsin e? Mən qaragünün də əlindən bir iş gəlsəydi, bu bədbəxt oğluna kömək eləyərdim də, maaş alardım... Məni bazara qoymur, özü gedir. Bilirsən nöşün? – Gəlin bu sözləri qocaya baxa-baxa deyirdi və qoca da gözlərini bu qadına dikmişdi, nə dediyinin fərqinə varmırdı, təkcə elə onu fikirləşirdi ki, görəsən, bu arvad kimdi belə bu qədər danışır? – Elə bilir ki, mən başa düşmürəm!.. Eşşəyəm bəyəm mən ki, ya, başa düşməyim? Nöş başa düşmürəm? Ona görə özü gedir ki, bazarda şey-şüyü ucuz almaqçün qəpiy davası əliyir. Başa düşdün?.. – Gəlin bu sualı da qayınatasına baxa-baxa verdi, elə bil ki, qoca doğrudan da, nəsə başa düşməliymiş; sonra özü başa saldı: – Qeyrətinə sığışdırmır ki, mən gedim ucuz şey axtarım bazarda?.. İstəmir ki, arvadı başqalarının arvadından əskik olsun, qəpiy davası ələsin!.. Bununçun da özü gedir bazara... Ona deyən lazımdı ki, ay bədbəxt oğlu bədbəxt, mən nəyəm begəm? Böyük zibil-zadam? Bude, camaat necə, – əli ilə pəncərədən həyəti göstərdi – mən də eləyçinə də!.. Ancaq deyə bilmirəm də ona... Necə deyim? Ürəyini sındırmaq istəmirəm də... – Sonra oğluna baxdı. – Ancaq sən zirəng ol bir az!

Cavan oğlan, onsuz da, yekə burnunu – burunda babasına, yəni indi gəlinə baxa-baxa bu arvadın kim olduğu barədə fikirləşən və uzun – uzadı danışmağından təngə gələn qocaya çəkmişdi – az qaldı əlindəki stəkanın lap içinə soxsun:

– Mən neyniyim e?.. – donquldandı.

Gəlin oğlunu yamsıladı:

– «Neyniyim?».. Əfəl olma də!..

Məsələ burasında idi ki, əsgərlikdən təzə qayıdıb Tarix İnstitutunda kuryer işləyən bu oğlanın təzə işə keçmək məsələsi bu gün həll olunmalı idi – anası istəyirdi ki, daha doğrusu, var gücüylə çalışırdı ki, oğlu milisioner olsun, amma adi milisioner yox, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binasında qapıda dayanan milisioner; belə bir yer olduğunu və ora indi cavan adam axtardıqlarını bu həyətdə yaşayan milisioner Əliabbas demişdi, daha doğrusu, bunu milisioner Əliabbas arvadı Firuzəyə demişdi, Firuzə də düz beş gün bundan əvvəl həyətdəki krantda qab-qacaq yuyanda bunu arvadlara demişdi: « – Ude, milsəner yeri boşdu sekada, adam axtarırlar ora! Sekanın dükanı var, bufetində də nə qədər istəyirsən sveji ət var, ağəz, apelsin də var e, orda həmişə öz qiymətinə, kilosu iki manata!... Ətağanın cəddiyçün, Əliabbas qərdeşüvüz diyir ki, yağ da olur orda, talonsuz-zadsız!.. O biri milsənerlər səhərdən-axşamacan küçələrdədi, fağırlar, ancaq sekadakı milsəner həmişə isti yerdə oturur, içəridə, qapının yanında, dakumentlərə baxır ki, hə, sən gir içəri, sən də, sənə olmaz, girə bilməzsən, vəssalam! Ancaq nə istəyir, gedir bufetdən alır, arvad-uşağı da bey balası kimi yaşayır!.. Özü də girib orda bufetdə abed əliyir!.. Bələdi də, haqq yoxdu də bu zaraza dünyada!.. Əliabbası kimdi ora götürən? Hay-hayı gedib, vay-vayı qalıb!.. Pensiyəyə çıxır də, fağır gələn il... Kimdi onu ora götürən?.. Əliabbas qərdeşivüz deyir ki, ora elə-belə heç kimi götürməzlər! Ya gərək adamun olsun, tapşursun səni, ya da ki...» Bu sözləri düz beş gün bundan əvvəl Firuzədən eşitmişdi və bu sözlər düz beş gün idi ki, gəlinə rahatlıq vermirdi, beyninə elə girmişdi ki, çıxarmaq mümkün deyildi (çıxarmaq istəmirdi də!) və bu beş gündə evdə səhər-axşam bu məsələdən danışırdı, oğlunu həmin yerə düzəltməkdən ötrü tədbir tökürdü və hər dəfə də ərinə, oğluna, qızlarına deyirdi: « – Heç kimə demüyün ha!...» Təkcə qayınatasına xəbərdarlıq eləmirdi, çünki bilirdi ki, qoca elə sklerozdu ki, altı-yeddi ildi, onsuz da, heç nə başa düşmür, heç nə yadında qalmır və heç kimi də tanımır. Gəlin əvvəlcə oğlunu yanına salıb apardı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təzə böyük binasının qabağına, əlləşdi, vuruşdu, soraqlaşıb öyrəndi ki, hansı qapıdan hara getmək lazımdı, bu işlərə kim baxır, özü qaldı küçədə, oğlunu göndərdi içəri (məktəbi qurtarmağı haqqındakı kamal attestatı, əsgərlikdə aldığı tərifnamə və sairə sənədlərlə birlikdə) və bir az keçəndən sonra oğlu suyu süzülə-süzülə geri qayıtdı ki, düzəlmədi, məni heç kimin yanına buraxmadılar, dedilər get ayrı yerdə özünə iş axtar. Səhərisi gün yenə qayınatasını evdə tək qoydu – qocanı evdə tək qoyanda da həmişə nigarançılıqdan ürək-göbəyini yeyirdi ki, birdən suyu açar, bağlamaz, ya qazı açıb bağlamaz, ya özü yıxılar-eləyər, qalxa bilməz – yenə oğlunu yanına salıb (işdə də elə bilirdilər ki, institutun kuryeri məktubları ünvanlara çatdırır, avtobusda, trolleybusda ləngiyir) getdi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binasına, amma bu dəfə o kamal şəhadətnaməsini də, o mayor İvanovun imzaladığı tərifnaməni də, qalan sənədləri də özü ilə götürdü, oğlu küçədə dayanıb gözlədi, özü içəri girdi və yenə də heç nə çıxmadı, onu da rəisin yanına buraxmadılar: « – Ay bacı, get oğluna başqa yerdə iş axtar, burda iş yoxdur! Bura sekadı e, seka!...». Həmin gün də oğlu dayanacaqlarda işlənmiş avtobus, trolleybus, tramvay biletləri yığıb işə apardı, bu qədər şəhəri dolaşmışam, ona görə də ləngimişəm (həmişəki kimi, o biletlərin pulunu da kassadan götürüb gedib özünə siqaret aldı), gəlin də kor-peşman evinə qayıtdı, başa düşdü ki, elə çətin bir məsələyə girişib ki, onun xörəyi deyil, amma milisioner Əliabbasın arvadı Firuzənin dediyi o sözlər başından çıxmırdı ki, çıxmırdı. Səhəri gün istədi ki, indi də ərini göndərsin oğluyla, amma göndərmədi, çünki getməyinə gedəcəkdi, sonra da dava salacaqdı, dünyanı da, hökuməti də, partiyanı da söyəcəkdi və oğlunun orada işə düzəlmək məsələsi birdəfəlik batacaqdı. Odur ki, səhərdən-axşamacan tək başına şorqoğalı bişirdi (axırıncı yağ da elə o şorqoğalına getdi!), qapını, pəncərələri də bağladı ki, iyi qonşulara getməsin, fikirləşməsinlər ki, görəsən, bu şorqoğalını niyə bişirir belə, çünki bu həyətdə şorqoğalı ildə bir dəfə, o da Novruz bayramında bişirilirdi. Dünən əriylə oğlu işə, qızlar məktəbə gedəndən sonra, ildə-ayda bir dəfə dolabdan çıxartdığı qırmızı donu əyninə geydi (həmin qırmızı donu ya yayda çox yox, bircə dəfə əriylə, uşaqlarıyla bərabər məhəllədən üç tin aşağıdakı «Qırmızı Oktyabr» yay kinoteatrında filmə baxmağa gedəndə geyərdi və axşam yığışıb beləcə kinoya getməkləri bu adamlar üçün, elə bil ki, Novruz bayramına bənzər bir şey idi və illah da, hind filmləri olanda ki, gəlin qızlara qoşulub ağlayırdı, əri ürəyində kövrəlirdi, o zaman o göz yaşlarında da, o kövrəlmədə də əslində bir bayram ovqatı olurdu; ya da həmin qırmızı donu məhəllədə kiminsə böyük, kiminsə kiçik toyu olanda əyninə geyib arvad məclisinə gedirdi), qocanı evdə tək qoydu və birbaşa Firuzəgilə yollandı. Bu Firuzə milisioner Əliabbasın arvadı Firuzə deyildi, uşaqlıqda bir yerdə oxuduqları, it əyyamında məktəbi bir yerdə qurtardıqları Firuzə idi. Həmin Firuzə məktəbi bitirəndən sonra, öz məhəllələrində kirayənişin yaşayan kasıb bir tələbəyə ərə getmişdi və həmin Firuzənin bəxti elə gətirmişdi ki, bütün tanış-bilişlərin arasında o cürə bəxti gətirən ikinci arvad yox idi: əri, yəni o kasıb tələbə böyük adam olmuşdu, nazir müavini idi (arvadlar məhəllədəki Sarı hamamda çiməndə və o Firuzədən söz düşəndə, o Firuzəni tanıyan arvadlar deyirdi: « – O bəxtəvərin qızı yağlı yerdədi!..), idarədə qara «Volqa»sı var idi və o qara «Volqa» da, o sürücü də səhərdən axşamacan Firuzənin ixtiyarında idi, milisioner Əliabbasın arvadı Firuzənin yox, bu Firuzənin, yazığın belə şeylər heç yatsaydı yuxusuna da girməzdi... Firuzə qapını açıb onu görəndə sidq-ürəkdən sevindi və Firuzənin eləcə sidq-ürəkdən sevinməyi, elə bil ki, gəlinin ürəyindəki o nigarançılığı azaltdı, fikrini bir az dağıtdı və ürək-göbəyini də yeyib qurtarmadı ki, görəsən, indi qoca evdə neyləyir, yıxılıb, ya nəyi salıb sındırıb, ya təkbaşına baş alıb harasa gedib – bütün bunların hamısı olmuşdu və Allaha şükür ki, hamısının da axırı yaxşı qurtarmışdı. Dünən Firuzənin məktəb rəfiqəsini qapıda görüb o cürə cani-dildən sevinməyi, payız vaxtı Firuzənin səkkizinci mərtəbədəki o üçotaqlı evinin içinə dolmuş o gün işığı, otaqların o genişliyi, təmizliyi, səliqə-sahmanı, elə bil ki, bu həyəti də, bu həyətdəki ümumi böyük kranı da, ümumi ayaqyolunu da gəlinin içindən qovub çox uzaqlara qaçırtdı, hətta, evdə tək qalmış qocanı da uzaqlara aparıb bir müddət görünməz etdi və Firuzənin eləcə sevinməyi gəlinin də ürəyinə bir sevinc gətirdi, bir azadlıq gətirdi və çoxdan idi ki, gəlin ürəyində belə bir sevinc, belə bir azadlıq hiss etməmişdi. Azı on il olardı ki, Firuzəni görmürdü, amma Firuzə heç dəyişməmişdi, yəni ki, heç qocalmamışdı, əksinə, daha da cavanlaşmışdı, daha da gözəlləşmişdi, sinəsi, qolları pulu təmizlənmiş balıq kimi hamar və sürüşkən idi, tük boyda qırışı da yox idi. Firuzənin uşağı olmurdu, bir əriydi, bir də özü və o hərdənbir, o vaxtlar ki, gəlin öz evində oturub düyü arıtdayırdı, ya kartof soyurdu, Firuzə birdən-birə gəlib yadına düşürdü, fikirləşirdi ki, görəsən, əri, o nazir müavini nə əcəb Firuzəni boşayıb, başqa bir arvadla evlənmir ki, uşağı olsun, amma dünən səkkizinci mərtəbədəki o işıqlı otaqda oturub o gülərüz Firuzə ilə söhbət etdikcə, dolu sinəsinə, qollarına, armud kimi yaraşıqlı qıçlarına baxdıqca fikirləşirdi ki, o keçmiş kasıb və kimsəsiz tələbə bu cür canı qoyub hara gedir, nazir müavini olmur, kim olur-olsun, bu cürə işığı, bu cürə gözəl istirahəti, Allahın hər verən günü evindəki bu cürə bayramı hardan tapacaq? Ədbəttə, Firuzə başa düşürdü ki, məktəb rəfiqəsi əgər on ildən sonra

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

IV fəsil

Zübeydə miçətkənin altından çıxıb otağa girdi və tərdən tamam yaş olmuş pal-paltarını çıxarıb təzəsini geydi, özü də tez-tez, tələsik geydi ki, şifonerin qapısındakı yekə yumurtavarı güzgüyə gözü sataşdıqca, sallanmış döşlərini və yekə qarnını görməsin, sonra həyətə düşüb quyunun motorunu işə saldı, şlanqı əlinə alıb ağacların dibini, qızılgül kollarını (bu gülləri elə xoşlayırdı ki, dərib aparıb Bakı bazarında at qiymətinə satmırdı, güllər elə-eləcə kolun üstündə solub tökülürdü), evin arxasında əkdiyi pomidor, badımcan, bibər ləklərini, soğanı, vəzərini, kəvəri, şüyüdü sulamağa başladı. Ümumiyyətlə, bu bağ-bağçanı Zübeydə öz əllərilə salıb becərmişdi, təkcə o hasar boyu küknar ağaclarını yazıq Əbdül əkmişdi ki, küləyin qabağını kəssin.Düzdü, kənddə deyirdilər ki, Zübeydə səkkiz dəfə ərə gedib, amma, əslində, Zübeydə bircə dəfə, yəni rəsmi surətdə bircə dəfə ərə getmişdi, onda da Əbdülə. Əbdül müharibədən əvvəl bu kənddə faytonçu idi, tək adam idi, hamamın yanında bir daxması vardı, orda yaşayırdı (sonralar, müharibədən sonra, Zübeydə bu daxmaya bir balaca əl gəzdirib onu dördqat artıq qiymətə satmışdı) və Əbdül bülbül gülə aşiq olan kimi, Zübeydəyə aşiq olmuşdu. Onun bu aşiqliyi kənd camaatının dilinin əzbəri idi və hamı ona Qeysəbdül deyirdi, ən başlıcası isə Əbdül özü belə bir ləqəbdən incimirdi, əksinə, xeyli feyziyab olurdu və Zübeydə ona məhəl qoymayıb (faytonçu Qeysəbdül hara, iri qara gözləri sürməli, boyu sərv, beli incə, durna yerişli Zübeydə xatın hara!) onu ələ saldığı vaxtlar, yəni müharibədən əvvəl və müharibənin ilk çağlarında o boyda kişi eşqin dərdindən bəzən uşaq kimi ağlayırdı da. Məhəbbətin gücü o yerə gəlib çatmışdı ki, Əbdül yeganə atını satıb Zübeydəyə hədiyyələr almaq istəyirdi, qabirkot «demasezonnı», qabardin yubka, yun jaket və ilaxır bu kimi şeylər, amma at çox qoca idi və gəlib baxanlar bu atdan imtina edirdi. Müştərilər Qeysəbdülün qoca atına o qədər baxmışdılar, dişlərini o qədər yoxlamışdılar ki, yazıq at kim yaxınlaşırdısa, o saat özü dinməz-söyləməz dodaqlarını qaldırıb dişlərini ağardırdı.

23 min
V fəsil

Ağagül həyətin ortasındakı talvarın üstündə uzanıb ağcaqanadın əlindən soruğu başına çəkmişdi və bu gecəyarısı yuxuya gedə bilmirdi, soruğun altında gözlərini yumub fikirləşirdi ki, nahaq qırmızı çil toyuğu aparıb Zübeydəyə verdi, onsuz da, Zübeydə toyuğu yeyib üstündən də yaxşıca sərin su içəndən sonra, gördüyünün üstünə yüzünü də qoyub kəndin arvadlarına danışacaqdı; Zübeydə olmazdı o, kölgəsi olardı ki, söz saxlasın ürəyində; elə indinin özündə yatmayıbsa, quyunun yanında oturub «İsgəndərin buynuzu var, buynuzu!..» deyir... Özünü saxlaya bilməz bu arvad, ifritənin biridi.Zübeydənin o bir anlıq yazıq görkəmi indi çıxıb getmişdi işinin dalınca və bu saat Ağagülün gözlərinin qabağına, doğrudan da, bir ifritənin surəti gəlirdi; bu ifritə, doğrudan da, Zübeydə idi, amma saçları pırpızaqlıydı, dodaqları sallanırdı, dırnaqları qırmızı çil toyuğun dırnağına oxşayırdı.

1 min
VI fəsil

Zübeydə uzun gecə köynəyini geyib artırmadakı miçətkənin içində uzanmışdı və fikirləşirdi ki, bütün bu gözəl Abşeronun bircə ayıbı vardısa, o da ağcaqanad idi, özü də ağcaqanad burda, bu kənddə belə fironluq eləyirdi, amma bir az yuxarıda, Bilgəhdə, ya o tərəfdə, Nardaranda biri də yox idi.İndi neynəyək, duraq köçək Bilgəhə, ya Nardarana? Yat, atalar deyib ki, hər gözəlin bir eybi var... Bəs, bir gözəlin yüz eybi olanda necə olsun? Əşşi, çor olsun, zəhrimar olsun, yat, vəssalam... Niyə yata bilmirdi, balam? Nə idi axı, bayaqdan yadına sala bilmədiyi, nə idi o? Bu, başqa bir xatirə idi, işıqlı idi, işığı lap zəif də olsa, o uzaq illərdən süzülüb gəlirdi, təmiz idi, özü də elə bil ki, bir az Ağagüllə Nisənin vağzal bağında öpüşməyinə oxşayırdı, nə idi o? Bu xatirədə şampan tıxacının partlaması yox idi, ətir iyi, pudra iyi yox idi, ləzzətli yeməklər, aşiq sağlıqları, vurğun baxışlar yox idi. Çox sadə idi, dama-dama məktəbli dəftərinə oxşayırdı...

18 min
VII fəsil

Ağagül əvvəlcə elə bildi ki, bu toyuq səsini yuxuda eşidir, çünki bütün gecəni qatmaqarışıq yuxular görmüşdü və qırmızı çil toyuq da Nisənin gözlərindən süzülən yaş gilələri kimi yuxudan-yuxuya keçmişdi, amma Ağagül gözünü açanda və külafirəngidən başını qaldırıb həyətə baxanda gördü ki, qırmızı çil toyuq, doğrudan da, həyətdədi, hasarın dibinə düşüb qalıb, bərkdən də qaqqıldayır; sonra qırmızı çil toyuq çırpınıb ayağa qalxdı və hirslə qaqqıldaya-qaqqıldaya ki, bu nə gecə macərasıdı belə mən düşmüşəm, o tərəf-bu tərəfə yeriməyə başladı.Sonra hasarın o biri tərəfindən torbanı da qırmızı çil toyuğun dalınca həyətə atdılar.

1 min

Poems by other poets