Dünyanın bəxtəvəri
Page 4 of 5 · 60%
II fəsil
Qoca hər gün olduğu kimi, həmin cümə günü də səhər yeməyindən sonra, köhnə qara paltosunu geyib, köhnə boz şlyapasını başına qoyub, həyətə çıxıb qapılarının ağzındakı taxta skamyada oturmuşdu və neçə illərdən bəri idi ki, beləcə günorta vaxtları o qədim tut ağacı, daşdan hörülmüş küncdəki o ayaqyolu, o böyük krant kimi, küçə qapısı tərəfdə yan-yana düzülmüş dəmir zibil yeşikləri kimi, qoca da bu balaca həyətin daimi hissəsiydi. Taxta skamyanı qoca üçün xüsusi olaraq milisioner Əliabbas öz əliylə düzəltmişdi və düzdü, milisioner Əliabbasın qocanın oğlunu görməyə gözü yox idi (və məhəllədə bunu hamı yaxşı bilirdi), çünki ətiacının biri idi, heç nəyin üstündə adamla dava eləyirdi, amma bu skamyanı qoca üçün həvəslə düzəltmişdi və bunu bu dilsiz-ağızsız və tamam köməksiz Allah bəndəsi üçün savab bir iş hesab edirdi. Qoca hər gün günorta burada oturub həyətə açılan pəncərələrə, qapılara, həyətin ortasındakı tut ağacına, o zibil yeşiklərinə maraqla tamaşa edirdi, elə bil ki, bu pəncərələri, qapıları, asfalt döşənmiş bu həyəti birinci dəfə görürdü və qocanın, əlbəttə, heç ağlına da gəlmirdi ki, əslində bu həyət onun özünün dədə-baba həyətidi, atası da bu həyətdə anadan olub, özü də bu həyətdə anadan olub və oğlu, nəvələri də ömürləri boyu Bakının dağlıq məhəlləsindəki bu həyətdə boya-başa gəlib, qızları da bu həyətdə böyüyüb və hərəsi bir tərəfə ərə gedib, indi öz ailələri ilə məşğuldular, qocanın isə, bütün əzab-əziyyətini gəlinin üstünə atıblar. Evdəki o sarı bülbül çoxdan susmuşdu, amma hələ də qocaya elə gəlirdi ki, güclə gözə görünən qəfəsciklərə salınmış o bülbül səsi ətrafında uçuşur və qoca, düzdü, daha o səsləri eşitmirdi, amma o səslər o kiçik qəfəsciklərin içində, az qala, gəlib qocanın sifətinə toxunurdu, burnunun ucuna, dodaqlarına, barmaqlarının üstünə qonurdu və qoca o yüngül, o xəfif toxunmaları, təmasları hiss edirdi. Tutun sapsarı saralıb asfaltın üstünə tökülmüş yarpaqlarında da bu dəm eləcə bir yüngüllük var idi və qapılarının ağzındakı skamyada oturub indi də gözlərini o xəzələ dikmiş qoca birdən-birə istədi ki, ayağa qalxsın, gedib əli ilə o sarı yarpaqları qarışdırsın, o sarı yarpaqları qaldırıb atsın, o sarı yarpaqlar da ətrafda uçuşsun, amma elə ayağa qalxmağa hazırlaşırdı ki, nə istədiyi yadından çıxdı və skamyanın üstündə yerini rahatlayıb milisioner Əliabbasgilin şüşəbəndinə tərəf baxdı. Həyətdə bir-birinə bitişik birmərtəbəli binalarda dörd-beş ailə yaşayırdı və o ailələr dədə-babalıqca həmişə bu həyətdə yaşamışdılar, uşaqlardan kimlərsə böyüyüb ailə qurub başqa evlərə köçmüşdülər, ya da Bakıdan və ümumiyyətlə, Azərbaycandan çıxıb iş dalınca Rusiyanın uzaq şəhərlərinə gedib oralarda da ilişib qalmışdılar, amma ərə gedən o qızlar, evlənən o oğlanlar ki, Bakının mikrorayonlarında, başqa kənar-bucağında yaşayırdılar, bayramlarda, bəzən də adi bazar günlərində bu həyətə gəlirdilər, uşaqlarını bura gətirirdilər, təkcə bu həyətin yox, ümumiyyətlə, məhəllənin xeyrində, şərində imkanları daxilində iştirak edirdilər və qoca da bu skamyada oturanda salamlaşıb, hal-əhval tutub qabağından keçirdilər və o zamanlar ki, bu yeni nəsil hay-küylə küçə qapısını açıb həyətə girirdi, qoca onların salamını alırdı, amma heç birini tanımırdı, fikirləşirdi ki, görəsən, bura haradır və bu adamlar bura niyə gəlib-gedirlər, amma lap soyuq qış günlərində də bu adamların gülərüz salam vermələri, hal-əhval tutmaları qocanın xoşuna gəlirdi və canına bir hərarət gətirirdi. Milisioner Əliabbasgilin şüşəbəndlərinin pəncərəsindən görünürdü ki, orda kök bir arvad ikigözlü qaz plitəsinin üstündəki iri mis tavada nəsə qızardırdı və əlbəttə, qoca daha bilmirdi ki, o kök arvadın adı Firuzədi, milisioner Əliabbasın arvadıdı, bilmirdi ki, Firuzənin çoxdan rəhmətə getmiş atası ilə, bax, bu həyətdə, bu tut ağacının altında çox nərd oynayıb, çox söhbət eləyib və düz otuz il bundan əvvəl Firuzənin toyunda o kişiylə birlikdə yaxşıca araq içib, bilmirdi ki, milisioner Əliabbas da cavan yaşlarından gəlib arvadıgildə, şüşəbəndi görünən o evdə yaşayıb, indi də yeddi uşaq atasıdı və yeddi uşağın qarnını doyuzdurmaqdan ötrü dəridən-qabıqdan çıxır, hərdən xəlvətə salıb üç manat, beş manat rüşvət alır; qoca bütün bunları bilmirdi, bütün bunlar da dünyanın başqa işləri kimi yaddan çıxıb getmişdi, amma şüşəbəndin pəncərəsindən görünən o arvadın açıq və kök qolları o payız günü qocanı yenə də harasa uzaq bir aləmə çəkib aparmaq istəyirdi, qoca o çılpaq qollara baxa-baxa özündə bir həvəs hiss edirdi, o uzaq aləmə getmək istəyirdi, çünki hiss edirdi ki, o uzaqlıqda nəsə elə bir hərarət asfaltın üstünə tökülmüş bu sarı yarpaqlarda, həyətə baxan pəncərə çərçivələrinin, qapıların solmuş göy, yaşıl, qəhvəyi rənglərində, divarların qabığı soyulan əhəngində yoxdu. Qoca beyninə güc eləyirdi, sümüklərini qızdırmaq üçün fikrində o uzaqlara getmək istəyirdi, amma yorulurdu və gözlərini milisioner Əliabbasgilin şüşəbəndindən çəkirdi, yenə tamam yeni bir maraqla qollu-budaqlı tut ağacına baxırdı. Hərdən sərçələr cikkildəyə-cikkildəyə gəlib həyətdəki bu tut ağacının çılpaq budaqlarına qonurdu və qoca o sərçələrə baxırdı, sərçələrin cikkiltisinə qulaq asırdı və o sərçə cikkiltiləri tamam azad idi, kiçik qəfəsciklərə salınmamışdı, kiçik qəfəscikdəki dustaq səs sarı bülbülün səsi idi, amma daha eşidilmirdi, düzdü, o qəfəsciklər hələ də həyətdə uçuşurdu, amma eşidilən sərçə cikkiltisi idi və o cikkilti tamam azad idi. Qoca özü bütün bu hisslərini axıracan dərk edə bilmirdi, beynində söz tapıb bu hissləri özünə aydın edə bilmirdi və yorulub təzədən milisioner Əliabbasgilin şüşəbəndinə baxırdı və o qadının şüşəbənddəki qazın üstündə nə qızartdığını görmürdü, təkcə şüşəbənddən gələn xörək iyi hərdən burnuna dəyirdi, amma o xörək iyi qocanın iştahını çəkmirdi; düzdü, bu, pendir-çörək qoxusu deyildi – pendir-çörək də, qoxusu da pis bir şey kimi qocanın beynində həkk olub qalmışdı, amma hər nə idisə də, şüşəbənddən gələn o yemək qoxusunu da qocanın meyli çəkmədi. Həmin cümə günü qoca o kiçik asfalt həyətdəki skamyada nə qədər oturdu, bir saat? iki saat? üç saat? – bilmirdi, çünki zamanı, vaxtı çoxdan bir-birinə qarışdırmışdı, evlərinin qapısı açıldı, gəlin onu çağırdı və qoca sulu gözlərini tut ağacının üstündəki o bir dəstə sərçədən çəkib, dinməz-söyləməz ayağa qalxıb evə girdi, gəlin köhnə qara paltosunu qayınatasının əynindən çıxara-çıxara:
– Keç içəri, – dedi. – Keçən həftədən bir az ət saxlamışam səninçün xaladelnikdə... Keç otur, küftə eləmişəm sənə. Tez ye qurtar ki, uşaqlar gəlib görməsin. Onlarçun kartoşka qızardiciyəm semiçka yağında. Sirkə-badımcan da qoyciyəm yanında, yaxçı olacek. Əttən ələ bir dənə küftə çıxdı də... Day uşaqların yanında ağzundan qaçırmaginən ya, küftə yemisən!.. Yadunda qalar? Deməginə, yaxçı?
Qoca bu tanımadığı arvadın uzun danışıqlarına fikir vermirdi, fikir vermək istəyəndə də, əməlli-başlı bir şey başa düşmürdü, amma indi o küftə sözü o saat ilişib beynində qaldı, küftənin, ətin nə olduğu da o saat yadına düşdü və indicə baş verəcək gözəl bir əhvalatın ləzzətini əvvəlcədən hiss edə-edə otağa girib o köhnə girdə mizin arxasında oturdu və səbrsizlik dolu sulu gözlərini mətbəxə tərəf zillədi. Gəlin küftə çəkdiyi kasanı gətirib qaynatasının qabağına qoydu və özü də kişi ilə üzbəüz oturub danışmağa başladı:
– Təki uşağın işi düzələydi!.. Vallah, heç nə istəmirəm day dünyada, Allahın altında uşağın işi düzəleydi sekaya işləməyə!.. Ya Ətağanın cəddi, nəzirimi niyaz eyləginən! Mən nə deyirəm, hə? Diyirəm ki...
Qoca qarşısında oturmuş bu yad arvadın dedikcə elə hey dediyi sözlərə fikir vermirdi, elə bil ki, təzədən bayaq tut ağacının üstündəki o bir dəstə sərçənin cikkiltisini eşidirdi və ləzzətlə çörəkdən dişləyib o gözəl küftəni yeyirdi və o sarı bülbül də daha oxumurdu, otağın küncündəki o dolabın üstündə, o qəfəsin içində büzüşüb xırda gözlərini naməlum bir nöqtəyə zilləmişdi.
Həmin cümə günü qızlar məktəbdən qayıtdı, kartof qızartmasını sirkəbadımcanla yedi, hərəsi bir küncə çəkilib dərslərini hazırladı və ərinin işdən qayıtmağına yaxın gəlin yenə kartof soyub qızartmağa başladı ki, kişinin qabağına qoyanda isti və təzə olsun; əri işdən qayıdıb çörəyini yedi və bu dəfə qoca da süfrə arxasına keçib kartof qızartması yedi və bütün bu müddət ərzində gəlin bir tərəfdən oğlunun yolunu gözləyirdi ki, görsün iş məsələsinin axırı nə oldu, bir tərəfdən də bir az nigarançılıq keçirirdi ki, birdən qayınatası küftənin söhbətini salar, uşaqlar tamarzı qalar, amma gəlin nahaq nigaran idi, qoca günorta küftə yediyini çoxdan yadından çıxartmışdı, düzdü, o küftənin gözəl təmi hələ də ağzında qalmışdı, amma qoca bu təmin nədən qaldığını unutmuşdu, kartof qızartmasını yeyə-yeyə diqqətlə qarşısında oturmuş bu dazbaş kişiyə, yəni öz oğluna baxırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-dunyanin-bexteveri
Use ← → keys to move, R for a random poem
More by this author
Zübeydə miçətkənin altından çıxıb otağa girdi və tərdən tamam yaş olmuş pal-paltarını çıxarıb təzəsini geydi, özü də tez-tez, tələsik geydi ki, şifonerin qapısındakı yekə yumurtavarı güzgüyə gözü sataşdıqca, sallanmış döşlərini və yekə qarnını görməsin, sonra həyətə düşüb quyunun motorunu işə saldı, şlanqı əlinə alıb ağacların dibini, qızılgül kollarını (bu gülləri elə xoşlayırdı ki, dərib aparıb Bakı bazarında at qiymətinə satmırdı, güllər elə-eləcə kolun üstündə solub tökülürdü), evin arxasında əkdiyi pomidor, badımcan, bibər ləklərini, soğanı, vəzərini, kəvəri, şüyüdü sulamağa başladı. Ümumiyyətlə, bu bağ-bağçanı Zübeydə öz əllərilə salıb becərmişdi, təkcə o hasar boyu küknar ağaclarını yazıq Əbdül əkmişdi ki, küləyin qabağını kəssin.Düzdü, kənddə deyirdilər ki, Zübeydə səkkiz dəfə ərə gedib, amma, əslində, Zübeydə bircə dəfə, yəni rəsmi surətdə bircə dəfə ərə getmişdi, onda da Əbdülə. Əbdül müharibədən əvvəl bu kənddə faytonçu idi, tək adam idi, hamamın yanında bir daxması vardı, orda yaşayırdı (sonralar, müharibədən sonra, Zübeydə bu daxmaya bir balaca əl gəzdirib onu dördqat artıq qiymətə satmışdı) və Əbdül bülbül gülə aşiq olan kimi, Zübeydəyə aşiq olmuşdu. Onun bu aşiqliyi kənd camaatının dilinin əzbəri idi və hamı ona Qeysəbdül deyirdi, ən başlıcası isə Əbdül özü belə bir ləqəbdən incimirdi, əksinə, xeyli feyziyab olurdu və Zübeydə ona məhəl qoymayıb (faytonçu Qeysəbdül hara, iri qara gözləri sürməli, boyu sərv, beli incə, durna yerişli Zübeydə xatın hara!) onu ələ saldığı vaxtlar, yəni müharibədən əvvəl və müharibənin ilk çağlarında o boyda kişi eşqin dərdindən bəzən uşaq kimi ağlayırdı da. Məhəbbətin gücü o yerə gəlib çatmışdı ki, Əbdül yeganə atını satıb Zübeydəyə hədiyyələr almaq istəyirdi, qabirkot «demasezonnı», qabardin yubka, yun jaket və ilaxır bu kimi şeylər, amma at çox qoca idi və gəlib baxanlar bu atdan imtina edirdi. Müştərilər Qeysəbdülün qoca atına o qədər baxmışdılar, dişlərini o qədər yoxlamışdılar ki, yazıq at kim yaxınlaşırdısa, o saat özü dinməz-söyləməz dodaqlarını qaldırıb dişlərini ağardırdı.
V fəsilAğagül həyətin ortasındakı talvarın üstündə uzanıb ağcaqanadın əlindən soruğu başına çəkmişdi və bu gecəyarısı yuxuya gedə bilmirdi, soruğun altında gözlərini yumub fikirləşirdi ki, nahaq qırmızı çil toyuğu aparıb Zübeydəyə verdi, onsuz da, Zübeydə toyuğu yeyib üstündən də yaxşıca sərin su içəndən sonra, gördüyünün üstünə yüzünü də qoyub kəndin arvadlarına danışacaqdı; Zübeydə olmazdı o, kölgəsi olardı ki, söz saxlasın ürəyində; elə indinin özündə yatmayıbsa, quyunun yanında oturub «İsgəndərin buynuzu var, buynuzu!..» deyir... Özünü saxlaya bilməz bu arvad, ifritənin biridi.Zübeydənin o bir anlıq yazıq görkəmi indi çıxıb getmişdi işinin dalınca və bu saat Ağagülün gözlərinin qabağına, doğrudan da, bir ifritənin surəti gəlirdi; bu ifritə, doğrudan da, Zübeydə idi, amma saçları pırpızaqlıydı, dodaqları sallanırdı, dırnaqları qırmızı çil toyuğun dırnağına oxşayırdı.
VI fəsilZübeydə uzun gecə köynəyini geyib artırmadakı miçətkənin içində uzanmışdı və fikirləşirdi ki, bütün bu gözəl Abşeronun bircə ayıbı vardısa, o da ağcaqanad idi, özü də ağcaqanad burda, bu kənddə belə fironluq eləyirdi, amma bir az yuxarıda, Bilgəhdə, ya o tərəfdə, Nardaranda biri də yox idi.İndi neynəyək, duraq köçək Bilgəhə, ya Nardarana? Yat, atalar deyib ki, hər gözəlin bir eybi var... Bəs, bir gözəlin yüz eybi olanda necə olsun? Əşşi, çor olsun, zəhrimar olsun, yat, vəssalam... Niyə yata bilmirdi, balam? Nə idi axı, bayaqdan yadına sala bilmədiyi, nə idi o? Bu, başqa bir xatirə idi, işıqlı idi, işığı lap zəif də olsa, o uzaq illərdən süzülüb gəlirdi, təmiz idi, özü də elə bil ki, bir az Ağagüllə Nisənin vağzal bağında öpüşməyinə oxşayırdı, nə idi o? Bu xatirədə şampan tıxacının partlaması yox idi, ətir iyi, pudra iyi yox idi, ləzzətli yeməklər, aşiq sağlıqları, vurğun baxışlar yox idi. Çox sadə idi, dama-dama məktəbli dəftərinə oxşayırdı...
VII fəsilAğagül əvvəlcə elə bildi ki, bu toyuq səsini yuxuda eşidir, çünki bütün gecəni qatmaqarışıq yuxular görmüşdü və qırmızı çil toyuq da Nisənin gözlərindən süzülən yaş gilələri kimi yuxudan-yuxuya keçmişdi, amma Ağagül gözünü açanda və külafirəngidən başını qaldırıb həyətə baxanda gördü ki, qırmızı çil toyuq, doğrudan da, həyətdədi, hasarın dibinə düşüb qalıb, bərkdən də qaqqıldayır; sonra qırmızı çil toyuq çırpınıb ayağa qalxdı və hirslə qaqqıldaya-qaqqıldaya ki, bu nə gecə macərasıdı belə mən düşmüşəm, o tərəf-bu tərəfə yeriməyə başladı.Sonra hasarın o biri tərəfindən torbanı da qırmızı çil toyuğun dalınca həyətə atdılar.
Poems by other poets
Bahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
GördümMəqabirdən güzər etdim,Əcaib mərdüman gördüm,
DərdsizNalayıq sözləri, ağır sözləri,Heç zaman eşitmək istəməz adam.
Dağlar, sizdə nəyim qaldı, gəncliyimDağlar, sizdə nəyim qaldı, gəncliyim,Gəncliyimi bir də mənə qaytarın.