Gümüşü, narıncı, məxməri...
Page 3 of 4 · 50%
Allahverdi bu məktubu birinci dəfə oxuyandan sonra, heç kimə heç nə demədi və indiyəcən də heç kimə heç nə deməyib, amma Allahverdi cavab da yazmadı Sədəfə və bu məktubu da yandırmadı, bir-iki gün cibində gəzdirdi, bilmədi ki, nə eləsin, sonra gətirib dolabın aşağı gözündə, lap dibdə, kağız-kuğuzların altında gizlətdi.
Məktubu oxuyandan sonra Allahverdi Sədəfə bir kəlmə də söz demədi, səhəri gün onu görəndə özünü elə tutdu, guya ki, heç nə olmayıb. Sədəf də bir az pörtdü-qızardı, amma heç nə soruşmadı. O gündən sonra Allahverdi ilə Sədəf demək olar ki, danışmırdılar, təkcə hərdənbir, o da dərs zamanı – bir-birilərinə bir söz deyəydilər, ya yox – vəssalam.
Bu məktubu birinci dəfə oxuyanda Allahverdi bir az çaşbaş qalmışdı, amma sonra yavaş-yavaş acığı tutmağa başladı və ürəyində Sədəfi səfeh bildi.
Allahverdi bir müddət beləcə acıqlı oldu, amma günlərin bir günündə gecə yerinə girmişdi Allahverdi, yatmaq istəyirdi, amma yata bilmirdi və necə oldusa ayağa qalxıb dərhal dolabın gözünü açdı, Sədəfin məktubunu kağız-kuğuzun altından çıxarıb təzədən yerinə girdi, heç kim xəbər tutmasın deyə, işığı yandırmadı, elə əl fənərinin işığında bir də oxudu həmin məktubu. Bu dəfə acığı tutmadı Allahverdinin, əksinə, məktub yavaş-yavaş ona ləzzət eləməyə başlamışdı, həm də ürəyində bir narahatlıq əmələ gəlmişdi, bir nigarançılıq vardı ürəyində, amma bu narahatlıq da, bu nigarançılıq da onu sıxıb-əzmirdi. Bu narahatlıq, bu nigarançılıq bir kövrəklik gətirmişdi o gecə. Bu məktubu beləcə gizlin-gizlin oxumaq onun ürəyini isindirirdi o gecə. O gecə bir ilıqlıq vardı ürəyində.
Sonralar hərdənbir Allahverdi bu məktubu dolabın aşağı gözündən çıxarıb təzədən oxuyurdu və hər dəfə oxuduqca da özünü yaman naqolay hiss eləyirdi, amma ona görə yox ki, Sədəfə məhəl qoymadığı halda, onun məktubundan gizli həzz alırdı, açıq-aşkar gülməli misralar onun ürəyinə yayılırdı.
Ayna arvad artırmadan Allahverdini səslədi ki, gəlib çörəyini yesin və Allahverdi də tələm-tələsik Sədəfin məktubunu yenə dolabın aşağı gözündə gizlədib otaqdan çıxdı.
Daha çisəkləmirdi, amma hava da açılmamışdı və Allahverdi elə bil yenə də Bakıdan gələn kinooperatorun şikayətini eşidirdi: « – Belə də iş olar, dörd gündür gün çıxmır ki, syomkamı çəkim qurtarsın...»
Gün çıxacaqdı və o, par-par parıldayan aparatını gözünə tutub Sədəfi lentə çəkəcəkdi və bütün dünya tamaşa edəcəkdi Sədəfin bulaqdan su gətirməsinə və heç kim də bilməyəcəkdi ki, bu qız Allahverdinin dərdindən hayıl-mayıldı.
Allahverdi kinooperatorun sözlərini bir də eşitdi: «Çox fotogenik qızdır». Sonra Allahverdi hiss etdi ki, həm bir balaca pərt olub, həm də bir balaca qürur var ürəyində.
Məlum oldu ki, məktəbdə hamı Sədəfin kinoya çəkiləcəyindən xəbərdardır. Uşaqlar sinif otağında oturub elə hey təzə xəbərdən danışırdılar və bu təzə xəbər həmişəki sinif otağına da bir təzəlik gətirmişdi. Təkcə Allahverdi dinib-danışmırdı.
Bir azdan Sədəf gəlib çıxdı və uşaqlar onu görəndə bir anlıq lap özlərini itirdilər: Sədəf özünə bir sığal vermişdi, bir geyinib-kecinmişdi ki, gəl görəsən, həm də uçmağa qanadı yox idi, yerə-göyə sığmırdı. Sonra uşaqlar hay-küylə düşdülər Sədəfin canına və başladılar onu sorğu-suala tutmağa. Sədəf də bülbül kimi ötə-ötə dedi ki, dünən həmin kinooperator gəlib onlara və xeyli söz-söhbətdən sonra dədəsinin razılığını alıb ki, Sədəfi kinoya çəksin.
Sədəf uşaqlarla danışdıqca, hərdənbir partanın arxasında oturub guya ki, heç nəyi vecinə almayan Allahverdiyə baxırdı, özü də elə baxırdı ki, elə bil məktubda yazdığı sözləri təzədən təkrar edirdi gözləri ilə, amma daha o cür əzvaycasına yox, bir az qürurla.
İkinci dərs triqonometriya dərsi idi və zəng vurulan kimi də Gülsüm müəllimə girdi içəri.
Sinifdəki uşaqların hamısından iki qarış hündür olan Allahverdi birinci sırada lap axırıncı partada otururdu. Sədəf ikinci sırada, ortada otururdu.
Gülsüm müəllimə dərs keçirdi, amma Allahverdi heç nə eşitmirdi və heç nə fikirləşmirdi. Sonra Allahverdi başa düşdü ki, səhərdən bəri Sədəfə baxır.
Sədəfin qara gözləri var idi, qara saçları var idi, yoğun da hörükləri və Allahverdi heç vaxt Sədəfi belə görməmişdi. Sədəfin gözləri də həmin gözlər idi, hörükləri də həmin hörüklər idi, amma Allahverdi bu gözləri də birinci dəfə idi görürdü, bu hörükləri də. Sədəf arıq olmağına arıq idi, amma sinəsi yaman dolu idi. Sədəfin sifəti qarayanız idi və Allahverdi indi gözlərini bu qarayanız sifətdən çəkə bilmirdi, özünə acığı tuturdu, istəmirdi bu sifətə baxsın, amma bir şey çıxmırdı, elə-beləcə baxırdı.
Uşaqlıqda bir yerdə oynamaları, dalaşmaları, bir yerdə məktəbə getmələri, neçə illər bir yerdə oxumaları Allahverdinin yadına düşürdü və Allahverdi indi heç cürə inana bilmirdi ki, gözlərinin qabağındakı bu qız həmin Sədəfdir, yəni ona elə gəlirdi ki, istədiyi vaxt istədiyi sözü deyə bildiyi, istədiyi buyruğa buyurduğu o qız uzaqda qalıb, indi həmin qız yoxdur, bu qız isə tamam başqa qızdır.
Sonra Allahverdinin başından bir fikir keçdi ki, bu fikir onun bütün bədənini titrətdi, lap birtəhər elədi onu: birdən-birə ona elə gəldi ki, evlərindəki dolabın aşağı gözündəki həmin məktubu Sədəf yazmayıb, bu məktubu ona Sədəf verməyib, bu məktubu çəkinə-çəkinə ona uzadan həmin qız Sədəf deyil, tamam başqa bir adam idi. Yəni bu saat Allahverdi inana bilmirdi ki, həmin məktubdakı bir gilə göz yaşı ondan ötrü düşüb göy mürəkkəblə yazılmış hərflərin üstünə.
Bu fikir Allahverdinin bütün bədənini gizildətdi və o, gözlərini Sədəfdən çəkib Gülsüm müəllimənin başa saldığı teoremə qulaq asmaq istədi, amma yenə bir şey çıxmadı və elə-beləcə Sədəfə baxdı və yalnız indi başa düşdü ki, Sədəf də ona baxır və ancaq bundan sonra gözlərini qızın qarayanız sifətindən çəkib düsturlarla dolmuş qara lövhəyə dikdi.
Allahverdi Gülsüm müəllimənin lövhədə yazdığı düsturlara tamaşa edirdi, dediyi sözlərə qulaq asırdı və bütün varlığı ilə Sədəfin nəzərlərini öz üzərində hiss edirdi. Axırda tab gətirməyib Sədəfə baxdı və bu dəfə Sədəf gözlərini yayındırıb lövhəyə baxdı.
Allahverdi hiss elədi ki, sifəti od tutub yanır.
Tənəffüs oldu və tənəffüsdə yenə hamı Sədəfin başına toplaşdı. Sədəf də yenə bülbül kimi dil-dil ötdü. Bütün ömrü boyu heç vaxt Sədəfə bu qədər göz dikilməmişdi, heç kim bu qədər səbrsizliklə onun ağzından çıxan sözü gözləməmişdi, heç vaxt ona dikilmiş gözlərdə bu cür vəcd olmamışdı. Sədəf lap başını itirmişdi sevincdən, çünki Sədəf heç vaxt ömründə bu qədər sevincək olmamışdı.
Dərslər beləcə ötdü bir-bir, tənəffüslər də beləcə. Yenə çiskin başladı, sonra yenə də kəsdi, sonra yenə başladı və bütün günü Allahverdinin halı özündə olmadı. Məktəbdən qayıdandan sonra bütün günü Allahverdi otaqdan eşiyə çıxmadı.
Qəşəm kişinin rayon mərkəzində işi vardı, göydəmir ürgəni minib getmişdi.
Ayna arvad bardaş qurub tabaqçada kəllə qənd doğrayırdı.
Allahverdi isə içəridə, pəncərənin qabağında oturub boz payıza baxırdı. Yamac başdan-başa heyvalıq idi və hər heyva ağacında da bir dəstə sığırçın. Sığırçınların civildəşməsi bu boz payızın müşayiəti idi və bir qəmginlik gətirirdi.
Yamacın ayağında görünən ev Salman kişinin evi idi və birdən-birə Allahverdinin Salman kişiyə acığı tutdu ki, niyə bu gün səhər elə gülümsəyib əllərini yellədi.
Allahverdi nə kitab oxuya bilirdi, nə dərs hazırlaya bilirdi, nə də kəndə çıxmağa həvəsi vardı. Elə bil öz-özünə qıraqdan tamaşa edirdi və ona elə gəlirdi ki, daha əvvəlki Allahverdi deyil. Niyə ona belə gəlirdi, niyə bu cür fikirləşirdi? – baş aça bilmirdi. Burası məlum idi ki, onun adı yenə də Allahverdi idi və bu baş da, bu əllər də, bu ayaqlar da onun idi, intəhası, məlum deyildi ki, niyə bu adıyla, başıyla, əlləriayaqlarıyla bərabər daha əvvəlki Allahverdi deyil.
O, gözlərini boz payızdan çəkib taxta kətilin üstündən ayağa qalxdı, balaca dolaba yaxınlaşıb aşağı gözü çəkdi və Sədəfin məktubunu kağız-kuğuzun altından götürdü, amma məktubu təzədən açıb oxumadı, çünki birdən-birə kəşf elədi ki, burada yazılanların hamısını əzbər bilir. Özündən asılı olmayaraq Sədəfin cümlələrini bir-bir ürəyində təkrar eləməyə başladı.
Allahverdinin heç ağlına da gəlməzdi ki, bu məktubu bu cür əzbərləyib.
Gecə yorğan-döşəyinə girəndə Allahverdiyə elə gəldi ki, səhərə kimi yata bilməyəcək, amma yatdı Allahverdi, yatdı və bütün həyatında ilk dəfə rəngli yuxu gördü:
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-gumusu-narinci-mexmeri
Use ← → keys to move, R for a random poem
More by this author
Vasili Kuzmiçın qızı bir yəhudiyə ərə getmişdi və indi əri ilə birlikdə köçüb ABŞ-da yaşayırdılar, oğlu Vanya hələ sovet vaxtı Tambovda əsgərlik etmişdi, sonra da orada qalmışdı, orada evlənmişdi və orada da yaşayırdı, Kuzmiçin arvadı Vera Arxipovna altı iliydi ki, torpağın altında idi, özü, yəni Vasili Kuzmiç isə beş ildən artığıydı ki, Bilgəhdə, prokuror Əhməd Ağayeviçin bağında yaşayırdı.Sovet vaxtı Vasili Kuzmiç Bakı Lampa zavodunda çilingər işləyirdi və işləməyi sevən adam olduğu üçün, hər ay aldığı maaş onu da, ailəsini də dolandırırdı. Vanya əsgərliyə gedəndən və Tambovda qalandan, qızı ABŞ-a köçəndən sonra, Vera Arxipovna ilə birlikdə dolanışıqları isə lap şah dolanışığı idi – həftədə, heç olmasa, iki dəfə evdə təzə donuz əti bişirdi və həmin günlərdə Vasili Kuzmiç axşam işdən evə gələndə Vera Arxipovna ilə üzbəüz oturub o qızarmış gözəl donuz ətini yanındakı kartof, ya qarabaşaq, ya vermişel qarniri ilə yeyə-yeyə yarımlitrlik bir araq şüşəsi boşaldırdılar – 100, uzaq başı 150 qram Vera Arxipovna içirdi, qalanını da Vasili Kuzmiç. Sonra rus çastuşkaları, Şuljenkonun, ya Utesovun mahnıları yazılmış valları hələ 60-cı illərin əvvəllərində aldıqları patefonda oxudub ləzzətlə qulaq asırdılar, ya da əli dinc durmayan Vasili Kuzmiç çəkicini, kəlbətinini götürüb haranısa təmir edirdi, nəsə düzəldirdi, hərdənbir də elə divanın üstündə cavanlıqlarını yada salırdılar. Bütün bunlara onu da əlavə eləsək ki, Vera Arxipovna özü qış üçün sala düzəldirdi, zels hazırlayırdı, duzlu xiyar qoyurdu, o zaman, əlbəttə, Vasili Kuzmiçin sovet dövründəki həyatına qibtə etmək olardı və indi o həyata birinci qibtə edən adam, elə Kuzmiçin özü idi.
V fəsilOn il bundan qabaq Şuşa camaatının bir hissəsi Buzovna Fəhlə Yataqxanasına yerləşəndə – adamların sayından asılı olmayaraq, hər ailəyə bir otaq – hərə öz otağına əl gəzdirdi, kimi pəncərənin çürümüş çərçivəsini möhkəmlətdi, kimi suvağı qopmuş divarı təzədən suvaqladı, kimi döşəmənin sementin üstündən çəkilmiş lineliumunun yırtılmış yerlərini ört-basdır elədi, bir sözlə, hərə müvəqqəti olaraq (onda elə bilirdilər ki, müvəqqətidi) yaşamaq üçün otağı abıra salmağa başladı və o zaman Surxaygil üçüncü mərtəbədəki otaqda yerləşəndən (doluşandan, doluşdurulandan) sonra Bayraqdar da haradansa göy rəng, qırməzı rəng, yaşıl rəng tapıb gətirdi və otağın qapısının çöl tərəfini (aralığa açılan hissəsini) yuxarıdan aşağı bayrağın rəngi ilə göy, qırmızı, yaşıl rəngə boyadı.Səyyarə Bayraqdarın cidd-cəhdlə o qapını eləcə rəngləməsinə baxa-baxa özünü saxlaya bilməyib ağlamsındı və ağlamsına-ağlamsına da:
VI fəsilYataqxananın həyətində, o iydə ağaclarının yanındakı krantda qab-qacaq yüyan Səyyarə açıq-aşkar bir fəxarətlə Kolxoz kişinin dul arvadı Xədicə xalaya deyirdi:– Əbili (yəni Əbülfət) heç iməkləmədi ki... Bir də gördüm, getdi, küçədə özündən üç dəfə böyük uşaqlarla futbol oynamağa başladı... Küçədə futbol oynayırdı, acanda, qaçıb qucağıma dırmaşırdı, əmməyə başlayırdı...
VII fəsilBakıdan gələn şose yol sola, Buzovnaya (oradan da Zuğulbaya, Bilgəhə, dəniz qırağına) dönürdü, düz isə – Şağana, Mərdəkana, Şüvəlana, SES qəsəbəsinə gedib çıxırdı və həmin yolayrıcına Buzovna dairəsi deyirdilər. Kamança Tanrıverdi avtobusdan düşüb böyük muşmula ağacının kölgəsində dayanmışdı və səhərdən bəri təpəsinə gün çaxa-çaxa, suyun-tərin içində qucağındakı bir dəstə qəzet-jurnalla o tərəf-bu tərəfə maşınların qabağına qaçan Bayraqdara baxırdı.Bayraqdar o qəzet-jurnalı qucağında elə tutmuşdu, elə bil ki, sübh tezdən
Poems by other poets
İllər,min fəryadlı
Of, çəkilsin cəhənnəmə bir pərdəOf, çəkilsin cəhənnəm ə bir pərdəBu baxmaqdan yorulduğum dünyaya!
Mürəbbe: Sevdim bir cavan on dörd yaşındaSevdim bir cavan on dörd yaşındaO tərfə çağına qurban olduğum
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən