14 may 1805-ci il. Gəncə yaxınlığındakı Kürək çayının

sahili. Çadır.

Nəhayət ki, İbrahim xanla knyaz Sisianovun görüşü baş tutmuşdu.

Knyazdan və xandan başqa, onları müşayiət edən əsabələr, o cümlədən polkovnik Eristavi, mayor Lisaneviç, Əmiraslan bəy və başqaları da çadırda idi.

Söhbət ayaq üstündə gedirdi və söhbəti polkovnik Eristavi tərcümə edirdi.

Knyaz Sisianov:

– Cənab İbrahim xan!– dedi.– Sizin böyük Rusiya imperiyasına olan ixlasınız əlahəzrət imperatoru xeyli məmnun etmişdir. Sizin müharibəsiz, qan tökmədən Rusiya təbəəliyini qəbul etmənizi biz həmişə yüksək qiymətləndirəcəyik. Əlahəzrət imperator I Aleksandr mənə böyük iltifat göstərərək tapşırıb ki, onun adından sizə təşəkkürümüzü bildirim. Siz Dizaxda oğlunuz Əbülfət xanın 500 atlısının – seçmə qızılbaş atlılarının qarşısına qəhrəmanlıqla çıxdınız. Onu qaçmağa məcbur etdiniz. Bilirəm, Qafqazda məni tamamilə soyuqqanlı bir varlıq kimi qələmə verirlər, ancaq mən atanın oğulun qabağına getməyinin hansı iztirablar gətirdiyini başa düşürəm… Buna görə də əlahəzrət imperator sizə inanır. Siz başqa xanlar kimi bir söz deyib, başqa iş görmürsünüz.

İbrahim xan:

– Mənim üçün ən əsas Qarabağın əmin-amanlığıdır,– dedi.

– Əlbəttə! Əmin-amanlıq bizim üçün də əsas şərtdir. Cəllad belə, öz istəyinə qalsa, baş kəsməz! Bizim imzalayacağımız bu müqavilənin də amacı məhz əmin-amanlıqdır. Sənədin türkcəsi ilə mayor Lisaneviç sizi tanış edib.

Mayor:

– Elədir, cənab Baş komandan!– dedi.

İbrahim xan da başını tərpədib təsdiq etdi.

Knyaz Sisianov davam etdi:

– Müqaviləyə əsasən Qarabağ xanı, onun varisləri, xanlığın bütün əhalisi Rusiya təbəəliyinə qəbul olunur. Eyni zamanda, sizin Qarabağdakı xanlıq hüququnuz bütün zamanlar üçün təsdiq olunur. Əslində, bu, iki dövlət arasında dostluq və qardaşlıq müqaviləsidir. Rusiya həmişə sizə dayaq olacaq. İran da, Osmanlı padşahlığı da bundan sonra sizi tək görməyəcək, sizin torpağınızı tapdaq altına salmayacaq. Buna görə də siz…

İbrahim xan knyazın sözünü kəsdi:

– Buna görə də mən Rusiya xəzinəsinə hər il səkkiz min çervon ödəməliyəm… Xanın sözlərində açıqca bir tənə hiss olunsa da, knyaz Sisianov gülümsədi:

– Bu sizin üçün elə də böyük bir məbləğ deyil, hörmətli xan…

– Ancaq biz dostluqdan, qardaşlıqdan danışırdıq…

Knyaz qaşlarını çatdı və soyuq bir səslə:

– Təzədən danışıqlara başlamalıyıq?– soruşdu.

İbrahim xan:

– Yox…– dedi.– Bunun bir mənası yoxdur. Mən öz mövqeyimi müəyyənləşdirmişəm… Artıq geriyə yol yoxdur.

Knyaz Sisianov:

– Bravo!.. Bravo!..– dedi.– İbrahim xan, siz əsil siyasət adamısız, həqiqətin gözünə dik baxa bilirsiniz!– Sonra əlinin işarəsi ilə çadırın yuxarı başında qoyulmuş mizi göstərdi.– İndi isə, buyurun!

Onlar mizə yaxınlaşdılar. Müqavilənin mətni mizin üstündə idi.

Knyaz Sisianov İbrahim xanı mizin arxasındakı kürsüyə dəvət etdi:

– Buyurun, cənab İbrahim xan!

İbrahim xan mizin arxasına keçdi, kürsüdə oturmayıb, əyilərək, müqaviləyə tələsik imza atdı.

Sonra knyaz Sisianov mizin arxasına keçdi, kürsüdə əyləşdi və müqaviləni imzalamazdan əvvəl:

– Cənablar!– dedi.– Bu, tarixi bir məqamdır! Bu gün – 1805-ci ilin 14 may günü həmişəlik qoca tarixin yaddaşında qalacaq. Böyük Rusiya immperiyasının Qarabağ xanlığı ilə bağladığı Kürək müqaviləsini gələcək nəsillər də daima xatırlayacaq!

Və knyaz Sisianov, elə bil, hər anın möhlətini uzatmaq istəyirdi – aramla müqaviləni imzaladı, sonra ayağa qalxıb əlini İbrahim xana uzatdı:

– Təbrik edirəm!– dedi.

Onlar əl tutuşdular.

Knyaz Sisianov əlində qovluq tutmuş rus zabitinə başı ilə işarə etdi və dedi:

– İndi isə, cənab İbrahim xan, böyük məmnuniyyətlə bildirirəm ki, əlahəzrət imperator I Aleksandrın Fərmanı ilə sizə general rütbəsi verilir.

Rus zabiti irəli çıxıb qovluğu uzatdı və knyaz Fərmanı polkovnik Eristavidən alıb İbrahim xana təqdim etdi.

İbrahim xan:

– Təşəkkür edirəm, zat-aliləri…– dedi.– Xahiş edirəm mənim minnətdarlığımı əlahəzrət imperatora çatdırasınız.

Knyaz:

– Mütləq!– dedi.– Mütləq çatdıracağam, cənab İbrahim xan! Arxayın ola bilərsiniz! – Sisianovun kefi açıq-aşkar kökəlmişdi və o, polkovnik Eristaviyə işarə eldərək,– hörmətli İbrahim xan, bizim tərcüməçi dostumuzun türkcəsi necədir?– soruşdu.

İbrahim xan:

– Əladır!– dedi.

Knyaz Sisianov qürurla:

– Görürsünüz,– dedi.– Bu, sizə və sizin xalqınıza bizim hörmətimizin ifadəsidir. Rus polkovniki sizin dilinizi bu cür öyrənib!

Bütün bu sözləri tərcümə edən polkovnik Eristavi tərifdən özünü bir az naqolay hiss etdi və:

– Fransız dili Avropada nədirsə, zat-aliləri, türk dili də bütün Qafqazda odur!– dedi.

Görünür, polkovnikin bu sözləri knyazın o qədər də xoşuna gəlmədi və o yenə siyasətə qayıtdı:

– Razılaşdığımız kimi, mən Şuşaya qarnizon göndərməliyəm. Düzdü, qarnizonun komandirini hələ təyin etməmişəm, ancaq güman edirəm ki, bu gün-sabah bu məsələ həllini tapacaq.

İbrahim xan mayor Lisaneviçə baxdı və dedi:

– Zat-aliləri, mən xahiş edirəm Şuşaya mayor Lisaneviçi təyin edəsiniz.

Knyaz Sisianov:

– O-o-o!.. Siz adam tanıyansınız, cənab İbrahim xan!– deyib güldü.– Siz deyən olsun! Qoy, mayor Lisaneviç orada öz generalından muğayat olsun!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Balaca qırmızı çiçək

Balaca Qırmızı Çiçəyin bir gün yaşı var idi. Bircə gün idi ki, Balaca Qırmızı Çiçəyin qönçəsi açmışdı. Qıpqırmızı xırdaca ləçəkləri lap nazik idi. Elə nazik ki, kəpənək qonsaydı əzilərdi. Buna görə də kəpənəklər o Balaca Qırmızı Çiçəyin ləçəklərinə qonmurdu, kəpənəklər istəmirdi ki, o ləçəklər əzilsin, uçub gedib başqa güllərə, başqa çiçəklərə qonurdu.Kəpənəklər özləri də çox yüngül idi, qırmızı idi, ağ idi, sarı idi, adam o rəngbərəng kəpənəklərə baxdıqca baxmaq istəyirdi. Buna görə də kəpənəklər başqa güllərə, başqa çiçəklərə qonub Balaca Qırmızı Çiçəyə baxırdı, Balaca Qırmızı Çiçəyin yüngüllüyünü hiss edirdi, qıpqırmızı xırdaca ləçəklərinin zərifliyini görürdü və kəpənəklər də dünyada belə gözəl qırmızı çiçək olduğu üçün sevinirdi.

3 min
Küləyin, çinarın və qaranquş balasının hekayəti

O çinar ağacı lap balaca idi, sonra gün keçdi, ay dolandı, sonra ay keçdi, il dolandı, o çinar ağacı böyüdü, böyüdü və o qədər illər keçdi ki, o çinar ağacı o qədər böyüdü ki, haçansa eləcə balaca olmağı yadından çıxdı. Yadından çıxdı ki, yanından yüngülcə bir yel ötəndə, çöp kimi nazik və sütül gövdəsi az qalırdı sınsın.O çinar ağacının başı göylərə dəyirdi və bütün yer üzünə də eləcə yuxarıdan aşağı baxırdı və o yüksəklikdən gördüyü dünya o qədər ayaq altında, o qədər kiçik idi ki, özünü həmin dünyanın ən güclüsü hesab etdi.

3 min
Nigar, Yalçın və onların Dədəsi

Nigarın adı Nigar idi. Yalçının adı Yalçın idi.Nigarın dörd yaşı vardı, Yalçının iki yaşı. Nigarın kuklası vardı, Yalçının tapançası. Nigar evcik-evcik oynayırdı, Yalçın top-top. Nigarın öz şarı vardı, Yalçının öz şarı. Nigarın öz şəkilli kitabı vardı, Yalçının öz şəkilli kitabı. Nigarın öz velosipedi vardı, Yalçının öz velosipedi.

3 min
Mən yaman qoçağam

Nigar həyətdə çox atıldı-düşdü, qaçdı, tərlədi, ona soyuq dəydi, xəstələndi.Yalçın dedi:

2 min

Poems by other poets