Mən babamı çox istəyirəm. Bax, bu qədər! Hələ qollarım çatmır, göstərim ki, nə qədər!..

Biz Bakıda yaşayırıq, babam kənddə. Babam tez-tez bizə gəlir. Mənə çoxlu meyvə gətirir. Bilir ki, yaman meyvə yeyənəm. İndi də babam mənə meyvə gətirib: alma, armud, şaftalı, gavalı... Mən də oturub yaxşıca-yaxşıca yeyirəm.

Babam deyir:

– Hayıf, bu il meyvə az oldu, Səlim...

Mən deyirəm:

– Niyə bu il meyvə az oldu, baba?

Babam deyir:

– Çünki bu il quraqlıq oldu.

Mən deyirəm:

– Quraqlıq nədi, baba?

Babam deyir:

– Yağış yağmayanda, ağacları sulamayanda, meyvə az olur. Buna da quraqlıq deyirlər.

– Yağış yağsa, meyvə çox olar?

– Əlbəttə.

Eh, hayıf ki, babamın Dadaş kimi yoldaşı yoxdur. Dadaş mənim dostumdur, bizim həyətdə olur. Həmişə mənə deyir:

– Sən mənim ən birinci dostumsan, Səlim!

Dadaşın portfeli var, özü də məktəbə gedir. Dadaş hər şeyi bilir, mənə də deyir. Mən də hər şeyi bilirəm. Bax, yağış buxardan əmələ gəlir. Su istidə buxarlanır. İndi gördünüz ki, mən hər şeyi bilirəm?

Eh, hayıf ki, babamın Dadaş kimi yoldaşı yoxdur. Eybi yox.

Mən deyirəm:

– Baba, yağış buxardan əmələ gəlir.

Babam deyir:

– Doğrudan?

Mən deyirəm:

– Bəli, baba, doğrudan. Mən hər şeyi bilirəm. Mən kənddəki evimizə gələndə yağış yağdıracağam. Onda meyvə də çox olar.

Babam deyir:

– Sən bunu necə edəcəksən, Səlim?

Mən deyirəm:

– Gedərəm bağa. Qazanı su ilə dolduraram. Qoyaram ocağın üstünə. Su qızar, buxar olar. Onda yağış yağar, meyvə də çox olar. Gördün, baba, mən hər şeyi bilirəm!

Babam deyir:

– Gördüm, Səlim. Doğrudan da, sən yaman bilənsən!

Sonra babam ürəkdən gülür.

Yenə mənə gülürlər...

AYSUNUN, HUMAYIN, GÜNAYIN,

YALÇININ VƏ NIGARIN NAĞILLARI

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci fəsil

Şair Səlim Sürəyya keçən il Türkiyədən gətirdiyi (ora yaradıcılıq ezamiyyətinə getmişdi) kürkü çiyninə salıb «Sağlamlıq» restoranının qabağında var-gəl edirdi; beş dəqiqə bundan əvvəl məclisdən qalxıb su başına çıxmışdı və təzədən məclisə qayıtdığı zaman restoran dəhlizinin geniş pəncərəsindən get-gedə bərkiyən qarı görəndə, neçə müddətdən bəri təbiətin qoynunda olmadığı üçün özünü saxlaya bilmədi, asqıdan kürkünü götürüb çiyninə saldı və isti yeməklərin, konyakın, gözəl sağlıqların səbəbindən içəridən buğlana-buğlana küçəyə çıxdı.Səlim Sürəyya hələ lap balaca ikən atası onu və anasını atıb, gedib başqa bir rayonda arvad almışdı və anası Səlim Sürəyyanı təkbaşına böyütmüş və Səlim Sürəyya da böyüyüb şer yazmağa başlayanda heç sifətini də yadına gətirmədiyi atasının yox, anası Sürəyyanın adını özünə təxəllüs götürmüşdü. Əlbəttə, arvad adını özünə təxəllüs götürmək çoxunun gülüşünə səbəb olurdu, amma Səlim Sürəyya həmin istehzalardan, gülüşlərdən, yuxarıda dayanırdı, çünki əsl sənətkar həmişə dedi-qodu söhbətlərindən, hisslərindən yüksəkdə dayanmağı bacarmalıyıdı və bu minval ilə bir müddət keçəndən sonra oxucuların və ən başlıcası isə, həmkarlarının qulağı bu ada öyrəşdi.

26 min
Üçüncü fəsil

Eyvanı, aşağı tərəflərdə görünən binaların damını, həyətdəki ağacların budaqlarını qar bürümüşdü və o qarın ağlığı gecə vaxtı pəncərələrdən düşən, həyətdə yanan işığın altında, nəsə, bir arxayınçılıqdan xəbər verirdi; düzdü, möhkəm qar yağırdı, külək bərkimişdi, amma elə bil ki, hər tərəfi bürümüş o qarın ağlığında heç bir pis iş ola bilməzdi.Bütün bunlar belə idi, o soyuq havanın təmizliyi Züleyxanın içinə bir təzəlik hissi gətirirdi, o qar ağlığında nəsə bir sevinc, bir nikbinlik var idi, amma bütün bunlarla bərabər, Züleyxanın ürəyində yüngül bir nigarançılıq baş qaldırmışdı: Əlipaşa iki saatdan artıq idi ki, evdən çıxmışdı, hesabla rəngli televizoru çoxdan gətirməli idilər, indi dükanlar da daha bağlanmışdı. Gülzar da, Süsən də, məktəbdən qayıdıb gəlmiş Sona da, Suğra da dəqiqədə bir: – «Bu papa harda qaldı e, belə?..» – deyə-deyə rəngli televizoru gözləyirdi və Züleyxa tez-tez başına şal salıb, həyət eyvanına çıxıb aşağı boylanırdı ki, görsün Əlipaşagil gəldilər, yoxsa yox?

4 min
Dördüncü fəsil

Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.

13 min
Beşinci fəsil

Hesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.

1 min

Poems by other poets