Page 4 of 6 · 50%

Qəbiristanlıq İdarəsində işləyən qadınların, demək olar ki, hamısı öz işlərinin gözəl mütəxəssisləri olmaqla bərabər, həm də bir qadın kimi gözəl idilər. Makinaçı Bədurə xanımdan tutmuş baş mühasib Yevdokiya Stanislavovnayacan, bu qadınları Əbdül Qafarzadə özü bir-bir seçib işə götürmüşdü. Düzdü, bu qadınların bəzisi daha qocalmışdı, amma buna baxmayaraq, Əbdül Qafarzadə onları işdə saxlayırdı və həmişəki kimi də hörmət edirdi; həmişəki kimi– yəni cavan vaxtlarında olduqları kimi; bu qadınların hər biri öz vaxtında Əbdül Qafarzadənin sevimli qadınları olmuşdu...

Bir dəfə fasilə zamanı qadınlar bir yerdə oturub evdən gətirdikləri naharı yedikləri zaman baş mühasib Yevdokiya Stanislavovna, nədənsə, birdən-birə xəyala dalmışdı, göy gözləri dolmuşdu, dərindən köksünü ötürüb: «– Abdul vsex nas nadul...» – demişdir. Kassir Marqarita İosifovna isə baş mühasibin sözlərinə belə düzəliş vermişdi: «– Abdul vsyu Sovetskuyu vlast nadul!..» Nə isə... Bütün bunlar Tülkü Gəldi Qəbiristanlığının mətbəx söhbətləri idi...

Əbdül Qafarzadə Vasili Mitrofanovu Rostovda yaşayan dostlarının zəmanəti ilə işə götürmüşdü və Vasili də qoca anası ilə birlikdə Rostovdan köçüb Bakıya gəldiyi, Qəbiristanlıq İdarəsində işlədiyi bu on iki ildə həmin zəmanəti yüz faiz doğrultmuşdu. Göygöz, sarışın, arıq, yaraşıqlı və ilk baxışda sadəlövh görünən bu oğlan Əbdül Qafarzadənin bircə təbəssümündən, bircə baxışından kişinin nə istədiyini başa düşürdü və elə buna görə də Əbdül Qafarzadəyə bəlkə də ən yaxın adam idi (əlbəttə, ailə üzvlərindən başqa: ümumiyyətlə, yer üzündəki adamlar Əbdül Qafarzadə üçün iki yerə bölünürdü: ailə üzvləri, yəni Qaratel, Sevil, Ömər, balaca Əbdül (əvvəllər o yazıq Orduxan!..), bir də ki, qalan bütün insanlar).

Əbdül Qafarzadə Vasiliyə Bakıda ikiotaqlı mənzil almağa kömək etmişdi və Vasili əntiqfiruş əşyalarla, gözəl rəngkarlıq əsərləri ilə xüsusi zövqlə bəzədiyi o ikiotaqlı mənzildə təkcə anası ilə bir yerdə yaşayırdı. Hərdən o mənzil Əbdül Qafarzadəyə lazım olurdu və o zaman Vasili evin açarını gətirib verirdi Əbdül Qafarzadəyə, qoca anasını da götürüb Bakıdakı saysız-hesabsız dostlarının birinin evinə gedirdi və yalnız Əbdül Qafarzadə sifariş göndərəndən sonra, öz mənzilinə qayıdırdı – üç saatdan sonra, yaxud üç həftədən sonra...

Əbdül Qafarzadə Vasilinin şəklini, qabaqcıl bir fəhlə kimi, rayon əmək qabaqcıllarının fəxri lövhəsinə vurdurmuşdu və ümumiyyətlə, cürbəcür zəfər raportlarında, məruzələrdə, hətta mətbuatda Vasilinin adı tez-tez nümunə çəkilirdi, iki dəfə medal almışdı və indi Əbdül Qafarzadə onu ordenə təqdim etmək istəyirdi. Əbdül Qafarzadə hərdənbir kefinin kök çağlarında gülə-gülə Vasiliyə deyirdi:

«Hayıf adın qəbirqazandı də!.. Bizdə qəbirqazana qiymət qoyan yoxdu.., başqa işdə işləsəydin, doroqoy, lap dəllək də olsaydın, indi səni geroy eləmişdim, bütün ölkə indi səndən danışırdı! Vallah, səni lap deputat eləyərdim! Neyniyim? Qəbiristanlığın üzü qara olsun!..»

Düzdü, Əbdül Qafarzadə Vasilini Sosialist Əməyi Qəhrəmanı eləməmişdi, deputat da eləməmişdi, amma onu partiyaya keçirmişdi və bir müddətdən sonra Qəbiristanlıq İdarəsi ilk partiya təşkilatının katibi seçilmişdi – fəhlə, özü də ki, rus– həm sarsılmaz xalqlar dostluğuna bir nümunə idi, həm də ki, Əbdül Qafarzadənin sədaqətə verdiyi qiymət idi.

Vasili Mitrofanov Rostovda bəzi vəzifəli və pullu adamların eyş-işrət məsələlərinin yüksək səviyyəli təşkili ilə özünə pul qazanırdı (və az da qazanmırdı!). Bakıya gələndə Tülkü Gəldi Qəbiristanlığının gündüz və gecə həyatına bələd olandan sonra buradakı əlverişli şəraiti o saat düzgün qiymətləndirə bildi və bir müddət əvvəlki peşəsindən istifadə etməyə başladı, tanış qızları vaxtaşırı Rostovdan Bakıya qonaq dəvət elədi, Bakıdakı fahişələrlə işgüzar əlaqəyə girdi və gecələr Tülkü Gəldi Qəbiristanlığına gələn müştərilər araq, yaxud nəşə almaqdan başqa, Vasiliyə müəyyən miqdarda (bu baxırdı fahişəyə və müştəriyə!) pul verib (bu pulun altmış faizi fahişəyə, qırx faizi isə Vasiliyə çatırdı), özü ilə bir gecəlik fahişə apara bilərdi (fahişə əlavə olaraq müştəridən nə qoparacaqdı – bu onun öz işi idi və baxırdı həmin fahişənin səriştəsinə və bacarığına!), amma Vasilinin get-gedə qızışan bu fəaliyyəti uzun çəkmədi, Əbdül Qafarzadə Tülkü Gəldi Qəbiristanlığına fahişə gətirməyi və ümumiyyətlə, Vasilinin belə axmaq bir işlə məşğul olmağını qəti qadağan etdi.

Vasili bir daha Tülkü Gəldi Qəbiristanlığına fahişə gətirmədi, amma Bakıda, Bayıl tərəfdə yaşayan və anaşaya öyrənmiş bəzi cavan rus qızlarından istifadə etməyə başladı: həmin qızları anaşa ilə təmin edirdi və onları Azərbaycanın rayonlarında, eləcə də qonşu Gürcüstanın, Ermənistanın, Dağıstanın rayonlarında, Krasnodar və Rostov vilayətlərində işləyən pullu kolxoz sədrlərinin, sovxoz müdirlərinin, rayon səviyyəli rəhbər partiya və sovet işçilərinin müvəqqəti istifadəsinə verirdi. O rayon xadimləri məzuniyyətə çıxıb Kislovodskda, Soçidə, Yurmalada sanatoriyaya gedirdilər və qızlar da Vasilidən bir aylıq anaşalarını (bəziləri morfiyə, kokainə keçmişdi və Vasili də onların qarasına deyinə-deyinə anaşadan xeyli baha olan bu narkotikanı tapıb almağa məcbur olurdu) alırdılar, o rayon xadimlərinin hesabına Kislovodskda, Soçidə, Yurmalada sanatoriyalara yaxın gözəl evlərdə kirayə qalırdılar, qəyyumlarına kef verirdilər, təzədən Bakıya qayıdırdılar, Vasili bu qızlardan da haqq alırdı, o möhtərəm rayon xadimlərindən də; qızlar özləri də pis qazanmırdılar.

Əbdül Qafarzadə belə hesab edirdi ki, kişi olan kəs işlərini gərək elə qursun, fahişədən asılı olmasın: ümumiyyətlə, o işə ki, arvad qarışdı (özü də ki, fahişə!), onda o işin axırı olmaz! Buna görə də Vasili Mitrofanov Tülkü Gəldi Qəbiristanlığının işlərindən başqa, burada yalnız Əbdül Qafarzadənin özünün intim işlərinin vasitəçisi və təşkilatçısı idi.

Vasili, Əbdül Qafarzadəyə bu dərəcədə məhrəm adam olsa da, həmişə öz yerini bilirdi, bu məhrəmlikdən sui-istifadə etmirdi, kişinin yanında siqaret də çəkmirdi (əlində siqaret olsaydı, Əbdül Qafarzadəni görən kimi, siqareti arxasında gizlədirdi), içki də içmirdi və Əbdül Qafarzadə də bunu yüksək qiymətləndirirdi, özünün ezamiyyət məsələlərini Vasiliyə həvalə edirdi.

Əbdül Qafarzadə başqa şəhərlərə ezamiyyətə, əsasən, iki məsələ ilə bağlı gedirdi: ya məhəbbət məsələlərinə görə, ya da ki, qumara (işgüzar məsələləri, əsasən, Bakıda həll edirdi. SSRI-nin başqa şəhərlərində yaşayan dostlara ehtiyac olanda, onları Bakıya dəvət edirdi). Çoxdan idi qumar oynamırdı və məsələ onda deyildi ki, sonuncu dəfə qumar toplantısına gedəndə (Riqaya yığışmışdılar) bir gecədə yüz on min manat nəqd pul uduzmuşdu – qumar, qumardır və qumar oynayan kəs udmağı bacardığı kimi, uduzmağı da bacarmalıdır; məsələ onda idi ki, daha əvvəlki oyunçular yox idi, çoxu ölmüşdü, kimisi öldürülmüşdü, kimisi sovet vətəndaşlığından çıxıb İsrail adı ilə xaricə getmişdi və indi soraqları ABŞ-dan, AFRdən, İtaliyadan, Türkiyədən, Yunanıstandan, elə İsrailin özündən gəlirdi...

Vaxtıyla Moskvada, Leninqradda, Tiflisdə, Daşkənddə, İrəvanda, Tallində, başqa şəhərlərdə yaşayan bu adamlar sanballarına görə, yəni yalnız pullarının çoxluğuna görə yox, təmkinləriylə (ağır oturub batman gəlirdilər!), tədbirləriylə, özlərini aparmaqlarıyla Əbdül Qafarzadəyə bab idilər, gədə-güdə deyildilər, xırda-xuruş oğurluqla işləri olmazdı, amma indi o dünyagörmüş kişilərin yerini ağzından süd iyi gələn adamlar tutub və düzdü, bunların pulları əvvəlkilərdən də artıqdır, amma özləri bir qara qəpiyə dəyməzlər. Bu yeni nəsil daha böyük əraziləri idarə edirdi, yəni həmin ərazilərin bir partiya-sovet rəhbərliyi var idi, bir də ki, yüngül sənaye zavod fabriklərini, ticarəti, iaşə və məişət xidmətini, narkotika alverini, fahişəliyi əllərinə almış həmin gizli rəhbərlik, bəzən isə gizli rəhbərliklə rəsmi rəhbərlik arasında da yaxşı bir əlaqə yaranırdı; bunlar belə idi, amma yeni nəsil tamam cırtqoz adamlardan ibarət idi. Əlbəttə, köhnə dostlardan da salamat qalanlar (Əbdül Qafarzadə kimi!) az deyildi, amma qocalırdılar... Hərdən bu barədə fikirləşəndə Əbdül Qafarzadə öz-özünə gülümsəyirdi, çünki bütün sovet qəzetləri, radio-televiziya səhərdən axşamacan mənfur kapitalist ölkələrindəki mafiyadan yazırdı, deyirdi, göstərirdi və bəzən elə həmin qəzetlərin özündə Orta Asiyadan hansı bir Sosialist Əməyi Qəhrəmanı, kolxoz sədrininsə, yaxud Rostov vilayətindən, Pribaltika respublikalarından hansı bir görkəmli təsərrüfat rəhbərininsə haqqında təriflərlə dolu yazılar dərc edilirdi və bu həmin Sosialist Əməyi Qəhrəmanı, həmin təsərrüfat rəhbəri olurdu ki, Əbdül Qafarzadə şəxsən onunla Odessada, yaxud İrəvanda, yaxud Kislovodskda qumar oynamışdı, işgüzar məsələlər həll eləmişdi...

Yeni nəslin həyat tərzi qətiyyən Əbdül Qafarzadənin xoşuna gəlmirdi və buna görə də daha qumara getmirdi, işgüzar əlaqələr isə, əlbəttə, əvvəlki kimi qalmışdı. Bu cavan adamların gündəlik güzəranının zahiri cəhətləri: içdikləri viski də, yanlarında gəzdirdikləri qəhbələri ən son dəblə geyindirməkləri və qaş-daşla bəzəmələri də, özlərinin nəşə çəkməsi, morfi vurdurması da, hər dəfə restoranda yeyib-içəndən sonra xörəkpaylayanlara yüz manat, iki yüz manat artıq pul verməkləri də, daha heç nədən çəkinməyib açıq-aşkar malikanələr tikdirməkləri, camaatın gözü qabağında şəxsi «Mersedes» lərində gəzməkləri də Əbdül Qafarzadənin ürəyincə deyildi. Partiya və sovet işçiləri, respublikaların, vilayətlərin, şəhərlərin rəhbərliyi, inzibati orqan işçiləri nə qədər rüşvət alsalar da, hər halda, bu yeni nəsil nümayəndələri kimi, gəmidə oturub gəmiçiyə bu qədər açıq-aşkar meydan oxumaq olmazdı və Əbdül Qafarzadənin fikrincə, elə ola bilərdi ki, bunun axırı yaxşı qurtarmasın. Düzdü, dünyanın işlərini bilmək olmaz, amma belə görünür ki, Brejnevin ömrünün sonuna az qalıb, qolundan tutub gəzdirirdilər, iclaslarda danışanda da o qədər ağzını marçıldadırdı ki, adam heç nə başa düşmürdü. Tarix göstərir ki, Sovet İttifaqında birinci şəxsin əxlaqından və əqidəsindən çox şey asılıdır. Brejnevdən sonra kim gələcəkdi? Əlbəttə, elə birisi gələ bilərdi ki, işlər lap Brejnevin vaxtından da yaxşı getsin (və Əbdül Qafarzadə, əslində, əmin idi ki, elə belə də olacaq! Bir cəmiyyətdə ki, bu dərəcədə bir söz deyib, başqa iş görürlər, onu düzəltmək mümkün deyil, çünki dağıla bilər, buna görə də seçdiyi rəhbərlik özünə bab olmalıdır!), amma şər deməsən, xeyir gəlməz, elə birisi də iş başına keçə bilərdi ki (buna Sovet İttifaqı deyərlər – və tarix deyərlər!– nə desən, ola bilər!), aləmi qatışdırsın bir-birinə... Düzdü, Əbdül Qafarzadə dünyada heç nəyə inanmasa da, pulun gücünə yüz faiz inanırdı, amma, hər halda, o cür ki, bu yeni nəsil özünü aparır– düz deyildi, qəti düz deyildi!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

III fəsil

Surxay müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağını ilk dəfə 1988- ci ildə – Ermənistan «perestroyka» hərc-mərcliyindən və Qorbaçovun maymaqlığından istifadə edib Qarabağı Azərbaycandan qoparmaq istəyəndə – Şuşadakı etiraz mitinqində, Bazar başında qaldırdı və o bayraq dədəsi kimi uzunboylu olan Uzun Surxayın başının üstündə xeyli müddət dalğalandı, amma üstündən bir ay keçəndən sonra, elə ki, ara bir az sakitləşdi, o bayrağı qaldırdığına görə Surxayı tutub qoduqluğa saldılar, iki gün saxlayıb, buraxdılar, çünki Şuşanın dəliqanlıları Bazar başına yığışıb bir ağızdan qışqırmağa başladı:– Bay-raq-dar!..

4 min
IV fəsil

Vasili Kuzmiçın qızı bir yəhudiyə ərə getmişdi və indi əri ilə birlikdə köçüb ABŞ-da yaşayırdılar, oğlu Vanya hələ sovet vaxtı Tambovda əsgərlik etmişdi, sonra da orada qalmışdı, orada evlənmişdi və orada da yaşayırdı, Kuzmiçin arvadı Vera Arxipovna altı iliydi ki, torpağın altında idi, özü, yəni Vasili Kuzmiç isə beş ildən artığıydı ki, Bilgəhdə, prokuror Əhməd Ağayeviçin bağında yaşayırdı.Sovet vaxtı Vasili Kuzmiç Bakı Lampa zavodunda çilingər işləyirdi və işləməyi sevən adam olduğu üçün, hər ay aldığı maaş onu da, ailəsini də dolandırırdı. Vanya əsgərliyə gedəndən və Tambovda qalandan, qızı ABŞ-a köçəndən sonra, Vera Arxipovna ilə birlikdə dolanışıqları isə lap şah dolanışığı idi – həftədə, heç olmasa, iki dəfə evdə təzə donuz əti bişirdi və həmin günlərdə Vasili Kuzmiç axşam işdən evə gələndə Vera Arxipovna ilə üzbəüz oturub o qızarmış gözəl donuz ətini yanındakı kartof, ya qarabaşaq, ya vermişel qarniri ilə yeyə-yeyə yarımlitrlik bir araq şüşəsi boşaldırdılar – 100, uzaq başı 150 qram Vera Arxipovna içirdi, qalanını da Vasili Kuzmiç. Sonra rus çastuşkaları, Şuljenkonun, ya Utesovun mahnıları yazılmış valları hələ 60-cı illərin əvvəllərində aldıqları patefonda oxudub ləzzətlə qulaq asırdılar, ya da əli dinc durmayan Vasili Kuzmiç çəkicini, kəlbətinini götürüb haranısa təmir edirdi, nəsə düzəldirdi, hərdənbir də elə divanın üstündə cavanlıqlarını yada salırdılar. Bütün bunlara onu da əlavə eləsək ki, Vera Arxipovna özü qış üçün sala düzəldirdi, zels hazırlayırdı, duzlu xiyar qoyurdu, o zaman, əlbəttə, Vasili Kuzmiçin sovet dövründəki həyatına qibtə etmək olardı və indi o həyata birinci qibtə edən adam, elə Kuzmiçin özü idi.

4 min
V fəsil

On il bundan qabaq Şuşa camaatının bir hissəsi Buzovna Fəhlə Yataqxanasına yerləşəndə – adamların sayından asılı olmayaraq, hər ailəyə bir otaq – hərə öz otağına əl gəzdirdi, kimi pəncərənin çürümüş çərçivəsini möhkəmlətdi, kimi suvağı qopmuş divarı təzədən suvaqladı, kimi döşəmənin sementin üstündən çəkilmiş lineliumunun yırtılmış yerlərini ört-basdır elədi, bir sözlə, hərə müvəqqəti olaraq (onda elə bilirdilər ki, müvəqqətidi) yaşamaq üçün otağı abıra salmağa başladı və o zaman Surxaygil üçüncü mərtəbədəki otaqda yerləşəndən (doluşandan, doluşdurulandan) sonra Bayraqdar da haradansa göy rəng, qırməzı rəng, yaşıl rəng tapıb gətirdi və otağın qapısının çöl tərəfini (aralığa açılan hissəsini) yuxarıdan aşağı bayrağın rəngi ilə göy, qırmızı, yaşıl rəngə boyadı.Səyyarə Bayraqdarın cidd-cəhdlə o qapını eləcə rəngləməsinə baxa-baxa özünü saxlaya bilməyib ağlamsındı və ağlamsına-ağlamsına da:

1 min
VI fəsil

Yataqxananın həyətində, o iydə ağaclarının yanındakı krantda qab-qacaq yüyan Səyyarə açıq-aşkar bir fəxarətlə Kolxoz kişinin dul arvadı Xədicə xalaya deyirdi:– Əbili (yəni Əbülfət) heç iməkləmədi ki... Bir də gördüm, getdi, küçədə özündən üç dəfə böyük uşaqlarla futbol oynamağa başladı... Küçədə futbol oynayırdı, acanda, qaçıb qucağıma dırmaşırdı, əmməyə başlayırdı...

1 min

Poems by other poets