Page 6 of 6 · 83%

Asatur əmi Moskvada tramvay sürürdü və doğma qardaşı, yəni Rozanın atası vəfat edəndən, Rozanın anası qonşuluqda yaşayan dul azərbaycanlı bərbərə ərə gedəndən sonra, on üç-on dörd il idi ki, Bakıya gəlmirdi, amma bütün bayramlarda – Yeni ildə, 8 Martda, 7 Noyabrda, 1 Mayda, Azərbaycanda Sovet hakimiyyəti qurulması münasibətilə 28 Apreldə, eləcə də hər il ad günündə Rozaya təbrik açıqcaları göndərirdi və Asatur əmi bütün dünyada yeganə adam idi ki, Rozaya beləcə təbrik açıqcaları göndərirdi.

Vasili Mitrofanov Əbdül Qafarzadənin adından Roza ilə, necə deyərlər, danışıqlar aparanda və Roza bu gözəl Moskva səfərinə razılıq verəndə o qırmızının, yaşılın, sarının, çəhrayının, narıncının o mütəəssir işıltısı bir gecə vaxtı yenə də xatirələrə dolmuşdu və həmin xatirələrdə Asatur əminin siması Rozanın o uşaqlıq hissləri, həyəcanları kimi, bir təmizlikdən, paklıqdan xəbər verirdi. Roza Moskvada Asatur əmiyə mütləq zəng etmək, onunla görüşmək, evinə getmək istəyirdi və bu barədə Əbdül Qafarzadəyə də demişdi, amma Asatur əminin tramvaysürən olduğunu deməmişdi, utanmışdı, demişdi ki, əmisi SSRI Ticarət Nazirliyində işləyir; bunu demişdi və özü öz sözlərindən nigaran qalmışdı, çünki birdən Əbdül Qafarzadə Ticarət Nazirliyində işləyən o adamı görmək istəyərdi, onunla tanış olmaq istəyərdi...

Amma Roza nahaq yerə nigaran qalırdı, çünki Əbdül Qafarzadə dünyadakı rozalara və qeyri-rozalara yaxşı bələd olduğu üçün, sövq-təbii ilə o saat başa düşdü ki, Roza yalan deyir və öz kefini pozmamaq üçün dərininə getmədi...

O beş gündə o üçotaqlı nömrədən dişardakı həyatı təkcə Vasili Mitrofanovun zəngləri yada salırdı; Vasili də həmin mehmanxanadakı nömrələrdən birində qalırdı və hər gün bir dəfə səhər, bir dəfə də axşam zəng eləyirdi: «– Bir şey lazım deyil, Əbdül Orduxanoviç?» Əbdül Qafarzadəyə nə lazım olacaqdı? – keçənilki o gözəl yaz günlərində, o üçotaqlı lüks nömrədə Rozadan başqa Əbdül Qafarzadəyə dünyanın heç bir ləl-cəvahiratı, heç bir şeyi lazım deyildi; amma həmin beşinci günün axşamı Vasili zəng eləyəndə Əbdül Qafarzadə:

– Ürəyimə kamança düşüb, Vasya... – dedi və bu sözləri elə yanıqlı, elə ürəkdən dedi ki, Vasili, kişinin səsini heç vaxt beləcə mütəəssir eşitməmişdi.

Əbdül Qafarzadə heç özü də bilmədi necə oldu ki, ürəyi kamança istədi; adətən, qəmli, kədərli vaxtlarında kamançaya qulaq asardı, amma Moskvadakı o yaz günlərində Əbdül Qafarzadənin ürəyi də, elə bil, yüz ilin ağacıydı, təzədən çiçəkləmişdi və kişi dünyanın bütün dərdini-sərini unutmuşdu; amma, hər halda, görünür, ürəkdə nəsə varmış...

Rozadan fərqli olaraq, Əbdül Qafarzadə heç vaxt o lüks nömrədə çılpaq gəzmirdi, çarpayıdan qalxan kimi, əyninə paltar geyirdi; Rozanın o ağappaq, sim kimi tarım çəkilmiş bədəninin müqabilində özü özünün yekə və tüklü qarnından, özü özünün yaşından həyalanırdı, hətta eşq aləminə, məhəbbət işlərinin bütün incəliklərinə yaxşı bələd olan Rozanın gülə-gülə, şövqlə, ehtirasla çağırmağına baxmayaraq, Əbdül Qafarzadə onunla birlikdə duşun altına da girmirdi, gəlib vanna otağında Rozanı iri Çin məhrabasına bürüyüb qucağına alırdı, çarpayıya aparırdı.

Vasili səhər tezdən Bakıya uçdu və axşam reysi ilə məşhur kamança çalan Əhməd Şirkərimlə birlikdə Moskvaya qayıtdı, Vnukova aeroportundan taksini birbaşa Moskva Mərkəzi Bazarına sürdürdü, abşeronlu gülsatanlardan Roza üçün bir qucaq qönçə qızılgüllər aldı, elə həmin axşam Əhməd Şirkərimi o üşotaqlı lüks nömrəyə gətirdi və Əbdül Qafarzadə ilə Roza da səliqə ilə geyinib Əhməd Şirkərimin çalğısına qulaq asdı.

Əhməd Şirkərim kamançanı köklədi, həmişəki kimi, gözlərini yumdu və əvvəlcə bir «Segah» çaldı və o «Segah»ı o qədər ürəkdən çaldı ki, o «Segah» Moskvadakı o mehmanxana nömrəsində o qədər sirli, gözlənilməz, eyni zamanda, məhrəmanə səsləndi ki, kamançanı sevməyən, muğamatı da başa düşməyən Vasili ilə Roza da, doğrusu, bu çalğıdan həzz aldılar. Sonra Əhməd Şirkərim Azərbaycan xalq mahnılarını, oyun havalarını çaldı, təzədən muğamata qayıtdı, sonra Əbdül Qafarzadənin xahişi ilə «Sarı bülbül» çaldı; bu mahnını rəhmətlik Xıdır çox xoşlayırdı və indiki kimi Əbdül Qafarzadənin yadında idi: Xıdır qışın soyuğunda da həyətlərindəki krantdan axan buz kimi suyun altında yuyuna-yuyuna «Sarı bülbül»ü oxuyurdu – «Sarı bülbül» həmənki «Sarı bülbül» idi, Xıdır isə çoxdan haqq dünyasında idi və elə bil ki, Əhməd Şirkərim də bundan xəbərdar idi, Əbdül Qafarzadənin ürəyini sızıldadan bu xatirələri kamançanın diliylə söyləyirdi – Əbdül Qafarzadənin gözləri yaşardı; axırda «Kəsmə şikəstə» çaldı və Əhməd Şirkərim gözlərini yumub kamanın simlər üstündəki get-gəli ilə həmahəng başını yırğalaya-yırğalaya o «Kəsmə şikəstə»ni çaldlqca Əbdül Qafarzadəyə elə gəlirdi ki, kamançanın bu səsiylə, «Kəsmə şikəstə»nin bu sədaları ilə Rozanın o iri qara gözləri, o ağappaq tarım bədəni arasında bir doğmalıq var; bu doğmalıq qan doğmalığı deyildi, vaxt, zaman doğmalığıydı, dünyanın qədim çağlarından, tarixin səsçatmazlığından, ünyetməzliyindən xəbər verirdi və Əbdül Qafarzadə də gözlərini yumub kamançanı dinləyə-dinləyə o qədimlərə, o səsçatmaz ünyetməzliyə getmişdi.

Əhməd Şirkərim «Kəsmə şikəstə»ni çalıb qurtarandan sonra, o mehmanxana nömrəsinə qəribə bir sükut çökdü və bu sükutun özündə də bir qədimlik var idi; sonra Əbdül Qafarzadə əlini pencəyinin döş cibinə saldı. Timsah dərisindən tikilmiş və az qala otuz ildən bəri cibində gəzdirdiyi iri portmanesini çıxartdı və Əhməd Şirkərimin qabağına on dənə yüzlük sayıb:

– Halal olsun, – dedi.

Vasili özündən razı halda Əhməd Şirkərimə baxdı və başını tərpətdi, yəni ki, gördün də...

O şax yüzlüklərdən, Əbdül Qafarzadənin musiqini beləcə qiymətləndirməsindən vəcdə gəlmiş Əhməd Şirkərim ayağa qalxdı, kamança ilə birlikdə Bakıdan gətirdiyi skripkasını qoburdan çıxartdı, gəlib Rozanın qarşısında dayandı və yenə də gözlərini yumub Rozaya ithaf etdiyi «Oçi çernıe» çaldı...

O gecə çarpayıda Əbdül Qafarzadənin böyrünə qısılıb yuxuya gedən Roza o üçotaqlı lüks nömrənin sakitliyi və qaranlğı içində kişinin ürəyinin döyüntüsünü aydınca eşidirdi və o döyüntüdə heç vaxt duymadığı bir doğmalıq duyurdu; həmin anlarda Rozaya elə gəlirdi ki, bu yekə və tüklü qarınlı, yaşlı kişini, həqiqətən, ürəkdən sevməyə başlayıb, hətta o yad, eyni zamanda, birdən-birə bu dərəcədə doğma olmuş kamança da, elə bil, təzədən harada isə həzin-həzin çalmağa başladı, o çalğının uzaq səsi sakitlik içindən süzülüb gəldi. Roza yuxuya gedə-gedə elə təsəvvür etdi ki, bura mehmanxana nömrəsi yox, öz evidi, yanında uzanmış bu kişi də onun əridi; Roza bir ər-arvadlıq doğmalığı, ailə mehribanlığı hiss etdi və tamam yuxuya getməzdən əvvəl Əbdül Qafarzadənin tüklü sinəsini yüngülcə tumarladı.

Bakıda, Səkkizinci kilometrdə Rozanın işlədiyi əmanət kassası ilə üzbəüz köhnə üçmərtəbəli binanın üçüncü mərtəbəsində, küçə pəncərələrinin yuxarısı ilə damın arasında daşdan belə bir yazı yonulmuşdu:

MƏŞƏDI MIRZƏ MIR ABDULLA

MƏŞƏDI MIR MƏMMƏDHÜSEYN OĞLU

Və əmanət kassasının pəncərəsindən o yazıya baxanda həmişə Rozaya elə gəlirdi ki, o rəqəmin qədimliyi, Məşədi Mirzə ömrünün həmin uzaqlığı müqabilində özünün, yəni Rozanın yaşadığı həyat, keçirdiyi hiss-həyəcanlar bir uşaq oyunudur. İndi o üçotaqlı lüks nömrədə yuxuya getməzdən əvvəl Əbdül Qafarzadənin tüklü sinəsini yüngülcə tumarladıqca Roza elə bilirdi ki, çarpayıda yox, o qədimliyin içindədi, bu etibarsız dünyada yalnız o qədimliyə etibar etmək, arxalanmaq olar və belə bir etibar hissi, arxayınçılıq duyğusu o cavan qadının bütün bədəninə bir sakitlik, rahatlıq gətirirdi...

Amma elə həmin gecə telefon zəng çaldı və telefonun səsindən Əbdül Qafarzadə başa düşdü ki, zəng Bakıdandır, Bakıda nəsə olub; bura gəldiyi birinci gün Bakıya zəng eləyib, hər ehtimala qarşı, nömrəsini Qaratelə vermişdi (başqa şəhərlərdə olanda həmişə belə edirdi); tələsik yerindən qalxıb telefonun dəstəyini götürdü.

Danışan Ömər idi.

– Zdravstvuyte, dyadya Abdul. Eto Omar qovorit. Necəsiz?

– Nə olub?

– Çto?

– Nə olub, soruşuram.

– Mama xəstələnib, dyadya Abdul.

Əbdül Qafarzadə elə başa düşdü ki, söhbət Ömərin öz anasından, yəni Mürşüd Gülcahaninin arvadından gedir və ürəyi sakit oldu, rahat nəfəs aldı.

– Ciddidi vəziyyəti?

– Çto?

– Soruşuram ciddidi vəziyyəti, ağırdı?

– Hə, ağırdı.

– Balam, sənin anan yazıq, sağlam adamıydı...

– Mənim anam yox e, dyadya Abdul, Qaratel mama xəstələnib. Biz də gəlmişik bura. Sizin kvartiradan danışırıq. Sevil skazala, çtob ya pozvonil vam, a to ya ne bespokoil bı vas. Ona oçen boitsya...

Əbdül Qafarzadənin birdən-birə bir uşaq kimi, bütün bədəni uçunmağa başladı (Orduxanın ölümü onu qəfil ölümlərdən beləcə qorxutmuşdu...), nə qədər çalışdısa da özünü ələ alsın, mümkün olmadı və daha heç nə soruşmayıb, dəstəyi aparatın üstünə atdı. O Roza xoşbəxtliyi də, Moskvadakı bu altı gündə bütün içini bürümüş o yaz təravəti də bircə anın içində çıxıb getdi işinin dalınca; Əbdül Qafarzadə tələsik soyuq su ilə əl-üzünü yuyub geyinməyə başladı.

Yuxudan oyanmış Roza əlini qaldırıb başının üstündəki branı yandırdı və qalxıb çarpayıda oturdu, adyal sinəsindən sürüşüb baldırlarının üstünə düşdü və indi Rozanın branın işığında görünən döşləri də adi qadın döşləri idi...

– Çto sluçilos?

– Mən gedəsi oldum, Roza...

– Hara?

– Bakıya.

– Bəs mən?

– Sən nə qədər istəyirsən, gəz-dolan burda. Get, nədi, deyirdin o kişinin adı? Hə, Asatur, get onu gör... Vasya da burda qalacaq, haçan istəsən, səni Bakıya gətirəcək.

Əbdül Qafarzadə pencəyini geyinə-geyinə özü zəng eləyib Vasilini yuxudan durquzdu, tapşırdı ki, aşağı düşüb mehmanxananın birinci mərtəbəsində onu gözləsin, sonra əlini pencəyinin döş cibinə saldı, timsah dərili o yekə portmaneni cibindən çıxartdı, üç min manat pul götürüb televizorun üstünə qoydu və hələ də yuxulu gözləri ilə ona baxan Rozaya dedi:

– Bu sənindi.

Roza gözlərini qıyıb diqqətlə Əbdül Qafarzadəyə baxdı:

– Nə?

– Bu pul sənindi.

Bayaqdan bəri susub heç nə deməyən Roza birdən-birə pişik kimi yerindən sıçradı, televizorun qabağına atıldı və o üç min manat pulu televizorun üstündən qapıb yerə çırpdı:

– Mən kiməm bəyəm səninçün? Mənə pul verirsən? Za usluqu?..

Əbdül Qafarzadə elə həmin gecə Bakıya uçdu.

Əlbəttə, Rozaya aldığı su samuru xəzindən şubanın, qızıl bilərziyin, mirvari boyunbağının, brilyant üzük və sırğa komplektinin, iyirmi dörd nəfərlik yapon servizinin müqabilində üç min manat pul bir heç idi, amma Rozanın o gecəki hərəkəti, «Mən kiməm bəyəm səninçün? Mənə pul verirsən?» – sözləri Əbdül Qafarzadənin o qədər xoşuna gəlmişdi ki, o vaxtdan bir daha Roza ilə yaxınlıq eləməsələr də (Əbdül Qafarzadə təkrarı xoşlamırdı), yayda onu Vasilinin vasitəçiliyi ilə Xalq Təsərrüfatı İnstitutunun qiyabi şöbəsinə qəbul elətdirdi ki, gələcəkdə ixtisaslı iqtisadçı olsun; ümumiyyətlə, o gözəl, o unudulmaz Moskva yazından sonra Əbdül Qafarzadə tez-tez Roza barədə fikirləşirdi, sidq-ürəkdən bu cavan qadının xoşbəxt olmağını istəyirdi, istəmirdi ki, Roza gələcəkdə daha artıq pozulsun, pis əllərə düşsün, hətta fikirləşirdi ki, bəlkə Rozanı Vasiliyə alsın; amma hələ qəti qərara gəlməmişdi.

O üç min manat isə eləcə o lüks nömrənin döşəməsinə səpilib qaldı və Əbdül Qafarzadə çıxıb gedəndən sonra Roza, əlbəttə, o şax yüzlikləri bir-bir yerdən yığıb götürməli oldu...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

III fəsil

Surxay müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağını ilk dəfə 1988- ci ildə – Ermənistan «perestroyka» hərc-mərcliyindən və Qorbaçovun maymaqlığından istifadə edib Qarabağı Azərbaycandan qoparmaq istəyəndə – Şuşadakı etiraz mitinqində, Bazar başında qaldırdı və o bayraq dədəsi kimi uzunboylu olan Uzun Surxayın başının üstündə xeyli müddət dalğalandı, amma üstündən bir ay keçəndən sonra, elə ki, ara bir az sakitləşdi, o bayrağı qaldırdığına görə Surxayı tutub qoduqluğa saldılar, iki gün saxlayıb, buraxdılar, çünki Şuşanın dəliqanlıları Bazar başına yığışıb bir ağızdan qışqırmağa başladı:– Bay-raq-dar!..

4 min
IV fəsil

Vasili Kuzmiçın qızı bir yəhudiyə ərə getmişdi və indi əri ilə birlikdə köçüb ABŞ-da yaşayırdılar, oğlu Vanya hələ sovet vaxtı Tambovda əsgərlik etmişdi, sonra da orada qalmışdı, orada evlənmişdi və orada da yaşayırdı, Kuzmiçin arvadı Vera Arxipovna altı iliydi ki, torpağın altında idi, özü, yəni Vasili Kuzmiç isə beş ildən artığıydı ki, Bilgəhdə, prokuror Əhməd Ağayeviçin bağında yaşayırdı.Sovet vaxtı Vasili Kuzmiç Bakı Lampa zavodunda çilingər işləyirdi və işləməyi sevən adam olduğu üçün, hər ay aldığı maaş onu da, ailəsini də dolandırırdı. Vanya əsgərliyə gedəndən və Tambovda qalandan, qızı ABŞ-a köçəndən sonra, Vera Arxipovna ilə birlikdə dolanışıqları isə lap şah dolanışığı idi – həftədə, heç olmasa, iki dəfə evdə təzə donuz əti bişirdi və həmin günlərdə Vasili Kuzmiç axşam işdən evə gələndə Vera Arxipovna ilə üzbəüz oturub o qızarmış gözəl donuz ətini yanındakı kartof, ya qarabaşaq, ya vermişel qarniri ilə yeyə-yeyə yarımlitrlik bir araq şüşəsi boşaldırdılar – 100, uzaq başı 150 qram Vera Arxipovna içirdi, qalanını da Vasili Kuzmiç. Sonra rus çastuşkaları, Şuljenkonun, ya Utesovun mahnıları yazılmış valları hələ 60-cı illərin əvvəllərində aldıqları patefonda oxudub ləzzətlə qulaq asırdılar, ya da əli dinc durmayan Vasili Kuzmiç çəkicini, kəlbətinini götürüb haranısa təmir edirdi, nəsə düzəldirdi, hərdənbir də elə divanın üstündə cavanlıqlarını yada salırdılar. Bütün bunlara onu da əlavə eləsək ki, Vera Arxipovna özü qış üçün sala düzəldirdi, zels hazırlayırdı, duzlu xiyar qoyurdu, o zaman, əlbəttə, Vasili Kuzmiçin sovet dövründəki həyatına qibtə etmək olardı və indi o həyata birinci qibtə edən adam, elə Kuzmiçin özü idi.

4 min
V fəsil

On il bundan qabaq Şuşa camaatının bir hissəsi Buzovna Fəhlə Yataqxanasına yerləşəndə – adamların sayından asılı olmayaraq, hər ailəyə bir otaq – hərə öz otağına əl gəzdirdi, kimi pəncərənin çürümüş çərçivəsini möhkəmlətdi, kimi suvağı qopmuş divarı təzədən suvaqladı, kimi döşəmənin sementin üstündən çəkilmiş lineliumunun yırtılmış yerlərini ört-basdır elədi, bir sözlə, hərə müvəqqəti olaraq (onda elə bilirdilər ki, müvəqqətidi) yaşamaq üçün otağı abıra salmağa başladı və o zaman Surxaygil üçüncü mərtəbədəki otaqda yerləşəndən (doluşandan, doluşdurulandan) sonra Bayraqdar da haradansa göy rəng, qırməzı rəng, yaşıl rəng tapıb gətirdi və otağın qapısının çöl tərəfini (aralığa açılan hissəsini) yuxarıdan aşağı bayrağın rəngi ilə göy, qırmızı, yaşıl rəngə boyadı.Səyyarə Bayraqdarın cidd-cəhdlə o qapını eləcə rəngləməsinə baxa-baxa özünü saxlaya bilməyib ağlamsındı və ağlamsına-ağlamsına da:

1 min
VI fəsil

Yataqxananın həyətində, o iydə ağaclarının yanındakı krantda qab-qacaq yüyan Səyyarə açıq-aşkar bir fəxarətlə Kolxoz kişinin dul arvadı Xədicə xalaya deyirdi:– Əbili (yəni Əbülfət) heç iməkləmədi ki... Bir də gördüm, getdi, küçədə özündən üç dəfə böyük uşaqlarla futbol oynamağa başladı... Küçədə futbol oynayırdı, acanda, qaçıb qucağıma dırmaşırdı, əmməyə başlayırdı...

1 min

Poems by other poets