11. Əbdül Qafarzadə
Page 5 of 6 · 67%
Əvvəllər Moskvadan tutmuş Xersonacan ölkənin cürbəcür şəhərləri ilə zəngləşərdilər, bir yerə yığışardılar və o zaman qumar da, eyş-işrət də, kef məclisləri də, əslində, bir bahənə olardı, çünki əsas məqsəd başqa idi: bir-birilərinə fikir söyləyərdilər, məsləhət verərdilər, kömək əli uzadardılar, bir-birilərini öz işləri ilə tanış edərdilər və gələcək işgüzar görüşləri hazırlayardılar... İndi isə məqsəd qumarın özüdür, kefin özüdür, çünki pulu çox qazanırlar, əvvəlkindən asan qazanırlar, rüşvəti də çox verirlər, çünki alan da çoxdur. Əvvəllər o kişilərin oturubdurduqları adamlar professorlar olurdu, görkəmli artistlər, bəstəkarlar, rəssamlar, yazıçılar olurdu, məşhur həkimlər olurdu... Düzdü, bu yeni nəslin də əlinin altında (!) professorlar, rəislər, nazirlər var idi, amma iş burasında idi ki və Əbdül Qafarzadə günlər keçdikcə buna daha artıq dərəcədə əmin olurdu ki, indiki bu professorların, bu vəzifə sahiblərinin özləri də cırlaşıblar və cırlaşmaqda da davam edirlər, əvvəlki kişilər yox idi...
... Vasili içəri girəndə Əbdül Qafarzadə gözünü qəzetdən çəkib:
– Moskvaynan danış, – dedi. – Qastinisada iki nəfərlik yer lazımdı sabaha.
Vasili, təəccüb etdi və təmiz Azərbaycan dilində (dil öyrənməyə, görünür, xüsusi istedadaı var idi, Əbdül Qafarzadənin dəvəti ilə Bakıya köçəndən bircə il sonra, azərbaycanca təmiz danışırdı) soruşdu:
– Moskvaya gedirsiz, Əbdül Orduxanoviç?
Əbdül Qafarzadə Fərid Kazımlının baldızı oğlunun qarasına üz-gözünü turşudub:
– Yox, – dedi, – tanış adamlar gedir.
– Lyüks olsun, Əbdül Orduxanoviç?
– Olsun də... – Əbdül Qafarzadə çeşməyini gözündən çıxarıb dəsmal ilə şüşəsini təmizləyə-təmizləyə yüngülcə gülümsədi. – Xalası ərinin pulu çoxdu...
Vasili, Əbdül Qafarzadənin bu sözlərindən heç nə başa düşmədi, amma heç nə başa düşməyəndə də sual verib belə şeyləri aydınlaşdırmaq Vasilinin xidmət üsuluna daxil deyildi, buna görə də həmişəki kimi:
– Başqa bir şey lazım deyil, Əbdül Orduxanoviç? – soruşdu.
– Yox, daraqoy. Ancaq sənin sağlığın lazımdı.
– Çox sağ olun. Mən gedə bilərəm, Əbdül Orduxanoviç?
– Get məşğul ol, daraqoy, axşam evdə olacağam, zəng elə, mənə de.
– Baş üstə.
Vasili kabinetdən çıxdı, amma o Moskva söhbətindən sonra Vasilinin kabinetdən çıxması ilə otağa qəribə bir yaz ab-havası doldu və Əbdül Qafarzadə, əlbəttə, bu yaz ab-havasını o saat hiss etdi, duydu, tanıdı; o yaz ab-havası xatirədə də təzə, təravətli qalmışdı və birdən-birə yada düşən o xatirələr yenə də o gözəl günlərdəki kimi, kişinin içinə bir cavanlıq həvəsi gətirdi, elə bil ki, bütün qayğılarını, dərdini-sərini götürüb apardı, təzə hisslər, təzə duyğular baş qaldırdı. Düzdü, Rozanın o balıq kimi sürüşkən bədəni birdən-birə sürüşüb qucağından çıxdı, amma o yaz təravətli təzə hissləri, təzə duyğuları özü ilə aparmadı, o hisslər, o duyğular həmişəlik Əbdül Qafarzadə ilə qaldı və hərdən beləcə qəflətən yada düşürdü.
Rozanın iyirmi səkkiz yaşı var idi, yəni keçən yaz – o gözəl, o unudulmaz, hərdən yada düşüb adamın qanını qaynadan o yaz çağlarında – iyirmi səkkiz yaşı var idi və ömründə çox qadınlar görmüş Əbdül Qafarzadə bilirdi ki, Rozanın əsl sevilməli vaxtıdı, beş ildən sonra, hətta üç ildən sonra, daha gec olacaq, Roza indiki Roza olmayacaq. Əbdül Qafarzadə Rozanı birinci dəfə görəndə bu qadının bədənini necə təsəvvür etmişdisə, Rozanın bədəni, doğrudan da, o cür idi, Rozanın ağappaq, hamar və sağlam bədəni, dolu baldırları, qarnının dərininə çəkilmiş göbəyi, ding-ding dingildəyən, canlı və həmişə isti, hərarətli döşləri başdan-başa bir xoşbəxtlik idi və bu xoşbəxtlik keçən yaz Əbdül Qafarzadə kimi bir adamın belə, az qalmışdı ağlını başından çıxarsın. Roza özü də yaxşı bilirdi ki, indi ömrünün hansı çağıdır, bilirdi ki, beş ildən sonra, əlbəttə, gözəlliyini saxlayacaq, yəqin şövqünü, həvəsini də saxlayacaq, amma daha indiki Roza olmayacaq və Roza adamın ağlını başdan çıxarmağı bacarırdı.
Roza Səkkizinci kilometrdə, köhnə üçmərtəbəli bir bina ilə üzbəüz əmanət kassasında işləyirdi, tanış-bilişlərinin arasında Bakının nəinki Səkkizinci kilometrdə, ümumiyyətlə, ən gözəl qadınlarından biri hesab olunurdu və onunla ilk dəfə Vasili özünün saysız-hesabsız məclislərindən birində tanış olmuşdu. Vasili bu qadının gözəlliyini, işvəsini o saat qiymətləndirmişdi və buna görə də onu özünə yox, Əbdül Qafarzadəyə layiq bilmişdi; Rozanın gözəlliyi, işvəsi o qədər təsirli idi ki, hətta şeytan, Vasili Mitrofanovu yoldan çıxarmaq istədi, bu cavan adam Əbdül Qafarzadəyə xidmət etdiyi bütün bu müddət ərzində ilk dəfə az qaldı «xəyanət» yoluna düşsün. Vasili Əbdül Qafarzadənin zövqünə bələd idi və tamam əmin idi ki, Əbdül Qafarzadə bu qadına bir könüldən min könülə aşiq olacaq və Vasili burasını da çox yaxşı bilirdi ki, beləcə aşiq vaxtlarında Əbdül Qafarzadə pula pul demir; Vasili Roza ilə əlbir ola bilərdi, Əbdül Qafarzadədən qoparılacaq qazancı bu qadınla yarıbayarı bölərdi və əlbəttə, qazanc da həmişəkindən çox olardı (çünki Vasili Mitrofanov Əbdül Qafarzadəni xərcə salmağın ən incə yollarını belə yaxşı bilirdi və Rozanın köməyi ilə bu yollardan gizlincə istifadə edərdi), amma Vasili çox çətinliklə də olsa, özünü məcbur etdi və «– Lənət şeytana!»– dedi.
Roza kimsəsiz, tək adam idi və Vasilinin təklifinə yəqin ki, razı olardı, amma Vasili bircə anlıq belə təsəvvür edəndə ki, Əbdül Qafarzadə bu «xəyanət»dən xəbər tutar, cavan olmağına baxmayaraq, dünyanın çox üzünü görmüş və görmədikləri barədə də nəzəri təsəvvürü olan bu adamın bütün içi uçum-uçum uçunurdu və həmin qorxu hissi Vasilini məcbur etdi ki, bu dəfə də, həmişəki kimi, Əbdül Qafarzadəyə sədaqətlə xidmət göstərsin, Roza ilə kişinin arasında sadiq bir vasitəçi olsun.
Əbdül Qafarzadə Rozanı görəndən sonra, bu qadınla Bakıda gizli və tələsik görüşmək istəmədi; əvvəlcə Vasili Moskvaya gedib hazırlıq gördü, sonra Roza Moskvaya gəldi, sonra da Əbdül Qafarzadə gəldi və Əbdül Qafarzadə heç vaxt ağlına da gətirə bilməzdi ki, canında hələ bu qədər gənclik ehtirası var imiş; Roza Əbdül Qafarzadəni bir yeniyetmə oğlan kimi, təzədən ayıltmışdı. Son vaxtlar, xüsusən, yazıq Orduxandan sonra Əbdül Qafarzadəyə elə gəlirdi ki, həyat daha yaşanıb qurtarmaq üzrədir, amma keçən yaz Moskvadakı o Rozalı günlər, elə bil, kişini təzədən yeni bir həyata qaytardı, o Rozalı günlər otuz il bundan əvvəlki hisslərin, həyəcanların yalnız xatirəsini, təəssüratını yox, o hisslərin, həyəcanların özlərini qaytarıb gətirdi.
Roza milliyətcə aysor idi və elə anlar olurdu ki, boş vaxtlarında qədim Assuriya haqqında çox kitablar oxumuş Əbdül Qafarzadəyə elə gəlirdi, elə bil, iri qara gözləri işım-işım işıldayan bu qadın Bakıdakı əmanət kassalarının birindən yox, o qədim dövrlərdən gəlib onun ömrünə daxil olub.
Roza Moskvanın lap mərkəzindəki o üçotaqlı lüks mehmanxana nömrəsində əyninə heç nə geymirdi, hil çeynəyə-çeynəyə (Əbdül Qafarzadənin hil iyindən xoşu gəlirdi) otaqlarda çılpaq gəzirdi və çarpayıda uzanıb, yaxud kresloda oturub bu sağlam, bu ehtiraslı qadına baxmaqdan doymayan Əbdül Qafarzadə heç vaxt heç hansı pulla, heç hansı bir ziynətlə, daş-qaşla o dəqiqələrdə Roza ilə öyündüyü kimi, öyünməmişdi, qürur hissi keçirməmişdi; həmin anlarda Roza, Əbdül Qafarzadənin bütün ömründə əldə etdiyi ən qiymətli şəxsi əmlak idi.
Əbdül Qafarzadə istədiyi vaxt Sovet İttifaqının istədiyi şəhərinə istədiyi müddətə ezamiyyət götürürdü, həmin Moskva səfərini də on beş günlük nəzərdə tutmuşdu və o on beş günün birinci beş günü gecəli-gündüzlü bütöv bir an – hisslərlə, həyəcanlarla dolu nəhəng bir an kimi ötüb keçdi, həmin beş gündə nə Əbdül Qafarzadə, nə də Roza o üçotaqlı lüks nömrədən çıxdılar, heç restorana da getmədilər (ümumiyyətlə, təbiəti etibarilə xudmaniliyi xoşlamayan Əbdül Qafarzadənin restoranlarda oturmaqla arası yox idi və o beş gündə Roza heç imkan tapıb əmisi Asatura zəng də eləyə bilməmişdi).
Rozanın ən işıqlı, ən hərarətli uşaqlıq xatirələrindən biri və bəlkə də birincisi Asatur əmisinin ildə-iki ildə bir dəfə Moskvadan Bakıya gələndə ona hədiyyə gətirdiyi iri bir qutu rəngli karandaşlar idi. Bəzən elə bil ki, o karandaşların qırmızısı, yaşılı, sarısı, çəhrayısı, narıncısı on iki, on üç, on dörd yaşlı bir qız uşağının – Roza üçün həmişəlik bir keçmişdə qalmış təmiz, sadəlövh, səmimi hisslərinin, həyəcanlarının rənginə çevrilirdi və həmin vaxtlar Rozaya elə gəlirdi ki, birdən-birə xatirələri bürümüş o qırmızının, o yaşılın, sarının, çəhrayının, narıncının işıltısında qəribə bir mütəəssirlik, hətta göz yaşı var və belə anlarda Rozanın özünün gözləri dolurdu, bu gözəl qadın həyatının indi beləcə çiçəkləyən bir çağında heç bir səbəb olmadan için-için ağlamaq istəyirdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-olum-hokmu-11-ebdul-qafarzade
Use ← → keys to move, R for a random poem
More by this author
Surxay müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağını ilk dəfə 1988- ci ildə – Ermənistan «perestroyka» hərc-mərcliyindən və Qorbaçovun maymaqlığından istifadə edib Qarabağı Azərbaycandan qoparmaq istəyəndə – Şuşadakı etiraz mitinqində, Bazar başında qaldırdı və o bayraq dədəsi kimi uzunboylu olan Uzun Surxayın başının üstündə xeyli müddət dalğalandı, amma üstündən bir ay keçəndən sonra, elə ki, ara bir az sakitləşdi, o bayrağı qaldırdığına görə Surxayı tutub qoduqluğa saldılar, iki gün saxlayıb, buraxdılar, çünki Şuşanın dəliqanlıları Bazar başına yığışıb bir ağızdan qışqırmağa başladı:– Bay-raq-dar!..
IV fəsilVasili Kuzmiçın qızı bir yəhudiyə ərə getmişdi və indi əri ilə birlikdə köçüb ABŞ-da yaşayırdılar, oğlu Vanya hələ sovet vaxtı Tambovda əsgərlik etmişdi, sonra da orada qalmışdı, orada evlənmişdi və orada da yaşayırdı, Kuzmiçin arvadı Vera Arxipovna altı iliydi ki, torpağın altında idi, özü, yəni Vasili Kuzmiç isə beş ildən artığıydı ki, Bilgəhdə, prokuror Əhməd Ağayeviçin bağında yaşayırdı.Sovet vaxtı Vasili Kuzmiç Bakı Lampa zavodunda çilingər işləyirdi və işləməyi sevən adam olduğu üçün, hər ay aldığı maaş onu da, ailəsini də dolandırırdı. Vanya əsgərliyə gedəndən və Tambovda qalandan, qızı ABŞ-a köçəndən sonra, Vera Arxipovna ilə birlikdə dolanışıqları isə lap şah dolanışığı idi – həftədə, heç olmasa, iki dəfə evdə təzə donuz əti bişirdi və həmin günlərdə Vasili Kuzmiç axşam işdən evə gələndə Vera Arxipovna ilə üzbəüz oturub o qızarmış gözəl donuz ətini yanındakı kartof, ya qarabaşaq, ya vermişel qarniri ilə yeyə-yeyə yarımlitrlik bir araq şüşəsi boşaldırdılar – 100, uzaq başı 150 qram Vera Arxipovna içirdi, qalanını da Vasili Kuzmiç. Sonra rus çastuşkaları, Şuljenkonun, ya Utesovun mahnıları yazılmış valları hələ 60-cı illərin əvvəllərində aldıqları patefonda oxudub ləzzətlə qulaq asırdılar, ya da əli dinc durmayan Vasili Kuzmiç çəkicini, kəlbətinini götürüb haranısa təmir edirdi, nəsə düzəldirdi, hərdənbir də elə divanın üstündə cavanlıqlarını yada salırdılar. Bütün bunlara onu da əlavə eləsək ki, Vera Arxipovna özü qış üçün sala düzəldirdi, zels hazırlayırdı, duzlu xiyar qoyurdu, o zaman, əlbəttə, Vasili Kuzmiçin sovet dövründəki həyatına qibtə etmək olardı və indi o həyata birinci qibtə edən adam, elə Kuzmiçin özü idi.
V fəsilOn il bundan qabaq Şuşa camaatının bir hissəsi Buzovna Fəhlə Yataqxanasına yerləşəndə – adamların sayından asılı olmayaraq, hər ailəyə bir otaq – hərə öz otağına əl gəzdirdi, kimi pəncərənin çürümüş çərçivəsini möhkəmlətdi, kimi suvağı qopmuş divarı təzədən suvaqladı, kimi döşəmənin sementin üstündən çəkilmiş lineliumunun yırtılmış yerlərini ört-basdır elədi, bir sözlə, hərə müvəqqəti olaraq (onda elə bilirdilər ki, müvəqqətidi) yaşamaq üçün otağı abıra salmağa başladı və o zaman Surxaygil üçüncü mərtəbədəki otaqda yerləşəndən (doluşandan, doluşdurulandan) sonra Bayraqdar da haradansa göy rəng, qırməzı rəng, yaşıl rəng tapıb gətirdi və otağın qapısının çöl tərəfini (aralığa açılan hissəsini) yuxarıdan aşağı bayrağın rəngi ilə göy, qırmızı, yaşıl rəngə boyadı.Səyyarə Bayraqdarın cidd-cəhdlə o qapını eləcə rəngləməsinə baxa-baxa özünü saxlaya bilməyib ağlamsındı və ağlamsına-ağlamsına da:
VI fəsilYataqxananın həyətində, o iydə ağaclarının yanındakı krantda qab-qacaq yüyan Səyyarə açıq-aşkar bir fəxarətlə Kolxoz kişinin dul arvadı Xədicə xalaya deyirdi:– Əbili (yəni Əbülfət) heç iməkləmədi ki... Bir də gördüm, getdi, küçədə özündən üç dəfə böyük uşaqlarla futbol oynamağa başladı... Küçədə futbol oynayırdı, acanda, qaçıb qucağıma dırmaşırdı, əmməyə başlayırdı...
Poems by other poets
Sanma, ey dust, sən tək afət canə olmuş, olmamış,Gözlərin tək nərgisi-məstanə olmuş, olmamış.
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.