Page 2 of 4 · 25%

Bu vaxt vaqonun işığı söndü və sərnişinlər hay-küy saldı:

– Sapojnik!..

– Atanda!..

– Əlivi çək!..

– Pojarnı!..

Və o hay-küy içində o bələdçi qadının (Arzunun!) bu vaqonun əsl sahibi kimi, amiranə və xırıltılı səsi eşidildi:

– Oğurluq eləməyin a!.. Milsianer qonşu vaqondadı!

Sonra işıq da yandı, səs-küy də kəsildi, sərnişinlər oturduqları yerdə yavaş-yavaş yatmağa başladı, sonra qatar Dərbənd stansiyasından keçdi və əlbəttə, hərgah Gülzar sağıydısa, heç ağlına da gəlməzdi ki, o gecə vaxtı, Xosrov müəllim Dərbənddən keçən o qatarın apardığı sərnişinlərin arasındadı...

Sonra gecənin bir aləmi o bələdçi qadın (Arzu!..) yenə də gəlib dayandı Xosrov müəllimin qabağında və iri döşlərinin lifçiyinin kənarları görünən açıq sinəsinin tərini əlindəki yaş dəsmalla silə-silə:

– Niyə yatmırsan, ay Xosrov məllim?.. – dedi. – Yatmaqdan yaxşı şey var dünyada? Həsrətəm mən doyunca yatmağa... Niyə yatmırsan sən?

Xosrov müəllim gözlərini qaranlıq pəncərə şüşəsindən çəkib çiyinlərini bir-birlərinə söykəmiş, boyunlarını büküb kimisi şirin, kimisi narahat bir yuxu ilə yatmış o sərnişinlərə baxdı, sonra Arzuya baxdı və heç nə demədi.

Arzu dərindən əsnədi, ağzından spirt iyi gəldi, gözləri sulandı və əsnəyə-əsnəyə də:

– Səni gördüm, – dedi, – çox şey yadıma düşdü... Hardan gəldin çıxdın e, sən bu vaqona?.. – Yenə əsnədi və yenə də əsnəyə-əsnəyə həmin sözləri dedi:– Əşşi, mənə nə vardı e, tək canımıydı!.. Kələntər məllimin isə, yazığın yeddi qızı qalmışdı!

Və həmin də gecədən sonra, heç üzlərini görmədiyi Kələntər müəllimin o yeddi qızı Xosrov müəllimin yuxusuna girməyə başladı və Xosrov müəllim o eyni yuxuya o qədər öyrənmişdi ki, elə bil, o yuxu da Hadrutun altı kilometrliyində yanan o tonqal kimi, müstəntiq Məmmədağa Ələkbərovun o tüpürcəkləri kimi, Gülzarın bir sürücüyə gedib Dərbəndə köçməyi kimi, həqiqətən, baş vermişdi, Xosrov müəllimin ömrünün bir hissəsi idi, beynindəki bir yumaq kütlənin içinə dolmuşdu...

Xosrov müəllim Kislovodskda bir ay qaldı, hər gün müftə «Narzan» içdi, kirayə qaldığı evin yaxınlığında sakit bir bağça var idi, hər gün gəlib o bağçada oturdu və bir gün yenə də hardansa uzaqlardan gələn o çağa çığırtısını eşitdi və Xosrov müəllimə elə gəldi ki, o çağanı üsulluca ana bətnindən çıxaran professor Fazil Ziyanı gördü, hətta professor Fazil Ziya gəlib Xosrov müəllimlə yanaşı oturdu... Xosrov müəllim professor Fazil Ziyanı bir-iki dəfə Ələsgər müəllimin o qonaqlıqlarında görmüşdü və o vaxtdan bəri bu adamı birinci dəfə yadına gətirirdi, bu adam məsləhətlər vermişdi, yollar göstərmişdi, Arzu dünyaya gəlmişdi və aradan keçən bu müddət ərzində heç dəyişməmişdi... Xosrov müəllim Kislovodskdakı o sakit bağçada diqqətlə professor Fazil Ziyaya baxırdı, sonra uzaqdan gələn o çağa çığırtısı altı yaşlı Cəfərin, dörd yaşlı Aslanın, iki yaşlı Azərin səsinə çevrildi və professor Fazil Ziya da birdən-birə oldu professor Lev Aleksandroviç Zilber...

Xosrov müəllimin o bir ay ərzində Kislovodskdakı o sakit bağçada belə görüşləri tez-tez olurdu...

O bir ay ərzində Kislovodskdakı o bağçada oynayan uşaqlar, o bağçaya gəlib-gedən cavanlar hərdən öz-özünə danışan o uzun, arıq qocaya da oradakı skamyalar kimi, ağaclar kimi adət etdilər; sonra o arıq, uzun qoca yox oldu, amma o nə o bağda oynayan uşaqlar, nə də o bağa gəlib-gedən cavanlar bunun fərqinə vardı, o skamyalar, o ağaclar da eləcə o baxçada qaldı...

Xosrov müəllim Bakıya qayıtdı, sonra payız başladı və Xosrov müəllim nəsə o ilki payızı çox pis keçirdi; Kislovodskın o gözəl havasından sonra Bakının hisli-paslı havasına təzədən öyrəşə bilmirdi, nəyidisə, çöldə də, evdə də çox narahat idi, bəzən gecə təngnəfəs olub yuxudan ayılırdı və səhərə kimi yerində oturub yata bilmirdi.

Sonra qış başladı, Bakıya bir-iki günlük qar yağdı, sonra əriməyə başladı və qarın əridiyi o günlərdən birində– bir bazar günü idi– Xosrov müəllim bazara getdi, kiloyarım alma aldı, kiloyarım gözəl ətri gələn heyva aldı, bir kilo da narıngi alıb avtobusa mindi və Səkkizinci kilometrə yollandı.

O zaman səhər tezdən ki, qatar gəlib dayanmışdı Kislovodskda, Arzu ünvanını yazıb Xosrov müəllimə vermişdi və Xosrov müəllim də o vaxtdan o ünvanı cibində gəzdirmişdi və indi də Səkkizinci kilometrdə avtobusdan düşüb o ünvanı soraqlaşa-soraqlaşa gəlib üçmərtəbəli köhnə bir bina ilə üzbəüz dayandı.

O üçmərtəbə köhnə binanın daş divarları qapqara qaralmışdı, pəncərələrin, eyvan sürahılarının taxtasının rəngi quruyub tökülmüşdü və qar əridiyinə görə o sürahılardan, damdan damcı-damcı çirkli su tökülürdü. O binanın lap yuxarısında, dam ilə üçüncü mərtəbədəki pəncərələri arasında daşdan yonulmuş və indi güclə sezilən bir yazı var idi:

MƏŞƏDI MIRZƏ MIR ABDULLA

MƏŞƏDI MIR MƏMMƏDHÜSEYN OĞLU

Bu bina Xosrov müəllimdən otuz üç yaş böyük idi və Məşədi Mirzə Mir Abdulla Məşədi Mir Məmmədhüseyn oğlu adlı o şəxsin tikdirdiyi bu bina o vaxtdan da beləcə lal-dinməz dayanıb dünyanın işlərinə tamaşa edirdi və o dəm Xosrov müəllimə elə gəldi ki, həmin bina ilə tanışdır, onu hardansa tanıyır, yəni elə bil ki, o bina da adam idi, tanış gəlirdi və fikirləşirdi ki, mən bunu hardan tanıyıram?..

Ümumiyyətlə, hərdən Xosrov müəllimə elə gəlirdi ki, uzun illər boyu yaşadığı ömür, əslində, ikinci ömürüdür, yəni ona elə gəlirdi ki, haçansa bir dəfə də bu dünyada yaşayıb, indi ikinci dəfədir ömür sürür...

Xosrov müəllim həyətə girdi və birinci mərtəbədəki yeddi nömrəli qapının ağzında dayandı. Qapının sol tərəfində, asfaltın üstündə üç dənə taxta yeşikdən hinə oxşayan bir şey düzəltmişdilər, illərdən bəri pas atmış dəmir torla çəpərə almışdılar və çirkli qar suyunda islanmış o taxta-tuxtanın arasında on-on beş toyuq Xosrov müəllimi görən kimi, qaqqıldamağa, çəpərin içindəki o kiçik sahədə bir-birlərinə toxuna-toxuna ora-bura qaçışmağa başladı.

O hindəki zir-zibildən elə kəskin bir iy gəlirdi ki, Xosrov müəllim, istər-istəməz, başını yana tutdu və çox qəribədir, elə həmin anda da Xıdır müəllim Xosrov müəllimin yadına düşdü, Xıdır müəllimin sağlam bədəni, başını dik tutub sərrast addımlarla şax gəzməyi gözlərinin qabağına gəldi, hətta Xosrov müəllimin tükü ürpəşdi, çünki ona elə gəldi ki, bu toyuq zılının, zibilin iyi o əldəqayırma hindən yox, Xıdır müəllimin o sağlam, əzələləri oynayan bədənindən gəlir.

Xosrov müəllim elə bilirdi (və buna yüz faiz əmindi!) ki, 1939-cu ilin o qış günü onları Xıdır müəllimin şeytançılığı ilə tutmuşdular və Xosrov müəllim heç vaxt bilməyəcəkdi ki, əslində, onları Ələsgər müəllimin verdiyi məlumata görə həbs etmişdilər və hərgah dünyada, doğrudan da, ruh deyilən bir şey vardısa, Xosrov müəllimin belə bir xəbərsizliyindən Ələsgər müəllimin ruhu yəqin ki, özünə bir o qədər də təskinlik tapmırdı...

Xosrov müəllim əlini qaldırıb 7 nömrəli qapını döymək istədi, amma bu zaman Arzu özü toyuqların qarasına deyinə-deyinə qapını açdı:

– Bunnar necə acgöz heyvandı belə, ay balam?! İndicə çörək vermədim sizə, ay çinədanları yırtılmışlar?! – Və Arzu qarşısında dayanmış Xosrov müəllimi görəndə bir balaca duruxdu, hətta elə bil səksəndi. – A-a-a... – dedi. – Sən hardan gəlib çıxmısan bura, ay kişi? Səni görəndə qorxuram e, elə bil, ölü dirilib...

Arzu bir əlində içində vermişelli sup qalığı olan boşqab tutmuşdu, o biri əli ilə evdə geydiyi, çiyinləri süzülmüş göy rəngli köhnə bələdçi köynəyinin yaxasını bağlaya-bağlaya:

– Keç, keç içəri! – dedi. – Xoş gəlmisən!..

Arzu kənara çəkildi, Xosrov müəllim içəri girdi, darısqal dəhlizdə Arzunun tuluq kimi şişman və lırt bədəninə toxuna-toxuna ayaqqabılarının üstündən geydiyi qaloşlarını çıxartdı, əlindəki kağız torbacıq üçün bir yer axtardı, tapa bilməyib dəhlizdə yerə qoydu, paltosunu soyunmağa başladı.

Arzu:

– Bu saat!.. Qoy bunu verim o acgözlərə... – dedi. – O qədər yemək verirəm bunnara ki, astarı üzündən baha başa gəlir!.. Ancaq yumurtaları dadlı olur şoqəriblərin... bunnarı bir-bir Stavropoldan alıb gətirmişəm... – Tələsik həyətə çıxıb boşqabdakı sup qalığını dəmir tordan toyuqlara atdı, vermişellərin, kartof qırıntısının bir qismi ilişib dəmir torda qaldı və Stavropoldan gəlmiş o toyuqlar o çirkli-qış günü, elə bil, aclıqdan çıxmışdılar, bir-birlərinə macal vermədən, yerdəki, tordakı o sup qalığını dimdikləməyə başladılar.

Arzu içəri keçib əlindəki çirkli boşqabı dəhlizdəki krantın altındakı başqa çirkli boşqabların, qazanın üstünə qoydu, krantı açıb tələsik əllərini, suplu dodaqlarını yudu, divardakı mismardan asılmış məhrəba ilə tələsik də qurulandı, sonra əllərini sövq-təbii bir-iki dəfə evdə geydiyi köhnə bələdçi yubkasının ətəyinə sildi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets