12. Görüş
Page 4 of 4 · 75%
– İstəmirəm, sağ ol...
– Yaxşı mürəbbədi e! Saratovda pis şey satmırlar...
«Əziz dostlar! Tamadadan min dəfə üzr istəyirəm ki, onu afsaytda qoyuram. Ancaq ürəyimə bir gözəl sağlıq gəlib ki, onu da bu gözəl məclisdə mən deməliyəm!..»
– Evim pis döyül, hə? Düzdü, kuxnam yoxdu, ancaq iki otaqdı, kalidorda da, görürsən, qaz da var, su da var. Tualet də həyətdədi. Bunu assori qəhbəsinə verim, özüm yenə küçələrə düşüm?.. Hə?!. Bəs sənin o arvadın nə oldu? Təzə almışdın e!.. Adı da Gülzarıydı, yadımdadı...
Xosrov müəllim cavab vermədi, amma birdən-birə, elə bil ki, indiyə qədər tamam yaddan çıxmış, əlçatmaz, ünyetməz bir uzaqlıqda qalmış Gülzarın qucağının istisini duydu və o hərarət o çirkli qış günü Xosrov müəllimin sümüklərinə nəsə bir ilıqlıq gətirmək istədi, amma sonra həyətdəki o hindən gələn qoxunun içində əriyib yox oldu.
– Gözləmədi, hə səni? Yadıma gəlir, elə bil, indiki kimi görürəm onu...
Yanaqları od tutub yanırdı... o cür arvadlar kişisiz qala bilməz!.. – Arzu güldü. – Neynəsin e, yazıq? Kişisiz çətin olur də...
Xosrov müəllim ayağa qalxdı.
– Nə oldu?
– Mən gedim...
– Niyə? Otur də, niyə belə tez gedirsən? Qoy bir su qızdırım, yaxşıca başıvı yuyum sənin, hə? Tək adamsan, bir yaxşıca istirahət elə!..
– Yox, çox sağ ol...
– Nə çox sağ ol e?.. Onda, Varonejdən əntiqə göbələk qurusu almışam, qoy sənə bir sup bişirim!
– Yox, sağ ol..
– Yüz qram da araq verərəm sənə, vurarsan! Hə? Yoxsa, day, elə qocalmısan, araq da içə bilmirsən, hə? Nə deyirsən?
– Yox...
– Qorxma e!.. Səni göndərmiyəceyəm mağazaya araq dalınca!.. Özümdə var e!.. Gətirim?
– Yox...
Xosrov müəllim dəhlizə keçdi, əyilib qaloşunu geydi, papağını qoydu, sonra paltosunu geyinməyə başladı və Arzu da o darısqal dəhlizdə Xosrov müəllimlə üzbəüz dayanmışdı, köhnə bələdçi köynəyinin dəqiqədə-bir açılan yaxasını düymələyirdi.
«Niyə qoymursuz səhərdən bəri bu gözəl qızın sağlığına içək, bu gözəl qızı təbrik edək?»
«Bir dəqiqə, bir dəqiqə, Xosrov müəllim! Arzu qaçmır ki, burdadı, özümüzünküdü, sağlığına da içəcəyik, təbrik də edəcəyik. Ancaq bu qədəhləri qaldıraq Xıdır müəllim deyən sağlığa! Doğrusu, bizi qabaqladı Xıdır müəllim, yaxşı da elədi... Hamımızın ürəyindən dedi, sənin də ürəyindən dedi, Xosrov müəllim!..» Toyuqlar lap bərkdən qaqqıldamağa başladı.
Arzu:
– Bilirlər ki, indi qapı açılacaq... – dedi. – Bu qədər acgöz heyvan görməmişəm... Aldadıblar da məni! Stavropolda bunların qarnını necə doldururmuşlar?.. Axırda mənim özümü də yeyəcəklər!..
Dəhlizin yuxarı başındakı qaz plitəsinin üstündə çaydanın suyu qaynayırdı və qapağını titrədirdi.
Xosrov müəllim:
– Sağ ol... – dedi.
Arzu dəhlizin döşəməsindəki o kağız torbaçığı göstərərək:
– O nədi elə? – soruşdu.
– Bir az meyvədi, sənə gətirmişəm...
O çaydanın qapağı elə-eləcə titrəyirdi.
– Bəs mən sənə nə bağışlayım? – Arzu, elə bil, birinci dəfə görürmüş kimi, gözlərini darısqal dəhlizdə ora-bura gəzdirdi. – Hə? Nə bağışlayım?
– Sağ ol...
Arzu deyəsən axtardığını tapdı:
– Hə, bilirsən sənə nə bağışlayacağam? Bax!.. – Sonra xırıltılı səsiylə sözləri eynilə qırx il bundan əvvəlki kimi, sərrast tələffüz edə-edə, xüsusi ahənglə bərkdən söyləməyə başladı:
Vı bıli vçera bezımennı,
Sedaya zurna Suleymana...
Xosrov müəllim qapını açıb həyətə çıxdı.
Toyuqlar daha da bərkdən qaqqıldadı.
Hindən gələn o qoxu adamın beynini deşirdi.
Və Xosrov müəllim o üçmərtəbəli binanın həyətindən uzaqlaşdı, amma bir müddət hinin o qoxusu da, açıq qapının ağzında dayanıb bərkdən, get-gedə lap qışqıra-qışqıra şer söyləyən Arzunun xırıltılı səsi də Xosrov müəllimi müşayiət etdi.
Djambula sedaya dombra...
Tak poyte je Stalinu slavu
Stixami, podobnımi splavu
Zolota i serebra!..
Sonra üstündə
MƏŞƏDI MIRZƏ MIR ABDULLA
MƏŞƏDI MIR MƏMMƏDHÜSEYN OĞLU
yazılmış o köhnə üçmərtəbəli bina da, o bina ilə üzbəüz əmanət kassası da arxada qaldı...
və o səs də kəsildi...
o qoxu da yox oldu...
və o çirkli qış gecəsi də Xosrov müəllim Kələntər müəllimin o yeddi qızını yuxuda gördü...
o üçmərtəbəli binada, 7 nömrəli mənzildə yaşayan o bələdçi arvadı isə heç vaxt yuxuda görmədi...
amma hərdən qorxurdu ki, toyuqlar doğrudan da o arvadı yeyərlər...
siçanlar zirzəmidə çağanı yeyən kimi, toyuqlar da o üçmərtəbəli binada, 7 nömrəli mənzildə yaşayan o kök arvadı eləcə yeyərlər...
və hərdən o çağa eləcə qışqırırdı...
və həmişə Kələntər müəllimin o yeddi qızını yuxuda görürdü...
amma elə yuxudaca Xosrov müəllim bilirdi ki, o on yaşlı çoxbilmiş əlaçı qız da, əslində, Kələntər müəllimin bu yeddi qızının arasındadı...
özü görünmür, amma o da o yuxunun içindədi...
o solğun işıltı da həmin əprimiş metal dişlərin işıltısıdı...
və o qızlar bir ucdan ağlayırdılar...
və o qızların gözlərindən axan su sel kimi küçələrdən axırdı, bir dəniz əmələ gətirirdi...
və o dənizdə həmin əprimiş metal dişlərin işıltısı altında qayıqlar üzürdü...
o qayıqların heç bir imdad yeri yox idi...
o qayıqlar batacaqdı...
Xosrov müəllim də Kələntər müəllim kimi, o qayıqda üzürdü...
və Xosrov müəllim səksəni keçəndən sonra da, batmaq istəmirdi...
yaşamaq istəyirdi...
görəsən, Məşədi Mirzə Mir Abdulla Məşədi Mir Məmmədhüseyn oğlu adının bu uzunluğuna müqabil uzun da bir ömür sürə bilmişdimi?..
əlbəttə, Xosrov müəllimin Tülkü Gəldi Qəbiristanlığındakı qəbirlərdən xəbəri yox idi və bilmirdi ki, o qəbristanlığın tarixi elə bu şəxsin qəbri ilə başlayır...
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-olum-hokmu-12-gorus
Use ← → keys to move, R for a random poem
More by this author
Dəli könül, nə divanə gəzirsən?..Xəstə Qasım
Hotel BristolHava bir balaca açılmışdı və gün çıxmışdı. Gün milyon il bundan əvvəl də yəqin ki, beləcə çıxmışdı. Gün milyon il bundan sonra da belə çıxacaqdı.Bu sözlər onun sözləri deyildi, on-on iki il bundan əvvəl deyilmişdi və o zaman bu sözlər də bu sözləri deyən adam kimi ona boş və mənasız görünmüşdü, ürəyində bu sözlərə gülmüşdü, amma indi bu sözlər, yəni günəşin beləcə həmişəliyi, insan ömrünün bu həmişəlik müqabilindəki kiçikliyi, cılızlığı onu həyatı və ölümü təzəcə dərk eləyən bir yeniyetmə kimi sarsıtdı.
HönkürtüOlub keçənləri bir-bir çəkərsənSakit yaddaşının məhkəməsinə...
Bozluq içində iki nəfərDöz, bağrı daş olan könlüm...Abbas Tufarqanlı
Poems by other poets
Səbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.
QəhvəQoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,
Könlüm səni istərYüz mah münəvvər ola, könlüm səni istər,Yüz şəms müdəvvər ola, könlüm səni istər,
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.