Page 10 of 12 · 75%

Səhəri gün o qar yenə də hər tərəfi eləcə bürümüşdü, amma o qarın ağlığı, elə bil ki, dünən axşamkı təmizliyini itirmişdi və Ələsgər müəllimə elə gəlirdi ki, qarın o ağlığı nəsə gözəgörünməz bir çirkabla örtülüb; elə bil ki, o qar irin idi, nazik pərdəsini partladıb ətrafı batıracaqdı.

Ələsgər müəllim gecəni çox narahat keçirmişdi, çarpayıda uzanıb hər iyirmi-otuz dəqiqəlik mürgüdən, yüngül yuxudan sonra diksinib, ayılıb özünə ürək-dirək vermişdi: «Heç nə olmaz. Nə olacaq axı? Lap gözəl qonaqlıq keçdi. Bir söz idi dedi də... Sonrası yaxşı oldu, hər şeyi yuyub apardı. Dördgözün (Mir Cəfər Bağırov eynək taxdığı üçün camaat hərdən öz-özünə fikirləşəndə, ən yaxın, ən etibarlı adamla o tərəf-bu tərəfə baxa-baxa pıçıltıyla danışanda onu belə adlandırırdı: dördgöz) sağlığına iki dəfə içildi... heç nə olmaz...» və Ələsgər müəllim səhər qalxıb o soyuq havada mətbəxdəki əlüzyuyanın altında möhkəmcə yuyundu (soyuq havalarda heç vaxt belə yuyunmazdı), o soyuq su, elə bil, kişiyə bir toxtaqlıq, bir təpər verdi, amma evdən çıxıb ayağının altındakı qarı xırçıldada-xırçıldada məktəbə yaxınlaşdıqca, o nigarançılıq yenə də artmağa başladı.

Məktəbdə Ələsgər müəllimin müdir otağına birinci girən adam Kələntər müəllim oldu və Kələntər müəllim o səhər çağı dünyanın ən qayğılı adamlarından biri idi.

– Yaxşı məclis keçirdik. O gün olsun ki, Arzu balanın iyirmi illiyini keçirək!

– Çox sağ ol...

– Firuzə xanımın da süfrəsinə söz ola bilməz.

– Hə. – Ələsgər müəllim gülümsədi, amma ürəyi daha artıq bir narahatlıqla döyündü, çünki Ələsgər müəllim gözlərindən görürdü ki, Kələntər müəllim də çox nigaran bir gecə keçirib.

– Çox yaxşı keçdi məclis... – Kələntər müəllim gözlərini Ələsgər müəllimin gözlərindən yayındırdı. – Ancaq... bu zalım oğlu zalım Xosrov müəllimin başına Allah bir az ağıl qoysun...

– Fikir vermə, keçdi, getdi... Bu barədə nə qədər az söhbət olsa, bir elə yaxşıdı... Guya ki, heç nə olmayıb, üstünü vurma!..

– Mən harda vuracağam üstünü? – Və birdən-birə o əhli-kef, o zarafatcıl, nikbin Kələntər müəllimin dodaqları tutrədi. – Qorxuram!.. – dedi. – Qorxuram!.. Yeddi qızın atasıyam...

Ələsgər müəllim həmişə müdir otağındakı mizin üstündə olan qalın şüşə qrafindən stəkana su töküb Kələntər müəllimə yaxınlaşdı və suyu Kələntər müəllimə uzatdı:

– Sakit ol, əşşi!.. Nə olacaq sənə? Sənə nə dəxli var? Qazan qaynasa, o bədbəxt oğlu Xosrovun başında qaynayacaq də...

– Deyirsən mənə dəxli yoxdu?

– Əlbəttə!

– Bəs sənə?

Ələsgər müəllim təəccüb etdi və ürəyi daha şiddətlə vurmağa başladı:

– Mənə? Mən də sənin kimi. Mənə də dəxli yoxdu!..

– Axı, sənin evində olub!..

– Nə olsun?

Suyu içəndən sonra bir az özünə gəlmiş Kələntər müəllim çiynini çəkdi, sonra söruşdu:

– Necə bilirsən, o köpək oğlu Xıdır gedib xəbər verəcək? – Köhnə bakılı olduğu üçün Bakı sakinlərinin çoxunu tanıyan Kələntər müəllim: – Bunlar, – dedi, – Xıdırgil nəsillikcə pis adam olublar!.. Bunun atası hambal Orduxan, deyirlər, bir kasa bozbaşdan ötrü hazırmış bütün Bakını satsın!..

Ələsgər müəllim bir söz demədi; əslində, bu kabinetə girən kimi, Xıdır müəllimi çağırmaq istədi, amma çağırmadı, fikirləşdi ki, «qarğa, məndə qoz var» olar. Xıdır müəllim olanda nə olar, o da adamdı, o da başa düşə bilər ki, başqalarını bədbəxt eləmək olmaz, ailələri var, uşaqları var, onları didərgin salmaq olmaz.

Kələntər müəllimdən sonra, Firidun müəllim həyəcanla kabinetə girdi:

– Bu əclafı görürsən?!

Ələsgər müəllim, əlbəttə, bilirdi ki, söhbət kimdən gedir, amma Firidun müəllim həmişə ədəb-ərkanla danışan mədəni bir adam idi və onun beləcə həyəcanlanması, beləcə söyməsi Ələsgər müəllimin, onsuz da, pozulmuş əsəblərini daha da gərginləşdirdi:

– Kimi söyürsən? Nolub axı, sizə? Kimi deyirsən?

– Necə kimi? Xıdırı! İndicə yaxınlaşıb məndən soruşur ki, dünənki hadisəni bu gün partbüronun iclasına qoyacaqsan, yoxsa yox? Özü də elə-belə soruşmur e, hədəylə soruşur...

Ələsgər müəllim özünü saxlaya bilmədi:

– Bay sənin imanına tüpürüm!..

– Sən də belə adamı məclisə çağırırsan...

– Sizə görə çağırırdım də!.. Deyirdim ki, bu imansızın sizlərdə işi olmasın!.. Mən nə bilim ki, Allah Xosrovun ağlını başından alıb? Nə bilim, qanadıma baxmışdım?

Firidun müəllim kabinetdən çıxanda Ələsgər müəllim birdən-birə Əvəz bəyi xatırladı, daha doğrusu, Əvəz bəyin arvadını, qızını yadına saldı; indi Əvəz bəyə nə vardı ki, bu dünyaya bir gün gələn bir gün də köçəsi idi, dərd o arvadın, o qızın dərdi idi, xalq düşməninin ailəsi kimi, evsiz-eşiksiz didərgin düşmüşdülər, bax, bu yerdə deyiblər ki, vay qalanın halına... O tək arvad, o tək qız indi Qazaxıstanın o çöllərində nə eləyirdilər, hansı müsibətin içindəydilər?.. İndi bu nə işiydi belə, bu nə oyunuydu Xosrov çıxartdı?.. Taleyin işidi-nədi?..

Əlibaba müəllim içəri girdi:

– Salam.

– Salam.

– Nə var, nə yox?

– Nə olacaq? Sağlığın...

– Bilirsən nə var? Dünən içməyimə baxma, araq tutmurdu məni. Bütün gecəni fikirləşmişəm. İyirmi ilin partiyaçısıyam! Uşaq döyüləm mən! Sinəmi qabağa verib Xosrovu müdafiə edəcəyəm! Mən hələ bolşevik vicdanımı itirməmişəm! Amma çoxları itirib! Çoxları çoxdan itirib!.. Mən...

– Əşşi, hələ bir dayan görək də... – Ələsgər müəllim başa düşdü ki, Əlibaba müəllim də bütün gecəni özünə toxtaqlıq verib. – Nə olub?

– Necə nə olub, a kişi, yatmısan? Bütün məktəb soruşur ki, dünən Ələsgər müəllimgildə nə hadisə baş verib helə? Xıdır yayıb hamıya... Kimi görür, deyir ki, baxarsız, nə oyun açacağam o uzun biqeyrətin, Xosrovu deyir, başına!..

Ələsgər müəllim yenə də özünü saxlaya bilmədi:

– Nə alçağıymış, ə, bu? – Həyəcandan Ələsgər müəllimin bütün içi əsirdi, özü də öz ürəyinin tıppıltısını eşidirdi və elə bil ki, bu dəm o uzaq Qazaxıstan çöllərindəki Əvəz bəyin arvadıyla qızı deyildi, Firuzə xanımla Arzu idi. Ələsgər müəllim yaşadığı illərin qorxusunu heç vaxt bu qədər dərindən hiss etməmişdi, fəlakəti bu qədər yaxında duymamışdı. Qazaxıstanın o kimsəsiz çöllərində, o qar çovğununun içində, şikara baxan canavar gözləri kimi, çılğın kişi gözlərinin, şəhvətli baxışlarının altında iki nəfər kök ana-balanın – Firuzənin və Arzunun güzəranı Ələsgər müəllim üçün o qədər gerçək göründü ki, kişinin ürəyi bulandı, alnını soyuq tər bürüdü, mədəsindən sancı tutdu.

Ələsgər müəllim təcrübəli adam idi, özünü ələ almağı bacarırdı, ən çətin məqamlarda da tədbirlə hərəkət edirdi, amma həmin qış səhəri məktəbdə on səkkiz il əyləşdiyi o müdir otağında Ələsgər müəllim uşaq kimi tamam bir ümidsizlik içində batırdı.

Bir müddət otağa heç kim girmədi, amma bütün o müddət ərzində Ələsgər müəllimə elə gəldi ki, kimsə qapının arxasında dayanıb, ürəyi döyünə-döyünə içəri girməyə cəsarət etmir; beləydisə də, belə deyildisə də, qapı açıldı, Xosrov müəllim içəri girdi, eləcə qapının ağzında dayandı.

Ələsgər müəllim başdan-ayağa bir yazıqlıq içində olan bu uzun, arıq adama baxdı: dünənki şövqdən, dünənki xoşbəxtlikdən əsər-əlamət yox idi və elə bil ki, Xosrov müəllim əvvəlkilərə, yəni Gülzarla tapışmadığı vaxtlara nisbətən də daha artıq bir qaragünlük içində idi. Ələsgər müəllimə elə gəldi ki, Xosrov müəllimin o ağ saçları da, əslində, bu gecə ağarıb və elə bil ki, Ələsgər müəllim Xosrov müəllimə yox, sonu lap yaxın olan əlacsız bir xəstəyə baxır, hətta bir anlıq, cəmi bircə anlıq Ələsgər müəllimə elə gəldi ki, Xosrov müəllim tabutun içində uzanıb və o tabutu indi gətirib qapının ağzında dik qoyublar; kişi özü gözünün qabağına gələn bu görümdən diksinib ayağa qalxdı və gəlib Xosrov müəllimlə üzbəüz dayandı.

– Əşşi, – dedi Ələsgər müəllim, – sənə nə olacaqdı o... o... – Ələsgər müəllim bu yerdə özünü saxladı, ürək eləyib ONU (dördgözü) söymədi, – onun sağlığına içsəydin? Hə? İstəmirsən, ürəyində başqa sağlığa iç də, sənin ürəyinə girən var?! Uşaqsan sən, hə? Bu qədər müddətdi sən bu zırıltını görmürsən? Hə? İndi də sarını udmusan!..

Xosrov müəllim udquna-udquna, nazik boğazının uzun və iti hülqumu yuxarı-aşağı qalxıb düşə-düşə:

– Bilmirəm, – dedi, – vallah, bilmirəm necə oldu o sözlər ağzımdan çıxdı... Sizi də pis vəziyyətdə qoydum... Mən cəhənnəm, qorxuram sizə də söz gələ...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XVII fəsil

Çəkisi 160 kilodan artıq olan Bolelşik Bufetçi İbadulla Buzovnanın məşhur futbol azərkeşlərindən və ümumiyyətlə, kəndin seçilib-sayılan kişilərindən biri idi, amma heç kim – nə kənd camaatı, nə də daimi müştərilər –Cümü (Qızıl Diş Cümşüd) kimi – bilmirdi ki, bəzən elə məqamlar olurdu, Bolelşik Bufetçi İbadulla, əslində, özü öz bufetindən xəcalət çəkirdi...İyunun həmin ilk günü də günorta bufet boş idi, Bolelşik Bufetçi İbadulla iri dəsmalı ilə yay-qış həmişə tərli olan boynunu, sifətini silə-silə və həmişə də bu bufetdən əskik olmayan sırtıq milçəkləri qova-qova bufetin şüşə piştaxtasının arxasındakı «zakuskalara» baxırdı: ABŞ-dan gəlmiş toyuq budunun soyutması, fransız yumurtası, İran kartofu, Türkiyə pendiri, Qazaxıstandan koreyalıların gətirib ucuz qiymətə satdıqları baş soğan, Tunis zeytunu, gətirilmə yeri məlum olmayan (bic uşaqlar kimi) və içi də sapsarı qarpız... O piştaxtada yerli məhsul, ancaq süpürgəçi Marusyanın bişirdiyi kampot idi.

2 min
XVIII fəsil

Sara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi.Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi:

1 min
XIX fəsil

Abşeronun il-on iki ay saralıb-solmuş olan kollu-koslu çöllü-biyabanında salınmış şuşalılar qəbiristanlığı hələ ki, o qədər də böyük deyildi, burada cəmi 23 qəbir var idi və bunun da 17-si Buzovnadakı Fəhlə Yataqxanasından idi, beşi isə başqa ətrafda yaşayan şuşalıların (bəlkə də təkcə şuşalıların yox, ümumiyyətlə, qarabağlı qaçqınların) qəbri idi.Aydın məsələdir ki, dünyanın ən qəmgin yerlərindən biri qəbiristanlıqdır, amma Bakıdan gələn və elektrik qatarı yolunun sağında, sovet vaxtı tikilməyə başlamış və o vaxtdan bəri tikintisi yarımçıq qalmış bir binanın (bura məktəb olmalıydı, ya nəsə başqa bir tikinti idi) arxasında salınmış bu qəbiristanlıq həm də, yəqin, dünyanın ən kasıb qəbiristanlığı idi.

1 min
XX fəsil

... gecələr elektrik qatarının təkərlərinin tukkatuku o yerlərdə çox aydın eşidilirdi, hətta o tukkatukun yüngülcə bir titrəyişi də, Buzovnada yuxuya getmiş Fəhlə Yataqxanasında, elə bil, hiss olunurdu və həmin gecə də sonuncu – gecə saat 1 elektrik qatarı Mərdəkandan qayıdıb Bakıya gedəndə o tukkatuk eləcə aydın eşidildi və yüngül bir titrəyiş də hiss olundu...... və o gecə bütün Yataqxana kimi, Bayraqdarın ailəsi də yuxudaydı: hərə öz həmişəki yerində – Güllü arvad otağın ortasındakı mizin üstündə, Sara həmin mizin altında, Surxay qapının ağzında, yerdə, Səyyarə də ensiz dəmir çarpayıda yatmışdı; Səyyarə o yeganə çarpayıda yatmağı özünə qıymırdı, amma nə illah edirdi, nə Güllü arvad, nə də Sara o çarpayıda yatırdı, Surxaya isə bu barədə bir söz deyən yox idi; əslində, Surxay öz yerindən çox razı idi, çünki səhər ən tez duran o idi, heç kimi narahat etmədən qapını açıb eşiyə çıxırdı; düzdü, hərdənbir gecənin yarısı Güllü arvad mizin üstündən düşüb tualetə gedəndə Surxayın üstündən addımlamalı olurdu, amma Surxay on ildə buna adət etmişdi və bu, onun üçün elə bir narahatlıq deyildi...

2 min

Poems by other poets