Page 2 of 12 · 8%

Əlbəttə, Arzu ekstern imtahan verib səkkizinci, ya doqquzuncu (lap onuncu) siniflərdən birində oxuya bilərdi, amma Ələsgər müəllim bunu istəmirdi:birinci ona görə ki, Arzu yaxşıca iştahla yesə də, kök və canlı olsa da, hər halda, uşaq idi və birdən-birə beləcə ağır yükün altına girməyinə ehtiyac yox idi, tədricən yetişməyi yaxşı idi, uşaq idi, qoy uşaq kimi də böyüsün, ekstern imtahanlar isə, Ələsgər müəllimin fikrinə görə, gələcəyin işi idi, Arzu məktəbi bitirib instituta girəcəkdi, qoy onda ekstern imtahanları versin, birdən-birə üçüncü,beşinci kursa keçsin, müdafiə etsin, namizəd yox, birdən-birə lap doktor olsun – bunlar gələcəyin işi idi, Əlibaba müəllim demişkən, o vergi, o həvəs ki, bu uşaqda var idi, Allah qoysa (Ələsgər müəllim ürəyində Allaha inanan adam idi və məktəbdə bunu, əlbəttə, heç kimə bildirmirdi), heç kim onun əlindən almayacaqdı; ikincisi də ona görə ki, Ələsgər müəllim özü məktəb müdiri idi, Arzu da həmin məktəbdə oxuyurdu və öz qızının sinifləri beləcə dalbadal adlaması xoşagəlməz söz-söhbətə səbəb olardı, bu cür söz-söhbətləri isə Ələsgər müəllim heç vaxt xoşlamamışdı.

Ələsgər Babazadə inqilabdan əvvəl Bakının neft çıxarılan fəhlə rayonlarında – Ramanada, Suraxanıda, Sabunçuda yeni açılmış ibtidai məktəblərdə müəllimlik etmişdi və düz on səkkiz il idi ki, Bakıda məktəb müdiri, həm də coğrafiya müəllimi idi. Ömrü boyu siyasətə qarışmayan (indinin özündə də bitərəf idi), heç kimlə işi olmayan, həmişə hamını yola verməyə çalışan, imkanı olanda yaxşılıq eləyən bu adam, yaşı hələ əllini ötməsə də, Bakı maarif işçiləri arasında ağsaqqal hesab olunurdu, hörmət və nüfuz sahibi idi. Elə buna görə də ötən 37–38-ci illər fırtınası Ələsgər müəllimin müdir işlədiyi məktəbdən cəmi iki nəfər adam aparmışdı: əsrin əvvəllərində Sarbon Universitetini əla qiymətlərlə bitirmiş, bir müddət həmin universitetdə saxladılıb dərs demiş, sonradan öz doğma xalqına xidmət etmək məqsədilə Bakıya qayıtmış, uzun müddət Azərbaycan mətbuatında çalışmış, Azərbaycan dilinin yeni qrammatikasını yazmış, Molyerin, Hüqonun, Stendalın əsərlərini Azərbaycan dilinə tərcümə etmiş və inqilabdan sonra orta məktəbdə fransız dili müəllimi işləyən bitərəf Əvəz bəy Muğanlinski; bir də ki, Moskvada Qızıl Professuranı qurtarıb gəlmiş cavan ədəbiyyat müəllimi, partiyaçı Fərid Şirinli – vəssalam. Ələsgər müəllimin müdir işlədiyi məktəbdə, cəmi ikicə nəfər xalq düşməni ifşa olunub həbs edilmişdi (deyirdilər ki, guya, ikisi də güllələnib, amma bu barədə rəsmi bir məlumat yox idi), Bakının isə elə məktəbləri var idi ki, müəllimlərinin əlli faizi, altmış, hətta yetmiş faizi xalq düşməni elan olunmuşdu və həmin məktəbin müdirləri, partiya təşkilatı katibləri Bakıda keçirilən maarif müşavirələrində, rayon partiya komitələrinin plenumlarında o rəqəmləri xitabət kürsülərindən fəxrlə sadalayırdılar, sonra baxıb görürdün ki, o rəqəmlərlə o cür fəxr eləyən həmin məktəb müdirinin, həmin partiya təşkilatı katibinin özü xalq düşməni kimi ifşa olundu və gələn dəfə elə həmin xitabət kürsüsündən bu məlumatı yeni müdir, yeni partkom verdi...

Fərid Şirinli hekayələr yazırdı, ara-sıra mətbuatda çap olunurdu, Moskvada Əli Nazimlə bir yerdə oxumuşdu, Mikayıl Müşfiqlə dost idi, yeri gəldi-gəlmədi, onları müdafiə edirdi, elə onların da oduna yandı. Əvəz bəy də, yazıq... Əvvəldən hiss eləmişdi ki, başının üstünü qara dumanlar alır, birdən-birə yoxa çıxdı, arvadı məktəbə ərizə yazdı, milisə ərizə yazdı ki, Əvəz bəy itib; o itib– bu itib, düz doqquz ay Əvəz bəydən xəbər çıxmadı, sonra qonşulardan kimsə xəbər verdi və orqan işçiləri Əvəz bəyi öz evindəki paltar dolabının içindən çıxartdı; məlum oldu ki, arvadı Əvəz bəyi doqquz ay paltar dolabının içində gizlədib saxlayıb...

Əvəz bəyi məktəbdə partiya təşkilatının, komsomol komitəsinin, pioner təşkilatının birgə iclasında, Rayon Partiya Komitəsində şöbə müdiri işləyən Cümşüdlünün iştirakı ilə xalq düşməni kimi ifşa etdilər, terrorçuluqla məşğul olan ingilis casusu kimi də həbsə aldılar və güllələdilər.

Əvəz bəy düz səkkiz il dalbadal Arzunun anadan olduğu günlərdəki məclislərdə iştirak etmişdi; gətirdiyi hədiyyələri – gözəl kitablar tapıb gətirirdi– həmişə özü Arzuya təqdim edirdi və: «–Je vu felisit, madmuazel!..» – deyirdi, amma xalq düşməni çıxıb həbs olunduğuna görə iki il Arzunun məclisində yox idi. Arzunun çox iti yaddaşı var idi, üç-dörd yaşındakı hadisələri xatırlayırdı, inişilki qonaqlıqda da yəqin ki, o gözəl kitabları xatırlayıb birdən-birə: – «– Əvəz baba yoxdu....» – dedi. Qonaqlıq qurtarandan sonra Ələsgər müəllim evin içində, az qala, pıçıltıyla Arzuya dedi: «– Sən daha Əvəz babanın adını çəkmə...» Arzu təəccüblə: «– Niyə?» – soruşdu. Ələsgər müəllimin dili gəlmədi ki, Əvəz bəyin düşmən olduğunu evində də təkrar etsin, odur ki: «– Belə məsləhətdi...» – dedi. Arzu məktəbdə «Pavlik morozovçular dəstəsi»nin fəal üzvü idi, siniflərinin divar qəzetini çıxarırdı, kitabxanada oturub heç kimin köməyi olmadan özü həmin divar qəzeti üçün Hüseyn Cavidi pionerlərin düşməni kimi ifşa edən baş məqalə yazmışdı, amma Arzu, hər halda, uşaq idi və bir müddət Ələsgər müəllimdən əl çəkmədi: «– Niyə belə məsləhətdi?».

Firuzə xanım Arzuya nə dedi, nə demədisə, axır ki, bu suallar kəsildi, amma Ələsgər müəllim ehtiyat üçün Əvəz bəyin bağışladığı o kitabları evinin zirzəmisində gizlətdi və Arzu bir daha o gözəl kitabları görmədi və heç vaxt da Əvəz bəyin adını çəkmədi. Ələsgər müəllim Füzulinin və Vaqifin şerlərindən ibarət iki qədim əlyazmasını da həmin zirzəmidə gizlətmişdi, çünki o əlyazmaları təbii ki, ərəb əlifbasında idi.

İndi o adam ki, ərəb əlifbası ilə kitab oxuyurdu, ərəb əlifbası ilə məktub yazırdı– o əlifba ilə ki, bu bədbəxt xalq min il idi yazırdı, oxuyurdu – onu xalq düşməni kimi ifşa edirdilər; hərgah evində ərəb əlifbası ilə kitab varsa, deməli, sən mollasan, dini təbliğ edirsən (kimə başa salasan ki, bu, Füzulidi, Vaqifdi!..), yaxud sən Müsavatın agentisən, qatı burjua millətçiçisən, pantürkistsən (ən dəhşətli ittiham bu idi – pantürkist!), panislamistsən... Tək kitabdı bəyəm? Bunlar daşlarla da düşmənçilik edirlər. Bibiheybətdəki o gözəl məscidi ki, adam baxanda onun yaraşığına mat qalırdı, uçurub dağıtdılar, yerlə-yeksan elədilər. Maştağadakı o qədim məscid də elə... Azərbaycanda nə qədər tarixi məscidlər dağıdıldı?.. Şəkidəki o qədim, o gözəl məscid... Dünyanın ən günahsız yeri qəbiristanlıqdı, ora da əl atırlar, orada da məqbərələri dağıdırlar... Qəbiristanlıqda da bəd əməl axtarırlar... Hansını deyəsən? Yaxşı, ay əclaflar, ay vicdansızlar, ay nankorlar, ay adını yeni həyat qurucusu qoyub, həyatı dağıdanlar, yaxşı, deyək ki, məscidlər müsəlmanınkıdı, siz də ki, İslamla qanlı-bıçaqsınız, bəs, onda Bakının ən gözəl yerindəki o nəhəng Aleksandr kilsəsinin niyə daşını daş üstündə qoymadınız, uçurub yox elədiniz?..

Ələsgər müəllim bunları fikirləşirdi və fikirləşdikcə də bu təmkinli adam həmişə öz-özünə əsəbiləşirdi, bütün içi qapqara qanla dolurdu. Məsələ müsəlmanlıqda, xristianlıqda deyildi, bunların mayasında dağıtmaq, sökmək, kor qoymaq, yerlə-yeksan eləmək, ocaqları söndürmək var idi. Bunların etiqadı şeytanadı!.. Oğul atanı satır, qardaş qardaşı ifşa edir, qız anadan imtina edir, arvad ərindən partiya təşkilatına şikayət yazır, komsomol iclaslarında bacı-bacıdan casusluq edir, məscidlər dağıdılır, kilsələr dağıdılır, adam gecə arvadıyla da danışanda siyasi səhv buraxmaqdan ehtiyat edir, bunun axırı nə olacaqdı, Xudaya?! Bu necə zəmanədir, bu necə ölkədir, bu necə quruluşdur?! İnsan başı ilə toyuq başının fərqi yoxdur, insanın başını da toyuğun başı kimi, haçan istəsələr, onda da üzə bilərlər... hansı məmləkətdə belə şey olub, hansı dövrdə bu qədər günahsız qan axıdılıb, bu qədər qorxu olub?!.. Marks belə demişdi?! Engels belə demişdi?! Lenin belə demişdi?! Nə isə... Bu işlər barədə beləcə fikirləşmək də düz deyildi (adam özü-özündən ehtiyat edirdi).

Ələsgər müəllimin məktəbində həmin iki müəllimdən başqa, cəmi on doqquz nəfər yuxarı sinif şagirdi komsomoldan xaric edilmiş, məktəbdən çıxarılmışdı. Bu on doqquz uşaqdan on biri heç, onlara kömək etmək mümkün deyildi, çünki xalq düşmənlərinin uşaqları idi, amma yerdə qalan səkkiz uşaqla bağlı Ələsgər müəllim gözdə-qulaqda idi, ara bir balaca sakitləşən kimi, onları məktəbə bərpa edəcəkdi (ikisini artıq bərpa etmək üzrə idi) və ümumiyyətlə, Ələsgər müəllimin müdir olduğu məktəb Bakının başqa məktəblərinə, başqa idarə və müəssisələrinə nisbətən çox sakit yer idi, cəncəl adamlar yox idi, təkcə məktəb partiya təşkilatı katibi Əflatun müəllim idi. 1936-cı ildə raykomdan göndərilmişdi, indi Allaha şükür ki, o da keçib başqa məktəbdə müdir olub. Düzdü, vay Əflatun müəllimin müdir olduğu məktəbin halına, amma, hər halda, Ələsgər müəllimgilin məktəbindən uzaqlaşıb getmişdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XVII fəsil

Çəkisi 160 kilodan artıq olan Bolelşik Bufetçi İbadulla Buzovnanın məşhur futbol azərkeşlərindən və ümumiyyətlə, kəndin seçilib-sayılan kişilərindən biri idi, amma heç kim – nə kənd camaatı, nə də daimi müştərilər –Cümü (Qızıl Diş Cümşüd) kimi – bilmirdi ki, bəzən elə məqamlar olurdu, Bolelşik Bufetçi İbadulla, əslində, özü öz bufetindən xəcalət çəkirdi...İyunun həmin ilk günü də günorta bufet boş idi, Bolelşik Bufetçi İbadulla iri dəsmalı ilə yay-qış həmişə tərli olan boynunu, sifətini silə-silə və həmişə də bu bufetdən əskik olmayan sırtıq milçəkləri qova-qova bufetin şüşə piştaxtasının arxasındakı «zakuskalara» baxırdı: ABŞ-dan gəlmiş toyuq budunun soyutması, fransız yumurtası, İran kartofu, Türkiyə pendiri, Qazaxıstandan koreyalıların gətirib ucuz qiymətə satdıqları baş soğan, Tunis zeytunu, gətirilmə yeri məlum olmayan (bic uşaqlar kimi) və içi də sapsarı qarpız... O piştaxtada yerli məhsul, ancaq süpürgəçi Marusyanın bişirdiyi kampot idi.

2 min
XVIII fəsil

Sara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi.Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi:

1 min
XIX fəsil

Abşeronun il-on iki ay saralıb-solmuş olan kollu-koslu çöllü-biyabanında salınmış şuşalılar qəbiristanlığı hələ ki, o qədər də böyük deyildi, burada cəmi 23 qəbir var idi və bunun da 17-si Buzovnadakı Fəhlə Yataqxanasından idi, beşi isə başqa ətrafda yaşayan şuşalıların (bəlkə də təkcə şuşalıların yox, ümumiyyətlə, qarabağlı qaçqınların) qəbri idi.Aydın məsələdir ki, dünyanın ən qəmgin yerlərindən biri qəbiristanlıqdır, amma Bakıdan gələn və elektrik qatarı yolunun sağında, sovet vaxtı tikilməyə başlamış və o vaxtdan bəri tikintisi yarımçıq qalmış bir binanın (bura məktəb olmalıydı, ya nəsə başqa bir tikinti idi) arxasında salınmış bu qəbiristanlıq həm də, yəqin, dünyanın ən kasıb qəbiristanlığı idi.

1 min
XX fəsil

... gecələr elektrik qatarının təkərlərinin tukkatuku o yerlərdə çox aydın eşidilirdi, hətta o tukkatukun yüngülcə bir titrəyişi də, Buzovnada yuxuya getmiş Fəhlə Yataqxanasında, elə bil, hiss olunurdu və həmin gecə də sonuncu – gecə saat 1 elektrik qatarı Mərdəkandan qayıdıb Bakıya gedəndə o tukkatuk eləcə aydın eşidildi və yüngül bir titrəyiş də hiss olundu...... və o gecə bütün Yataqxana kimi, Bayraqdarın ailəsi də yuxudaydı: hərə öz həmişəki yerində – Güllü arvad otağın ortasındakı mizin üstündə, Sara həmin mizin altında, Surxay qapının ağzında, yerdə, Səyyarə də ensiz dəmir çarpayıda yatmışdı; Səyyarə o yeganə çarpayıda yatmağı özünə qıymırdı, amma nə illah edirdi, nə Güllü arvad, nə də Sara o çarpayıda yatırdı, Surxaya isə bu barədə bir söz deyən yox idi; əslində, Surxay öz yerindən çox razı idi, çünki səhər ən tez duran o idi, heç kimi narahat etmədən qapını açıb eşiyə çıxırdı; düzdü, hərdənbir gecənin yarısı Güllü arvad mizin üstündən düşüb tualetə gedəndə Surxayın üstündən addımlamalı olurdu, amma Surxay on ildə buna adət etmişdi və bu, onun üçün elə bir narahatlıq deyildi...

2 min

Poems by other poets