Page 6 of 12 · 42%

Ələsgər müəllim təslim olmaq istəmirdi:

– Axı, hər mövzunun öz yeri var!

Arzu bir neçə an susdu, sonra, elə bil, nəsə kəşf edibmiş kimi:

– Ata, – dedi, – sən müasir mövzunun əleyhinəsən?

– Yox, əleyhinə deyiləm. – Ələsgər müəllimin ürəyi bir balaca döyündü.

– Qurtardı-getdi.

Arzuya dil yetirmək çətin məsələ idi; düzdü, Arzunun bu sözlərində, suallarında nəsə xoşagəlməz bir şey var idi, hətta birdən-birə Əflatun müəllim gəlib Ələsgər müəllimin yadına düşdü və Ələsgər müəllim gülümsəyib başını buladı: zəmanə uşağıdı də. Qoy elə belə də olsun. Qoy beləcə diribaş olsun. Qız uşağıdır, Ələsgər müəllim ömrü boyu onun yanında olmayacaq ki, dünyanı tutub qalmayacaq ki, günlərin bir günü köçüb gedəcək bu dünyadan, qoy Arzu özü öz haqqını tələb eləməyi bacarsın, indi ki, zəmanə Əflatun müəllim kimi adamlar yetişdirib, qoy, Arzu həmin adamlarla danışmağı bacarsın.

Arzu səliqə ilə öz kitablarını yığdığı kiçik dolabının yuxarı tərəfindən divara vurdğu böyük fotonu göstərib dedi:

– Onun balacasından alıb divar qəzetinin ortasına yapışdaracağam. Bu, qəzetin daimi materialı olacaq.

Ələsgər müəllim o fotoşəkilə baxdı və bir söz demədi.

Arzunun çox sevdiyi və par-par parıldayan nikel çərçivəyə saldığı bu fotoplakat Stalin baba ilə balaca bir qızın şəkli idi: Kremldəki qəbul zamanı o balaca qız Stalin babaya bir dəstə gül verib onu qucaqlamışdı, Stalin baba da o balaca qızı bağrına basmışdı, ikisi də gülürdü və nə vaxtki Arzunun kimə isə hirsi tuturdu, nəyə görəsə qanı qaralırdı, onda o şəkli gözlərinin qabağına gətirirdi. Stalin babanın da, o balaca qızın da gülən gözləri Arzunun ürəyini sevinclə, məhəbbətlə, nikbinliklə doldururdu.

Ələsgər müəllim bu fotoplakatı məktəbdəki bütün sinif otaqlarına vurdurmuşdu, amma Arzu üçün bu az idi, plakatlar satılan mağazadan bunu alıb gətirib evdə beləcə divardan asmışdı. Arzu haradasa oxumuşdu ki, bu bəxtəvər qızın adı Gelya Markizovadır və Arzu bu fotoşəkli o qədər çox istəyirdi ki, hətta Gelya Markizovaya paxıllıq da eləmirdi, düzdü, hərdən gözünü yumub o fotoda Gelya Markizovanın yerində özünü təsəvvür edirdi, özü Stalin babaya gül dəstəsi verirdi, özü Stalin babanı qucaqlayıb öpürdü və bu, Arzunun ən gözəl xəyallarından biri idi... Gelya Markizova, əlbəttə, ən xoşbəxt sovet qızı idi...

...Arzunun xəbəri yox idi ki, həmin dəm, 1939-cu ilin o qış günü o balaca qız – Engelsina (Gelya) Markizova Qazaxıstanda sürgündə idi. O balaca buryat qızının atasını – Buryat Monqol Vilayət Partiya Komitəsinin birinci katibi, Buryat Muxtar Respublikasını yaradanlardan biri Ərdan Markizovu – 1937-ci ilin dekabrında xalq düşməni kimi ifşa etmişdilər və yapon casusu kimi güllələmişdilər. Gelyanın anasını da həbs etmişdilər və o balaca qız özündən iki yaş böyük qardaşı Vladilenlə birlikdə tək qalmışdı; ata da yox idi, ana da yox idi, təkcə Kremldəki həmin qəbul zamanı Stalin babanın Gelyaya bağışladığı gözəl bir patefon onlarla birlikdə idi. Patefonun üstünə bərkidilmiş kiçik dəmir lövhəcikdə yazılmışdı: «Markizovoy Qele ot vojdya partii İ.V. Stalina 27.1.36 q...»

Əlbəttə, Ələsgər müəllimin də bundan xəbəri yox idi, gözlərini kitab dolabının yuxarı tərəfindən asılmış o böyük fotoplakatdan çəkdi: eybi yox, Arzu zəmanə uşağı idi, qoy belə də olsun. Belə olmasa, Əflatun müəllim kimi nadürüstlərin əhatəsində yaşamaq çətin olcaqdı.

Bütün bunlar düz idi, belə olmalıydı, Ələsgər müəllim bunu başa düşürdü, amma... Amma həmişə belə məqamlarda kişinin ürəyindən nəsə nisgilə bənzər bir hiss keçirdi və həmişə də Arzunun üç-dörd ay bundan əvvəl doldurduğu anketi yadına salırdı.

O sorğu-anketi Arzugilin məktəbdəki pioner baş dəstə rəhbəri paylamışdı və Arzu da gətirib o beş sualdan ibarət anketi evdə doldurmuşdu:

  1. Ən çox sevdiyin insan?

Arzu böyük, qırmızı hərflərlə yazmışdı: Stalin

  1. Sənə ən doğma olan adam?

Arzu böyük, qırmızı hərflərlə yazmışdı: Stalin.

  1. Ən çox sevdiyin ədəbi qəhrəman?

Arzu bu dəfə mürəkkəblə yazmışdı: Pavlik Morozov.

  1. Ən çox sevdiyin yazıçı?

Arzu yenə mürəkkəblə yazmışdı: Vitali Qubaryov.

Ələsgər müəllim bu adda yazıçı tanımırdı. Sonralar maraqlandı və öyrəndi ki, bu adam 1932-ci ildə pioner Pavlik Morozovun öldürülməsi ilə bağlı istintaq işində iştirak edib və «Odin iz odinnatsati» adlı bir kitab yazıb ki, həmin kitab Arzunun stolüstü kitabı idi.

  1. Kimə nifrət edirsən?

Arzu böyük, qara hərflərlə yazmışdı: Hüseyn Cavidə, Abbas Mirzə Şərifzadəyə, Mikayıl Müşfiqə, Ülvi Rəcəbə, Yusif Vəzir Çəmənzəminliyə, Nəriman Nərimanova, Ruhulla Axundova və bütün başqa alçaq faşistlərə. Çünki onlar sovet pionerlərinin xoşbəxt həyatını məhv etmək istəyirdilər!!! Bu üç nida işarəsini də Arzu qırmızı qələmlə yazmışdı.

Arzu bu sorğu-anketi doldurandan sonra Ələsgər müəllimə verdi ki, atasının fikrini bilsin. Ələsgər müəllim o anketi alıb baxdı və:

– Yaxşıdır... – dedi, amma qoz boyda bir qəhər gəlib boğazına pərçim oldu.

Məktəbdə altıncı sinifdə oxuyan bir oğlan iki-üç gün əvvəl bu anketin birinci sualının cavabını Stalin yazmışdı, amma ikinci sualın cavabvında isə Atam Əsədulla və anam Fatma yazmışdı və pionerlər təcili iclas çağırıb pioner baş dəstə rəhbərinin iştirakı ilə o oğlanı ifşa etmişdilər, çünki atası ilə anasını Stalin babadan artıq tutub... Ələsgər müəllim o pioner iclasından xəbərdar idi və orasını da bilirdi ki, həmin oğlanı əsas ifşa edənlərdən biri Arzu olub. Pioner baş dəstə rəhbəri sevincək gəlib bu xəbəri Ələsgər müəllimə çatdırmışdı (pionerlər sizin qızınızla fəxr edə bilər, Ələsgər müəllim. Siyasi şüuru çox inkişaf edib...) İndi, beşinci sinifdə oxuyan pionerlərin o anketi doldurmaq növbəsi idi.

Ələsgər müəllim anketi qızına qaytardı və birdən-birə Abbas Mirzə Şərifzadənin ifasında Otellonu yadına saldı. Abbas Mirzə Şərifzadə – Otello əlində yanan şam tutub qaranlıq səhnəyə çıxırdı, Dezdemonanın yatdığı çarpayıya tərəf yaxınlaşırdı və bu zaman adamın tükləri biz-biz olurdu. Hərdən Ələsgər müəllimə elə gəlirdi ki, yenə səhnədir, bütün bu hadisələr səhnədə baş verir, Arzu da bu anketi səhnədə doldurur, o bığlı da o balaca qızla həmin şəkli səhnədə çəkdirib və haçansa pərdə bağlanacaq, tamaşa qurtaracaq...

Yəni doğrudan qurtaracaq?..

Çətin!

Həmin qarlı qış axşamı birinci Firidun müəllim arvadı ilə gəldi və son vaxtlar hər dəfə Firidun müəllimi görəndə Ələsgər müəllim dərindən rahat bir nəfəs alırdı; ikisi də insan idi, ikisinin də əlində eyni ixtiyar var idi, yəni ikisi də məktəbdə partiya təşkilatının katibi idi, ikisi də bir zəmanədə yaşayırdı – Əflatun müəllim də, Firidun müəllim də, amma necə olurdu ki, birinin təbiəti o cürə ziyankarlıqla dolu olurdu, o birisinin isə ürəyi xeyirxahlıqla döyünürdü? Bütün insanların iki ayağı, iki əli, iki gözü, bir ürəyi var idi, insanın quruluşu bir-birinin eyni idi, amma necə olurdu ki, təbiətlər beləcə müxtəlif çıxırdı? Ürək bir olan kimi, təbiət də, xeyirxahlıq da bir olaydı də... Ələsgər müəllim fikirləşirdi ki, ola bilər, dünyada hər şey ola bilər (və olur!), bir də gördün ki, haçansa bugünkü günlərə görə adamlardan hesabat tələb elədilər və o vaxt Əflatun müəllim kimilər, raykomdakı Cümşüdlü kimilər yəqin hər şeyi zəmanənin, dövrün, siyasətin boynuna yıxacaqlar, amma sən, şəxsən sən öz əlinlə kiminsə ölümünə qol çəkmisənsə (günahsızın! fağırın! ailə başçısının!), zəmanə, buna nə eləsin? Zəmanə sənin üçün, adicə olaraq, şərait yaradıb... Dünya bina olandan bəri Əhrimənlə Hörmüz nahaq yerə həmişə bir-biri ilə vuruşmayıblar ki? Yusif Vəzir Çəmənzəminli bu barədə yazmışdı də, özü Əhrimənin qurbanı oldu, indi hardadı, nə iş gəlib başına, Allah bilir, hərə bir söz danışır...

Sonra Xıdır müəllim tək gəldi, Arzunu çox səmimi təbrik etdi, bir diləyini də bildirdi ki, Arzu belə ağıllı olmaqla, dərslərini bilməklə yanaşı, yaxşı da idmançı olsun. Ələsgər müəllim bu ucaboylu, enlikürəkli, sağlambədənli adama baxa-baxa fikirləşirdi ki, yox, Xıdır müəllim, hər halda, Əflatun müəllimin tayı deyil. Əflatun müəllim üçün dünyada adam ifşa eləməkdən maraqlı bir şey yox idi, amma bu Xıdır müəllim idmanla çox maraqlanan adam idi, idmançıların hamısının adını, familini əzbər bilirdi, elə bil, idman da istehsalatdı, cürbəcür rəqəmlər söyləyirdi, idman dərsini də uşaqlara yaxşı keçirdi. Xıdır müəllim üçün, hər halda, bədən tərbiyəsi birinci yerdə idi, kimisə ifşa etmək həvəsi – ikinci yerdə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XVII fəsil

Çəkisi 160 kilodan artıq olan Bolelşik Bufetçi İbadulla Buzovnanın məşhur futbol azərkeşlərindən və ümumiyyətlə, kəndin seçilib-sayılan kişilərindən biri idi, amma heç kim – nə kənd camaatı, nə də daimi müştərilər –Cümü (Qızıl Diş Cümşüd) kimi – bilmirdi ki, bəzən elə məqamlar olurdu, Bolelşik Bufetçi İbadulla, əslində, özü öz bufetindən xəcalət çəkirdi...İyunun həmin ilk günü də günorta bufet boş idi, Bolelşik Bufetçi İbadulla iri dəsmalı ilə yay-qış həmişə tərli olan boynunu, sifətini silə-silə və həmişə də bu bufetdən əskik olmayan sırtıq milçəkləri qova-qova bufetin şüşə piştaxtasının arxasındakı «zakuskalara» baxırdı: ABŞ-dan gəlmiş toyuq budunun soyutması, fransız yumurtası, İran kartofu, Türkiyə pendiri, Qazaxıstandan koreyalıların gətirib ucuz qiymətə satdıqları baş soğan, Tunis zeytunu, gətirilmə yeri məlum olmayan (bic uşaqlar kimi) və içi də sapsarı qarpız... O piştaxtada yerli məhsul, ancaq süpürgəçi Marusyanın bişirdiyi kampot idi.

2 min
XVIII fəsil

Sara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi.Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi:

1 min
XIX fəsil

Abşeronun il-on iki ay saralıb-solmuş olan kollu-koslu çöllü-biyabanında salınmış şuşalılar qəbiristanlığı hələ ki, o qədər də böyük deyildi, burada cəmi 23 qəbir var idi və bunun da 17-si Buzovnadakı Fəhlə Yataqxanasından idi, beşi isə başqa ətrafda yaşayan şuşalıların (bəlkə də təkcə şuşalıların yox, ümumiyyətlə, qarabağlı qaçqınların) qəbri idi.Aydın məsələdir ki, dünyanın ən qəmgin yerlərindən biri qəbiristanlıqdır, amma Bakıdan gələn və elektrik qatarı yolunun sağında, sovet vaxtı tikilməyə başlamış və o vaxtdan bəri tikintisi yarımçıq qalmış bir binanın (bura məktəb olmalıydı, ya nəsə başqa bir tikinti idi) arxasında salınmış bu qəbiristanlıq həm də, yəqin, dünyanın ən kasıb qəbiristanlığı idi.

1 min
XX fəsil

... gecələr elektrik qatarının təkərlərinin tukkatuku o yerlərdə çox aydın eşidilirdi, hətta o tukkatukun yüngülcə bir titrəyişi də, Buzovnada yuxuya getmiş Fəhlə Yataqxanasında, elə bil, hiss olunurdu və həmin gecə də sonuncu – gecə saat 1 elektrik qatarı Mərdəkandan qayıdıb Bakıya gedəndə o tukkatuk eləcə aydın eşidildi və yüngül bir titrəyiş də hiss olundu...... və o gecə bütün Yataqxana kimi, Bayraqdarın ailəsi də yuxudaydı: hərə öz həmişəki yerində – Güllü arvad otağın ortasındakı mizin üstündə, Sara həmin mizin altında, Surxay qapının ağzında, yerdə, Səyyarə də ensiz dəmir çarpayıda yatmışdı; Səyyarə o yeganə çarpayıda yatmağı özünə qıymırdı, amma nə illah edirdi, nə Güllü arvad, nə də Sara o çarpayıda yatırdı, Surxaya isə bu barədə bir söz deyən yox idi; əslində, Surxay öz yerindən çox razı idi, çünki səhər ən tez duran o idi, heç kimi narahat etmədən qapını açıb eşiyə çıxırdı; düzdü, hərdənbir gecənin yarısı Güllü arvad mizin üstündən düşüb tualetə gedəndə Surxayın üstündən addımlamalı olurdu, amma Surxay on ildə buna adət etmişdi və bu, onun üçün elə bir narahatlıq deyildi...

2 min

Poems by other poets