Sulu qar toxtamaq bilmirdi. Su bütün həyət-bacanı ağzına almışdı.

Qulağıkəsik it səs eşidib ayağa qalxdı və bu səs salanın Ayna xala olduğunu bilib yenə başını damın ağzından çəkdi, yerində uzandı.

Ayna xala başını qapıdan artırmaya tərəf uzadıb bir müddət qaranlığa baxdı, sonra artırmadan keçib ehmallıca-ehmallıca taxta pilləkənləri qalxmağa başladı. Ayna xala bir pilləkən qalxıb dayanırdı, qulaq asırdı, şübhəli bir şey hiss etməyib bir pilləkən də qalxırdı.

Ayna xala ikinci mərtəbəyə çıxıb qapı ağzında dayandı, yenə bir müddət tərpənmədi, sonra aşağı əyilib qulağını qapıya söykədi.

İçəridə kimsə var-gəl edirdi – addım səsi gəlirdi. Sonra çarpayının dəmir yayları cırıldadı, sonra sükut çökdü.

Ayna xala bir az beləcə dayandı, sonra qalxdığı kimi də ehmallıca-ehmallıca pilləkənləri bir-bir aşağı düşdü və artırmanın taxta sürahisinin yanındakı mis aftafanı əlinə aldı, palçığa bulaşmasın deyə uzun tumanının balaqlarını yığıb həyətin aşağı başına tərəf getdi və qaranlıqda ağacların arasında gözdən itdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

1. Gələcəyə doğru

Axşam düşmüşdü, Bakının aşağısından – Xəzər tərəfdən yüngül bir yaz mehi əsirdi və həmin meh o aprel axşamı Tülkü Gəldi Qəbiristanlığında Qəbiristanlıq İdarəsinin həyətindəki xartut, əncir, gilas ağaclarının təzə-tər yarpaqlarını güclə eşidiləcək bir xışıltıyla səsləndirirdi, o xışıltı həyətə yayılırdı və elə bil ki, o böyük həyətin həmin anlardakı müvəqqəti sakitliyinə, kimsəsizliyinə bir məhrəmlik gətirirdi.Əlbəttə, Gicbəsər o yarpaq xışıltısını eşidirdi, amma ağaclara tərəf baxmırdı; qarovulçu Əflatunun köşkünün damında dal ayaqlarını altına yığıb, qabaq ayaqlarını irəli uzadıb, o yüngül yaz mehinin əsdiyi səmtə – axşamüstü uzaqda qaralmağa başlayan dənizə tərəf baxırdı.

198422 min
2. «Əzizimin cəfası» romanı

Elə ki, həmin aprel səhəri açıldı, elə ki, sübh tezdən məhəllənin qapıları cırıldadı, çayniklər su ilə doldurulub qazın üstünə qoyuldu, camaat həyətlərdəki ayaqyoluna girib-çıxmağa başladı, həyət adamları bir-birilə salamlaşdı, uşaqlar çörək dalınca Ağabalanın dükanına qaçdılar, o saat da bütün məhəlləyə xəbər yayıldı: gecə Xədicə arvad rəhmətə gedib və həmişə belə bəd xəbərli vaxtlarda olduğu kimi, arvadlar qara kəlağayılarını tələm-tələsik başlarına salıb Xədicə arvadın evinə getdilər, kişilər də yazıq Xədicə arvadın birmərtəbəli, üçotaqlı evinin qabağındakı balaca həyətə yığışmağa başladılar.Adamlar bir-bir o balaca həyətə doluşduqca Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dördüncü kursunda təhsil alan tələbə Murad İldırımlı sentyabrın 1-dən bu tərəfə səkkiz ay yaşadığı bu məhəllənin gözə görünməyən teleqram sisteminə məəttəl qalırdı – elə bil ki, məhəllədəki dalanların, evlərin divarları, qapıları, pəncərələri, küçəyə düzülmüş qənbərlər bir-birinə xəbər verirdi və nə olurdusa, bütün bu ətrafda nə hadisə baş verirdisə, gecə, ya gündüz, fərqi yox idi, bircə anın içində bütün məhəlləyə yayılırdı. Tələbə Murad İldırımlı sağ əlinin baş barmağının dırnağını çeynəyə-çeynəyə, həyətə toplaşmış məhəllə kişilərinə baxırdı, sonra birdən yadına düşürdü ki, dırnağını çeynəyir, tez əlini ağzından çəkirdi.

19841 h 15 min
3. Əbdül Qafarzadə

Əbdül Qafarzadənin çarpayısı yataq otağının küçə pəncərəsi ilə üzbəüz idi və o, adəti üzrə sübh tezdən yuxudan duranda ilk növbədə bayırın işığını görürdü, daha doğrusu, bayırın rəngini görürdü və həmin rəng çox zaman bu adamın bütün gününün rənginə çevrilirdi; çarpayıda gözünü açıb bayırın rəngini tutqun görürdü və elə olurdu ki, həmin gününü başdan-başa qayğıların içində keçirirdi, mənfi emosiyalar bir-birini əvəz edirdi, bircə dənə də olsun, ürəkaçan şey olmurdu ki, ürəyi açılsın, üzü gülsün. Bunu bəlkə də özünə təlqin etmişdi, bilmirdi, amma, hər halda, bu belə idi, hətta qış zamanı sübh tezdən hələ hava qaranlıq olanda da onun üçün o qaranlığın tutqunu – ürək sıxanı və aydını – ürək açanı var idi.Uşaq bu dünyadan köçəndən sonra düz altı il idi ki, Qaratel nəinki əriylə bir çarpayıda, hətta Əbdül Qafarzadə ilə bir otaqda da yatmırdı və bütün bu altı ildə gecələr Qaratel nə çəkirdi, bunu bir Allah bilirdi, bir də ki, Əbdül Qafarzadə görürdü, hiss edirdi və belə vaxtlar Əbdül Qafarzadə özü öz köməksizliyindən, dünyanın beləcə əlacsız işlərindən o qədər sarsılıb, bədbinləşirdi ki, doğrusu, heç yaşamaq istəmirdi, bütün həyatı, bütün əzab-əziyyəti ona yaşayışın özü kimi mənasız görünürdü.

198459 min
4. Qanunla zarafat eləmək olmaz

Murad İldırımlı dörd illik tələbəliyi ərzində yalnız bir dəfə şəhər qəbiristanlığına gəlmişdi (onda «Hər şey keçib gedir...» adlı bir hekayə yazırdı – indiyə qədər Muxtar Xudavəndənin yeşiyindədi, – buna görə də qəbiristanlığı görmək lazım idi), bir küncdə dayanıb hansı bir dəfn mərasimini isə müşahidə etmişdi və o zaman qəbiristanlığı belə nəhəng, belə ucsuz-bucaqsız görməmişdi. Həmin aprel günü isə tələbə, Xosrov müəllimlə birlikdə Qəbiristanlıq İdarəsində oturub müdiri gözləyə-gözləyə Tülkü Gəldi Qəbiristanlığı barədə fikirləşirdi; tələbəyə elə gəlirdi ki, bu balaca gözləmə otağının havası da cürbəcür qazlardan yox, kiçicik qəbir daşlarından ibarətdir. Onuncu sinfi ki, bitirəndən sonra birinci dəfə kənddən çıxıb gəlib Bakını görmüşdü, o zaman bu şəhərin böyüklüyü, bu şəhərin soyuqqanlığı, bir-birini tanımayan, elə hey harasa tələsən adamların çoxluğu, avtobuslardakı, trolleybuslardakı, basa-bas Murad İldırımlını necə sarsıtmışdısa, necə təsir etmişdisə, Tülkü Gəldi Qəbiristanlığının da böyüklüyü, yan-yana düzülmüş və ucu-bucağı görünməyən qəbir daşlarının lal sükutu indi onu eləcə sarsıtmışdı, ona eləcə təsir etmişdi.Qəbiristanlıq İdarəsinin yolunu tanımadıqları üçün, Xosrov müəllimlə avtobusdan Tülkü Gəldi Qəbiristanlığının aşağı başında düşmüşdülər və qəbirlərin arası ilə də xeyli yol getdilər. Bütün qəbiristanlıq bomboş idi və Xosrov müəllimlə tələbə Murad İldırımlı Qəbiristanlıq İdarəsinin yerini heç kimdən soruşa bilmirdilər. Biri arıq, uzun və iri addımlı, o biri gödək, yöndəmsiz və yanındakı ilə ayaqlaşmaqdan ötrü, az qala, yüyürən bu iki nəfəri – bu cavanı və qocanı nimdaş əyin-başlarının kasıbçılığı eyniləşdirirdi, ikisinin də baxışında, sifətində, hərəkətlərində bir köməksizlik, əlacsızlıq, acizlik var idi və bu da onları o bomboş Tülkü Gəldi Qəbiristanlığında daha artıq miskin göstərirdi və bu dəm onların o miskinliyi ilə o qəbirlərin də arasında, elə bil ki, bir oxşarlıq var idi.

198413 min

Poems by other poets