Qatar. Pikasso. Latur. 1968.
Page 3 of 3 · 67%
Bizim evdəki televizorumuz çox köhnə idi: «Temp-2». Köhnə idi deyəndə, indi də elə həmin televizordur. Yoldaşımla birlikdə bir az pul düzəltmişdik ki, nəhayət, bu televizoru dəyişək, daha uşaqlar futbola baxmaqdan ötrü qonşulara qaçmasın. «Elektron-2» almaq istəyirdik. «Elektron-2» dörd yüz neçə manatadır. Pul mənim yazı masamın siyirtməsində idi. Qalxıb pulun hamısını götürdüm və dinməzcə Etyen Rasnyora uzatdım. O yenə də çox çətinliklə dedi:
– Mən məğrur adamam, müsyö... Siz hələ məni yaxından tanımırsınız. Müsyö Pikasso çox gəncdir, onun cəmi iyirmi üç yaşı var, İspaniyadan yenicə gəlib... O bizim dostumuzdur, lakin lap dərindən tanımır bizi... Mən məğrur adamam, müsyö, ancaq mən bu pulları sizdən götürəcəyəm, özü də borc kimi götürəcəyəm. Mən bunu Tereza üçün edirəm, Terezanın öz-özünə xəyanət etməməsi üçün. Siz mənə bir dilənçi kimi baxmayın, müsyö. Bu mənim borcumdur.
O, pulları cibinə qoydu. Mən ona manat vermişdim, o isə, şübhəsiz ki, cibinə frank qoydu. Sonra ayağa qalxdı. Silindri başına qoydu. Heç bir söz demədən qupquru əli ilə əlimi sıxdı, bir dost kimi sıxdı və cəld addımlarla otaqdan çıxdı.
Etyen Rasnyorun ardınca bayır qapısını bağladım və otağa qayıtdım.
Bəlkə Etyen Rasnyor, doğrudan da, məğrur adamdır və bu pulları məndən qəbul etmək onun üçün ən əzablı bir iş idi. Əgər bu cürdürsə, eşq olsun Etyen Rasnyora, o, başqa insan üçün öz məğrurluğunu belə qurban verir – hər adam buna qadir deyil.
Bəlkə Etyen Rasnyor utandığı üçün belə deyirdi, o, məğrur deyil, bu pulları alıb cibinə qoyarkən sevinc içində idi, bəlkə ürəyində mənim sadəlövhlüyümə gülürdü də – insanları tanımaq olmur. Əgər həqiqət beləydisə də, mən təəssüflənmirdim, çünki mən «Kasıbların süfrəsi»nə baxdığım gündən özüm də bilmədən bu görüşün həsrətində idim və hərgah Etyen Rasnyor bu gecə mənim otağıma gəlməsəydi, bəlkə mən də öz əvvəlki «mən»imdən əbədi uzaqlaşacaqdım; öz iradəmin gücünə, öz həyat eşqimin gücünə həftələrdən, aylardan, lap illərdən sonra, «Kasıbların süfrəsi»ni başımdan çıxaracaqdım, rahatlaşacaqdım və bununla da özüm özümə xəyanət edəcəkdim.
Qeyri-iradi mizə yaxınlaşıb «Kasıbların süfrəsi»ni götürdüm və baxdım və... elə bil ürəyim dayandı. Etyen Rasnyor ilə Tereza dünyanın ən xoşbəxt adamıydı: qucaqlaşmışdılar. Gülürdülər, bir-birini sevirdilər və həmişə də sevəcəkdilər: qarşılarındakı süfrə elə bol idi ki, nə desən, varıydı – toyuqdan tutmuş əla şəraba kimi.
Pikassonun bu rəsmi yalnız məndədir, mənim köhnə reproduksiyamdan başqa heç kimdə belə bir şəkil yoxdur. Bütün başqa köçürtmələrdə «Kasıbların süfrəsi» əslində olduğu kimidir. Mənim köçürtməm isə bir nüsxədir.
Əslində bu, Pikassonun rəsmi deyil.
Bu rəsmi bizim – mənim və Etyen Rasnyorun – gecə görüşü yaratmışdı.
Mən bu hadisəni heç kimə danışmamışam, çünki bunun əhəmiyyəti yoxdur; çünki heç kim buna inanmaz; çünki insanın ən böyük sirdaşı, ən yaxşı müsahibi, insanın hiss-həyəcanları üçün ən doğma adam özüdür. Mən bu hadisəni öz yoldaşıma belə danışmamışam. «Elektron-2»nin pulunun necə olması barədə bir əhvalat quraşdırıb demişəm və o inanıb.
Ən yaxın insanlar belə yalana daha tez inanırlar, çünki əslində özlərindən asılı olmayaraq onlar yaddırlar.
İndi görürsünüzmü iyirmi metrlik maqnitofon lenti bir o qədər də az deyil. Əlbəttə, Məleykə xanım, siz də indi ürəyinizdə mənə inanmırsınız, bəlkə də məni lap xəstə hesab edirsiniz, amma mən o köçürtməni özümlə götürsəydim, sizə göstərərdim və siz də buna inanardınız. Mən sizə söz verirəm ki, Bakıya qayıdandan sonra bir dəfə həmin köçürtməni sizə göstərəcəyəm, hərçənd indiyə qədər heç kimə göstərməmişəm.
Məleykə xanım güclə pıçıldadı:
– Mən sizə inanıram.
Məleykə xanım bu sözləri çox qəribə tələffüz etdi və mən yalnız indi hiss etdim ki, Məleykə xanım özündə deyil, elə bil daxili bir sarsıntı içindədir və elə bil bu sarsıntı onun bütün bədənini uçundururdu. Bu, yalnız mənim danışdığım hekayətin təsiri deyildi.
– Mən sizə inanıram. Göstərməsəniz də inanıram. Siz... siz Laturun «Müqəddəs Sebastyan üçün ağlayan müqəddəs İrina» əsərini xatırlayırsınız, elə deyilmi?
Mən əvvəlcədən nə isə tükürpədici bir şey hiss edirəmmiş kimi dedim ki, bəli, xatırlayıram.
Mən, doğurdan da, Laturun çəkdiyi bu şəkli xatırlayırdım: gecənin qaranlığı içində bir məşəltək yanan şam işığında köksünə ox sancılmış müqəddəs Sebastyanın cəsədi qarşısında ağlayan dörd qadın fiquru.
– Siz xatırlayırsınızmı... xatırlayırsınızmı Sebastyan necə də narahat yerə sərilmişdi... Onun vəziyyəti necə də qeyri-təbii idi... Bu qeyri-təbiilik necə də əzablı idi... Bu əzablı ölümü xatırlayırsınızmı?.. İndi... məndəki köçürtmədə belə deyil... Mən... mən... Sebastyanın köksündəki oxu çıxartmışam. Budur.
Məleykə xanım həyəcandan titrəyən əllərilə tələsik yol çantasını açdı və təxminən qarışyarımlıq bir ox çıxartdı. Bu, kiçik olsa da, həqiqi ox idi. Bu, həqiqətən, müqəddəs Sebastyanın köksündən çıxarılmış ox idi – bunu bütün varlığımla hiss etdim.
Mən də sizin kimi əzab çəkirdim, bu şəklin köçürtməsinə baxandan sonra sizin kimi özümə yer tapa bilmirdim. Mən... mən dəhşət içində idim. Sebastyanın narahat bədəni, onun bu cür qeyri-təbii ölümü bircə an belə gözlərimin qabağından çəkilmirdi. Bir gecə mən... yerimdən qalxıb heç özüm də bilmədim ki, necə oldu əlimi həmin köçürtməyə atdım və Sebastyanın köksündəki oxu çəkib çıxartdım... İndi məndəki şəkildə Sebastyan o cür narahat deyil, bədəni də əzab içində qovrulmur, köksündəki oxun yeri də qalmayıb... Mən bu əhvalatı indiyəcən heç kimə danışmamışam. Bu oxu da həmişə özümdə gəzdirirəm. Qorxuram yoldaşım görər, mən isə onu başa sala bilmərəm. Bu oxu tullaya da bilmirəm, mənə elə gəlir ki, əgər oxu tullasam nə isə ən ali, ən ülvi bir şeyə xəyanət edərəm...
Məleykə xanım oxu çantaya qoydu və havasızlıqdan darıxırmış kimi qalxıb kupedən çıxdı.
Mən özümü çox sakit hiss edirdim, ürəyim də döyünmürdü, gözlərim də qaralmırdı, məni soyuq tər də basmırdı, fəqət mənim beynim çatlayırdı, beynim az qalırdı dağılsın.
Nə üçün mən öz həyat yoldaşıma yalan quraşdırıb deyirəm? Mən sadəcə olaraq hər şeyi ona danışa bilərdim və o da, sadəcə olaraq, hər şeyi başa düşə bilərdi. Bəlkə mənim bu söhbətim onun üçün də, Məleykə xanım kimi, doğma olardı, bəlkə onun da başına elə bir iş gəlib ki, heç kimə danışmır, mənə də danışmır, elə bilir ki, onsuz da, heç kim inanmayacaq?
Nə üçün Məleykə xanım bu oxu həmişə özüylə gəzdirir, nə üçün qorxur ki, əri görər və o, ərini başa sala bilməz. Bəlkə onun ərinin başına daha qəribə bir iş gəlib və o da indiyə qədər bunu heç kimə danışmayıb?
Günlər, aylar, illər keçəcək. Məleykə xanım bu balaca oxu özüylə gəzdirməkdən bezəcək, tullayacaq bu oxu zibil yeşiyinə, xəyanət edəcək Məleykə xanım, çünki o, bu oxu heç kimə göstərə bilmir. Nə üçün?
Nə üçün bizə elə gəlir ki, ən yaxşı müsahibimiz, ən yaxın, doğma adamımız özümüzük?
Sonra Məleykə xanım kupeyə girdi. Bir azdan mən yerimə qalxıb bu sualları başımdan elədim və yatdım.
Dekabr, 1968.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-qatar-pikasso-latur-1968
Use ← → keys to move, R for a random poem
More by this author
Rayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha da üşüdürdü.Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.
VI fəsilSulu qar toxtamaq bilmirdi. Su bütün həyət-bacanı ağzına almışdı.Qulağıkəsik it səs eşidib ayağa qalxdı və bu səs salanın Ayna xala olduğunu bilib yenə başını damın ağzından çəkdi, yerində uzandı.
VII fəsilXoruzun axırıncı banından xeyli keçmişdi.Daha yağmırdı, amma göy tutqun idi və hər şey ondan xəbər verirdi ki, bu topa-topa buludlar bir azdan yenə qiyamət edəcəkdi.
VIII fəsilProkuror Dadaşlı sobanın qarşısında əyilib maşa ilə ocaqda yanan odunları yerbəyer elədi. İsti dəydikcə onun ətli sifəti daha da pörtür, qızarırdı; sonra maşanı sobaya söykəyib belini düzəltdi və hər dəfə adamın heyrət etdiyi yüngül addımlarla mizin arxasına keçib əyləşdi.Gündüz Kərimbəyli kürkünü dizlərinin üstünə salıb yumşaq kürsüdə oturmuşdu və Fəttah dayının bankaları da öz işini görmüşdü; mühüm işlər müstəntiqinin görkəmi indi yenə sağlamlıqdan və cavanlıqdan xəbər verirdi.