Page 2 of 4 · 25%

Məsələ burasındaydı ki, Kərim kişinin oğlundan, gəlinindən, nəvələrindən, dosttanışlarından, qohum-əqrəbadan, uzun sözün qısası, bütün yaxın adamlarından başqa dünyada üç istəklisi var idi: birinci – neft, yəni ki, neft iyi, neft rəngi, neft həsrəti, neft sevinci; ikinci – dəniz, yəni ki, dənizin uğultusu, mülayimliyi, xəzrisi, göylüyü, böyüklüyü, dalğası, ləpəsi; üçüncüsü də – yaşıllıq, yəni ki, kol-kos, çəmənlikçiçəklik, bir sözlə, alaqdan tutmuş çinara kimi nə vardısa da hamısı.

– Sabahın xeyir, ay baba. Mamaya deyəcəksən məni həyətə buraxsın? – Bunu indicə yerindən qalxıb gözlərini ovuşdura-ovuşdura arakəsmədəki tualetə gedən Ayaz dedi.

– Get əl-üzünü yu, dinməz-söyləməz gəl otur, çörəyini ye. – Bunu da Kərim kişi dedi və Ayaza məlum oldu ki, babasının qanı qaradı və bu gün onunla zarafat eləmək olmaz.

Çovğun lap bərkimişdi və hərdən külək elə vıyıldayırdı, elə bil Kərim kişigilin ev-eşiyini də yerindən qamarlayıb aparacaqdı. Qəribəydi ki, hər dəfə külək qıy çəkəndə Kərim kişi bu fikirdən səksənirdi və özü də özünü məzəmmət edirdi, amma orasını da lap dəqiq bilirdi ki, həştaddandı bu. Lap qəribəsi isə bu idi ki, qarın, çovğunun bu qiyamətində birdən-birə Kərim kişinin yadına yaz düşdü. Yazın o vaxtları ki, Abşeron bağlarında gilənarlar çiçəklərini tökürdü, nar ağacları isə hələ təkcə yarpaq açırdı, xına rənginə boyanırdı. O vaxtlar ki, əncirlər qabla bağlayırdı və peyvənd alçalar da çeçələ barmağın dırnağı boyda olurdu, meyvələrin yarpağı təzətər idi, bülbüllərin də ki, səsi aləmi götürürdü. Yazın o vaxtları ki, külək şam ağaclarının limonu tozunu eyvanın taxta döşəməsinə səpirdi və səhər eyvana çıxıb evə qayıdanda otağın taxta döşəməsinə ləpir düşürdü.

Kərim kişi elə bil bu ləpirləri gördü, bu ləpirlərin arasında Ayazın da balaca yalın ayaqlarının izini, dınqılı barmaqlarının yerini gördü və gülümsədi. Sonra yazın rəngi gözlərinin qabağına gəldi, yazın iyini duydu və birdən-birə necə oldusa bu yaz ətrinə neft qoxusu qatışdı...

Elə bil yenə də uzaqda it hürdü və it hürüşü bayırdakı çovğunun vıyıltısında güclə eşidilirdi – elə bil gecənin zülmətində bir çöllü-biyabandasan və uzaqlarda, lap uzaqlarda tənha bir çırağın işığı yanır, sonra sönür.

Kərim kişi bir balaca tutuldu və bu dəfə lap açıq-aşkar hirsi özünə tutdu ki, daha qulağına səs gəlməyə başlayıb, burnuna iy gəlir, ürəyi xiffət çəkir; hirsi tutdu ki, kişi belə yumşalmaz. Əlini üzünə aparıb tüklü sifətini qaşıdı və elə bil ki, Marqarita Abramovna da bunu gözləyirmiş kimi, bayır qapısını döyəclədi, sonra da cır səsilə qışqırdı:

– Kerim Bilaloviç! Kerim Bilaloviç!

Marqarita Abramovna bütün yer üzündə yeganə adam idi ki, Kərim kişiyə Kerim Bilaloviç deyirdi və bu qadını iyirmi beş ildən artıq tanımasına baxmayaraq, hər dəfə də belə bir müraciət Kərim kişiyə qeyri-adi gəlirdi; o, başqa məsələ ki, usta Kərim! Yaxud, elə təkcə «Usta». Ya da ki, indiki kimi, qocafəndi: Kərim kişi.

Kərim kişi əvvəlcə elə bildi ki, yenə qulaqlarına səs gəlir, çovğunun vıyıltısı təzədən arakəsməyə hücum çəkəndən və bu dəfə Marqarita Abramovnanın cır səsini arakəsmədə eşidəndən sonra başa düşdü ki, bu qoca arvad havanın belə vurhavurunda yenə gəlib onun üzünü qırxmağa.

Marqarita Abramovna arakəsmədə soyuqdan Faziləyə şikayət eləyib, sonra otağa girdi:

– Kerim Bilaloviç, bu qar necə olacaq? Dünyanın axırı çatıb bəlkə? – Sonra dünyanın axırının çatıb-çatmaması barədə cavab gözləməyib hələ də üşüyən əllərini bir-birinə sürtdü və ora-burasına qar dolmuş çantasını açıb ülgücü, fırçanı, sabun tozunu-filanı mizin üstünə yığmağa başladı.

Hər dəfə Marqarita Abramovnanın qurumuş əlləri Kərim kişinin sifətinə dəydikcə o, qabağındakı güzgüdə bu qarının gözlərinə baxırdı, zəndlə baxırdı, elə baxırdı ki, Marqarita Abramovna bunu görməsin; zəndlə baxırdı və hər dəfə bu kiçilmiş, rəngini itirmiş gözlərdə bir az işıq axtarıb tapmaq istəyirdi; istəyirdi özünü arxayın eləsin ki, qocalıb əldən düşmüş, amma əlləri titrəməyən və gözləri iti görən bu arvad hələ çox yaşayacaq, patefonu hələ çox çalacaq.

Bu dəfə Marqarita Abramovnanın quru əlləri həm də soyuq idi və bu soyuq barmaqlar Kərim kişinin sifətinə toxunanda necə oldusa, kişi ürək eləyib bu qarının gözlərinə baxa bilmədi; özü öz cürətsizliyini gördü və yenə də özünə bərk acığı tutdu.

Marqarita Abramovna həmişəki cidd-cəhdlə Kərim kişinin üzünü sabunlayıb qırxmağa başladı. Pensiyaya çıxandan bəri – iyirmi ilə yaxın idi – hər həftə gəlib evdə Kərim kişinin üzünü qırxırdı. Bütün həftəni hazırlaşırdı, ülgücünü itiləyirdi, ağ dəsmallarını kraxmallayıb ütüləyirdi, ətrini, sabununu, pudrasını yoxlayırdı.

Marqarita Abramovna Bakıya müharibənin axırıncı ili gəlib çıxmışdı. Tək-tənha gəlmişdi. Kərim kişigilin həyətində yaşayan Bakıdakı bircə qohumu İzabella Salamonovnanın yanına gəlmişdi və müharibə vaxtı günlərin bir günündə, gecənin yarısı balaca otaqlarında oturub dərdləşəndə dünyanın işlərindən söhbət düşmüşdü, həyatın mənasından, adamların yaxşı-yamanlığından söz düşmüşdü və o vaxt mizin üstündə fağır-fağır, yana-yana bu iki yaşlı arvadı güc-bəla ilə işıqlandıran neft lampasının həmin zəif işığında İzabella Salamonovna Kərim kişinin insanlığı barədə bir-iki yaxşı söz demişdi. Elə o vaxtdan bəri də bu sözlər Marqarita Abramovnanın beynində qalmışdı.

Aydın məsələydi ki, Kərim kişinin həmin gecə söhbətindən xəbəri yox idi, amma iş elə gətirdi ki, Marqarita Abramovnanı qulluğa düzəldən, yəni Bayıl tərəfdəki dəlləkxanalardan birində ona yer tapan elə Kərim kişi oldu. Marqarita Abramovna ömründə dəlləklik etməmişdi, amma işə çıxdığı birinci gündən hamı onu əməlli-başlı dəllək bilmişdi; bir də ki, o vaxt camaat yaxşı dəllək hayında deyildi. Bir az keçəndən sonra İzabella Salamonovna öldü. Marqarita Abramovna tək qaldı.

Marqarita Abramovna sabunu ikinci dəfə Kərim kişinin cod sifətində köpükləndirib dedi:

– Kerim Bilaloviç, siz başqa tipdə adamsınız, mənim Şnayderim başqa tipdə adam idi. Amma Şnayder də çox simpatiçni adam idi.

Şnayder familli kişi Marqarita Abramovnanın əri idi və müharibə vaxtı almanlar onu təkcə oğulları Davidlə birlikdə Kiyevdə güllələmişdilər. Kərim kişi bunu bilirdi, bir də bunu bilirdi ki, Şnayder Kiyevdə məşhur dərzi imiş.

Bir müddət də hərə öz işi ilə məşğul oldu, yəni Marqarita Abramovna cidd-cəhdlə Kərim kişinin üzünü qırxırdı, Kərim kişi isə qartmış tüklərinin ülgücün altından gələn xışıltısına səbrlə qulaq asa-asa heç vaxt üzünü görmədiyi David barədə fikirləşirdi, sonra Heybət barədə fikirləşdi, sonra da fikirləşdi ki, nə Heybət Davidi tanıyırdı, nə də David Heybəti, amma budu, bir belə illər gəlib keçib və indi qoca bir kişi qoca bir arvadın sabun köpükləndirən qırışlı, gömgöy damarları görünən əllərinə baxa-baxa həm Heybəti fikirləşir, həm də Davidi.

Yenə külək Kərim kişigilin evinə hücum çəkdi və bu dəfə Kərim kişi dörd-beş il bundan əvvəl Nabrana getdikləri yay gününü yadına saldı, həm də elə bildi ki, o balaca ovçarka küçüyü yenə ardınca gəlir.

Əlbəttə, Marqarita Abramovnanın bu saat Bilgəhdəki bağda ac-susuz qalmış itdən xəbəri yox idi və buna görə də birdən-birə gülümsədi, siqaret çəkən adamların barmağı kimi sapsarı saralmış sifətinin qırışları daha da artdı, yenə də yaxşıca öyrəndiyi Azərbaycan dilində dedi:

– İzabella Salamonovna məni ərə vermək istəyirdi. Axı, mən də çox yaraşıqlıydım. Amma ona dedim: hardan tapacaqsan mənimçün Şnayderi? Mənim Şnayderimi kim verəcək mənə?

Başqa vaxt olsaydı, Kərim kişi bir-iki şux söz atardı, çünki Marqarita Abramovna İzabella Salamonovnanın yanına gələndə yaşı əllini çoxdan keçmişdi, amma bu dəfə kişi zarafat eləmədi və başından belə bir fikir gəlib keçdi ki, Zibeydənin də yerini heç kim verə bilməz. Bunu fikirləşdi və bu fikirdən sonra bu dərəcədə yumşalmasına elə hirsi tutdu ki, yerində qurcalandı.

Marqarita Abramovna bu dəm bütün fikri-zikri ilə Şneyderinin yanında olsa da, qızışmaq bilməyən soyuq barmaqları ilə Kərim kişinin çənəsinin altını sürtüb:

– Tük qalıb, – dedi. – Durmayın hələ.

Bir azdan Marqarita Abramovna işini görüb qurtardı və təzədən özünü həyətdəki qar-borana vurub evinə qalxdı, amma bir xeyli müddət dediyi bu söz: « – Durmayın hələ» – Kərim kişinin qulaqlarından getmədi və kişi fikirləşdi ki, Marqarita Abramovna yəqin dünyada təkcə dəlləkdir ki, təkcə də müştərisi var. Burasını da fikrindən keçirtdi ki, vay o dəlləyin halına ki, təkcə müştərisi də gedə...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

IV fəsil

Gündüz Kərimbəyli ilə Dadaşlı prokurorluğun binasından birlikdə çıxdılar və Dadaşlı havanın dilxorçuluğundan üz-gözünü turşudub, şlyapasını gözünün üstünə çəkdi, sonra kitab mağazasına tərəf baxıb bərkdən:– Axşamın xeyir, a Fəttah dayı, – dedi.

15 min
V fəsil

Rayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha da üşüdürdü.Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.

7 min
VI fəsil

Sulu qar toxtamaq bilmirdi. Su bütün həyət-bacanı ağzına almışdı.Qulağıkəsik it səs eşidib ayağa qalxdı və bu səs salanın Ayna xala olduğunu bilib yenə başını damın ağzından çəkdi, yerində uzandı.

1 min
VII fəsil

Xoruzun axırıncı banından xeyli keçmişdi.Daha yağmırdı, amma göy tutqun idi və hər şey ondan xəbər verirdi ki, bu topa-topa buludlar bir azdan yenə qiyamət edəcəkdi.

3 min

Poems by other poets