Page 3 of 4 · 50%

Bir azdan yenə də elə bil ki, lap uzaqlardan qədim mahnının zəif səsi hərdən eşidildi, hərdən eşidilməz oldu.

Qarın, boranın qiyamət qopardığı həmin qış günü Kərim kişi heç kimlə kəlmə kəsmədi, dinib-danışmadı, yalnız bircə dəfə küçə pəncərəsindən bayıra baxıb öz-özünə bərkdən dedi:

– Günaha batdım.

Uşaqlar da, Fazilə də, işdən çıxıb qarın əlindən güclə evə gələn Cavanşir də bütün gün ərzində Kərim kişiyə bir söz deməyə cürət etmədi və gecə yerlərinə girəndə hamının ürəyində bir nigarançılıq vardı; hamı bilirdi ki, axıracan belə getməyəcək və hamı da sidq-ürəkdən arzulayırdı ki, sabah hava düzəlsin. Bunu hamı arzulayırdı, amma təkcə Kərim kişi bilirdi ki, əvvəla, bu hava düzələn hava deyil, ikincisi də istəyir düzəlsin, istəyir düzəlməsin, sabahdan da keçsəydi, iş də işdən keçəcəkdi.

Həmin qış gecəsi nə qar kəsdi, nə şaxta-boran azaldı və çox qəribə oldu ki, yerində uzanıb bayırda qıy vuran küləyin səsinə qulaq asa-asa yenə də yaz, bağ, dəniz Kərim kişinin yadına düşdü və ən çox qəribəsi də bu oldu ki, qırx-qırx beş il bundan əvvəl vurduğu bir ördək birdən-birə gözlərinin qabağına gəldi, o vaxtdan bəri ömründə xatırlamadığı bu vecsiz əhvalat lap qəflətən gəlib yadına düşdü.

Bu tək ördək Bilgəhdə, dənizin lap qırağında qumluğa qonurdu, sahil boyu o baş-bu baş gəzişən usta Kərim hər dəfə ona tərəf yaxınlaşanda havaya qalxıb iyirmi-otuz addımlıqda təzədən qumluğa enirdi. Bir dəfə, iki dəfə, üç dəfə... Və elə bil özü öz dili ilə deyirdi ki, usta Kərim, get evdən beşatılanı gətir, məni vur. Usta Kərim evdən beşatılanı götürüb lap naümid sahilə qayıtdı ki, yəqin ördək uçub gedib. Ördək uçub getməmişdi, əməlli-başlı bir inadla ustanın beşatılanını gözləyirdi. Usta da bircə gülləyə sərdi onu yerə.

Kərim kişi həmin uzaq günü lap aydın yadına saldı: aprelin axırları idi, bazar günü idi və orasını da yadına saldı ki, Zibeydə həmin ördəkdən şorba bişirdi.

Kərim kişi ömrü boyu ördəklər vurmuşdu, çox quşa atmışdı, amma indi heç cür başa düşə bilmədi ki, niyə elə məhz ördək birdən-birə beləcə açıq-aydın yadına düşdü və orasını da heç cürə başa düşə bilmədi ki, niyə o zaman həmin ördək tək-tənha idi, niyə uçub getmirdi və niyə ondan hürkmürdü? O vaxt beşatılanla atdığı güllənin səsi qulaqlarına gəldi və qalın yorğanının altında mürgü döyə-döyə öz-özünə huyuxdu.

Sübh tezdən Kərim kişi bayır qapısını güclə bir balaca itələyib zorla həyətə çıxanda külək elə qıy vurub arakəsməyə doldu ki, az qaldı evdəki camaatı yuxudan oyada və qapını bağlayandan sonra Kərim kişi bir müddət yerində dayandı, amma içəridən səs-səmir eşitmədi. Əslində bu saat çovğunun uğultusundan başqa heç nə eşitmək mümkün deyildi və Kərim kişi boynunu köhnə kürkünün içinə qısıb sol dirsəyini irəli verdi, yanpörtü addımlayıb küçəyə çıxdı.

Bu şaxtanın, boranın içində birdən-birə Kərim kişinin burnuna tanış qoxu dəydi və kişi başa düşdü ki, bu neft iyi kürkdən gəlir. Çoxdan, lap çoxdandı ki, Kərim kişi içi qoyun dərili bu kürkünü geymirdi. İndi birdən-birə ona elə gəldi ki, yenə də o ötən günlər kimi səhər tezdən evdən çıxıb işə gedir, bir azdan avtobusa minib mədənin yanında düşəcək.

Bu şaxtalı-boranlı qış səhərində kürkün yununa hopmuş həmin neft qoxusu Kərim kişinin ürəyinə bir həzinlik gətirdi, kövrəklik gətirdi. Bu neft qoxusunda uzun illərin sükunəti vardı, elə bil bəylik paltarını naftalinləyib sandığa qoymuşdun.

Bu saat mədənlər də qarın altında idi, amma orada hər tərəfi bürümüş qarın altından əsl neft qoxusu gəlirdi. Kərim kişi bunu duydu, hiss elədi və orasını da hiss elədi ki, bir də heç zaman mədəndə olmayacaq, bir də heç zaman əlini fontan vurmuş quyunun neftinə batırıb burnuna tutmayacaq.

Həmin qış səhərinin qaranlığında qardan, çovğunun vıyıltısından başqa küçədə heç nə yox idi, heç kim yox idi və elə ilk dəqiqədən şaxta Kərim kişinin arıq, uzun bədəninə hücum elədi. Kərim kişinin başından belə bir fikir gəlib keçdi ki, canavar yaralını, zəif xəstəni o saat tanıyır, duyur, izləməyə başlayır, heç nədən qorxubçəkinmir, başının üstünü alır. Bunu fikirləşdi və dünən Marqarita Abramovnanın cidd-cəhdlə qulluq elədiyi eşmə bağının altından dodağı qaçdı.

Marqarita Abramovna hələ yerindən qalxıb patefonunu işə salmamışdı.

Kərim kişi sol qolunu dirsəkdən büküb gözünün üstündə sipər elədi, gözlərini yumdu, qara bata-bata yanpörtü addımlamağa başladı və yavaş-yavaş sağ əlində tutduğu bağlamanın ağırlığını hiss etdi.

Kərim kişi Beşmərtəbənin yanındakı bağa gəlib çatanacan sol qolunu başının üstündən çəkmədi, ancaq tramvay dayanacağında qolunu aşağı saldı: nə tramvay var idi, nə də tramvaydan əsər-əlamət. O, boynunu kürkünün içinə qısıb bağa tərəf baxdı və küçə boyu ağacların hamısının qarın ağırlığından, şaxtanın sərtliyindən, çovğunun şiddətindən yarıbayarıdan qırıldığını gördü. Elə bil ki, ağac qəbiristanlığı idi və bu qəbiristanlıqda bu saat qar-boran fironluq eləyirdi.

Kərim kişi sol əlini qalın kürkünün üstündən arıq baldırlarına vurub:

– Bay səni! – dedi və qar-boranın fironluq elədiyi bu məqamda doluxsundu, amma bunu nə qocalığının ayağına yaxdı, nə də yumşalmasının – ağaclar da adamlar kimi idi, ağaclarda da dözüm var idi və bu dözüm də hərdən beləcə qurtarırdı.

O yenə sol qolunu gözünün üstündə sipər eləyib Sabunçu vağzalına tərəf addımlamağa başladı. Bayaqkı ağaclar gözlərinin qabağından getmədi və Kərim kişi başa düşdü ki, ömrünün, yəni ki, qalan günlərinin axırınacan da getməyəcək. Sonra Bilgəhdəki ağacları fikirləşdi, o ağacları ki, öz əli ilə əkmişdi və o ağaclar ki, oğul-uşaq üçün, dost-tanış üçün yadigar qalacaqdı.

Kərim kişinin Bilgəhdəki bağı dərədə idi və oranı bu cür külək tutmurdu – burası yaxşı idi, amma burası da pis idi ki, narı, ənciri don vuracaqdı. Şaftalının, əriyin xeyrinə olacaqdı bu qar, amma belə xeyirdənsə şər yaxşıdı, yəni o şaftalının ki, xeyri narın qurumağına bağlıdı, yerli-dibli lazım deyil.

Sabunçu vağzalında adam az idi və bu adam azlığından vağzalın içi boş kilsəyə dönmüşdü. Elektrik qatarının səsi elə bil özü ilə bu boş vağzala bir istilik gətirdi. Qatar yerindən tərpənəndə isə Kərim kişi hiss elədi ki, sağ əli açılmır; sağ əlini aça bilmir ki, bağlamanı yanına qoya; sol əli ilə sağ əlini tutdu və bağlamanı dizinin üstünə qoydu.

Qatar getdikcə Kərim kişi pəncərənin buz bağlamış şüşəsinə baxa-baxa yadına saldı ki, dünən Cavanşir deyirdi elektrik qatarları işləmir. Bunu yadına saldı və gülümsədi, amma orasını da yaxşı bilirdi ki, bu saat evdəkiləri nigaran qoyub. Yenə özünə yaman hirsi tutdu – ona görə yox ki, evdə heç kimə heç nə deməyib Bilgəhə gedir, ona görə ki, belə qocalıb, belə zəifləyib və ən başlıcası ona görə ki, özü də bunu görür, bu barədə fikirləşir və ürəyində bir «Heyhat! Heyhat! Heyhat!» elə yuva salıb, elə bil xərçəng yarasıdı.

Sonra Kərim kişi hiss elədi ki, mürgüləyir, hiss elədi ki, yatmaq istəyir, bu dəm qarı, boranı yarıb gedən bu elektrik qatarının içində onun bütün bədəni yuxuya can atır. Kərim kişi onu da hiss elədi ki, bu saat burada yatsa, bir də heç vaxt ayılmayacaq. Sol əli ilə sağ əlini ovuşdurmağa başladı, sonra yarıdan qırılmış ağaclar gəldi gözlərinin qabağına, sonra yenə haçansa vurduğu həmin ördəyi xatırladı, sonra da Marqarita Abramovnanın buz barmaqlarını üzündə hiss elədi və birdən-birə başa düşdü ki, bu qış axırıncı qışıdı.

O, qatardan düşəndə külək elə qıy vurdu ki, az qaldı ayaqları perronun üstünə yox, perronla qatarın arasına getsin. Sonra külək bir də qıy vurdu, bir də, bir də. Elə bil bu saat bütün aləm dağılırdı.

Aydın məsələydi ki, bu şaxta-mərəkədə stansiyadan xeyli aralıdakı bağa tərəf nə bir maşın işləyirdi, nə avtobus və Kərim kişi yenə də sol qolunu büküb başının üstünə qaldırdı, üzü xəzriyə addımlamağa başladı; ayaqları güclə sözünə baxırdı.

Bu yol torpaq yol idi, sol tərəfdə bağlar idi, sağ tərəfdə zeytun ağacları və bu zeytun ağaclarının arasında şamdan salınmış meşə zolağı. Amma indi nə torpaq yol var idi, nə zeytun, şam ağacları, nə də ki bağlar; ancaq qar idi, qiyamət qoparan külək idi və bu külək Kərim kişinin gözünü açmağa qoymurdu. Birdən o, hiss elədi ki, qardan başqa ayaqlarına nəsə dolaşır və başa düşdü ki, bu damının qapısını qar basıb çöldə qalmış itdir və bu it evdə nə varsa hamısını – dünənki xörəyin boyatından tutmuş kolbasaya, sosiskayacan yığıb bağladığı bağlamasını əlindən qapa bilər. Kərim kişi gözünü açıb baxa bilmirdi, bir səs də çıxara bilmirdi, təkcə bunu bilirdi ki, dayanıb, bağlamanı açıb, bu itə də bir şey verməyə gücü çatmayacaq; olan-qalan gücünü yığıb bir az bərk yeriməyə çalışdı. Bu it onsuz da əl çəkən deyildi, bağlamanın iyinə, adam nəfəsinin istisinə lap dünyanın axırınacan gedəcəkdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

IV fəsil

Gündüz Kərimbəyli ilə Dadaşlı prokurorluğun binasından birlikdə çıxdılar və Dadaşlı havanın dilxorçuluğundan üz-gözünü turşudub, şlyapasını gözünün üstünə çəkdi, sonra kitab mağazasına tərəf baxıb bərkdən:– Axşamın xeyir, a Fəttah dayı, – dedi.

15 min
V fəsil

Rayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha da üşüdürdü.Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.

7 min
VI fəsil

Sulu qar toxtamaq bilmirdi. Su bütün həyət-bacanı ağzına almışdı.Qulağıkəsik it səs eşidib ayağa qalxdı və bu səs salanın Ayna xala olduğunu bilib yenə başını damın ağzından çəkdi, yerində uzandı.

1 min
VII fəsil

Xoruzun axırıncı banından xeyli keçmişdi.Daha yağmırdı, amma göy tutqun idi və hər şey ondan xəbər verirdi ki, bu topa-topa buludlar bir azdan yenə qiyamət edəcəkdi.

3 min

Poems by other poets