Page 3 of 4 · 50%

Məsələ burasında idi ki, düz beş gündən sonra – üzümüzə gələn bazar – Fətullanın beş yaşlı oğlan nəvəsini sünnət edəcəkdilər və Firuzə də uşağa hansı hədiyyə almaq və o hədiyyəni hansı pulla almaq barədə fikirləşəndə, axırda gümanı gələn yer bu qoca üzüm ağacı olmuşdu...

... başa düşdün, axmaq oğlu, axmaq!..


Əlbəttə, Fətulla bilirdi ki, «Payız yağışı»ndan gələn pul azdı, evin xərcinə bəs eləmir, amma işin lap belə bir vəziyyətə gəlib çıxdığını bilmirdi, çünki pulu gətirib verirdi Firuzəyə, evin xərcləri ilə də Firuzə məşğul olurdu və Firuzə də Fətullaya şikayət etmirdi ki, qanı qaralmasın, onsuz da Fətulla əlindən gələni edirdi, yaşının bu çağında, kababxanaya gəlib-gedən övladı yaşında müştərilərin (özü də necə müştərilərin! biri kefli olurdu, o birisi dalaşqan olurdu, o birisi də, Allah bilir, hansı yuvanın quşu olurdu...) sifarişilə klarnet çalırdı – Fətulla bədbəxt, bundan artıq nə etməli idi?

Ancaq kürreyi-ərz alt-üst olsaydı da, Fətulla razı ola bilməzdi ki, onun evində elə bir vəziyyət yaransın ki, nəvəsinin kiçik toyuna hədiyyə almaq üçün, Firuzə bazara gedib yarpaq satmaq fikrinə düşsün.

Və bu zaman Fətulla gəlib, Firuzənin xüsusi səliqə ilə bəzədiyi bufetin qabağında dayandı, gözlərini bufetin yuxarı qatında, şüşənin arxasındakı o qədim sədəfli balabana zillədi. Üstü gümüş, sədəf və firuzə ilə işlənmiş bu balaban Fətullaya ata-babasından qalmışdı və Fətullagilin evinin çox əziz bir ərməğanı idi. Vaxtilə bu balabandan qəzetlər də yazmışdı, muzeydən də gəlib onu almaq istəmişdilər, amma Fətulla verməmişdi, çünki Fətulla belə fikirləşirdi ki, əgər, bu balabanı satsa, ya kiməsə versə, dədə-babasının ruhu qarşısında kişiyə yaraşmayan bir iş görmüş olar.

Və ümumiyyətlə, hərdən Fətullaya elə gəlirdi ki, o gün ki, Fətulla bu balabanı yerə qoydu və klarneti əlinə götürdü, o gündən də bu balaban təkcə Fətulladan yox, bütün dünyadan küsdü.

Amma bəzən – ildə bir dəfə, bəlkə də iki ildə bir dəfə Fətulla balabanı bufetdən çıxarırdı, həyətə çıxırdı, o meynənin qabağındakı balaca çarhovuzun həmişə səliqə ilə əhənglənmiş sürahisində otururdu, o balabanı sazlayırdı və bir «Sarı gəlin» çalırdı.

Və o zaman Fətulla hiss edirdi ki, barmaqları balabanın dəlikləri üstündə oynadıqca, balaban onunla barışır və Fətulla bir də onu hiss edirdi ki, balabanı axırıncı dəfə bufetin gözünə qoyandan sonra, bütün bü müddət ərzində, balaban səbrlə bu günü – həyətdəki bu xudmani «Sarı gəlin» bayramını gözləyib.

Muzey işçiləri balabanın üstündə ərəb əlifbasında sədəflə yazılmış yazını da oxumuşdular və Fətulla o yazını kiril əlifbası ilə ağ bir kağıza yazdırıb, muzeylərdə olan kimi, balabanın qarşısına qoymuşdu:

İl – 923.

Camadiül-əvvəl – 6.

Təbriz.

Usta Məhəmməd ibn Yusif ibn Mütəllib.

Bu – balabanı Təbrizdə yaratmış ustanın adı və hicri təqvimlə yaranma tarixi idi ki, elə həmin muzey işçilərinin hesablamasına görə, milad ilə 1516-cı il iyun ayının 30-u eləyirdi.

Sovet vaxtı indiki kimi deyildi, muzeylərin pulu çox idi və o muzey işçiləri çox çalışdılar, çox əlləşib-vuruşdular, amma Fətulla balabanı muzeyə satmadı, icazə verdi ki, gəlib şəklini çəksinlər, hara istəyirlər göndərsinlər, nə istəyirlər yazsınlar, amma o sədəfli balabanın özü eləcə bu bufetin yuxarı qatında qaldı və mötəbərliyi daha da artdı.

Fətullagilin evindən dörd qapı aşağıda Ələkbərgilin evi idi, Ələkbər misgər idi və qabaqlar Bakının Basin küçəsində, 11 saylı tramvayın dayanacağının yanında balaca bir misgərxanası da vardı, sonralar küçəni genişləndirəndə o misgərxananı da dağıtdılar və o vaxtdan da Ələkbər ailəsini mis qabları qalaylamaqla dolandırırdı, amma elə ki, Sovet İttifaqı dağıldı, qəribə bir əhvalat baş verdi: Ələkbərin zirzəmisindəki mis qazanlar, sinilər, samovarlar və başqa üstünü toz basmış mis əşyalar matah oldu, şirəyə arı gələn kimi, əvvəlcə xaricilər, sonra da birdən-birə peyda olmuş Bakı dəllalları Ələkbərin o mis qablarını böyük pullarla almağa başladılar və mis qabları qurtarandan sonra, Ələkbərin özü dəllala çevrildi və misgər Ələkbər gözgörəti varlanıb məhəllənin yaxşı yaşayan adamlarından biri oldu, hətta, özünə bir «Mersedes» də aldı, düzdü, bu «Mersedes» 1986-cı ilin buraxılışı idi, amma, hər halda, «Mersedes» idi.

Pişik iy çəkən kimi, Ələkbər də düz üç dəfə Fətullagilə gəlmişdi və həmin balabanı almaq istəmişdi və hər dəfə gələndə də balabanın əvəzinə verəcəyi məbləği bir qism artırmışdı, amma ala bilməmişdi və sonuncu dəfə gələndə, Fətulla gözlərini qıyıb: «– Ələkbər, – demişdi, – bu evin qapısı həmişə sənün üzüvə açıqdı. Ancaq bu məsələdən ötrü bir də bu evə gəlmə!» – və ondan sonra, Fətullanın xasiyyətinə bələd olan Ələkbər, bir də balaban məsələsinə girişməmişdi.


Bütün məhəllə, Fətullanı tanıyanların hamısı, hətta Firuzə də elə bilirdi ki, klarnet Fətulla üçün hər şeydir, Fətullanın ən yaxın sirdaşıdır, Fətullanın ürəyinin dedikləridir, ürəyinin səsidir və məhəllə də, tanış-biliş də, Firuzə də düz fikirləşirdilər, həqiqətən də, belə idi, amma, Fətullanın ürəyinin çox dərinlərində bir nöqtə var idi, o nöqtəyə qədər belə idi, o nöqtədən sonra isə başqa bir hiss var idi və dünyada heç kimin, hətta, Firuzənin də xəbəri yox idi ki, o nöqtədən sonra Fətulla üçün klarnet boş şey idi (!), çünki o nöqtədən sonra təbiətin səsi gəlirdi, yəni bu mənada ki, dənizin uğultusu, quşların səsi, yarpaqların xışıltısı...

Günlərin bir qəribə günündə, axşam çağı, küçə qapılarının qabağındakı qoşa tut ağacının altında oturub, həmişəki kimi, məhəllənin kişiləri ilə nərd oynamağa hazırlaşan Fətulla, o qoşa tut ağacının yüngül mehdən xışıldayan yarpaqlarına qulaq asdı, o xışıltı, elə bil, yapışqan kimi, beyninə yapışdı, eləcə də orada qaldı, neçə müddət ondan əl çəkmədi və çağa dad, yaxud nəsə başqa bir şey kəşf edən kimi, birdən-birə kəşf etdi ki, onun klarneti təbiətin bu dediklərini heç zaman deyə bilməyəcək.

O qoşa tut ağacının yarpaqları nə deyirdi?– Fətulla bunu heç kimə və heç vəchlə başa sala bilməzdi, çünki özü də bilmirdi ki, o yarpaqlar nə deyir, amma yarpaqların o xışıltısındakı sirri dünyanı heç bir çalğı aləti o cürə verə bilməzdi.

Bircə o balabandan və o balabanın «Sarı gəlin»indən başqa.

Amma Fətulla burasını da başa düşürdü ki, bu, onun üçün, yəni Fətulla üçün belədir və bir pianoçu da belə fikirləşə bilər ki, bunu, ancaq piano bacarar, skripkaçı da fikirləşər ki, o sirri, ancaq skripka söyləyə bilər.

Hər halda, o kəşfdən sonra Fətulla xeyli müddət bikef oldu, nəinki bütün ömrünü həsr etdiyi klarnet, ümumiyyətlə, həyat onun üçün mənasız göründü və o axşam Fətulla nərdi də çox könülsüz oynadı və uduzdu, amma o kəşfi barədə heç vaxt heç kimə heç nə demədi.


Əgər, Fətulla, misal üçün, pianoçalan olsaydı, onda övladı – fərqi yox idi, ya oğlan, ya qız – onun yolunu davam etdirərdi, amma Fətullagil nəsillikcə piano çalan yox, yaxud da lap elə kamança olsun,– qız da kamança çala bilər, – kamançaçalan yox, balabançalan idi və qız xeylağı da, aydın məsələdir ki, balaban çalmayacaqdı.


Bəlkə, o cavanlıq vaxtı ki, balabanı bir tərəfə atdı, klarneti götürdü, bəlkə ona görə Allah ona bir oğul vermədi ki, atasının, babasının yolunu davam etdirə?

Lap əgər beləydisə də, hər şey qurban olsun o qoşa hörüklü qıza və Allah ki, ona oğul vermədi, qoy, əvəzində o qoşa hörüklü qızın ömrünü uzun eləsin və onu heç bir dərdə, bəlaya salmasın.


– Fətulla, qurban olum sənə, başuva dönüm, Fətulla, satma balabanı, Fətulla, bilirəm, mənə görə satırsan o balabanı, amma satma, Fətulla, bir qələt idi, elədim, şeytan azdırdı məni, yarpaq söhbəti, sənə layiq söhbət deyildi, başuva dönüm, satma o balabanı, hər gün darıxacaqsan o balabançun, Fətulla...

Və Firuzə nə illah elədi, yalvardı, ağladı, amma Fətullanı fikrindən döndərə bilmədi.


Hər şey çox sadə oldu: Fətulla Ələkbəri çağırdı və sədəfli balabanı 1750 ABŞ dollarına Ələkbərə satdı və Ələkbər də o balabanı 2250 ABŞ dollarına müştərisi Martinius Asbyornsenə (bu adamın adını Ələkbər heç cürə yadında saxlaya bilmirdi, ona görə də bu balaca, dazbaş, yekəqarın adamın adını kağıza yazırdı və onunla danışanda gözucu kağıza baxırdı) satdı və Martinius Asbyornsen o sədəfli balabanı 7000 ABŞ dollarına Nyu-Yorkda yaşayan müştərisinə satdı və nəhayət, sədəfli balaban mister İsaak Blyumentallın mizinin üstünə gəlib çıxdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets