«Sarı gəlin»
Page 4 of 4 · 75%
Mister Blyumentall elə ilk baxışdan o sədəfli balabanın gözəlliyinə aşiq oldu, onu çox diqqətlə nəzərdən keçirdi, yoxladı, məlumat kitablarından Məhəmməd ibn Yusif ibn Mütəllibin orta əsrlərdə Şərqdə nəfəsli musiqi alətləri düzəltməkdə, Avropada skripka ustası Stradivariyə bərabər bir sənətkar olduğunu öyrəndi və o balabanı 66500 dollara alıb kolleksiyasının Şərq musiqi alətləri bölməsinə qoydu.
Onda Nyu-Yorkda payızın əvvəlləri idi...
Payız ötdü, Nyu-Yorkda soyuq bir qış keçdi, sonra yaz gəldi, amma Nyu- Yorkun daş, beton, şüşə göydələnləri o payızın da, o payızı əvəz edən qışın da, təzə gələn yazın da fərqində deyildi.
Mister Blyumentallın mənzilində həyat, necə vardısa, elə də davam edirdi, payız da eləcə ötdü, qış da eləcə ötdü, yaz da indi eləcə ötürdü... sonra yay gələcəkdi, yazdan sonra yenə payız gələcəkdi, sonra qış, sonra yenə yaz... və həyat da o daş, beton, şüşə göydələnlərin arasında, mister Blyumentallın tozun da yeri dəyişməyən mənzilində beləcə davam edəcəkdi...
Missis Blyumentall pudeli həmişəki kimi gəzdirirdi, çimizdirirdi, qırxdırırdı.
Mister Blyumentall işdən gələndən sonra, həmişəki kimi, yüngülcə bir şam eləyib kolleksiyası ilə məşğul olurdu və o dəm onun üçün o kolleksiyadan savayı dünyada heç nə yox idi.
Miss Conson eləcə fasiləsiz yeyə-yeyə mətbəxdə nəsə bişirib-düşürürdü, yuyubyığışdırırdı, çox zaman mənzildə tək olduğu üçün, eləcə yeyə-yeyə də otaqları gəzirdi, nəsə bir iş görmək istəyirdi, amma hər şey öz yerində olurdu, hər şey necə səliqəliydisə, eləcə də səliqəli qalırdı, çünki bu mənzildə heç kim heç nəyə toxunmurdu, toxunanda da hər şey öz əvvəlki yerinə qayıdırdı və miss Conson görmək üçün bir iş tapmırdı və o daimi yemək ehtiyacı və yeməyin özü olmasaydı, həyat miss Conson üçün çox darıxdırıcı və mənasız keçərdi.
Və beləcə ötən günlərdən birində – bir yağışlı yaz günü, günün günorta çağı, mister Blyumentallın mənzilində dünyada (hər halda, bu dünyada!) misli görünməmiş bir hadisə baş verdi.
Həmin yağışlı yaz günü, miss Conson mənzildə yenə tək idi, yenə yeyə-yeyə otaqları gəzib özünə bir iş axtarırdı və birdən qəribə bir səs eşitdi: bu, musiqi idi, amma nəsə çox qəribə...
anlaşılmaz...
eyni zamanda çox yanıqlı...
hə... hə, çox... çox yanıqlı bir musiqi idi və kolleksiya olan otaqlar tərəfdən gəlirdi.
Miss Conson əvvəlcə elə bildi ki, bu səs televizordan, ya radiodan gəlir, amma mister Blyumentall, fikrini dağıtmasın deyə, o otaqlarda radio, televizor qoymağa icazə vermirdi və miss Conson təəccüb içində kolleksiya otaqlarına tərəf yaxınlaşdı.
Tamam aydın idi ki, səs, bax, bu otaqdan gəlir.
Miss Conson otağın qapısını açdı və bu zənci qadının, onsuz da, böyük olan qara gözləri bir anın içində bərəlib az qaldı hədəqəsindən çıxsın.
Mister Blyumentallın kolleksiyasından fleytaya bənzər bir musiqi aləti öz yerindən qalxıb, pəncərənin qabağında, elə bil ki, görünməz bir tellə tavandan asılmış kimi dayanmışdı və elə bil ki, insan kimi, pəncərədən o yaz yağışına baxa-baxa öz-özünə həmin...
anlaşılmaz...
yanıqlı...
çox yanıqlı...
musiqini çalırdı və o melodiyaya uyğun olaraq da yavaş-yavaş tərpənirdi.
Udmaq istədiyi növbəti tikə miss Consonun boğazında qalmışdı və gözünün qabağındakı bu ağlasığmaz görüntü elə müdhiş bir hiss yaratdı ki, bədbəxt qadının başındakı qıvrım qara tüklər biz-biz durdu.
Miss Consonun ürəyi elə şiddətlə vururdu ki, elə bil, indicə, bu qadının hər biri yekə un torbasına oxşayan döşlərinin arasından sıyrılıb çölə çıxacaqdı.
O fleytaya bənzər musiqi aləti isə, o anlaşılmaz musiqini eləcə pəncərənin qarşısında öz-özünə çalırdı və o melodiya anlaşılmaz idi, düzdür, amma çox yanıqlı idi və o musiqi alətindən gələn o yanğı, o qüssə, kədər miss Consonun geniş sinəsinə doldu və ən dəhşətlisi bu idi ki, belə bir yanğı, belə bir qüssə, kədər indiyə qədər onun o geniş sinəsi üçün tamam yad bir şey idi.
Miss Conson o yağışlı yaz günü həmin dəhşət içində cismani olaraq duyurdu ki, o yanğı, o qüssə, kədər onun doğmasına çevrilir və indiyə qədər yaşadığı həyatın boşluğundan xəbər verir.
Miss Conson bərəlmiş gözlərini o fleytaya oxşayan musiqi alətindən çəkə bilmirdi və o dəm o musiqi alətinin özü başdan-başa bir yanğı, qüssə, kədər idi...
Missis Blyumentall pudeli ilə birlikdə evə qayıdanda miss Merilin Conson hələ də o müdhiş hadisənin təsiri altında idi və tələsə-tələsə, dili topuq vura-vura, heç cürə keçib getmək bilməyən bir həyəcanla bu hadisəni missis Blyumentalla danışdı.
Missis Blyumentall diqqətlə miss Consona qulaq asdı, sonra onunla birlikdə kolleksiya otağına keçdi, miss Consonun, az qala, heyvani bir ürkü ilə barmağını uzadıb göstərdiyi o musiqi alətinə baxdı: həmin Şərq musiqi aləti həmişəki yerində idi və missis Blyumentall daha heç nə soruşmadı, yalnız diqqətlə miss Merilin Consona baxdı və heç nə demədi.
Axşam mister Blyumentall işdən qayıtdı və yüngül şam edib, həmişəki kimi, kolleksiya otaqlarına keçməzdən əvvəl missis Blyumentall əhvalatı ərinə danışdı və mister Blyumentallın gərgin bank əməliyyatlarından sonra, evdə də gəlib hansısa fantastik səfsəfələrə qulaq asmağa qətiyyən həvəsi olmadığı üçün, o, xanımının da razılığı ilə, həmin gündən etibarən miss Merilin Consonu işdən azad etdi.
Miss Merilin Conson liftlə 23-cü mərtəbədən düşərkən ağlamaqdan qızarmış gözlərini silə-silə fikirləşdi ki, bəlkə, doğrudan da, dəli olub və bəlkə, günorta o fleytaya bənzər musiqi alətinin pəncərənin qabağında dayanıb öz-özünə o anlaşılmaz melodiyanı çalması həqiqət yox, bir qarabasma imiş?
Bəs o yanğı? o qüssə? o kədər?..
Gördüyünün müdhişliyindən, işdən çıxarılmasının ağrısından başqa, bir hiss də
– az qala, heyvani bir qorxu hissi – miss Consonun içini deşib-dağıtmaqda idi: bu bədbəxt zənci qadın qorxurdu ki, o yanğı, o qüssə, kədər bundan sonra həmişəlik onunla bir yerdə olacaq.
Və əlbəttə, mister və missis Blyumentalların ağlına gələ bilməzdi ki, miss Conson, həqiqətən, olan hadisəni danışır və bədbəxt miss Merilin Consonun da ağlına gələ bilməzdi ki, Azərbaycan adlı uzaq bir məmləkət var və o məmləkətdə fleytaya bənzər o musiqi alətinə «balaban» deyirlər və balabanın çaldığı o anlaşılmaz, yanıqlı havaya da həmin məmləkətdə «Sarı gəlin» deyirlər.
Oktyabr, 2001.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-sari-gelin
Use ← → keys to move, R for a random poem
More by this author
Getdim meynədən qara ÜZÜM ÜZÜM.ÜZÜMÜ ÜZDÜM, yedim.
Nənəm yaman hirsləndi...Bizim kəndimiz DAĞDADI. Biz də yayda getdik DAĞA. DAĞ nə DAĞ!.. Elə xoşlayıram, elə xoşlayıram DAĞI!.. Meşələr, bulaqlar, yarğanlar... Bir də ki, bizim gözəlimiz kənd...Nə yaxşı ki, biz bütün yayı qalacayıq DAĞDA!
DüzdəMaşına mindik getdik, getdik, DÜZ getdik DÜZƏ.Oy, nə gözəldi DÜZ!.. Güldü, çiçəkdi, hər tərəf kəpənəkdi...
Babamla ot çalmağa getmişdik...Mənim saçım qapqaradı, babamın saçı ÇAL.Mənim papağımın quzu dərisi qapqaradı, amma babamın papağı ÇAL.
Poems by other poets
O, sərt idi. Səhər dərsə tələsəndə mənBildirməzdi yolda durub boylandığını.
Ey dil, həzar şükr, xəbər gəldi yardənEy dil, həzar şükr, xəbər gəldi yardən,Şükr et, qutardın axırı bu intizardən.
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Fərhad olmazDərd-qəmin ərbabıyam,Dərdlər məndən irad olmaz,