Page 2 of 3 · 33%

Radio uşaqlar üçün nağıl deyirdi, axırda da uşaqlara şirin yuxu dilədi. Sonra konsert başladı, kim isə – təzə bir müğənni «Şur»un «Zəminxarə» şöbəsini oxuyurdu. S.Qayıblı radionu söndürdü.

Külək, yağışı şarappıltı ilə pəncərəyə vururdu, su çərçivənin arasından süzülüb damcı-damcı parketin üstünə tökülürdü. Fərhad Xoşbəxt öz pəncərə çərçivələrinin arasını pambıqla tıxamışdı və S.Qayıblıya da belə bir məsləhət vermişdi.

Külək bayırda elə qıy vurdu ki, az qaldı içi qoğalla dolu boşqab mizin üstündən yerə düşsün. Qoğalları Novruz bayramı üçün anası kənddən göndərmişdi, indi quruyub qaxaca dönmüşdülər. Elə yerə düşsəydilər pis olmazdı, çilik-çilik olardı bu boşqab, içindəkiləri də tullayardı, nə vaxta qədər elə-beləcə mizin üstündə qalacaq?

Başının üstündə Fərhad Xoşbəxtin ayaq səsləri eşidildi, zalım ayağını yerə basanda divarlar titrəyir. Bu addımlar da bu gecənin yeknəsəq ritmi idi.

Həmişəki kimi bir qəhvə də dəmləyib qəndsiz içmək lazımdı ki, bu gecənin bu yeknəsəqliyi lap bütöv olsun, tam kvadratda; eyni fikirlər də öz-özünə gələcək, istəsə də, istəməsə də.

Mətbəxə keçib qazı yandırdı, səhər su gələndə doldurduğu çaydanı qazın üstünə qoydu.

Bu mətbəxdən haçan mətbəx iyi gələcək, bu soyuq iysizlik, divarlara, tavana, döşəməyə hopmuş bu buz kimsəsizlik nə vaxt çəkiləcək? Qulağının dalını görəndə?

Doğrudan da, heç vaxt isinməyəcək bu mətbəx, bu otaq, bu mənzil? Niyə isinmir? Yaz keçər, yay keçər, payız keçər, qış gələr, ocaqçı Məmmədağa həftə səkkiz, mən doqquz, adambaşı bir manat yığa-yığa buxarlığı qızdırar, bu mənzil də isinər onda. S.Qayıblı fikirləşdi ki, bu hazırcavablığın heç yeri deyil və qəhvəyi rəngli linoleum çəkdiyi döşəməyə baxdı. Ayaqqabılarından bir az kənarda, zibil yeşiyinin yanında cırılmış bir lotereya bileti var idi.

Cavan bəstəkar S.Qayıblı əyilib cırıq lotereya biletini döşəmənin üstündən götürdü, sonra ayağı ilə zibil yeşiyinin qapağını qaldırdı; qalan lotereya biletlərinin hamısı ortadan bölünmüşdü və hamısı da vedrənin içində idi. Sonra gedib arakəsmədəki asılqandan asılmış pencəyinin döş cibindən portmanatını çıxartdı: kənarı papiros kağızı ilə yapışdırılmış birmanatlıq portmanatın içində idi.

Onun qəndsiz qəhvə içmək həvəsi də öldü və o, ilk dəfə həmin qəribə gecənin həmişəki yeknəsəqliyini pozdu – çaydanın altını keçirtdi.

Yenə də Fərhad Xoşbəxtin addımları divarları titrətdi, o da otaqdan mətbəxə keçmişdi, sonra da nə isə döyəcləməyə başladı, Allah bilir, nə qayırırdı. Fərhad Xoşbəxtin əla planları var idi: gah blokun pilləkənlər qurtaran hissəsini kəsib evinə qatmaq istəyirdi, gah eyvanını uşaq otağı eləmək istəyirdi, gah tavandan qapı açıb otağından binanın taxtapuşuna nərdivan düzəltmək istəyirdi ki, taxtapuşda özünə bir otaq qayırsın. Amma bütün bunlar hamısı da, plan olaraq qalırdı və cavan bəstəkar S.Qayıblı çox gözəl bilirdi ki, plan olaraq da qalacaq, yoxsa ki, bu gecə bu cür yeknəsəq olmazdı.

S.Qayıblı belə düşünürdü.

O, eyvana çıxdı. Bütün binada onun eyvanı yeganə azad eyvan idi: nə boş şüşələr var idi (hamısı qapı-qapı gəzən butulkaalanda), nə açılıb-yığılan çarpayı, nə ayağından iplə dəmir barmaqlığa bağlanmış xoruz və yaxud toyuq, nə paltar sərmək üçün zivə, nə də başqa bir şey. Amma bu azadlıqda bir tənhalıq var idi və bu azadlıq eyni idi; əslində həmin tənhalığı da yaradan bu eynilik idi; eyni əşyasızıq, eyni genişlik.

S.Qayıblı siqaret yandırıb eyvanın sürahisinə dirsəkləndi. Yağış yaman yağırdı, başının üstündə Fərhad Xoşbəxtin eyvanı olmasaydı, onu su aparardı. Amma bu yağış da həmişəki yağış idi, bu mənzərə də həmişəki mənzərə idi: qarşıdakı axarbaxarın üçdə iki hissəsini tutmuş böyük qara bina, yuxarıda təzə tikilmiş və bir-birinin eyni olan binaların boz siluetləri, axar-baxarın qalan bir hissəsini təşkil edən xırda evlər və içi çəkmə təmiri emalatxanası olan köhnə məscid; həmişəki qaranlıq və tək-tək adamların həmişəki kimi yağışdan qaçışması.

Qarşıdakı böyük qara binanın üçüncü mərtəbəsində yaşayan qız yenə də həmişəki kimi pəncərələrinin pərdəsini aralayıb S.Qayıblının eyvanına baxdı. Bu da Fərhad Xoşbəxtin addım səsləri kimi bu gecəki yeknəsəqliyin özünü ifadə tərzlərindən biri idi. Sonra qız pərdəni örtdü, həmişəki kimi, guya ki, utandı.

Düz iki ildir beləcə utanır, amma bir şey çıxmır. On dəqiqədən sonra yenə pərdəni aralayıb S.Qayıblının eyvanına baxacaq.

S.Qayıblı siqareti tullayıb otağa keçdi, divanda uzanıb səhər aldığı «Bakinski raboçi» qəzetinin dördüncü səhifəsinə baxdı: lotereya cədvəlindən aşağıda hava haqqında məlumat var idi, yazılmışdı ki, axşam mülayim şimal küləyi əsəcək, havanın hərarəti müsbət on beş-on altı dərəcə olacaq. Artıq bu təzad da adama təsir etmirdi, çünki bu təzadlar da eyniyyət şəklini almışdı.

Qəzeti kənara atıb gözlərini tavana zillədi, sonra ayağa qalxdı: şəhərə çıxıb yağışın altında islanmaq lazım idi əməlli-başlı, bu otaqdan qaçmaq lazım idi müvəqqəti.

Həmin gecəni cavan bəstəkar S.Qayıblının bütün ömründə ən əlamətdar gecə edən o qeyri-adi, qəribə hadisə də bu zaman baş verdi.

S.Qayıblının neçə il bundan qabaq sarı məxmərdən tikdirdiyi məşhur bir pencəyi var idi. Məşhur idi ona görə ki, yay-qış həmişə əynində olardı və qəribədir ki, S. Qayıblının özünün də bu pencəkdən zəhləsi gedirdi, fəqət bu qızılı çalarlı sarı pencək əynindən əskik olmazdı; ona görə yox ki, başqa pencəyi yox idi – yox, var idi, elə bu yaxınlarda yaxşı bir krep-baston kostyum tikdirmişdi və bu gün günorta da həmin kostyumu geymişdi, çünki nəşriyyata gedəcəkdi: kitabçasının redaktoru çox zəhmli bir qadın idi və srağagün onun bu sarı məxmər pencəyinə elə bir sarsıdıcı nəzər salmışdı ki, S.Qayıblı öz-özünə söz vermişdi – bir daha sarı pencəkdə bu qadının gözünə görünməsin; ona görə bu sarı pencək əynindən əskik olmazdı ki, bu pencək onun yaşayışının ayrılmaz tərkib hissəsi olmuşdu, bu pencək ən bütöv yeknəsəqlik rəmzi idi.

S.Qayıblı şifoneri açıb sarı pencəyi götürdü və cəld əyninə geydi ki, otaqdan qaçsın. O, otağın işığını keçirib arakəsməyə çıxdı və heyrətlə arakəsmədəki güzgünün qarşısında dayandı: qızılı çalarlı məşhur sarı məxmər pencək əynində deyildi, əynindəki... başqa pencək idi. S.Qayıblı gözlərini güzgüdən ayırıb əynindəki pencəyə baxdı, əlləri ilə pencəyin yaxasını yuxarı qaldırıb lap diqqətlə baxdı: ömründə onun bu rəngdə belə bir parçadan pencəyi olmamışdı, əynindəki pencəyin rəngi yaşıl idi. O, otağa girib işığı yandırdı və şifoneri açdı: bayaq sarı pencəyini götürdüyü asqı boş idi və hələ də tərpənirdi. S.Qayıblı əynindəki bu qəribə pencəyi çıxartdı və... o, yenə də qızılı çalarlı məşhur sarı məxmər pencəyi əlində tutmuşdu.

Cavan bəstəkar S.Qayıblını soyuq tər basdı, bir neçə an sarı pencəyə baxdı və arakəsmədəki güzgünün qarşısına keçib ehtiyatla, yavaş-yavaş sarı pencəyi əyninə geydi. Əyninə geydikcə də sarı pencək gözgörəsi rəngini dəyişdi: indi tünd göy rəngli idi, nazik ağ milləri var idi.

S.Qayıblı yenə də gözlərini aynadan çəkib əynindəki pencəyə baxdı, guya ki, arakəsmədəki güzgü onu aldadırdı, sonra keçib otağın işığında baxdı, sonra mətbəxə keçib mətbəxin işığında baxdı, sonra vanna otağına girib vanna otağının işığında baxdı: tünd göy rəngli miləmil pencək idi. Cavan bəstəkar S.Qayıblının ömründə belə pencəyi olmamışdı. Yenə arakəsmədəki güzgünün qarşısına gəldi, gözlərini güzgüdən çəkməyərək əynindəki pencəyi çıxartdı və pencək onun gözlərinin qabağında rəngini dəyişdi, sarı məxmər pencəyə çevrildi.

S.Qayıblı otağa keçdi, əlindəki sarı məxmər pencəyi şifonerə qoydu, bir neçə dəqiqə dinməz-söyləməz sakitcə divanda oturdu. Başı gicəllənirdi, gözləri də qaralırdı elə bil.

Sonra mətbəxə getdi, səhər su gələndə doldurduğu şüşəni götürüb əlüzyuyana əyildi və suyu başına, boynuna tökdü, üzünü yudu. Əl-üzünü, başını qurulamayıb məhrəbanı boynuna saldı, otağa keçib bir siqaret yandırdı və divanda oturub siqareti axıra qədər çəkdi.

Hər şeyi başından çıxartmaq istəyirdi, hər şeyi; dünyada heç nə yox idi, bir o idi, bir də əlindəki siqaret, vəssalam.

Sonra qalxıb əl-üzünü, başını quruladı, məhrəbanı bir tərəfə atıb, şifoneri açdı və sarı məxmər pencəyi götürüb bir göz qırpımında əyninə geydi və bir göz qırpımında da sarı pencək dəyişdi: qəribə bir parçadan çox yaraşıqlı bir pencək idi, elə bil əyninə biçilib-tikilmişdi, boz rəngdə, özündən də küknarvarı milləri var idi, həm də çıraq kimi yanırdı pencək.

S.Qayıblı arakəsmədəki güzgünün qabağına gəldi. Əynindəki pencək o qədər yaraşıqlı idi ki, cavan bəstəkar S.Qayıblı bu yaraşıqdan vahiməyə gəldi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets